20 fevral 2021, 15:20

Mirzəyev İsrəfil Polad oğlundan, Mingəçevir, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Öncə Sizə ailəmizin və Mingəçevirin sadə, vətənpərvər sakinlərinin qucaq dolu salamlarını çatdırıram. Sizin 44 günlük Vətən Müharibəsi dövründə xalqı yumruq kimi birləşdirərək, rəşadətli Ordumuzla qazandığınız Qələbə bütün dünyanı heyran qoydu. Sözsüz ki, bu belə də olmalı idi. Axı Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Birinci Qarabağ döyüşlərində olduğu kimi, Vətən Müharibəsində də mingəçevirlilər Prezidentə və Vətənə olan sədaqətlərini öz canları və qanları ilə sübut etmişlər. Bu gün Mingəçevirdə yerləşən Şəhidlər xiyabanında yüzlərlə şəhid uyuyur. Sizin və güclü ordumuzun əldə etdiyi qələbə nəticəsində həm torpaqlarımız düşmən tapdağından azad olundu, həm də tökülən şəhid qanları yerdə qalmadı, şəhidlərimizin qanı alınmış oldu. Sizin işğaldan azad olunan torpaqlarımıza səfərləriniz məni çox qürurlandırır. Çünki vaxtilə o torpaqlara yalnız əlçatmaz yuxu kimi baxırdıq.

Cənab Prezident, bizə bu Qələbəni, bu sevinci yaşatdığınız üçün Sizə minnətdarlıq məktubunu yazmağı özümə bir vətəndaş olaraq borc bildim. Siz Azərbaycana elə bir töhfə vermisiniz ki, əsrlər boyu tarixin və xalqın yaddaşından silinməyəcəkdir. Siz Azərbaycanın əbədi Prezidenti kimi xalqın yaddaşına həkk olundunuz.

Məktubumun sonunu məhz bu cümlə ilə tamamlamaq istəyirəm: Mənim əbədi Prezidentim və Ali Baş Komandanım, Sizinlə fəxr edir, qürur duyuram.

Hörmətlə,

Mirzəyev İsrəfil Polad oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.