Yeni Azərbaycan Partiyasının VII qurultayında İlham Əliyevin yekun nitqi

05 mart 2021, 17:00
Yeni Azərbaycan Partiyasının VII qurultayında İlham Əliyevin yekun nitqi

Sağ olun. Partiyamızın rəhbər orqanlarına seçilmiş bütün partiya üzvlərini təbrik edirəm, onlara öz fəaliyyətlərində uğurlar arzulayıram.

Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Qeyd olunduğu kimi, biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək. Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə bağlı əlbəttə ki, əlavə addımlar da atılacaqdır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə heyətinə tapşırıq verirəm ki, 3 ay ərzində partiyamızın yeni proqramı hazırlansın və təqdim edilsin.

Qurultayımızın keçirilməsi bir daha demək istəyirəm ki, ölkəmizin həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Partiyamızın çoxminli üzvləri xalqımızın bütün təbəqələrini təmsil edirlər.

Görüləcək işlərə qayıtdıqda, mən xüsusilə şəhid ailələrinə göstərilən dəstəyi qeyd etmək istəyirəm. Partiyamızın fəalları bu sahədə də fəal olmalıdırlar, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Müharibədən 4 ay keçməsinə baxmayaraq, artıq 1500 şəhid ailəsi və müharibə əlili üçün mənzillərin təqdim edilməsi mərasimi də keçirilmişdir. Keçən il şəhid ailələrinə verilən mənzillərin sayı 1572 idi, bu, rekord göstəricidir. Bu il isə 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq. Bildirməliyəm ki, beləliklə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda növbədə dayanan, o cümlədən ilk növbədə Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin nümayəndələrinə tam şəkildə mənzillər, evlər veriləcəkdir. Növbəti illər ərzində bu gün növbədə dayanan Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin yaxınlarına mənzillər veriləcəkdir. Ancaq şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər.

Eyni zamanda, qazilərimiz də dövlət tərəfindən bütün lazımi müalicə vasitələri ilə təmin edilir, ən müasir protezlər sifariş olunubdur. Müharibə zamanı sağlamlığını itirən qazilərimizi biz tezliklə normal həyata qaytaracağıq. Onu da bildirməliyəm ki, bizə bu məsələdə xaricdən gələn həkimlər də kömək göstərirlər. Bir neçə ölkədən həkimlər artıq Azərbaycana gəlmişlər, əməliyyatlar aparırlar, kömək göstərirlər. Bu xoş missiyaya görə bütün xarici dostlarımıza da təşəkkürümü bildirirəm.

Həmçinin biz Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik və burada da Yeni Azərbaycan Partiyasının üzvləri, fəallar ön planda olmalıdırlar, öz rolunu oynamalıdılar. Çünki bu proses müəyyən zaman kəsiyində baş verəcək. Biz bir gündə, yaxud da ki, bir il, ya iki ildə dağılmış bütün şəhər və kəndlərimizi bərpa edə bilmərik. Ona görə burada ardıcıllıq, əlbəttə ki, gözləniləcək. Bu ardıcıllıqla bağlı, əlbəttə, hesab edirəm ki, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük verilməlidir. Çünki 300 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib, onların məişət şəraiti yaxşıdır. Ancaq hələ də uşaq bağçalarında, yataqxanalarda və digər yararsız, yəni uyğunlaşdırılmış binalarda köçkünlər yaşayır və burada da sosial ədalətin gözlənilməsi üçün Yeni Azərbaycan Partiyasının fəalları öz rolunu oynamalıdırlar.

Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. O ölkələrdə ki, bu məsələyə fikir verilmir, o ölkələr vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır. Belə olan halda, əlbəttə ki, gələcəkdə - 10 ildən, 20 ildən sonra çox ciddi problemlər yaşana bilər. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır. Çünki biz bu gün də görürük ki, nəsillər dəyişdikcə bəzi ölkələrdə radikal qüvvələr ya hakimiyyətə gəlir, ya da ki, ildən-ilə, seçkilərdən-seçkilərə onlara verilən səslərin sayı çoxalır. Onların arasında faşist partiyaları var, onların arasında islamofob şüarlarla hakimiyyətə gəlmək istəyənlər var, onların arasında radikallar var. Bütün bunlar onu göstərir ki, tərbiyə işində boşluqlar olub. Sadəcə olaraq, ölkələrin təhsil sistemi bu sahəyə diqqət yetirməyib. Amma tərbiyə həm dərslər zamanı verilməlidir, eyni zamanda, ölkədə hökm sürən ab-hava ilə - o da tərbiyə üsullarından biridir. Məsələn, əgər Azərbaycanı misal gətirsək, bizdə iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Harada ki, xalqın maraqları ön plandadır, o ölkələrdə nəsildən-nəslə keçən ənənələrlə yaşayır və biz bu ənənələri yaşatmalıyıq. O ölkələrdə ki, milli identifikasiya artıq arxa plana keçir, o ölkələrdə ki, ənənəvi dəyərlər demək olar ki, deqradasiyaya uğrayır, o ölkələrin gələcəyi çox problemli ola bilər. Biz indi qlobal dünyada, qlobal informasiya məkanında yaşayırıq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan daim informasiya hücumuna məruz qalan ölkədir və bizə qarşı nə qədər çirkin kampaniyalar aparılıb, istisna edilmir ki, gələcəkdə də aparılacaqdır. Ölkəmizin imicini aşağı salmaq, ölkə daxilində inamsızlıq yaratmaq, saxta faktlar ortaya atmaq – bütün bunların bir məqsədi var, çaxnaşma, xaos şəraitində gələcəkdə, hansısa xarici dairələr üçün zəmin yaratmaq. Biz buna imkan verə bilmərik. Ona görə gənc nəslin tərbiyə edilməsi gündəlik fəaliyyətimiz olmalıdır. Həm ali məktəblərdə, ilk növbədə, ailələrdə və eyni zamanda, siyasi partiyalarda buna fikir verilməlidir. Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar. Burada, əlbəttə ki, təcrübəli nəslin fəaliyyətindən çox şey asılıdır. Misal üçün, Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, oradan-burdan yalan, saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bunun üzərində qurulur və gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır. Digər önəmli məsələ isə odur ki, - Yeni Azərbaycan Partiyası həmişə bu sahədə fəal olub, bizim dövlət siyasətimiz də bu sahədə birmənalıdır, - Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Bu, bizim böyük sərvətimizdir. Mən də müxtəlif tədbirlərdə demişəm ki, bizim dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir.

Biz hamımız Azərbaycan xalqının nümayəndələriyik. Ancaq, eyni zamanda, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu üçün hər bir xalqın, hər bir dinin nümayəndəsinin öz ənənələri var, öz bayramları var, öz həyat tərzi var və bir-birimizə hörmətlə yanaşmağımız bizim böyük sərvətimizdir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə də dünyada nadir ölkələrdən biridir. Çünki baxın, inkişaf etmiş ölkələrdə indi hansı problemlər yaşanır. Onlar bu problemlərin öhdəsindən gələ bilməyiblər. Orada dini, milli zəmində ziddiyyətlər, ayrı-seçkilik baş verir. O ölkələrin bəzi şəhərlərində elə bölgələr var ki, oraya heç polis girə bilmir. Sanki bir dövlət içində dövlət qurublar. Nəyə görə? Çünki siyasət düzgün aparılmayıb, ümumiyyətlə, siyasət aparılmayıb. Hesab edirdilər ki, iqtisadi nailiyyətlər və meyarların yüksək olması orada yaşayan və oraya gələn bütün başqa xalqların nümayəndələri üçün xoşbəxtlik gətirəcək. Amma bu, belə deyil. Orada ədalətsizlik hökm sürür, təbəqələşmə hökm sürür, milli, dini zəmində ayrı-seçkilik var, irqçilik var. Biz bunun təzahürlərini görürük və son zamanlar bu, özünü daha qabarıq şəkildə göstərir, xüsusilə miqrant böhranı ilə əlaqədar. Miqrant böhranı da, əslində, göstərdi ki, elan edilmiş dəyərlər bir çox hallarda, sadəcə olaraq, şüar idi, real həyatda bu, yoxdur.

Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər, öz ailəsində, öz doğma torpağında hiss edirlər. Xalqlar arasındakı dostluq, mehriban münasibət bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Burada siyasət bundan sonra da ardıcıl şəkildə aparılacaq. Bizim siyasətimiz xalq tərəfindən də qəbul edilir. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir.

Amma biz yaxşı bilirik ki, son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub. Onlar bunu gizlətmirlər və hesab edirdilər ki, burada hansısa uğura nail ola bilərlər. Amma görünür ki, onlar Azərbaycan reallıqlarından xəbərsizdirlər.

Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, bizim böyük sərvətimizdir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycan, - necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, - bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir.

Biz bu il müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik. Mən giriş sözümdə bu məsələ ilə bağlı öz fikirlərimi dedim. Bir daha demək istəyirəm ki, 30 ildən sonra biz bu günü qürur hissi ilə qarşılayırıq. Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Sadəcə olaraq, geniş ictimaiyyət bundan xəbərsizdir. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır.

Əlbəttə ki, biz dövlət müstəqilliyini əldə edəndə, - mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirdim, - müstəqilliyimiz şərti xarakter daşıyırdı. Müstəqillikdən dörd ay sonra Ermənistan bizə qarşı Xocalı soyqırımını törətdi. Müstəqillikdən yeddi ay sonra Şuşa və Laçın işğal altına düşdü. Yəni, müstəqilliyimizin ilk illəri faciəvi illər idi və biz müstəqilliyi tamamilə itirə bilərdik. İndi isə - 30 ildən sonra biz ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi, Ermənistanı məğlub etmiş ölkə kimi bu yubileyi qarşılayırıq. Müharibə ilə bağlı bəzi yerlərdə gedən müzakirələrdən görürəm deyirlər ki, biz yeddi rayonu azad etmişik. Elə deyil. Biz, eyni zamanda, Şuşanı azad etmişik, eyni zamanda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonunu tam azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Martuni, indiki Xocavənd rayonunun 50 faizdən çox hissəsini azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə rayonunun böyük hissəsini azad etmişik, o cümlədən Suqovuşan qəsəbəsini. Biz təkcə yeddi rayonu azad etməmişik. Daha çox ərazini azad etmişik və bu gün yaratdığımız reallıq artıq dünya tərəfindən qəbul edilir. Bir daha demək istəyirəm ki, bu reallığı biz yaratmışıq - güc hesabına, iradə hesabına, birlik hesabına.

Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.

Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.

Beləliklə, bir çox hallarda dediyim kimi, bugünkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07