İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətini qəbul edib

09 dekabr 2020, 11:30
İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

-Sizin ölkənizə çox uğurlu səfərim xatirimdədir. Qonaqpərvərliyinizə görə bir daha təşəkkür edirəm. Səfər məndə olduqca müsbət təəssürat yaratmışdır. Səfər zamanı imzalanmış sənədlər, əlbəttə ki, bizim tərəfdaşlığımızı gücləndirəcəkdir. Mən ölkələrimiz arasında strateji tərəfdaşlığın yeni formatı ilə bağlı imzalanmış sənədi xüsusilə qeyd etmək istəyirəm.

Ölkənizin Prezidenti, Baş naziri, parlamentin hər iki palatasının sədrləri və Romanın meri ilə keçirdiyim görüşlər çox müsbət olmuşdur.

Manlio Di Stefano: Bir neçə gün öncə Siz İtaliyadan olan nümayəndə heyətini qəbul etmisiniz.

Prezident İlham Əliyev: Bəli, mən İtaliya parlamentinin sədr müavininin başçılığı ilə müxtəlif siyasi qrupları təmsil edən nümayəndə heyətini qəbul etmişəm. Onlar Ağdamda və Gəncədə olmuşlar. Birinin işğal nəticəsində viran qoyulduğu, digərinin isə müharibə vaxtı ballistik raket hücumu nəticəsində çoxsaylı qurban verdiyi bu iki şəhərə səfər etməklə bağlı onların qərarı məni təsirləndirdi.

Bizim münasibətlərimizə gəldikdə, hesab edirəm ki, bunun gözəl gələcəyi var. Bu günədək biz siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğura nail olmuşuq. Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq. Bununla da Azərbaycan və İtaliya gələcək onilliklər ərzində enerji sahəsində çox yaxın tərəfdaş olacaqdır.

Bu, müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Bildiyiniz kimi, biz hər il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısını təşkil edirik və İtaliya hər zaman burada yüksək səviyyədə təmsil olunur. Həmin toplantıların sayəsində biz 3500 kilometr uzunluğunda boru kəmərini inşa etməyə müvəffəq olduq. Kəmərin başlanğıcı Bakıda, sonu isə İtaliyadadır.

Əlbəttə, biz əməkdaşlığımızı dərinləşdirmək arzusundayıq. Bilirəm ki, sizin səfərinizin gündəliyi olduqca genişdir. Biz ölkələrimiz arasında gözəl siyasi münasibətlərimizdən faydalanaraq iqtisadi əməkdaşlıq və daha çox İtaliya şirkətinin Azərbaycanda fəaliyyətə cəlb edilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik. Buraya ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına dair böyük planlarımız da daxildir. Çünki bizim yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacımız var.

Bunun səbəbi ermənilər tərəfindən hər şeyin dağıdılması, yerlə-yeksan edilməsidir. Buna dair kifayət qədər videomaterial var. Onlar vəhşi kimi davranmış və şəhərlərimizi darmadağın etmişlər. Bu da Azərbaycana qarşı olan təcavüzkar siyasətin bariz nümunəsidir.

Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq.

İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir. Ümidvaram ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq. Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir. Biz bu həmrəylik və dəstək jestini yüksək qiymətləndiririk.

Bir neçə gün əvvəl görüşdüyüm nümayəndə heyəti Avropa İttifaqı məkanından olan və müharibədən sonra ölkəmizə gələn ilk qonaqlar idi. Əminəm ki, bu dostluq jestinin praktiki təzahürü olacaq, çünki bu gün biz təkcə enerji sektoru deyil, həmçinin qeyri-enerji sektoru haqqında danışırıq. Azad edilmiş torpaqlarda böyük potensial kənd təsərrüfatı, turizm, bərpa olunan enerji mənbələri ilə bağlıdır. Artıq söylədiyim kimi, böyük infrastruktur layihələri də olacaq. İndi biz həmin ərazilərin bərpa və yenidənqurma planlarını hazırlayırıq. Əminəm ki, biz çox uğurla işləyəcəyik.

Həmçinin bildirmək istərdim ki, İtaliya parlamentarilərinin səfəri Azərbaycan cəmiyyətində çox yüksək dəyərləndirildi. Çünki təsəvvür edin, insanlar bütün dəstək əlamətlərini çox böyük diqqətlə izləyirlər, ona həssaslıqla yanaşırlar. Bir sözlə, bütün cəmiyyət həmin səfəri dəstəyin təzahürü kimi qəbul etdi. Həmçinin insanlar qeyd edir və mən onların rəyi ilə razıyam ki, qonşularınızdan bəziləri parlamentdə Dağlıq Qarabağın tanınması ilə bağlı müəmmalı qətnamələr qəbul edirlər. İtaliyanın millət vəkilləri Azərbaycana hörmət və ehtiramını ifadə etmək, Azərbaycan xalqının əziyyətlərini bölüşdüyünü bildirmək üçün Ağdama getdilər, Gəncəyə səfər etdilər.

Dağlıq Qarabağın tanınmasına gəldikdə isə, hamı bilir ki, hətta Ermənistan həmin qanunsuz strukturu tanımayıb. Buna görə, əgər hansısa ölkə Dağlıq Qarabağı tanımaq istəyirsə, onlar öz ölkəsinin daxilində müəyyən addımlar atsınlar. Onlar öz ölkəsində müəyyən ərazini ayıra bilər və Azərbaycanda yox, öz ölkəsində ikinci erməni dövlətini yarada bilər.

Bir sözlə, bu, bir daha göstərir ki, ölkələrimiz arasında dostluq və xalqlarımız arasında qarşılıqlı müsbət yanaşma artıq reallığa çevrilib. Biz, həmçinin sizin səfərinizi bunun yaxşı əlaməti kimi dəyərləndiririk. Əminəm ki, səfərinizin çox müsbət nəticəsi olacaq və biz bütün sahələrdə güclü əməkdaşlıq məqsədilə növbəti 5–10 il üçün gündəliyimizi lazımi şəkildə tərtib edəcəyik. Bir daha, Azərbaycana xoş gəlmisiniz.

Manlio Di Stefano: Sağ olun, cənab Prezident. Əvvəlcə, icazə verin bildirim ki, bu gün burada olmağımdan şərəf hissi duyuram. Səfərim cəmi 24 saatlıq olsa da, onu tam şəkildə təşkil etdiyinə görə sizin Hökumətə minnətdarlığımı bildirirəm. Dünən mən artıq xarici işlər naziri ilə görüşdüm. Məmnun qaldım və biz bir çox sahələrə aid olan məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bu gün mənim digər nazirlərlə görüşmək imkanım olacaq. Bu, aramızda olan əməkdaşlığın real təzahürüdür. İcazə verin, əvvəlcə Sizə və xalqınıza müharibə qurbanları ilə əlaqədar başsağlığımızı verim. Bu, həqiqətən şiddətli müharibə idi və biz İtaliyada bunu böyük narahatlıqla izlədik. Hətta təsəvvür etmək çətindir ki, bu müharibə İtaliyada nə dərəcədə hiss olunurdu, çünki dünyanın bu bölgəsini istənilən mənada özümüzə çox yaxın hesab edirik.

Biz çox çalışdıq ki, hadisələrə hər hansı siyasi rəng qatmayaq. Biz, sadəcə, ölkəmizə nəyin baş verdiyi ilə əlaqədar həqiqəti söyləməyə çalışdıq. Məmnunam, Siz də siyasi mövqeyimizi müsbət dəyərləndirdiniz və o, BMT-nin qətnamələrinə, bir sözlə, sənədlərdə yazılanlara əsaslanır. Təbii ki, atəşkəsin imzalanması bizim hamımıza rahatlıq gətirdi. Hesab edirik ki, bu, birinci və ən vacib məsələ idi. Çünki bilirsiniz, qurbanların sayının artmaması hər kəs tərəfindən hər zaman müsbət qarşılanır. Hazırda biz üçtərəfli Bəyanatdakı müddəaların icrasına yardım etməkdə öz imkanlarımızı təmin etməyə hazır olduğumuzu bildiririk. Hesab edirik ki, bu, bundan sonra görəcəyimiz bütün işlər üçün yaxşı başlanğıc nöqtədir.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07