2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə İlham Əliyevin yekun nitqi

07 yanvar 2021, 16:45
2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə İlham Əliyevin yekun nitqi

Bizim 2021-ci ildə işlərimiz çoxdur, həm ənənəvi işlər, hansılar ki, dövlət investisiya proqramında təsbit olunub, eyni zamanda, azad edilmiş ərazilərdə görüləcək işlər, mən əsasən bu haqda sözümü demək istərdim. Çünki bizim ənənəvi infrastruktur layihələrimiz demək olar ki, başa çatmaq üzrədir. Əgər azad edilmiş torpaqları istisna etsək, indi qazlaşdırma səviyyəsi 96 faizə çatıbdır. Elektrik enerjisi ilə heç bir problem yoxdur, əksinə, mən Davos Forumunun hesabatını Azərbaycan xalqının diqqətinə çatdırdım, biz burada ikinci yerdəyik. Avtomobil yollarının böyük hissəsi artıq inşa edilib, qalan layihələr də plan üzrə gedir. Dəmir yolları xətləri və digər infrastruktur layihələri, o cümlədən suvarma ilə bağlı layihələr plan üzrə gedir və demək olar ki, başa çatmaq üzrədir. Ona görə bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik. Noyabrın 10-da imzalanmış Bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və beləliklə, müəyyən müddətdən sonra bu yollardan getmək də problemli olmayacaq. Ancaq bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. O çox çətin layihədir, relyef də çox çətindir və xüsusilə indi hava şəraiti də imkan vermir. Ancaq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək.

Digər vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur. Bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir. Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq. Eyni zamanda, mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq və bu il Füzuli şəhərində, - şəhərdən indi əsər-əlamət qalmayıb, - yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu, həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında. Eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır. Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir. İlk növbədə, bizim aviaşirkətimiz “AZAL” bu məsələ ilə bağlı ciddi işləsin ki, aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin.

Hesab edirəm ki, iki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək. Eyni zamanda, insanlar oraya qayıdandan sonra onların rahatlığı üçün də bunun böyük əhəmiyyəti olacaqdır.

Elektrik enerjisi ilə bağlı planlar təsdiq olunub. Bir daha demək istəyirəm, - indi nazir də məlumat verib, - həm ənənəvi, həm bərpaolunan enerji növləri orada geniş vüsət alacaq və enerji sistemi bizim ümumi enerji sistemimizə tam inteqrasiya ediləcəkdir.

Dəmir yolları ilə bağlı göstəriş verildi, hazırlıq işləri gedir. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma hər hala indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək.

Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu da, - Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, - yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir. Hələlik bu qədər. Gələcək hadisələr haqqında məlumat veriləcək.

Azad edilmiş torpaqlarda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün suvarma işləri sürətlə getməlidir. Bu barədə artıq danışıldı. Ən müasir suvarma sistemləri təşkil edilməlidir. Nəzərə alsaq ki, su mənbələri də kifayət qədər çoxdur.

Enerji təchizatı ilə bağlı artıq burada məruzə edildi, bütün göstərişlər verildi. Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq.

Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır. Çünki bizim Ermənistanla 100 kilometrlərlə sərhədimiz yaranıb. Yəni, artıq bu sərhəd bizim nəzarətimizə keçib. Orada bütün sərhəd infrastrukturu təşkil edilməlidir. Dövlət Sərhəd Xidmətinə müvafiq göstərişlər verilib. Hazırda Dövlət Sərhəd Xidməti Zəngilan-Qubadlı sərhədinin mühafizəsi ilə məşğuldur. Kəlbəcər-Laçın istiqamətində Müdafiə Nazirliyinin qoşunları xidmət göstərirlər. Gələcəkdə bu məsələyə də baxılacaq. Hər halda sərhədin mühafizəsi xüsusi əhəmiyyət daşıyır. Çünki Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik. Amma hər kəs bilməlidir ki, əgər bizim sərhədimiz pozularsa, onu pozan cəzalandırılacaq və belə təxribatlar bu qüvvələrə çox baha başa gələcək.

Eyni zamanda, Azərbaycan Respublikası İran İslam Respublikası ilə öz sərhədini tamamilə bərpa edib. 132 kilometr uzunluğu olan yeni sərhəd yaranıb. Mən Xudafərin körpüsünə gedərkən bildirmişdim ki, bu sərhəd dostluq sərhədidir. Həqiqətən belədir. Amma sərhəd sərhəddir və sərhəd infrastrukturu mütləq yaradılmalıdır. Bu məsələlər üçün də vəsait ayrılmalıdır.

Şəhərsalma qaydalarının tətbiq edilməsi ilə bağlı artıq bütün göstərişlər verildi. Azad edilmiş ərazilərə biz bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik. Misal üçün bu ay ICESCO-nun nümayəndə heyətinin səfəri gözlənilir. Yaxşı olardı ki, nümayəndə heyətinin bəzi üzvləri azad edilmiş ərazilərə getsinlər, ermənilərin, Ermənistan rəhbərliyinin dağıtdığı məscidlərə də baş çəksinlər, o məscidlərin qalıqlarına da baxsınlar və bütün dünya müsəlmanlarına bu barədə daha dolğun məlumat versinlər. Nəinki dünya müsəlmanlarına, bütün dünyaya ki, bizim tarixi, dini abidələrimiz düşmən tərəfindən necə dağıdılıb.

Əlbəttə ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.

Bir sözlə, bizim planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.

Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.

İl başlayıb, bizim hamımıza uğurlar, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07