İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında polimer məhsulları istehsal zavodunun genişləndirilməsi işləri ilə tanış olmuşdur

24 aprel 2012, 17:00
İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında polimer məhsulları istehsal zavodunun genişləndirilməsi işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında (STP) polimer məhsulları istehsal zavodunun genişləndirilməsi işləri ilə tanış olmuş, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, 17 zavoddan ibarət olan STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yeri açılmışdır.

Prezident İlham Əliyevə STP kabel zavodunun tikintisinin üçüncü mərhələsi çərçivəsində yüksək gərginlikli kabellərin izolyasiya xətlərinin quraşdırılacağı qüllə barədə məlumat verildi. Bildirildi ki, burada 500 kilovoltluq güc kabellərinin iki izolyasiya xətti yerləşəcəkdir. Bu layihə MDB məkanı və Yaxın Şərqdə yalnız Azərbaycanda reallaşdırılır. Qüllənin yeraltı hissəsi 40 metr dərinlikdədir. Ümumi uzunluğu 124,5 metr olan qüllənin tikintisinə 2009-cu ilin sonunda başlanmışdır.

Tikinti işləri və avadanlığın quraşdırılması 2012-ci ilin sonunadək başa çatdırılacaqdır.

Prezident İlham Əliyev avtobusla STP-nin ərazisini gəzdi. Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması məqsədi ilə park ölkəmizin sənaye nəhənglərindən birinə çevrilməkdədir.

Dövlət başçısı polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işlərindən sonrakı vəziyyəti ilə tanış oldu.

Bildirildi ki, 2009-cu ildə zavod istehsala başlayan zaman burada cəmi beş xətt var idi. Genişləndirmə işlərindən sonra bu xətlərin sayı artırılaraq, ümumilikdə 25-ə çatdırılmışdır. Müxtəlif təyinatlı boruların istehsalı üzrə ixtisaslaşan zavod hazırda nəinki respublikamızın, o cümlədən regionun ən perspektivli müəssisələrindəndir. Peşəkar kadrların çalışdığı bu müəssisədə ölkəmizdə və beynəlxalq bazarda kəskin ehtiyac duyulan qaz, su, kanalizasiya və digər məqsədlər üçün istifadə olunan alüminium təbəqəli çoxqatlı polietilen və polipropilen borular istehsal edilir.

Qeyd edildi ki, zavodun ümumi ərazisi 2,8 hektardır. Hazırda burada 400 nəfər işlə təmin edilmişdir. Zavod sutkada 396 ton polietilen boru istehsal etmək gücünə malikdir. Burada quraşdırılan yeni xətlərdə diametri 16 millimetrdən 800 millimetrədək olan borular istehsal etmək mümkündür. Zavodun məhsulları müasir tələblərə cavab verir. Polietilen borular yüksək təzyiqə davamlı olmaqla yanaşı, korroziyaya uğramır və onlara 50 il zəmanət verilir. Buradakı xətlərin hər biri saatda 1300 kiloqram polietilen boru emal etmək gücünə malikdir. Zavodda diametri 50 millimetrdən 250 millimetrədək olmaqla istehsal edilən drenaj boruları, həmçinin qızdırıcı xətlərin çəkilməsi üçün nəzərdə tutulan polipropilen borular da ən müasir tələblərə uyğun şəkildə, yüksək keyfiyyətlə istehsal olunur.

Diqqətə çatdırıldı ki, zavodda Almaniya istehsalı olan və ən son texnoloji yeniliklərə cavab verən avadanlıq quraşdırılmışdır. Bunun sayəsində müəssisədə yüksək keyfiyyətli və rəqabətə davamlı məhsul istehsal edilir. MDB-də bənzəri olmayan bu zavod daxili tələbatı tam ödəməklə yanaşı, məhsullarını bir sıra xarici ölkələrə də ixrac etməyi nəzərdə tutur. Müəssisənin idarə edilməsi tam avtomatlaşdırılmışdır. Gələcəkdə zavodun fəaliyyəti daha da genişləndiriləcəkdir. Yaxın günlərdə burada diametri 1200 millimetr olan kanalizasiya borularının istehsalına da başlanılacaqdır. Xammalı Almaniyadan alan zavod polipropilendən stadionlar üçün tamaşaçı oturacaqları və xüsusi sifarişlə bir sıra digər məhsullar istehsal etmək imkanına malikdir.

Müəssisənin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

X X X

Azərbaycan Prezidenti STP-nin ağır maşınqayırma zavodunun açılışında da iştirak etdi.

Diqqətə çatdırıldı ki, tikintisinə 2010-cu ildə başlanan müəssisə xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. Ümumi sahəsi 4,5 hektar olan zavodda dünyanın bir sıra aparıcı şirkətlərinin avadanlıqları quraşdırılmışdır. Zavodda 900 nəfər işlə təmin olunmuşdur.

Müəssisədə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada elektrik stansiyalarının inşası üçün metal konstruksiyalar və müxtəlif hissələr istehsal edilir. Zavodda, həmçinin 10, 110, 220 və 330 kilovoltluq elektrik ötürücü xətlərin dayaqları hazırlanır. Burada, həmçinin energetika avadanlığının təmiri həyata keçiriləcəkdir.

Qeyd edildi ki, zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Zavod məhsullarını xarici bazarlara çıxarmağı da planlaşdırır.

X X X

STP-nin dəqiq emal mərkəzləri zavodunun açılışında da iştirak edən Prezident İlham Əliyevə məlumat verildi ki, müəssisə maşın və mexanizmlərin işlək detallarının dəqiq emalı və hazırlanması sexindən və bu sexin tərkibində olan pəstah, xüsusi təyinatlı avadanlığın işlək hissələrinin emalından və avadanlığın işlək detallarının dəqiq emalı sahələrindən ibarətdir. Pəstah sahəsində detalların hazırlanması üçün lazım olan materiallar universal frez və torna dəzgahları vasitəsilə müvafiq ölçülərə gətirilir. Xüsusi təyinatlı avadanlığın işlək hissələrinin emalı sahəsində isə hidroturbin, alternativ enerji qurğularının hissələri yüksək dəqiqliklə və keyfiyyətlə istehsal olunur. Avadanlığın işlək detallarının dəqiq emalı sahəsində müxtəlif ölçülü valların, reduktor hissələrinin hazırlanması həyata keçirilir. Zavoddakı bütün “CNC” markalı torna və frez dəzgahları Yaponiya istehsalıdır. Bu avadanlıq əslində yüksək dəqiqliyə malik üç, dörd və beş oxlu emal mərkəzləridir. Mükəmməl kompyuter proqramları ilə təchiz olunmuş bu dəzgahlar eyni anda bir neçə əməliyyatı həyata keçirməyə imkan verir.

Bildirildi ki, zavodda dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin istehsal etdiyi 58 dəzgah quraşdırılmışdır. Bu dəzgahlarda energetika, maşınqayırma və neft sənayesi sektoruna aid bir çox detalların emalı mümkündür. Burada, həmçinin plastik injektorlu qəliblərin, ştampların layihələndirilməsi, hissələrin emalı, yığımı yerinə yetirilir. Zavodda kabel istehsalı üçün müxtəlif ölçülü kalibrlər, matrisa və s. istehsal olunur. Müəssisədə, həmçinin STP-nin polimer məhsulları istehsalı və kabel zavodları üçün də müxtəlif ölçülü detallar hazırlanır. Zavod İsveçrə, İsveç və Almaniyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir. Gələcəkdə fəaliyyətini genişləndirəcək bu müəssisənin işçiləri bir sıra ölkələrdə ixtisasartırma kurslarında iştirak edirlər. Daxili bazardakı tələbatı ödəyən zavod məhsullarını xarici ölkələrə də ixrac edəcəkdir.

Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00
SƏNƏDLƏR Sərəncamlar 31 oktyabr 2024
16:00
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli...

31 oktyabr 2024, 16:00