Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi

19 yanvar 2021, 12:05

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 19 yanvar tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Qarabağ Dirçəliş Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini (bundan sonra – müvafiq sahə) həyata keçirən publik hüquqi şəxsdir.

1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Fondun müstəqil balansı, istifadəsində olan əmlakı, bank hesabları, üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Fondun rəsmi adı aşağıdakı kimidir:

1.7.1. tam halda – Qarabağ Dirçəliş Fondu, qısaldılmış halda – QDF;

1.7.2. ingilis dilində tam halda – Karabakh Revival Fund, ingilis dilində qısaldılmış halda – KRF.

1.8. Fond Bakı şəhərində yerləşir.

2. Fondun fəaliyyət istiqamətləri

2.0. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahənin inkişafını təmin etmək;

2.0.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

2.0.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.0.4. işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək;

2.0.5. işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafı üçün sərmayələrin cəlb olunması, habelə bu istiqamətdə fəaliyyətin effektiv təşkili məqsədilə təbliğat-təşviqat və maarifləndirmə işi aparmaq;

2.0.6. işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf məqsədlərinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində təmin edilməsi istiqamətində işləri təşviq etmək;

2.0.7. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Fondun vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Fondun vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. bərpa və yenidənqurma proqramlarının yerinə yetirilməsi üçün müvafiq təkliflər hazırlamaq;

3.1.3. bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədilə vəsait toplanması üçün ölkə daxilində və ölkə xaricində təşviqat işi aparmaq, çevik kommunikasiyalar qurmaqla, işğaldan azad olunmuş ərazilərin dirçəlişi ilə bağlı müvafiq məlumatları ictimaiyyətə çatdırmaq;

3.1.4. işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə qanunla qadağan olunmayan mənbələr hesabına maliyyə dəstəyi göstərmək və bu işə dövlət orqanlarını (qurumlarını), habelə dövlətə məxsus hüquqi şəxsləri və özəl sektorun nümayəndələrini cəlb etmək;

3.1.5. işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını dəstəkləmək;

3.1.6. bərpası və yenidən qurulması nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin, nəqliyyat infrastrukturunun layihələndirilməsi və inşası üçün müqavilələrin bağlanmasında iştirak etmək;

3.1.7. investisiya layihələrinin seçilməsini, idarə edilməsini və həmin layihələrin icrasına nəzarəti həyata keçirmək;

3.1.8. Fondun istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, habelə onların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası ilə bağlı təkliflər vermək və digər formada, o cümlədən innovativ maliyyə alətlərindən istifadə etməklə, sərmayələrin cəlb olunması üzrə fəaliyyət göstərmək;

3.1.9. Azərbaycan Respublikasının və xarici ölkələrin qeyri-hökumət təşkilatları, fiziki və hüquqi şəxsləri ilə əməkdaşlıq etmək, onlarla birgə layihələr həyata keçirmək;

3.1.10. Fonda daxil olan vəsaitin, o cümlədən fiziki və hüquqi şəxslərin məqsədli ianələrinin uçotunu aparmaq;

3.1.11. işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən, habelə digər mənbələrdən cəlb edilən vəsaitdən səmərəli şəkildə istifadə etmək;

3.1.12. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Fondun səlahiyyətinə aid olan məsələlərlə bağlı Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.13. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.14. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.15. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.16. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Fondun əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.17. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və həmin informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.18. Fonda ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.19. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.20. Fondun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.21. Fondun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

3.1.22. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.23. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Fondun aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər, o cümlədən vəsait toplanması məqsədilə marafonlar təşkil etmək;

3.2.9. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.10. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.11. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.12. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Fondun idarə olunması

4.1. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Fondun idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

4.3. Fondun Müşahidə Şurası (bundan sonra – Şura) Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 9 (doqquz) üzvdən ibarətdir. Şuranın sədri Şuranın iclasında Şura üzvləri sırasından 3 (üç) il müddətinə seçilir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şuranın vəzifələri aşağıdakılardır:

4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən Fondun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.2. Fondun inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.3. Fondun fəaliyyətinə nəzarət etmək;

4.7.4. Fondun strukturuna dair təkliflər vermək, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) məbləğini təsdiq etmək, o cümlədən Fondun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.7.5. Fondun İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.7.6. Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.7. Fondun maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.7.8. Fondun istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, habelə onların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası ilə bağlı təkliflər vermək;

4.7.9. Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.10. Şura üzvlərinin və İdarə Heyətinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.11. Fondun fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.12. Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.7.13. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.14. Fondun daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.7.15. Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.7.16. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

4.8. Şuranın sədri ildə 2 (iki) dəfədən az olmayaraq Şuranın iclasını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. Şuranın iclasında İdarə Heyətinin sədri də iştirak edə bilər.

4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək icra orqanının rəhbərinə göndərir.

4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.15. Şuranın katibi:

4.15.1. Şuranın iclaslarını təşkil edir;

4.15.2. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şura üzvlərinə, habelə İdarə Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verir;

4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şuranın üzvləri:

4.17.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.17.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;

4.17.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.17.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;

4.17.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.18. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.19. Fondun cari fəaliyyətinə rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 3 (üç) üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və onun 2 (iki) müavinindən ibarətdir.

4.20. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müavinləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.21. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.21.1. Fondun fəaliyyətini təşkil etmək;

4.21.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

4.21.3. Şuranın qərarlarını icra etmək;

4.21.4. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.21.5. Fondun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.21.6. bu Nizamnamənin 3.1.11-ci və 3.1.18-ci yarımbəndlərində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.21.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

4.21.8. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.21.9. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.21.10. Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.22. İdarə Heyətinin sədri:

4.22.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.22.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.22.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.22.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.22.5. Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili əmr və sərəncamlar verir;

4.22.6. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir və buna nəzarəti həyata keçirir;

4.22.7. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.22.8. Fond işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.22.9. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun işçilərinin, onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.22.10. Fondun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.22.11. Fondun Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.22.12. Fondun fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komissiyalar və işçi qruplar yaradır;

4.22.13. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.22.14. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.22.15. Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;

4.22.16. Şuranın və İdarə Heyətinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar qəbul edir.

4.23. İdarə Heyətinin üzvləri:

4.23.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.23.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.23.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.23.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.23.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.24. İdarə Heyətinin iclası ayda azı iki dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü və ya Şura çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir. İdarə Heyətinin iclasına münasibətdə bu Nizamnamənin 4.9-cu, 4.11-ci və 4.12-ci bəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir.

4.25. İdarə Heyətinin üzvləri iclaslarda baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Fondun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Fondun nizamnamə fondunun məbləği 1 (bir) milyon manatdır.

5.2. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Fond öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Fond qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Fondun, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Fondun Müşahidə Şurasının qərarı ilə dövlət büdcəsinə köçürülür.

5.6. Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiyməti tənzimlənən qiymətlərə aid deyildir.

6. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Fondun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Fondun idarəetmə orqanları həyata keçirirlər.

6.2. Fondun fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. Fondda uçot və hesabat

7.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Fondun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Fondun yenidən təşkili və ləğv edilməsi

Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10