Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

23 yanvar 2021, 15:50

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti yarandığı dövrdən böyük inkişaf yolu keçərək ölkənin sosial-iqtisadi tərəqqisində mühüm rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən uğurlu neft strategiyası Azərbaycan Respublikasının beynəlxalq iqtisadiyyata inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb edilməsində müstəsna rol oynamaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində mühüm dəyişikliklərlə müşayiət olunmuşdur. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə bağlanılmış “Əsrin müqaviləsi” respublikanın neft-qaz sənayesinin inkişafında yeni mərhələ olmuşdur. Hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti neft-qaz hasilatı, nəqli və emalı ilə məşğul olan müəssisədən transmilli şirkətə çevrilərək, iştirakçısı olduğu beynəlxalq layihələrdə Azərbaycan Respublikasını uğurla təmsil edir, ölkənin iqtisadi potensialının güclənməsinə, sosial-iqtisadi tərəqqisinə, eləcə də milli maraqlarımızın həyata keçirilməsinə mühüm töhfə verir.

Qlobal iqtisadiyyatda, o cümlədən xarici neft bazarında baş verən prosesləri və qeyri-müəyyənlikləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korporativ idarəetmə sisteminin və biznes modelinin təkmilləşdirilməsi yolu ilə onun beynəlxalq mühitdə rəqabətədavamlılığı, orta və uzunmüddətli perspektivdə maliyyə dayanıqlığı, idarəetmənin, habelə sərmayələrin effektivliyinin və aktivlərinin dəyərinin əhəmiyyətli dərəcədə artırılması əsas çağırışa çevrilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) yaradılsın.

2. Müəyyən edilsin ki, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarətdir.

3. SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. SOCAR-ın yenidən təşkili və ləğvi;

3.1.2. SOCAR-ın Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2.2. SOCAR-ın illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.3. SOCAR-ın dividend siyasətinin təsdiq edilməsi;

3.2.4. SOCAR-ın qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

3.2.5. SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

4. Müəyyən edilsin ki, SOCAR-ın Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

4.1. SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

4.2. SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

4.3. SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı ümumi yığıncağa təkliflər vermək;

4.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

4.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

4.6. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

4.7. SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

4.8. SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.9. bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, SOCAR-ın nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

5. Azərbaycan İnvestisiya Holdinqi:

5.1. SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

5.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. SOCAR-ın Müşahidə Şurasının yaradılması ilə əlaqədar onun nizamnaməsinin 4-cü və 5-ci hissələrinin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2021-ci il.

SƏNƏDLƏR Sərəncamlar 13 fevral 2025
15:52
R.N.Mahmudun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilsin.

İlham...

13 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 13 fevral 2025
15:29
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası...

13 fevral 2025, 15:29
SƏNƏDLƏR Sərəncamlar 13 fevral 2025
15:27
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli, “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2008-ci il 7 fevral tarixli 2667 nömrəli, “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2008-ci il 22 may tarixli 2833 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2008-ci il 11 iyun tarixli 2861 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2011-ci il 13 may tarixli 1502 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan...

13 fevral 2025, 15:27
SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2025
18:12
E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin...

12 fevral 2025, 18:12
SƏNƏDLƏR Fərmanlar 12 fevral 2025
18:06
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq...

12 fevral 2025, 18:06