İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edib

01 fevral 2021, 16:20
İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 4 hektar sahədə inşa olunan 150 çarpayılıq tibb müəssisəsi Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən zəruri avadanlıqla təchiz edilib. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub.

Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi.

Prezident İlham Əliyevin müsahibəsi

-Cənab Prezident, ilk növbədə, müsahibəyə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımızı ifadə edirik. İlk sualım açılışını etdiyiniz bu səhiyyə ocağı ilə bağlı təəssüratlarınız barədə olacaq. Necədir təəssüratlarınız?

-Təəssüratlar çox müsbətdir. Yeni tikilmiş bu xəstəxana bizim səhiyyə sahəsindəki fəaliyyətimizi əks etdirir. Bildiyiniz kimi, son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Ona görə əminəm ki, bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb.

Bir də ki, xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Burada 200-dən çox həkim və bütövlükdə 600-dən artıq tibb işçisi çalışacaq və təbii ki, onların da iş şəraiti müsbətə doğru dəyişir. Əminəm ki, burada göstəriləcək tibbi xidmət vətəndaşların sağlamlığını təmin edəcək, bərpa edəcək. Xəstəxananın inşası bir daha onu göstərir ki, bu sahədəki fəaliyyətimiz ardıcıl şəkildə davam etdirilir və Abşeron rayonunda da müasir xəstəxana artıq fəaliyyət göstərir. Bunun üstünlüyü, eyni zamanda, ondadır ki, bu vaxta qədər müxtəlif tibb müəssisələri fərqli-fərqli yerlərdə məskunlaşmışdı, amma indi burada artıq həm xəstəxana, poliklinika, uşaq poliklinikası, doğum şöbəsi, təcili tibbi yardım şöbəsi – bütün şöbələr bir yerdə fəaliyyət göstərəcək. Əlbəttə ki, bu, insanların rahatlığı üçün də çox önəmlidir.

-Cənab Prezident, Sizin təşəbbüsünüzlə Azərbaycanın bütün bölgələrində ən müasir standartlara cavab verən xəstəxanalar tikilib. Bundan sonrakı mərhələ barədə fikrinizi öyrənmək istəyərdik, yəni, bu proqram artıq bitib, yoxsa icrası davam etdiriləcək?

-Hesab edirəm ki, bütövlükdə artıq başa çatmaq üzrədir. Çünki ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq.

Səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Sözün düzü, o vaxt bizim qara qızılımızın həcmi o qədər də böyük deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ inşa edilməmişdi, ancaq biz bütün bu işləri artıq proqnozlaşdıra bilirdik. Bilirdik ki, bizi böyük neft hasilatı dövrü gözləyir. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək mənim başlıca vəzifəm idi. Dediyim kimi, bu vəzifə artıq bütövlükdə icra edildi. Bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir. Əgər biz buna nail olmasaydıq, son illərdə hər il 5 milyon insan tibbi müayinədən keçə bilməzdi. Hesab edirəm ki, bu da böyük nailiyyətdir. Çünki mən bəlkə də 100-dən çox, - bəlkə də daha çox, indi hamısını xatırlamıram, - xəstəxananın, tibb müəssisəsinin açılışında olarkən dəfələrlə bir məsələyə vətəndaşların diqqətini cəlb edirdim ki, mütləq hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Artıq bunu demirəm, buna ehtiyac yoxdur. Çünki bu, həll olundu və artıq bir neçə ildir ki, kütləvi surətdə müayinədənkeçmə prosesi gedir. Yenə də deyirəm, dövlət hesabına 5 milyon insanı - ölkə əhalisinin yarısını tibbi müayinədən keçirmək böyük təşkilatçılıq və maliyyə resursları tələb edir. Azərbaycan nadir ölkələrdəndir ki, bu təşəbbüsü həm irəli sürüb, həm də bunu reallaşdırıb. Eyni zamanda, bildiyiniz kimi biz indi, icbari tibbi sığorta sisteminə keçmişik. Bu keçid də mərhələli yollarla həll olunub. Pilot layihələrin icrası bizə ilkin məlumatlar verib və məlumatlar da çox müsbət idi. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədə idi. Ona görə biz artıq bu sistemə də keçmişik. Əgər müasir xəstəxana fondu olmasaydı, buna keçmək mümkün olmazdı. Yəni, biz hər şeyi ardıcıllıqla edirik və yəqin ki, gələn 1-2 il ərzində böyük xəstəxanaların tikintisinə artıq son qoyulacaq və daha çox səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində addımlar atılacaqdır.

-Cənab Prezident, yəqin ki, bu xəstəxananın açılışının məhz pandemiya dövründə edilməsinin də bir xüsusi əhəmiyyəti var. Yəni, qlobal pandemiya bir ildən artıqdır ki, davam edir. İndiyə qədər Azərbaycanda bu virusla mübarizədə görülən işləri necə qiymətəndirirsiniz?

-Bəli, əlbəttə, bu xəstəxananın açılışının pandemiya dövrünə təsadüf etməsi əlamətdar hadisədir. Amma təbii ki, bu xəstəxananın tikintisi pandemiyaya qədər başlamışdı və biz bu xəstəxanaların tikilməsi ilə özümüzü mümkün olan sürprizlərdən sığortalamalı idik. Çünki heç kimin ağlına gələ bilməzdi ki, pandemiya baş verəcək. Ancaq başqa hansısa xoşagəlməz hadisələr baş verə bilərdi. Ona görə bizim xəstəxana fondu buna hazır olmalı idi. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, hesab edirəm ki, istədiyinə nail oldu. Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər və bunu biz keçiririk. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Yəni, bu, çox böyük rəqəmdir.

Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi ilə məşğul olmağa başlamışdıq və hesab edirəm ki, burada da liderlik göstərdik. Çünki bizdən sonra bir çox ölkələr oxşar addımlar atmışdır. Ancaq istehsalçılar artıq çatdıra bilmirdilər. Biz isə modul tipli 13 xəstəxananı Azərbaycana gətirdik, quraşdırdıq. İndi bizdə xəstəxana fondu tam imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir. Bunun və eyni zamanda, son həftələr ərzində dövlət siyasətinin nəticəsidir ki, müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin sayından xeyli çoxdur. Hesab edirəm ki, vaksinasiya başladığı üçün bu sahədə daha da uğurlu addımlar atılacaq. Məhz buna görə biz indi yumşalma mərhələsinə qədəm qoymuşuq. Biz il ərzində rejimi gah yumşaldırdıq, gah sərtləşdirirdik, vəziyyətə uyğun şəkildə addımlar atırdıq ki, insanların sağlamlığını qoruyaq, eyni zamanda, insanlar üçün lazım olmayan halda əlavə çətinliklər yaratmayaq. Yəni, biz daim bu məsələyə çox həssaslıqla yanaşmışıq ki, bu iki vacib məsələni həll edək - insanların sağlamlığı, onların rahatlığı və necə deyərlər, mənəvi durumu.

- Cənab Prezident, biz həm də Azərbaycanın bu preventiv, eyni zamanda, mübarizə tədbirlərinin beynəlxalq səviyyədə çox yüksək qiymətləndirildiyinin şahidi olmuşuq, müxtəlif aparıcı beynəlxalq qurumlar bu barədə öz fikirlərini ifadə ediblər. Hətta mübarizədə “Azərbaycan modeli” ifadəsindən də bəzi hallarda istifadə olunurdu. Bu barədə fikirlərinizi bilmək istərdik.

-Bəli, bu, bizi, əlbəttə, çox sevindirir. Biz, əlbəttə, çox məmnunuq ki, beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. Ancaq əsas vəzifəmiz ondan ibarət idi ki, xalqımızı, vətəndaşlarımızı qoruyaq. Çünki pandemiyanın ilk günlərində bəlli deyildi ki, bu xəstəliyin hansı təhlükələri, yaxud da ki, hansı fəsadları ola bilər və bu gün də tam axıra qədər tədqiqatlar aparılmayıb. Ona görə biz ilk günlərdən bu addımları ataraq və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmışıq. Qeyd etdiyiniz kimi, artıq Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Eyni zamanda, bu yaxınlarda mənə verilən məlumata görə, dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni, həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, biz düzgün yoldayıq, hər zaman vətəndaşlara həqiqəti demişik. Hər zaman vətəndaşlara problem yarada biləcək hansısa məhdudiyyətlər haqqında danışanda deyirdik ki, bu, zəruridir, bu, labüddür, bunu biz etməsək, böyük problemlərlə üzləşə bilərik, bizim səhiyyə sistemimiz artan xəstələrin müalicəsi ilə bağlı öz resurslarını səfərbər edə bilməyəcək. Şadam ki, bizim bütün çağırışlarımız vətəndaşlar tərəfindən də anlayışla qarşılandı. Nəticə etibarilə həm dövlət siyasəti, həm vətəndaşların artan məsuliyyəti imkan verdi ki, bu gün vəziyyət nəzarət altındadır.

- Biz həm də bu müddət ərzində xarici ölkələrə Azərbaycanın yardımının da şahidi olmuşuq.

- Doğrudur. Biz bunu bir məsuliyyətli ölkə kimi özümüzə borc bildik. Xüsusilə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi mütləq bunu etməli idi. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Belə olan halda, biz hesab edirik ki, mütləq imkan daxilində bu yardımı etməliyik. Beləliklə, bu dövr ərzində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilmişdir, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilmişdir. Onun 5 milyonu onların ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan xüsusilə kasıb ölkələrin yardımına istiqamətləndirilmişdir.

Bundan əlavə, biz beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olmuşuq. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşü COVID-19-a həsr edilmişdir. Onların da çox müsbət nəticələri olmuşdur. Çünki birinci belə bir təşəbbüs idi, bunu da biz irəli sürdük, hər iki qurumun sədri kimi. Ondan sonra artıq Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdik. Bu, o qədər də asan deyildi. Çünki Baş Assambleyanın xüsusi sessiyasını keçirmək üçün bir çox amillər lazımdır. Deyə bilərəm ki, bəzi ölkələr açıq etiraz etməsələr də, buna o qədər də maraqlı deyildilər. Çünki bəziləri hesab edirdi ki, belə bir təşəbbüs, necə deyərlər, ancaq böyük ölkələrə məxsus olmalıdır və belə bir təşəbbüs yəqin ki, onların fikirlərinə görə gərək, daha əvvəl razılaşdırılaydı. Biz isə onu öz təşəbbüsümüz kimi irəli sürdük. Bildiyiniz kimi, Ermənistan buna qarşı çıxmışdır və bu da böyük təəccüb doğururdu. Yəni, Ermənistanda azərbaycanafobiyanın nə qədər böyük olduğunu Ermənistan bir daha bütün dünyaya göstərdi və bu, müharibədən əvvəl olan hadisə idi.

BMT Baş Assambleyasının xüsusi sessiyasında mən Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırmışdım ki, bu bəlaya qarşı mübarizədə biz səylərimizi birləşdirməliyik, burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər. Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta demişdim ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Şirkətlərə də çağırışlar etmişdim ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar, yəni, məsuliyyətli olsunlar. Prinsipcə, mənim bu çağırışlarımı bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərqi görürük.

- Siz vaksinlərin ədalətli bölgüsünə toxundunuz. Bir məsələ ilə bağlı da fikrinizi öyrənmək istəyərdik. Ümumiyyətlə, hazırda pandemiya ilə mübarizədə deyə bilərik ki, yeni bir mərhələ başlayıb - dünya üzrə vaksinasiya. Hətta bu sahədə də artıq müəyyən ölkələr arasında ümumən gərginliyin şahidi olmaqdayıq. Misal üçün, Avropa İttifaqı ilə Böyük Britaniya arasında olan qalmaqalı göstərə bilərik. Sizcə, bunun səbəbi nədir?

- Bunun səbəbi, yenə də deyirəm, ədalətsizlikdir, bu sahədə hətta müttəfiqlər arasındakı münasibətlərdə olan ziddiyyətlərdir. Dediyiniz bu fakt özlüyündə çox narahatedici bir faktdır. Çünki Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal, əlbəttə ki, bir çox suallar doğurur. Biz bunu açıq mətbuatdan görürük. Misal üçün, mən bu yaxınlarda görmüşəm ki, Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Hətta mən o rəqəmləri də xatırlayıram. Bildirilmişdir ki, Böyük Britaniya vətəndaşlarının 13 faizi artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları isə 2 faiz. Əgər belə gedərsə, Böyük Britaniya əhalinin 75 faizini iyul ayına qədər vaksinlə təmin edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər. Yəni, bu, çox düşündürücü açıqlamalardır. Hətta ondan sonra biz gördük ki, bəzi embarqolar da qoyuldu. Bildiyiniz kimi, bəzi istehsal sahələri Avropada təşkil olunub. Ona görə belə bir qalmaqal yarandı. Əlbəttə ki, biz gərək buna diqqətlə nəzər salaq. Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm.

Ona görə biz Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarımıza sadiq qalaraq artıq dünya arenasında bu məsələni qaldırırıq. Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik. Bu iki Zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi onu göstərir ki, biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər.

- Cənab Prezident, icazənizlə vaksinləmə prosesinin Azərbaycana aid olan hissəsinə qayıdaq. Siz çıxışınızın əvvəlində artıq qeyd etdiniz ki, ölkəmizdə bu prosesə başlanılıb. Görülən işləri necə qiymətləndirirsiniz?

- Mən müsbət qiymətləndirirəm. Çünki Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Amma onların bəzilərinin icrası indi yubanır, yəqin ki, bax, dediyim bu səbəblərə görə. Eyni zamanda, biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib, Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür.

Onu da bildirməliyəm ki, indiki şəraitdə, xüsusilə zəngin ölkələr arasında olan bu ixtilaflar istehsalçılara da mənfi təsir göstərir, bir çox ölkələrin vətəndaşlarını bu vaksinlərdən məhrum edir. Ondan başqa, bu, dünyada ölkələr arasındakı inamsızlığı da alovlandırır. İndi siz Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı qalmaqaldan danışdınız, amma başqa misallar da var. Misal üçün, yenə də açıq mətbuata istinad edərək deyə bilərəm ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. “Moderna” vaksini var, səhv etmirəmsə, Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa istehsalı vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik. Ancaq bu məlumat açıq mətbuatda gedir, sanki ondan sonra unudulur. Çünki sərf etmir. Dünya mediasına rəhbərlik edən qurumlara sərf etmir. Çünki bu, o aktorların sözlərinin əməlləri ilə böyük fərqini göstərir.

Bir misal da gətirə bilərəm. Bu yaxınlarda verilən məlumata görə Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayrakdar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər.

Bu, sadəcə olaraq, bu xəstəliklə bağlı olan məsələ deyil. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır. Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək.

-Siz Vətən müharibəsi məsələsinə toxundunuz. İcazənizlə, növbəti sualım erməni işğalından azad edilən torpaqlarla bağlı olacaq. Həmin ərazilərə artıq bir neçə dəfə səfər etmisiniz. Təəssüratlarınızı bir daha eşitmək istəyərdik.

-Təəssüratlar - əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı hansı hissləri keçirir, mən də o hissləri keçirirəm, bəlkə daha çox. Çünki mən artıq əyani şəkildə o torpaqlarda olmuşam. İndi vaxtaşırı televiziya reportajlarında dağıdılmış, viran qoyulmuş o ərazilər göstərilir. Amma, əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur, bircə hərbi hissənin üç-dörd mərtəbəli binasıdır. Cəbrayıl şəhərinin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda, sadəcə olaraq, bir neçə ev qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli, hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilib. Bu mənzərə indi bütün dünyaya təqdim edilir və təqdim edilməlidir. Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər. Sanki belə bir şey yoxdur. Beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır.

Mən özümə sual verirdim ki, nə üçün onlar bunu edib? Sözün düzü suala cavab tapa bilmirəm, bu günə qədər də. Bir səbəb ondan ibarətdir ki, onlar hesab edirdilər, belə olarsa, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Çünki onlar hesab etmirdilər ki, biz o faciədən sonra ayağa dura bilərik, möhkəmlənə bilərik, zəngin təbii ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edib, ölkəmizi inkişaf etdirə bilərik, bu torpaqları, əraziləri bərpa edə bilərik. Onlar hesab edirdilər ki, heç vaxt biz oraya qayıtmayacağıq. Bu, birinci səbəb. İkinci səbəb, - bəlkə də bu, birinci səbəbdir, - onların ürəyində bizə qarşı olan düşmənçilikdir. Biz bunu sovet dövründə bilmirdik, hiss etmirdik. İndi mən o illəri yaxşı xatırlayıram. Azərbaycanda minlərlə erməni yaşayırdı. Bizim onlara münasibətimiz çox müsbət idi. Onlar da özlərini burada cəmiyyətin normal üzvləri kimi aparırdılar. Heç bir ədavətdən, düşmənçilikdən söhbət gedə bilmirdi. Bəs necə oldu ki, 1992-93-cü illərdə onlar bizə qarşı bu qədər qəddarlıq göstərdilər? Xocalı soyqırımı, günahsız insanların öldürülməsi ilə nəticələnən onların digər hərbi əməliyyatları, dinc əhaliyə qarşı bu qədər qəddarlıq. Deməli, bunların ürəyində bu düşmənçilik toxumları həmişə var idi. İndi bu gün Azərbaycan onların belini qırıb, onların başını əzib, onların ordusunu məhv edib, onların ideologiyasını məhv edib, illər boyunca, onilliklər boyunca onların yetişdirdikləri ideoloji əsasları məhv edib. Əlbəttə ki, aydın məsələdir, bu gün onların bizə münasibəti nədir? Bəs o vaxt biz nə pislik etmişdik? Heç bir pislik etməmişdik. Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstlərini gülləbaran etmək üçün gərək adamın ürəyində nə qədər nifrət olsun, nə qədər düşmənçilik olsun, özü də kimə? O xalqa ki, sənə burada yer verib. Sən burada yuva salmısan. Sənin üçün yad olan torpağa, Qarabağa köçürülmüsən, Anadoludan, İrandan köçürülmüsən, gəlmisən, sənə burada qucaq açıb Azərbaycan xalqı, çörək verib. Sən çox sağ ol əvəzinə, 1992-93-cü illərdə bütün binaları dağıdırsan, məscidləri dağıdırsan, təhqir edirsən. Bu kadrlar var internetdə. O, hərbi cinayətkar və bu dəfə Qarabağ müharibəsində Qarabağa gəlmiş və siçan kimi oradan qaçmış Koçaryan Ağdam məscidinin önündə dayanıb və Ağdam məscidinin divarının üzərində təhqiramiz ifadələr. O, bax, budur. O, bu hisslərlə yaşayıb. Biz onların belini qırdıq, onları məhv etdik.

Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks-təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq.

-Cənab Prezident, mətbuatda gedən bir məlumatda deyilir ki, Mərkəzi Bankın sədri təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin açılacağını bildirib və bu məsələyə münasibətinizi öyrənmək istəyərdik.

-Mənim buna münasibətim mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır.

İkincisi, biz bütün işləri ardıcıllıqla edirik. Mən bu ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə demişəm ki, biz hansı işləri görəcəyik, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər, əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Əgər biz ziyanın qiymətləndirilməsini etməsək, sabah təzminat davasında da uğur qazana bilmərik. Ona görə də, ilk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır. Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma aparmalıdır. Hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur.

Bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Axı, infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yoxdursa, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox - “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan durub deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur.

Şuşa şəhərinə gəldikdə, Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Orada başqa bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki, çoxdan öz ömrünü bitirib, orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və bunun insanlara hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə bilərəm, sadalaya bilərəm, qoy, Azərbaycan vətəndaşları bilsinlər. “Azəravtoyol”. Onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada “Azəravtoyol” qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Heç kim öz hesabına yol çəkmir, dövlət büdcə ayırır. Şuşada “Azəravtoyol”un regional mərkəzinin nə işi var? İstəyir ki, özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada necə deyərlər, təbiəti seyr etsin. AZAL. Onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?

Bilirsiniz, bu adamların beyninə belə ziyanlı fikirlər gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi. Nazir mənə müraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi Azərbaycan xalqı da güləcək. Xidmətin rəisi mənə zəng edib deyir ki, icazə verin biz sərhəd xidmətinin Şuşa zastavasını da yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? Deyin də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm, bəs nə zastava yaradırsan? İndi bizim o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar.

Bir də ki, mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. O, hansı formada bərpa edilməlidir? Onun yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm. İndi müxtəlif yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra “xruşşovkalar”la bağlı, - indi qabaqlamaq istəmirəm, - mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir. Ancaq bununla bağlı mən, sadəcə olaraq, öz fikirlərimi bölüşürəm. Amma necə olacaq, onu mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa, bilin ki, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək.

Mən indi o biri məsələni də demək istəyirəm. Mən müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Mən əminəm ki, biz buna nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin.

- Cənab Prezident, vaxt ayırdığınıza görə bir daha Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07