13:02
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Prezident İlham Əliyev muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan–Culfa magistral avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə bağlı məlumatları əks etdirən stendlə tanış oldu.
Məlumat verildi ki, Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Muxtar respublikada əsas strateji magistrallardan olan Naxçıvan-Culfa yolunun tikilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Bildirildi ki, uzunluğu 32,4 kilometr olan yol asfalt-beton örtüklüdür. Yolun torpaq hissəsinin eni 25, asfalt hissəsinin eni isə 17,2 metrdir. Dördzolaqlı yolun üzərində 103 suötürücü qurğu inşa olunmuşdur. İpək yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistralının çəkilməsi muxtar respublikaya yük daşımalarının həcminin artmasına geniş imkan yaradır.
Tranzit imkanları yüksək qiymətləndirilən yol Culfa və Babək rayonlarını Naxçıvan şəhəri ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır. Bir neçə il əvvəl Prezident İlham Əliyev regiona səfəri çərçivəsində muxtar respublikanı Türkiyə ilə birləşdirən Naxçıvan-Sədərək yolunun açılışında da iştirak etmişdi.
Prezident İlham Əliyev Naxçıvan-Culfa magistral yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Yolun açılış mərasimindən sonra dövlətimizin başçısı burada Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlət başçısı mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Əziz dostlar, mən sizin hamınızı Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışı münasibətilə ürəkdən təbrik edirəm.
Bu yolun tikilməsi Naxçıvan Muxtar Respublikasında gedən böyük quruculuq işlərinin bir hissəsidir. Naxçıvan sözün əsl mənasında inkişaf edir. Naxçıvanda bütün sahələrdə çox uğurlu inkişaf prosesi gedir. Dinamik inkişafdır. Bütün iqtisadi göstəricilərimiz çox yaxşıdır. Həm sənaye istehsalı artır, yeni müəssisələr açılır. Ümumi daxili məhsul artır. Bu gün Naxçıvanda olarkən, bir neçə yeni obyektin açılışında iştirak edərkən bir daha görürəm ki, hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir.
Bu, məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu öndərin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolu keçmişdir. Bu gün bütün sahələrdə, bütün bölgələrdə və o cümlədən Naxçıvanda Heydər Əliyev siyasəti uğurla icra edilir. Bu siyasət milli maraqlarımızın müdafiə edilməsi üçün yeganə düzgün siyasətdir. Ölkəmizin dinamik inkişafı göstərdi ki, bu siyasətə alternativ yoxdur.
Biz iki gün bundan əvvəl Respublika Gününü qeyd etdik. Keçən il müstəqilliyimizin bərpasının 20 illik yubileyini keçirdik.
Mən bu tədbirlərdə iştirak edərkən bir fikri daim vurğulayıram ki, müstəqilliyə gedən yol Heydər Əliyevin rəhbərliyi ilə məhz Naxçıvanda başlamışdır. Məhz onun sədrliyi ilə Naxçıvanın Ali Məclisinin sessiyasında müasir tariximizdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edilmişdir və Azərbaycanın Milli Məclisinə müraciət edilmişdir ki, milli bayrağımızı dövlət bayrağı kimi təsdiq etsin.
Məhz Naxçıvanda ulu öndərin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Naxçıvanın ərazi bütövlüyü təmin edilmişdir. Erməni düşmənləri Naxçıvana da göz dikmişlər və Naxçıvanın işğalı onların planlarında var idi. Heydər Əliyevin qətiyyəti və müdrikliyi bu planları alt-üst etdi. Bu gün Naxçıvan sürətlə inkişaf edir.
O vaxt Sovet İttifaqının saxlanmasına dair Azərbaycanda referendum keçirilmişdi. Ancaq Naxçıvanda Heydər Əliyev buna imkan verməmişdi. Azərbaycanın müasir siyasi sistemi məhz Naxçıvanda yaradılmışdır. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması demək olar ki, müasir siyasi sistemin yaradılmasına təkan vermişdir. Yəni, bu gözəl bayram günlərində bir daha tarixə nəzər salaraq görürük ki, ulu öndərin Azərbaycan xalqı, Azərbaycan dövləti üçün nə qədər böyük xidmətləri olmuşdur.
Bu gün ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri gedir. Ölkəmiz inkişaf edir. İnkişaf templərinə görə Azərbaycan dünyada lider ölkədir. Avropada maliyyə və iqtisadi böhran davam edir. Ancaq Azərbaycanda bu böhranın əsər-əlaməti yoxdur. Böhranın ən ağır aylarında, illərində belə Azərbaycan inkişaf edibdir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqlərini qaldırırlar. İqtisadi inkişaf sürətlidir. Qeyri-neft sektorunun inkişafı böyük rəqəmlərlə ölçülür. İlin birinci rübündə qeyri-neft sənayemiz 16 faizdən çox artmışdır. Bu, onu göstərir ki, şaxələndirmə siyasəti öz məntiqi nəticələrini verməkdədir.
Bundan sonrakı illərdə də Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Biz son səkkiz il ərzində ümumi daxili məhsulumuzu üç dəfə artıra bilmişik. Növbəti on il ərzində daha iki dəfə artırmalıyıq. Xüsusilə qeyri-neft sektorunun hesabına. Buna nail olmaq üçün hazırda böyük proqramlar hazırlanır. Bu məsələ ilə bağlı konkret tapşırıqlar verilmişdir və bütün bölgələrdə inkişaf, quruculuq, abadlıq işləri aparılır.
O ki qaldı Naxçıvana, siz – burada yaşayan insanlar yaxşı görürsünüz və bilirsiniz ki, muxtar respublika necə dəyişir, necə gözəlləşir. Naxçıvan Azərbaycanın qədim torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Naxçıvanın bütün daşları, bütün abidələri Azərbaycan tarixinə, Azərbaycan mədəniyyətinə məxsusdur.
Mən çox şadam ki, qədim Naxçıvan bu gün yeniləşir, yenidən qurulur, gözəl binalar tikilir, xiyabanlar salınır. Bu yolun açılması Naxçıvanda böyük yol-nəqliyyat layihələrinin icrasının təzahürüdür. Biz iki il bundan əvvəl Naxçıvan-Sədərək avtomobil yolunun açılışını qeyd etmişik. Gözəl, dördzolaqlı, rahat yoldur. İndi Naxçıvan-Culfa magistral yolunun açılışını qeyd edirik. Bu vaxta qədər, ya bu arada dairəvi yol tikilibdir. Beləliklə, Naxçıvan tranzit mərkəzə çevrilməkdədir. Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi, Naxçıvana böyük diqqət göstərir. Naxçıvanın respublika qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanları vardır.
Növbəti dövrlərdə Naxçıvanın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Yeni yol layihələri icra edilir. İndi kənd yollarına üstünlük verilir. Çünki magistral yollara gəldikdə onların, demək olar ki, bütün parametrləri icra edilir. Kənd yollarının tikintisi növbəti illərdə başa çatmalıdır. Beləliklə, həm magistral, həm dairəvi, həm də kəndləri, bütün yaşayış məntəqələrini birləşdirən yollar yüksək səviyyədə olmalıdır.
Naxçıvanda digər infrastruktur layihələri uğurla icra edilir. Naxçıvan 100 faiz qazlaşdırılıbdır. Elektrik enerjisi ilə təchizat çox yaxşıdır. Vaxtilə zülmət içində yaşayan insanlar indi o günləri sadəcə olaraq, ağır günlər kimi xatırlayırlar. Hazırda Naxçıvan elektrik enerjisi ixrac edən diyardır.
Hazırda bütün respublikada, bütün şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya layihələri icra edilir. Bu layihələrin gələn ilin sonuna qədər başa çatması nəzərdə tutulur. Beləliklə, su-kanalizasiya problemləri birdəfəlik öz həllini tapacaqdır. Təhsil, səhiyyə ilə bağlı məsələlər öz həllini tapır. Bu gün biz Naxçıvan şəhər poliklinikasının açılışını qeyd etmişik. Əvvəlki dövrlərdə diaqnostika mərkəzi, doğum mərkəzi, rayonlarda yeni xəstəxanaların açılışı ilə bağlı tədbirlər keçirilmişdir. Naxçıvan Şəhər Xəstəxanasının yenidən qurulması layihəsi artıq işlənilir. Belə təşəbbüs irəli sürülüb. Mən bu təşəbbüsü dəstəkləyirəm. Əminəm ki, naxçıvanlılar şəhər xəstəxanasını da yüksək səviyyədə təmir etdirəcəklər.
Bu gün hərbi hissədə olarkən Naxçıvanın potensialının nə qədər böyük olduğunu bir daha görmək olar. Son illər ərzində çoxlu silah-sursat, texnika gətirilmişdir. Hava hücumuna qarşı qurğular yerləşdirilmişdir. Müasir artilleriya qurğuları gətirilmişdir. Tanklar, zirehli maşınlar, helikopterlər, yəni, Naxçıvanın döyüş qabiliyyəti, döyüş potensialı çox yüksək səviyyədədir.
Kənd təsərrüfatının inkişafı ilə bağlı konkret proqramlar icra edilir. Naxçıvan özünü əsas ərzaq məhsulları ilə təmin edir.
Bu da ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacibdir. İnşaat materialları demək olar ki, artıq daxili imkanlar hesabına formalaşır. Bu gün sement zavodunun açılışını qeyd etmişik. Bu, məni çox sevindirir. Çünki bu, ölkəmiz üçün lazımdır. İndi Bakıda, ondan sonra qərb bölgəsində sement zavodları tikilir. Naxçıvan sement zavodu sementə olan ehtiyacı tam şəkildə ödəməyə imkan verəcək və idxaldan asılılıq aradan qaldırılacaqdır.
Yəni, burada hər bir sahədə gözəl inkişaf vardır. Naxçıvan şəhəri gözəlləşir, yaşıllaşır, abadlaşır. Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar.
Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də olar bilər, o qədər böyük olmaya da bilər. Amma əgər, Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir. Bu ideyalar, azərbaycançılıq fəlsəfəsi, dövlətçiliyə olan sədaqətimiz bizi irəliyə aparır.
Mən şübhə etmirəm ki, növbəti illərdə də Naxçıvan Muxtar Respublikası qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir. Bütün infrastruktur, sosial, iqtisadi və sənaye layihələri, proqramları icra ediləcək, Naxçıvan daha da gözəl, daha da güclü olacaqdır. Bu işlərdə sizin hamınıza uğurlar arzu edirəm. Sağ olun!
X X X
Göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif TALIBOV dedi:
- Möhtərəm Prezident!
Bu gün Azərbaycan özünün intibah dövrünü yaşayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu intibah Sizin rəhbərliyinizlə uğurla davam və inkişaf etdirilir.
Ulu öndərimizin şah əsəri olan müstəqil Azərbaycan hazırda lider dövlətə çevrilmişdir. Qısa müddət ərzində əldə olunan uğurların, inkişafın Azərbaycan modelinin bir səbəbi ulu öndər Heydər Əliyev yoluna sədaqətdirsə, əsas səbəblərdən biri də bu yolu müasir reallıqları nəzərə alaraq davam etdirən qurucu rəhbərin mövcudluğudur. Azərbaycan ümummilli liderimizdən sonra əldə etdiyi bütün möhtəşəm nailiyyətlərə görə Prezident İlham Əliyevə borcludur.
Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə üzrə hərtərəfli əsaslandırılmış inkişaf proqramı olmasın. Qəbul olunmuş proqramların mühüm elementlərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır. Hələ hakimiyyətinin ilk illərindən bölgələrin inkişafı olmadan Azərbaycanın inkişafının mümkün olmadığını bildirən dövlətimizin rəhbəri tövsiyə etmişdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etməli, hər bir rayon mərkəzi müasir standartlara cavab verməli, genişmiqyaslı abadlıq işləri aparılmalı, yollar, körpülər salınmalı, sosial obyektlər tikilməli, insanların gündəlik həyatında müsbət dəyişikliklər baş verməlidir. Bu tapşırıqların icrası istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını da əsl inkişafa qovuşdurmuşdur. Hörmətli Prezidentimiz 2004-cü ildən bəri doqquz dəfə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, elm, təhsil və mədəniyyət, idman, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi və sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 60-a yaxın obyektin açılışında iştirak etmiş, uzun fasilədən sonra 2005-ci ildə Azərbaycan təbii qazının Naxçıvan Muxtar Respublikasına verilməsi bərpa olunmuşdur.
Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, Naxçıvan Muxtar Respublikasının 80 və 85 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuş, Naxçıvanın tarixinə dair yeni elmi araşdırmalar aparılmış, milli dəyərlərin inkişafı, tarixi abidələrin qorunması və bərpası istiqamətində tədbirlər görülmüşdür. Görülən tədbirlər, tikilən obyektlər ölkəmizin iqtisadi qüdrətinin konkret bir regionda əyani təzahürüdür.
Ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasına sonuncu səfərindən - 2010-cu ilin oktyabrından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verərək bildirmək istəyirəm ki, bu dövrdə muxtar respublikanın iqtisadiyyatında 54 faiz artım olmuş, sənaye, kənd təsərrüfatı və sosial sahələr inkişaf etmişdir. İqtisadiyyatın ümumi strukturuna uyğun olaraq və daxili bazarın qorunması tələbləri nəzərə alınaraq 43 istehsal və emal müəssisəsi yaradılmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi artaraq 86 faiz təşkil etmişdir. Əhalinin məşğulluğu sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 5791 yeni iş yeri açılmışdır. 2004-cü ildən ötən müddət ərzində açılan iş yerlərinin ümumi sayı isə 50 mindən çoxdur. Hər sahə üzrə inkişafın kökündə insan amili, onun tələbatlarının maksimum ödənilməsi dayanır. Bu istiqamətdə görülən tədbirlər sırasında əhalinin sağlamlığının qorunması mühüm əhəmiyyətə malikdir.
Ötən dövrdə səhiyyə, sağlamlıq müəssislərinə də diqqət artırılmış, muxtar respublikanın rayonlarında beşi xəstəxana, biri poliklinika, doqquzu ambulatoriya olmaqla, on beş səhiyyə müəssisəsi istifadəyə verilmişdir. 2011-ci ilin yanvar ayından ötən müddət ərzində 6176 yerlik 13 məktəb binası, 800 yerlik üç uşaq bağçası tikilmiş və ya yenidən qurulmuşdur. Bundan başqa, Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsi üçün tədris korpusu, 462 yerlik tələbə evi, müasir tipli Tələbə Sosial Xidmət Mərkəzi istifadəyə verilmişdir. Təhsil müəssisələrində 405 elektron lövhə, 3 minə yaxın kompyuter dəsti quraşdırılmışdır. İstifadəyə verilən bütün təhsil müəssislərində açıq və örtülü idman qurğuları, idman zalları yaradılmış, Naxçıvanda idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlar keçirilmişdir.
Hər bir ölkənin regionlarının inkişafı onun ərzaq təhlükəsizliyi ilə sıx bağlıdır. Hazırda muxtar respublikada 114 növdə ərzaq, 202 növdə qeyri-ərzaq olmaqla, 316 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu artım xeyli dərəcədə sahibkarlığın inkişafı, kənd təsərrüfatının texnika və mineral gübrələrə olan tələbatının ödənilməsi ilə bağlıdır. 2005-ci ildən ötən müddət ərzində muxtar respublikaya 822 kənd təsərrüfatı texnikası, 29 min tondan çox mineral gübrə gətirilərək torpaq mülkiyyətçilərinin istifadəsinə verilmişdir.
Kəndlərin inkişafı da diqqətdə saxlanılmış, 15 kənd və 14 xidmət mərkəzi istifadəyə verilmiş, bütün yaşayış məntəqələri tamamilə qazlaşdırılmış və etibarlı rabitə ilə təmin olunmuşdur.
Naxçıvan şəhəri, Babək, Şərur və Sədərək rayonlarında yeni nəsil telekommunikasiya sistemləri quraşdırılmış, muxtar respublikanın yaşayış məntəqələri fiber-optik kabel üzərindən genişzolaqlı və simsiz internetlə təmin olunmuş, rəqəmsal televiziya yayımının genişləndirilməsi məqsədi ilə ötürücülərin quraşdırılmasına başlanmışdır.
Aydın məsələdir ki, fasiləsiz enerji təminatı olmadan bu tədbirləri həyata keçirmək mümkün deyildir. Ölkə rəhbərinin himayəsi ilə Naxçıvan modul və qaz-turbin elektrik stansiyaları, Heydər Əliyev Su Anbarı üzərində və Biləvdə su elektrik stansiyaları tikilmişdir. Hazırda Arpaçay Su Anbarı üzərində 20 meqavat gücündə stansiyanın və 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi aparılır.
Qeyd olunan sahələrlə yanaşı, yol-nəqliyyat infrastrukturu sahəsində də quruculuq tədbirləri davam etdirilmiş, 88 kilometrlik Naxçıvan-Sədərək magistral avtomobil yolu, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolu çəkilərək istifadəyə verilmiş, 32,4 kilometrlik Naxçıvan-Culfa avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Hazırda uzunluğu 57 kilometr olan Çeşməbasar- Boyəhməd, uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Şübhəsiz ki, görülən tədbirlər ümumi məhsul istehsalına da öz təsirini göstərmiş, cari ilin dörd ayında 500 milyon manatlığa yaxın ümumi daxili məhsul istehsal olunmuş, bunun hər nəfərə düşən həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artaraq, 1500 ABŞ dollarına çatmışdır. Öz növbəsində əhalinin gəlirləri də artmış, cari ilin dörd ayında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 360 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin dörd ayı ilə müqayisədə 11 faiz çoxdur. Əməkhaqlarındakı artımlar, insanların layiqli iş yerləri ilə təmin olunmaları demoqrafik vəziyyətə də öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı bir il əvvəlki göstəriciyə nisbətən 2,1 faiz artaraq 421 min nəfərdən çox olmuşdur.
Ulu öndər Heydər Əliyev daim Azərbaycanı, o cümlədən Naxçıvanın gələcəyini düşünür və deyirdi ki, “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.
Bu gün biz hamımız ümummilli liderimizin bu arzu və istəklərinin yerinə yetirilməsinin şahidləriyik.
Bütün bunlara görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin hörmət və ehtiramımızı və minnətdarlığımızı bildiririk.
X X X
Sonra Prezident İlham Əliyev avtomobili idarə edərək Culfa rayonuna yola düşdü.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:37Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən...
01 noyabr 2024, 11:09Hörmətli cənab Sədr,
Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və...
31 oktyabr 2024, 19:07Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli...
31 oktyabr 2024, 16:00