Koreya Respublikasında nəşr olunan nüfuzlu “Diplomacy” jurnalında İlham Əliyevin müsahibəsi dərc olunmuşdur

24 aprel 2012, 20:00
Koreya Respublikasında nəşr olunan nüfuzlu “Diplomacy” jurnalında İlham Əliyevin müsahibəsi dərc olunmuşdur

Koreya Respublikasında nəşr olunan nüfuzlu “Diplomacy” jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi dərc olunmuşdur. Müsahibənin əvvəlində jurnalın rəhbəri, doktor Thok-kyu Limb oxuculara Azərbaycan Respublikası barədə məlumat verərək bildirmişdir ki, uğurlu iqtisadi islahatlar nəticəsində hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycan bu iqtisadi sıçrayışa Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olmuşdur.

- Zati-aliləri Prezident İlham Əliyev, əvvəlcə Koreyaya səfəriniz münasibətilə ən xoş salamlarımı Sizə çatdırmaq istərdim. Koreyaya səfərinizdən əsas məqsədiniz nədir?

- “2012 Seul Nüvə Təhlükəsizliyi Sammiti”nə dəvəti qəbul edərək böyük məmnuniyyətlə Seula səfərə gəlmişəm. Ümid edirəm ki, sammitin işi və burada aparılan müzakirələr səmərəli olacaq və Azərbaycan da nüvə təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə müəyyən dərəcədə öz töhfəsini verəcəkdir.

- “2012 Seul Nüvə Təhlükəsizliyi Sammiti”nin nəticələri ilə bağlı təəssüratınız necədir?

- Qədəm qoyduğumuz XXI əsrdə beynəlxalq aləmdə baş verən qloballaşma prosesinin, geosiyasi dəyişikliklərin fonunda dünya yeni çağırışlarla üzləşmişdir. Ən ciddi çağırışlardan biri nüvə təhlükəsizliyi məsələləridir. Bu məsələ ayrı-ayrı ölkələr tərəfindən təklikdə həllini tapa bilməz. Bunun üçün bütün dünya birliyi öz səylərini ortaya qoymalıdır. Bu baxımdan müxtəlif ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi “2012 Seul Nüvə Təhlükəsizliyi Sammiti” böyük əhəmiyyət daşıyır.

- Bü gün Sizin Azərbaycanda üzləşdiyiniz əsas problemlər hansılardır?

- Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan özünün inkişaf yolu ilə bağlı məqsədlərinə demək olar ki, çatmışdır. Əlbəttə ki, eyni zamanda, həlli vacib olan bəzi problemlər də mövcuddur. Lakin Azərbaycan xalqı və Azərbaycan dövləti üçün ən ağrılı problem Ermənistanın Azərbaycana davam edən təcavüzü və bu təcavüz nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasıdır. Münaqişə bölgədə sülhə və sabitliyə ən böyük təhlükədir. İyirmi ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib, ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilərdə bütün sosial və infrastruktur obyektləri, qədim tarixi abidələr, məscidlər, qəbiristanlıqlar ermənilər tərəfindən tamamilə dağıdılmışdır.

Münaqişənin nizama salınması üçün güclü beynəlxalq hüquqi baza mövcuddur. Problemin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Həmin qətnamələr işğalçı qoşunların işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bildiyimiz kimi, bu qətnamələr ən yüksək səviyyədə qəbul olunan beynəlxalq qərarlardır, lakin bunlar icra olunmur. ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mühüm qərar və qətnamələr qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bunların da heç birinə məhəl qoymur.

Uzun illərdir ki, ATƏT-in Minsk qrupu bu münaqişənin həlli ilə məşğul olur. Həmsədr ölkələrin - Rusiyanın, ABŞ-ın və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında çoxlu sayda görüşlər keçirilib. Amma Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişə həllini tapa bilmir. Bu münaqişə yalnız sülh yolu ilə, beynəlxalq prinsiplər əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salına bilər.

- Azərbaycanın hazırkı iqtisadi vəziyyəti ilə bağlı nə deyərdiniz?

- Azərbaycan dünyanın ən sürətli inkişaf edən ölkələrindən biridir. Son vaxtlar həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan iqtisadi inkişaf templərinə görə dünyada liderdir. Ümumi daxili məhsulun artımı baxımından biz ən yüksək göstəricilərə nail olmuşuq. Son bir neçə ildə ölkə iqtisadiyyatı demək olar ki, 300 faiz artmışdır. İşsizliyin aradan qaldırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Son 8 il ərzində bir milyondan çox yeni iş yeri açılmışdır. İşsizliyin səviyyəsi 5,4 faizdir. Hər il əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir. Yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə endirilmişdir. Biz qısa müddətdə iqtisadiyyatın kifayət qədər şaxələndirilməsinə nail ola bilmişik. Təsadüfi deyildir ki, aparıcı beynəlxalq maliyyə qurumları bu baxımdan Azərbaycanın uğurlarını çox yüksək qiymətləndirirlər. Əgər Dünya İqtisadi Forumunun rəyinə nəzər salsaq görərik ki, Azərbaycan rəqabətlilik baxımından dünyada 55-ci, MDB məkanında isə birinci yerdə olan dövlətdir. “Standard & Poor’s” Beynəlxalq Reytinq Xidməti də Azərbaycanın suveren kredit reytinqini yüksəltmişdir. Bu, ölkədə həyata keçirilən uğurlu islahatların göstəricisidir. Biz iqtisadiyyatın liberallaşdırılmasına, özəl sektor üçün yaxşı şəraitin yaradılmasına nail olmuşuq. Həyata keçirilən liberal iqtisadi siyasət ölkədə sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaratmışdır. İqtisadiyyatda özəl sektorun payı artıq 80 faizdən çoxdur. Bu gün Azərbaycan iqtisadiyyatı ümumilikdə Cənubi Qafqaz iqtisadiyyatının 75-80 faizini təşkil edir.

- Azərbaycan ilə Koreya arasında iqtisadi münasibətlərin perspektivlərini necə görürsünüz?

- Azərbaycan ilə Koreya arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərləri zamanı imzalanan sənədlər ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm baza yaratmışdır. 2007-ci ildə mənim Koreya Respublikasına dövlət səfərim iqtisadi əlaqələrin genişləndirilməsinə böyük təkan vermişdir. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə komissiya yaradılmışdır. Bu komissiya iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı demək olar ki, bütün sahələri əhatə etmişdir. Bütövlükdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 40-dan çox sənəd imzalanmışdır.

Azərbaycanda mövcud olan münbit sərmayə mühiti Koreya şirkətlərinin ölkəmizə marağını artırmışdır. Bu şirkətlər Azərbaycanın enerji, informasiya texnologiyaları sahələrində və bir çox infrastruktur layihələrində uğurla fəaliyyət göstərirlər. 2011-ci ildə Azərbaycan Respublikasının Koreya Respublikası ilə ticarət dövriyyəsinin həcmi təxminən 650 milyon ABŞ dolları təşkil etmişdir.

Azərbaycan ilə Koreya arasında iqtisadi əməkdaşlığın çox böyük perspektivləri vardır, əməkdaşlıq imkanlarımız genişdir. Ölkələrimiz arasında elm və texnologiya, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ümumi maraq doğuran digər sahələrdə uzunmüddətli əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur.

- XXI əsrdə Azərbaycanı necə görürsünüz?

- Azərbaycan əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan bir ölkədir. Azərbaycan XXI əsrə sürətli iqtisadi inkişaf templəri ilə qədəm qoymuşdur. Azərbaycan əməkdaşlıq üçün açıq olan bir ölkədir. Ölkəmizin güclü iqtisadiyyatı və neft-qaz sənayesinin inkişafı resurslarımızı insan kapitalına yönəltmək üçün bizə əlverişli imkan yaradır. Bütün sahələri əhatə edən uğurlu sosial infrastruktur layihələri həyata keçiririk və bu gələcəkdə də davam etdiriləcəkdir.

Elmi-texniki tərəqqinin inkişaf etdirilməsi, təhsilin, səhiyyənin ən müasir tələblər səviyyəsinə qaldırılması, cəmiyyətin bütünlüklə modernləşdirilməsi əsas prioritet məsələlərdəndir. Biz, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının daha da inkişaf etdirilməsinə böyük önəm veririk. Bu il Azərbaycan özünün ilk süni peykini orbitə buraxacaqdır. Bu, böyük uğurdur.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu bir ərazi olmuşdur. Bu gün biz ölkəmizdə bütün dinlərin və mədəniyyətlərin birgə yaşayışı üçün tolerant cəmiyyət qurmuşuq. Əminəm ki, dünyaya nümunə ola biləcək bu tolerantlıq ölkəmizdə gələcəkdə də hökm sürəcəkdir.

Digər sahələrə gəlincə, deyə bilərəm ki, biz Azərbaycanı turizm ölkəsinə çevirmək üçün mühüm layihələr həyata keçiririk. İdmanın inkişaf etdirilməsi də dövlətin daim diqqət mərkəzindədir və deyə bilərəm ki, artıq bu sahədə böyük uğurlar əldə etmişik. Bir sözlə, gələcəklə bağlı planlarımız çoxdur və əminəm ki, Azərbaycan xalqının iradəsi, xalqla iqtidar arasında olan birlik, həyata keçirdiyimiz məqsədyönlü daxili və xarici siyasət XXI əsrdə qarşıya qoyduğumuz məqsədlərə çatmağa kömək edəcəkdir.

- Koreya ilə bağlı ümumi təəssüratlarınız nədən ibarətdir?

- Bu mənim Koreyaya ikinci səfərimdir. Koreya ilə bağlı xoş təəssüratlarım vardır. Mən 2007-ci ildə Koreyaya dövlət səfərimi böyük məmnunluqla xatırlayıram. Səfər zamanı mənə və Azərbaycan nümayəndə heyətinə çox böyük qonaqpərvərlik göstərildi.

Koreyada yüksək inkişafın şahidi oldum. Koreyanın yeni şəhərlərin salınması layihələri bizdə maraq doğurdu. Nəhəng tikinti layihələri, həmçinin Koreya memarlığının qədim nümunələri məndə dərin təəssürat yaratdı. Bir daha əmin oldum ki, Koreyada milli, mənəvi və tarixi dəyərlər necə böyük qayğı ilə qorunur.

Mən Kyunq He Universitetində koreyalı tələbələrlə görüşümü də yaxşı xatırlayıram. Kyunq He Universitetinin fəxri doktoru adına layiq görülməyimdən çox məmnunam. Hər bir ölkənin gələcək tərəqqisi gənc nəslin təhsili, biliyi və elmin inkişafı ilə bağlıdır.

Əminəm ki, koreyalı gənclərin elmə və təhsilə marağı ölkənizin gələcək inkişafına bundan sonra da öz töhfəsini verəcəkdir.

Ümumiyyətlə, Koreya xalqının zəhmətsevərliyi, ölkənizin həyata keçirdiyi siyasət Koreyanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmişdir. Azərbaycan xalqı Koreyaya dost münasibət bəsləyir. Ölkələrimiz arasında mədəni əlaqələr daim genişlənməkdədir. Mən Koreya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

gallery-photogallery-photo