İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir

16 aprel 2012, 16:30
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlət başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

- Bugünkü iclasda biz birinci rübün sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. 2012-ci il uğurlu başlayıbdır. Deyə bilərəm ki, birinci rübdə bütün vəzifələr icra edilib. Əsas iqtisadi göstəricilərimiz də çox müsbətdir.

Ümumi iqtisadi inkişaf çox yüksək templərlə ölçülməsə də, qeyri-neft iqtisadiyyatımız sürətlə artmaqdadır. Birinci rübdə ümumi daxili məhsul 0,5 faiz artmışdır. Ancaq qeyri-neft sektorunda ümumi daxili məhsul 7,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və son ayların, illərin göstəricisidir.

İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. Əgər sənaye istehsalına nəzər salsaq görərik ki, ümumi sənaye istehsalı 0,3 faiz azalmış, ancaq qeyri-neft sənayemiz 16,5 faiz artmışdır. Bu, səhv etmirəmsə, müstəqillik dövründə ən yüksək, rekord göstəricidir və yenə də son illər ərzində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki qeyri-neft sənayesinin inkişafı ilə bağlı mənim tərəfimdən dəfələrlə müvafiq göstərişlər verilmişdir, konkret addımlar atılmışdır. Dövlət İnvestisiya Proqramında bu məsələlər öz həllini tapmışdır. Özəl sektora göstərilən dəstək – həm siyasi, həm maddi dəstək, kreditlərin verilməsi qeyri-neft sənayesinin inkişafına gətirib çıxarır. Mən çox şadam ki, bu sahə çox yüksək templərlə inkişaf edir.

Ölkəmizdə yaradılan həm orta, həm kiçik, həm iri müəssisələr bu yeni reallıqları təmin edir. Beləliklə, demək olar ki, artıq sənayeləşmə siyasətinin gözəl nəticələri vardır. Hazırda tikilməkdə olan iri sənaye müəssisələri gələcəkdə fəaliyyətə başlayandan sonra bizim qeyri-neft sənayemizin inkişafına daha da böyük töhfə verəcəkdir.

Makroiqtisadi göstəricilər müsbətdir. İnflyasiya cəmi 3,1 faizdir. Əhalinin pul gəlirləri isə təxminən 14 faizdir. Bu da, ümumiyyətlə, son illər ərzində ənənəvi bir balansdır. Çünki inflyasiyanı əhalinin pul gəlirlərinin həcmindən ayrı hesablamaq düzgün olmaz. Əhalinin pul gəlirləri inflyasiyanı on faiz, ondan da çox üstələyir. Bütövlükdə bu, onu göstərir ki, bizim büdcəmiz ildən-ilə artır və bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur. İcmal büdcə təqribən 25 milyard dollara bərabərdir. Sosial proqramlar uğurla icra edilir. Xüsusilə, sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi başlayır. İnflyasiyanı belə aşağı səviyyədə saxlamaq çox böyük nəticədir. Beləliklə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində yeni, mühüm addımlar atılır.

Bizim strateji valyuta ehtiyatlarımız artır. O da bizim strateji xəttimizdir ki, biz daim - hər il və hər rüb strateji ehtiyatlarımızı artırmalıyıq. Baxmayaraq ki, Dövlət Neft Fondundan bu il də dövlət büdcəsinə kifayət qədər böyük transfert olunmuşdur və bu proses davam etməkdədir. Ancaq gəlirlər xərclərimizi üstələyir. Bu da çox müsbət göstəricidir. Biz imkan daxilində öz maddi resurslarımızdan istifadə edirik.

Dünyada davam edən qlobal maliyyə və iqtisadi böhran onu göstərir ki, kim öz hesabına yaşamır, borc hesabına yaşayır, eyni zamanda, sosial proqramları borcun götürülməsi hesabına icra edir, nəticədə bu ölkələr böyük çətinliklərlə üzləşəcəklər. Çünki gec-tez bu borclanma gəlib son həddə çatacaqdır.

Biz isə investisiya proqramlarımızı və sosial proqramları öz imkanımızla icra edirik. Beləliklə, bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız daha da artmışdır və 43 milyard dollardan çoxdur. Bu, nəinki ölkəmiz üçün, dünya miqyasında strateji valyuta ehtiyatlarına malik olan suveren ölkələr arasında çox gözəl göstəricidir. Biz o ehtiyatları ildən-ilə, rübdən-rübə daha da artıracağıq. Bu vəsaitin səmərəli işləməsi və bu vəsaitdən əldə ediləcək əlavə gəlirlər, əlbəttə ki, gələcəkdə maliyyə vəziyyətimizi daha da yaxşılaşdıracaq, ölkədə yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaqdır.

Dövlət Neft Fondunun yeni strategiyası müəyyən edilibdir. Bu strategiya müasir dövrün tələblərinə uyğundur. Biz daim qabağa baxmalıyıq. Əlbəttə, Dövlət Neft Fondu yarandıqda, ilk növbədə oraya yığılan vəsaitin mühafizəkar şəkildə qorunması məsələsi gündəmə gətirilmişdi. Bu məsələ bu gün də çox aktualdır. Bizim əsas məqsədimiz bu vəsaiti qorumaqdır. Eyni zamanda, dünyada baş verən böhran faiz dərəcələrini əhəmiyyətli dərəcədə aşağı saldığı üçün biz yeni formalara müraciət edirik. Bu gün Dövlət Neft Fondunun investisiya və yerləşdirmə portfeli də genişlənir. Bu, təbiidir. Necə ki, biz ölkə iqtisadiyyatını şaxələndiririk, yeni sahələrə üstünlük veririk, strateji valyuta ehtiyatlarımız da həm əmniyyətli, həm də daha səmərəli şəkildə lazım olan sahələrə qoyulmalıdır.

Ümumiyyətlə, gələcəkdə böyük valyuta ehtiyatlarımızın idarə edilməsi və ölkə maraqlarına daha da çox xidmət göstərilməsi işində daha da çevik siyasət aparılmalıdır. Bu barədə mənim müəyyən fikirlərim vardır. Yaxın gələcəkdə bu fikirlər ortaya qoyulacaqdır. Hesab edirəm ki, Azərbaycan artıq özünü dünyada, dünyanın iqtisadi-maliyyə bazarlarında daha da qabarıq şəkildə göstərməlidir.

Azərbaycan artıq qlobal məsələlərin həllində siyasi güc kimi iştirak edir. Biz maliyyə resurslarımızı nəzərə alaraq maliyyə güc kimi də iştirak etməliyik. Artıq ilkin təşəbbüslər göstərilmişdir. Biz əvvəlki dövrlərdə - müstəqilliyimizin ilk illərində islahatları daha çox xaricdən gələn kreditlər, köməklər, qrantlar hesabına aparırdıq. Hazırda Azərbaycan donor ölkəsinə çevrilir və bu, yeni bir dövrdür. Biz buna hazırıq. Yəni, bu dövrü biz başlayırıq və bu, bizim təşəbbüsümüzdür. Bu təşəbbüs bizə həm iqtisadi, həm siyasi dividendlər gətirir və gələcəkdə daha da çox gətirəcəkdir.

Ölkəmizdə bütün istiqamətlərdə işlər plan üzrə, proqramlar üzrə gedir. Dövlət İnvestisiya Proqramı icra edilir və çalışmaq lazımdır ki, ilin sonuna qədər tam şəkildə icra edilsin. İndi son illərin reallıqları bundan ibarətdir ki, biz bəzi hallarda Dövlət İnvestisiya Proqramını tam şəkildə icra edə bilmirik. Çünki bəzi hallarda vəsait bizim texniki imkanlardan artıqdır. Yaxud da ki, bəzi hallarda müvafiq nazirliklər və dövlət qurumlarının hökumətə verdikləri sifarişlər o qədər böyük olur ki, onların icrasını il ərzində təmin edə bilmirlər. Biz buna da diqqət yetirməliyik. Real sifarişlər verilməlidir. Hər bir nazirlik, hər bir dövlət qurumu öz imkanlarını ölçüb-biçməlidir, qeyri-real təkliflər verməməlidir. Mən başa düşürəm, hər bir qurum, hər bir nazirlik istəyir ki, onun sahəsində daha da sürətli işlər getsin və beləliklə, Dövlət İnvestisiya Proqramı formalaşdıqda daha da böyük təkliflər irəli sürürlər. Ancaq bu təkliflər reallıqlara əsaslanmalıdır.

Əlbəttə ki, hökumətdə təhlillər aparılır. Ancaq hər bir dövlət qurumu, dövlət məmuru daha da məsuliyyətli olmalıdır ki, Dövlət İnvestisiya Proqramı tam şəkildə, vaxtında və ən önəmlisi yüksək keyfiyyətlə icra edilsin. Çünki bizim bugünkü uğurlu inkişafımız artıq reallıqdır. Əsas infrastruktur layihələrimiz ya başa çatıb, ya başa çatmaq üzrədir, yaxud da ki, o layihələrin icrası başlanmışdır.

Beləliklə, bir müddət əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, əsas infrastruktur layihələri növbəti iki il ərzində Azərbaycanda başa çatsın və ondan sonra biz Dövlət İnvestisiya Proqramına yeni prizmadan yanaşacağıq. Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi. Bu da son illər ərzində daha çox diqqət tələb edən məsələdir. İndi mən bölgələrdə olarkən demək olar ki, hər dəfə yeni kənd yolunun açılışında iştirak edirəm. Bu, müasir Azərbaycanın reallıqlarıdır. Əlbəttə ki, biz yol təsərrüfatına investisiya qoymağa başlayanda ilk növbədə, magistral yollara diqqət yetirirdik. Ancaq vaxt gəlib çatıb ki, biz kənd yollarını da abadlaşdıraq. Hazırda Azərbaycan kəndlərinə çəkilən yollar çox keyfiyyətlidir, yaxşıdır, rahatdır. Bu yollar insanlara rahatlıq gətirir və bölgələrin daha da sürətli inkişafını təmin edir.

Bir sözlə, Dövlət İnvestisiya Proqramı bizim üçün əsas inkişaf mexanizmidir. Dövlət tərəfindən qoyulan vəsait milyardlarla ölçülür. Əlbəttə ki, özəl sektor da bu inkişafı gördükdə, öz vəsaitini ölkə iqtisadiyyatına daha da böyük həvəslə, maraqla qoyur. Mən çox şadam ki, Azərbaycanın investisiya paketində daxili investisiyalar üstünlük təşkil edir. Bu təbiidir. Çünki daxili investisiyaların mütləq əksəriyyəti dövlət investisiyalarıdır. Bu da təbiidir. Ancaq vaxt gələcək ki, investisiyaların tərkibində özəl investisiyalar üstünlük təşkil edəcəkdir. Biz buna çalışmalıyıq. Nəzərə almalıyıq ki, gələcəkdə dövlət tərəfindən qoyulacaq investisiyaların həcmi azalmalıdır. Çünki bir daha demək istəyirəm ki, əsas infrastruktur layihələrinin icrasını biz 2014-cü ildə başa çatdırmalıyıq. Özəl sektor isə daha da böyük həcmdə vəsait qoyacaqdır.

Bizim inkişafımız hərtərəflidir, çoxşaxəlidir. Azərbaycanda çox böyük ixrac potensialı formalaşır. Biz də bu potensialın güclənməsində maraqlıyıq və öz növbəsində Azərbaycan dövləti bu işdə çox fəal rol oynayır. Azərbaycan şirkətlərinin, o cümlədən özəl şirkətlərin xarici bazarlara çıxması üçün çalışırıq və çalışacağıq.

Sahibkarlığın inkişafı ilə bağlı hazırda ciddi problem yoxdur. Sahibkarlar sinfi güclənir, formalaşır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu il 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulub. Bu kreditlər işləyir, yaxşı işləyir, qaytarılır və yeni iş yerlərinin açılmasına gətirib çıxarır. İş yerlərinin açılmasına gəldikdə, birinci rübdə 24 min yeni iş yerləri açılmışdır ki, onlardan təxminən 20 mini daimi iş yerləridir. Mənim bölgələrə mütəmadi səfərlərim də hər dəfə yeni iş yerlərinin açılmasına gətirib çıxarır və iştirak etdiyim zavodların, fabriklərin açılışlarında həmişə maraqlanıram ki, nə qədər yeni iş yerləri açılır və açılacaqdır. Qərb bölgəsinə son səfərim də Azərbaycanın iqtisadi sahədə ümumi inkişaf dinamikasını göstərmişdir. Həm kiçik müəssisələr, orta həcmli emal müəssisələri və böyük müəssisələr açılır və tikilir.

Bizim iqtisadi siyasətlə bağlı planlarımız bax bundan ibarətdir. Biz bu siyasəti uzun illərdir ki, aparırıq, iqtisadi islahatları davam etdiririk. Bu islahatların davam etdirilməsi prosesi hələ getməlidir. Çünki xüsusilə sistem xarakterli islahatlara böyük ehtiyac vardır. Azərbaycan beynəlxalq iqtisadi inkişafla bağlı reytinqlərdə həmişə yüksək yerlər tutur. Dünya İqtisadi Forumu, Davos İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı MDB məkanında birinci yerə layiq görür. “Standard and Poor” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa ölkələrinin kredit reytinqləri aşağı salınıb.

Biznesin sadələşdirilməsi və biznes imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar da qiymətləndirilir. Bu il biznes proqramında Azərbaycan yüksək yerlərdədir. Mən müvafiq göstərişlər verdim, əlavə tədbirlər görülsün ki, bizim yerimiz daha da yüksək olsun. Bir sözlə, infrastruktur layihələri, regional inkişaf və ümumi iqtisadi təşəbbüslər Azərbaycan iqtisadiyyatını daha da gücləndirir. İqtisadiyyatımız ildən-ilə güclənir və çox şadam ki, biz bu gün qeyri-neft sektorunun da böyük uğurları haqqında danışa bilərik. Bu uğurları görürük. Bu uğurlar daha da əhəmiyyətli olmalıdır.

Birinci rübdə sosial məsələlərin həllində vacib addımlar atılmışdır. Bu sahə daim diqqət mərkəzindədir. Azərbaycan siyasəti bundan ibarətdir ki, ilk növbədə siyasətimizin mərkəzində insan amili dayanır. Sosial məsələlərin həlli üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik.

Birinci rübdə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsü irəli sürülmüşdür. Bu, çox ədalətli və müsbət təşəbbüsdür. Mən hesab edirəm ki, müstəqil Azərbaycan dövləti sovet dövründə yığılan əmanətlərə cavabdehlik, məsuliyyət daşımır. Buna baxmayaraq, Azərbaycan dövlətinin güclü sosial siyasətini və yenə də deyirəm, insan amilinin diqqət mərkəzində olduğunu bir daha nəzərə alaraq qərar verildi və mənim tərəfimdən Sərəncam imzalandı ki, batmış əmanətlərə görə kompensasiya ödənilsin. Deyə bilərəm ki, bu, çox əhəmiyyətli kompensasiyadır. Postsovet məkanında bir neçə ölkədə buna oxşar təşəbbüslər irəli sürülmüşdür. Ancaq deyə bilərəm ki, Azərbaycandan başqa heç bir yerdə cəmi iki il ərzində bu məbləğ qaytarılmayıb. Biz kompensasiya üçün təxminən bir milyard manat həcmində vəsait nəzərdə tutmuşuq və iki il ərzində bu vəsaitin insanlara verilməsi prosesi təşkil edilməlidir. Onu da qeyd etməliyəm ki, mən adətən başqa ölkələrlə müqayisə aparmağı o qədər də istəmirəm. Çünki hesab edirəm ki, bu, o qədər də düzgün addım olmaz. Yəqin, fikir vermisiniz, baxmayaraq ki, Azərbaycan demək olar, bütün göstəricilərinə görə bir çox ölkələrdən üstündür, heç vaxt mən müqayisə üçün, yaxud da ki, uğurlarımızı daha da qabarıq göstərmək üçün kiminsə problemlərini üzə çıxarmıram, hesab edirəm kİ, bu, qeyri-etik davranışdır.

Ancaq ümumi sözlərlə deyə bilərəm ki, heç bir yerdə bizim qədər yüksək əmsal tətbiq edilmir. Müqayisə üçün deyə bilərəm ki, bizdə bu barədə kifayət qədər məlumatlar verilmişdir, mətbuatda da dərc edilmişdir. Bir daha xatırlatmaq istəyirəm ki, hələ 1992-ci ildə milli valyutaya keçid dövründə on sovet rublu bir Azərbaycan manatı nisbətində əvəz olunmuşdur – birə on. 2006-cı il yanvarın 1-də manatın denominasiyası həyata keçirilmişdir. Beləliklə, beş min Azərbaycan manatı – köhnə manat bir yeni manata bərabər olmuşdur. Buna baxmayaraq, hazırda min rublu olan əmanətçiyə 150 manat, yaxud da ki, 180 dollara yaxın kompensasiya ödənilir. İki min rublu olan 300 manat, yaxud da ki, 400 dollar alacaqdır. Bu cədvəli davam etdirmək olar. Yəni, bu, özlüyündə onu göstərir ki, ən yüksək əmsal və ən qısa dövr Azərbaycandadır. Bu, bir daha Azərbaycan dövlətinin həmin məsələyə nə qədər həssas olduğunu göstərir. Mən bilirəm ki, Azərbaycan vətəndaşları bu təşəbbüsü alqışlayırlar. Əlbəttə ki, bunun insanların yaşayış səviyyəsinə müsbət təsiri olacaqdır. Bir də ki, biz bir növ ədaləti bərpa edirik. Bütövlükdə, sovet dövründə 2 milyon 400 şəxsi hesab olmuşdur. İndi bizi böyük texniki işlər gözləyir ki, bu vəsait vaxtında və tam dəqiqliklə verilsin.

Birinci rübdə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir. Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Biz bu ildən başlayaraq BMT Təhlükəsizlik Şurasının üzvüyük və bu vəzifəyə çox böyük məsuliyyətlə yanaşırıq. Bu mötəbər quruma üzv seçildikdə mən demişəm, bir daha demək istəyirəm ki, biz Təhlükəsizlik Şurasında, ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və müdafiə edirik. Bizim mövqeyimiz ədalətlidir, ölkəmizin müstəqil siyasəti üzərində qurulubdur. Biz ədaləti müdafiə edirik və edəcəyik. İlk günlərdən Azərbaycan Təhlükəsizlik Şurasında öz prinsipiallığı, mövqeyi ilə seçilir. Biz heç vaxt öz mövqeyimizi gizlətməmişik və heç vaxt gizlətməyəcəyik, çünki bizim mövqeyimiz ədalətli mövqedir.

Gələn ay Azərbaycan Təhlükəsizlik Şurasında sədrlik funksiyasını üzərinə götürəcəkdir. Bu da tarixdə ilk dəfə olan bir addımdır. Azərbaycan dünyanın ən böyük, ən mötəbər, ən vacib qurumuna sədrlik edəcəkdir və əminəm ki, uğurlu sədrlik edəcəkdir.

Birinci rübdə Azərbaycan dövləti çox vacib olan beynəlxalq tədbirlərdə iştirak etmişdir. Koreyada keçirilmiş Nüvə Sammitində iştirak etmişdir. Baxmayaraq ki, Azərbaycanda nüvə sənayesi, atom stansiyaları yoxdur, Azərbaycan bu mötəbər toplantıya dəvət edilmişdir və bizim ədalətli mövqeyimiz bu qurumda səsləndi. Azərbaycan dünya birliyinin vacib oyunçusu kimi öz sözünü dedi.

Birinci rübdə ölkəmiz dünyanın iki ən böyük tədbirində - Davos Dünya İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirak etmişdir. Deyə bilərəm ki, Avropada və bəlkə də dünyada bu hər iki tədbir çox böyük əhəmiyyət daşıyır. Biri iqtisadi, ikincisi isə təhlükəsizlik və siyasi məsələləri əhatə edir. Hər ikisində Azərbaycan təmsil olunmuşdur.

Hər ikisində mən ölkəmizin baxışlarını, mövqeyini və siyasi xəttini ifadə etmişəm. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, torpaqlarımızın işğal altında qalması və bir milyon soydaşımızın əziyyət çəkməsi məsələlərinə toxunmuşdum, dünya birliyinin diqqətini bu məsələlərə cəlb etmişdim.

Birinci rübdə, eyni zamanda, Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyası keçirilmişdir. Deyə bilərəm ki, bu sessiya Avropa İttifaqının xaricində ilk dəfədir ki, keçirilir. Təsadüfi deyildir ki, sessiyasının birinci ünvanı Bakı seçilmişdir. Sessiya çox yüksək səviyyədə keçirildi və yenə də bu, bizə imkan verdi ki, Avropa Parlamenti deputatlarına birbaşa müraciət edərək Azərbaycanın həm gördüyü işlər, həm mövqeyi haqqında məlumatı verək, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və həqiqətləri, azərbaycanlılara qarşı törədilən soyqırımı, erməni faşizmi haqqında mövqeyimizi bildirək. Xocalıda o qanlı faciəni, soyqırımını törədənlər faşistlərdir, bunun başqa adı ola bilməz. Mən bu imkanlardan istifadə edərək həm həqiqətləri, həm Azərbaycanın mövqeyi və gələcəyə ümumi baxışları haqqında fikirlərimi bildirmişdim.

Bir sözlə, birinci rübdə beynəlxalq aləmdə də Azərbaycanla bağlı çox maraqlı və ciddi müzakirələr aparılmışdır. Ölkəmiz beynəlxalq aləmin dəyərli üzvü kimi, öz sözünü deyir və deyəcəkdir.

Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Xarici siyasətimiz əməkdaşlığın dərinləşməsinə hesablanıb. Biz bu istiqamətdə addımlar atırıq. Bizim xarici siyasətimiz açıqdır, aydındır və birmənalıdır. Bölgədə, dünyada rolumuz artır. Bu, həqiqətdir və bu həqiqətlə hesablaşmaq lazımdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə mən sözlərimi demişəm, Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcəkdir. Mən buna şübhə etmirəm. Biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq.

Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaqdır. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız vardır. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcəkdir.

Azərbaycanın artıq güclü ordusu vardır. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni – ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır.

İndi isə keçək müzakirələrə. Söz verilir vergilər naziri Fazil Məmmədova.

X X X

Vergilər naziri Fazil MƏMMƏDOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Dövlət müstəqilliyinin bərpasından ötən qısa tarixi dövr ərzində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin hərtərəfli inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində əldə olunmuş nailiyyətlər möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək iqtisadi inkişafın Azərbaycan modelinin alternativsiz olduğunu bir daha sübut etmişdir.

Cari ildə qlobal böhranın mənfi təsirindən səmərəli şəkildə sığortalanaraq sosial-iqtisadi və mədəni modernləşməni yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionun ən nüfuzlu dövlətinə çevrilməsi, ilk növbədə, elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf strategiyası ilə bağlıdır. Respublikanın bütün problemlərinə milli dövlətçilik kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev praqmatik liderlik keyfiyyətləri sahəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq müəyyənləşdirmişdir.

Ölkə başçısının rəhbərliyi ilə son illər ardıcıl və sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar bütün strateji əhəmiyyətli sahələrdə əsaslı dəyişikliklərə səbəb olmaqla hər bir ölkə vətəndaşının taleyində mühüm rol oynamış, respublikamızı dinamik uğur magistralına çıxarmışdır. Bütün bunların nəticəsi olaraq son illərdə müstəqil Azərbaycan həm də özünəməxsus inkişaf modeli ilə beynəlxalq qurumların, aparıcı maliyyə institutlarının diqqət mərkəzindədir.

Müstəqilliyimizin birinci onilliyində milli iqtisadiyyatın inkişafı və maliyyə bazarı karbohidrogen hasilatının artırılması fonunda formalaşsa da, ikinci onillikdən başlayaraq qeyri-neft sahələrinin sürətli artım dinamikası çoxvektorlu yüksəlişə səbəb olmuşdur.

Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumu tərəfindən 2011-2012-ci illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə MDB ölkələri arasında lider mövqeyini bir daha təsdiqləmişdir.

Dünya bazarlarında mənfi tendensiyaların davam etdiyi bir vaxtda, möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz ilə həyata keçirilən düşünülmüş dövlət siyasəti iqtisadi sahədə ənənəvi hesab edilən neft-qaz sektoru ilə yanaşı investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, kənd təsərrüfatı kimi böyük sahələrdə də dinamik inkişafa səbəb olmuşdur.

“İqtisadi təhlükəsizlik yastığı” olan strateji valyuta ehtiyatlarının makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatması, iqtisadi artımın qeyri-neft sektorundan qaynaqlanması, inflyasiyanın optimal idarə olunan birrəqəmli səviyyədə saxlanması davamlı inkişafa möhkəm zəmin yaratmışdır.

Bu ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyasının davamı nəticəsində ümumi daxili məhsulun həcminin artımı ilə yanaşı, qeyri-neft sektorunda 7,7 faizlik artıma nail olunmuş, ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,5 faiz yüksələrək 368,5 manat, əhalinin gəlirləri 13,9 faiz artaraq 7 milyard 231,6 milyon manat təşkil etmiş, hər nəfərə düşən gəlirlər isə 12,3 faiz artmışdır. Milli valyutanın sabit kursunun saxlanılması və əhalinin ümumi gəlirlərinin yüksəlməsi fonunda inflyasiyanın cəmi 3,1 faiz təşkil etməsi hesabat rübündə banklara qoyulan əmanətlərin həcminin 4,3 faiz artmasına səbəb olmuşdur.

Zati-aliləri!

Azərbaycan vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankında olan əmanətlərinin fərdi birdəfəlik ödəmələr şəklində qaytarılması məqsədi ilə imzaladığınız 2012-ci il 14 mart tarixli Fərman hesabat dövrünün ən mühüm hadisələrindən biri olmaqla Sizin xalqımızın rifah halının yüksəldilməsinə xidmət edən siyasətinizin bariz nümunəsidir. Fərmanın icrası üçün ilkin olaraq 1 milyard manata yaxın vəsait nəzərdə tutulur ki, bu da 2 milyon 400 min şəxsi əhatə edəcəkdir.

Möhtərəm cənab Prezident!

İcazə verin, 2012-ci ilin birinci rübü ərzində dövlət büdcəsinə daxilolmalar üzrə proqnozların icrası, görülmüş işlər və qarşıda duran vəzifələr barədə ali diqqətinizə məruzə edim.

Hesabat dövründə dövlət büdcəsinə 3 milyard 487,7 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz və yaxud 719,3 milyon manat çox vəsait daxil olmuşdur. Daxilolmanın 1 milyard 390,4 milyon manatı Vergilər Nazirliyinin, 251,7 milyon manatı Dövlət Gömrük Komitəsinin, 1 milyard 839,8 milyon manatı isə Dövlət Neft Fondunun xətti ilə təmin edilmişdir.

Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 2 milyard 843,2 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 755,8 milyon manat və ya 36,2 faiz çox icra olunmuşdur. Xərclərin 41,4 faizi və ya 1 milyard 178 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 178 milyon manat və ya 17,8 faiz çox olmuşdur. Bu ilin birinci rübündə dövlət büdcəsindən investisiya xərclərinə 1 milyard 15 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz çoxdur.

Vergilər Nazirliyinin xətti ilə 2012-ci ilin birinci rübündə dövlət büdcəsinə neft-qaz sektoru üzrə 598,7 milyon manat, qeyri-neft-qaz sektoru üzrə isə 791,7 milyon manat vəsait daxil olmuşdur. Eyni zamanda, qeyri-neft-qaz sektoru üzrə daxilolmalarda ötən ilin müvafiq dövrünə nisbətən 111,5 milyon manat və ya 16,4 faiz, o cümlədən sənayedə 28,1 faiz, tikintidə 27,5 faiz, xidmət sahəsində 19,1 faiz, pərakəndə ticarətdə isə 11,2 faiz artıma nail olunmuşdur.

Regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarının icrası nəticəsində 2012-ci ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən regionlar üzrə vergi daxilolmaları 13,3 faiz artaraq 110 milyon manat olmuş, ümumi vergi daxilolmalarının 8 faizini, qeyri-neft sektoru üzrə daxilolmaların isə 14 faizini təşkil etmişdir. Məlumat üçün bildirmək istərdim ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına başlanılana qədər icmal büdcənin tərkibində vergi daxilolmalarında bu rəqəm cəmi 5,5 faiz, məruzə edim ki, cənab Prezident, birinci proqramdan əvvəl isə 3,2 faiz idi.

Kiçik və orta sahibkarlığa şəxsən Sizin tərəfinizdən verilən dəstək nəticəsində iqtisadi fəallıq yüksəlmiş, biznes strukturlarının fəaliyyəti genişlənmiş, təkcə qeyri-neft sektoru üzrə sahibkarlıq subyektlərinin əmtəə-pul dövriyyəsinin artımı 13,2 faiz və ya 488 milyon manat təşkil etmişdir.

Ötən ilin müvafiq dövrünə nisbətən qeydiyyata alınmış obyektlərin sayı 2,7 dəfə, sahibkarlıq subyektlərinin sayı 30,6 faiz, o cümlədən xarici investisiyalı sahibkarlıq subyektlərinin sayı 4,8 faiz artmışdır. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 57,5 faizi regionların payına düşür.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanının icrası ilə əlaqədar olaraq biznes mühitinin yaxşılaşdırılması məqsədilə ötən ilin ortalarından fiziki şəxslərin, bu ilin əvvəlindən isə hüquqi şəxslərin internet vasitəsilə elektron qeydiyyatına başlanılmış, artıq 11 mindən yuxarı sahibkar elektron qaydada qeydiyyata alınmışdır ki, bu da ümumi qeydiyyatın 60 faizini təşkil edir.

Vergitutma bazasını genişləndirmənin əsas metodlarından biri də sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir.

Bu baxımdan 2011-ci il yanvarın 14-də Nazirlər Kabinetinin geniş iclasında nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı verdiyiniz tapşırıqların icrası ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir ki, artıq vergi və rüsumların ödəniş kartları vasitəsilə internet üzərindən ödənilməsi ilə bağlı işlər yekunlaşdırılmışdır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna edilmiş dəyişikliklərlə əlaqədar Sizin müvafiq Fərmanınız ölkəmizdə posterminalların tətbiqi ilə bağlı işləri daha da sürətləndirmişdir. İqtisadiyyatda nağd hesablaşmaların minimuma endirilməsi barədə cənab Prezident, Sizin tapşırıq və tövsiyələriniz biznes qurumları və vətəndaş cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqla posterminalların quraşdırılmasında fəallıq nümayiş etdirilir.

Hazırda respublikamızın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaq doldurma məntəqələrində və digər sahələrdə posterminalların quraşdırılması təmin edilir. Artıq Bakı şəhərində posterminal quraşdırılmalı 25 445 aktiv obyektin 18 minində və ya 71 faizində, turizm sektoruna aid olan obyektlərin isə 90 faizindən çoxunda posterminallar fəaliyyət göstərir. Qalan obyektlərdə isə yaxın 15-20 gün ərzində posterminalların quraşdırılması başa çatdırılacaqdır. Beləliklə, 6-10 min arası əlavə posterminal fəaliyyət göstərəcəkdir.

Görülmüş işlər nəticəsində respublika üzrə posterminalların sayı artıq 23 mini ötmüşdür. Cari ilin birinci rübü ərzində quraşdırılmış posterminalların sayında 2011-ci ilin müvafiq dövrünə nisbətən 9,3 dəfə, o cümlədən regionlarda 4,6 dəfə artım müşahidə edilmişdir. Prosesinq mərkəzləri tərəfindən əvvəllər gün ərzində maksimum 15-20 posterminalın qeydiyyatının aparılması mümkün olduğu halda, hazırda elektron prosedurların tətbiqi nəticəsində bu rəqəm 400-ə çatdırılmışdır.

Prezident İlham ƏLİYEV: 15-dən 400-ə.

Nazir Fazil MƏMMƏDOV: Cənab Prezident, onlar bir neçə çox vacib texniki məsələlərdir, banklarla birlikdə işlənilib. Azərbaycanda dörd prosessor mərkəzi vardır. Qısa müddət ərzində həmin texniki vəsaitlər Finlandiyadan gətirildi. Onlar banklara inteqrasiya olundu, lazım olsa, bu rəqəmi hətta 500-dək çatdırmaq imkanımız vardır. Əminliklə deyə bilərik ki, bunlar banklarla birlikdə çox fəal işləyir.

Nazirlər Kabinetinin yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında müvafiq Qərarının icrası ilə əlaqədar çek vurulmadan neft məhsullarının və maye qazın buraxılmasını istisna edən nəzarət-kassa aparatlarının tətbiqinə başlanılmış, artıq mövcud yanacaqdoldurma məntəqələrinin 67,8 faizində bu tipli aparatların quraşdırılması təmin edilmişdir.

Möhtərəm cənab Prezident!

Dünya birliyinə fəal inteqrasiya edən müstəqil Azərbaycan bu gün regionun iqtisadi və mədəni mərkəzi hesab edilir. Güclü iqtisadi potensial ölkəmizi investisiya ixrac edən ölkəyə çevirməklə Avropa İttifaqı və MDB məkanında irihəcmli investisiya layihələrinin iştirakçısı etmişdir. Ölkədə istehsal olunan rəqabət qabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən cari ilin ilk rübündə yerli və xarici iş adamlarının və beynəlxalq təşkilatların iştirakı ilə 73 biznes forum, “dəyirmi masa”, sərgi və ikitərəfli görüşlər təşkil edilmişdir.

Artıq respublikamız “Eurovision” mahnı müsabiqəsi kimi nüfuzlu tədbirə, dünya miqyaslı idman yarışlarına və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir.

Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi olmaqla, ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” müdrik kəlamının bir daha təsdiqini tapması deməkdir.

Cənab Prezident, Sizin Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimində söylədiyiniz “Biz qarşıdakı 10 ildə ümumi daxili məhsulumuzu iki dəfə artırmağı planlaşdırırıq. Başqa sözlə desək, artıq üç dəfə artmış ümumi daxili məhsulumuzu gələn illərdə iki dəfə artıracağıq. Beləliklə Azərbaycan yüksək gəlirli ölkəyə çevriləcəkdir” sözləriniz XXI əsrin qlobal çağırışlarına ən tutarlı cavabdır.

Qarşıda duran böyük hədəf və ən ümdə vəzifələrdən biri əldə olunmuş uğurların davamlı olması ilə yanaşı çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə qabaqlayıcı inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, yüksək beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bu baxımdan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə 2011-ci il 29 noyabr tarixli Sərəncamınız məhz bu amala xidmət edərək qarşımıza böyük məsuliyyət qoyur.

Son illərdə respublikamızın əldə etdiyi uğurlu nəticələrin arxasında, möhtərəm cənab Prezident, Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasət, elmi əsaslara və ölkəmizin mövcud potensialına söykənən inkişaf prioritetləri dayanır. Əminliklə demək olar ki, Sizin tərəfinizdən yürüdülən bu siyasət nəticəsində respublikanın inkişaf tempi yüksələn xətlə davam edəcək və bu işdə qarşımıza qoyulan bütün vəzifələr tam şəkildə icra ediləcəkdir.

Diqqətinizə görə təşəkkürümü bildirirəm.

X X X

Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən strateji siyasəti sayəsində, ölkəmiz öz tarixinin qüdrətlənmə və xalqa qayğı illərini yaşayır.

Dövlət başçısının daim diqqət mərkəzində olan insanların sağlamlığının qorunması istiqamətində də mühüm addımlar atılmışdır.

İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin və yatırılan investisiyaların artırılması, Azərbaycan Prezidentinin ehtiyat fondundan verilən vəsait səhiyyənin ən aktual problemlərinin həlli üçün geniş imkanlar açır. Belə ki, son bir neçə ildə ölkəmizdə 417 səhiyyə müəssisəsində tikinti və yenidənqurma işləri aparılmış, onlar müasir tibbi avadanlıq və cihazlarla təchiz olunmuşdur. Xüsusilə əlamətdardır ki, onların böyük bir qismi dövlət rəhbərinin bilavasitə iştirakı və xeyir-duası ilə açılıb istifadəyə verilmişdir.

Yeni səhiyyə ocaqlarının yaradılması prosesi bu il də davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına hazırda Bakı şəhərində müasir çoxprofilli klinikanın – Bakı Sağlamlıq Mərkəzinin, Respublika Uşaq Vərəm Xəstəlikləri Sanatoriyasının, Ağsu və Yevlax rayonlarında yeni xəstəxanaların tikintisi gedir.

Səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramları da uğurla icra olunur. Onların arasında ana və uşaq sağlamlığı üzrə proqram xüsusi əhəmiyyət daşıyır. Perinatal mərkəzlərin yaradılması, doğuşayardım xidmətinin təkmilləşdirilməsi, xarici mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərin nəticəsi olaraq, ölkədə uşaq və ana ölümü göstəriciləri son illərdə dinamik şəkildə ilbəil azalır. 2006-cı illə müqayisədə 2011-ci ildə ölkəmizdə ana ölümü əmsalı 34,2-dən 15,2-yə enmiş, uşaq ölümü göstəricisi 12,7-dən 10,8-dək azalmışdır.

Dövlət proqramları çərçivəsində səhiyyənin strateji əhəmiyyətli sahələrindən olan donor qanı ilə təminat və qanın təhlükəsizliyi məsələlərinə də böyük diqqət yetirilir. Qan xidmətinin strukturunun təkmilləşdirilməsi, səkkiz regional qan bankının yaradılması, ölkə başçısının xüsusi Sərəncamı ilə bu xidmətdə çalışan işçilərin əməkhaqlarının iki dəfə artırılması ümumilikdə bu sahənin inkişafına xidmət edəcəkdir.

Hər bir ölkədə epidemioloji vəziyyət tək səhiyyənin deyil, ümumi inkişafın göstəricisidir. Son dövrlərdə qonşu ölkələrdə bəzi yoluxucu xəstəliklərin alovlanmaları baş versə də, Azərbaycanda həm vaksinasiya, həm də digər tədbirlər sayəsində epidemioloji sabitlik təmin olunmuşdur. Belə ki, əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq bir neçə ildir ki, bu infeksiyadan azad ölkəyə çevrilmişdir. Digər idarəolunan xəstəliklərdən difteriya, qızılca, məxmərək və sair son bir neçə ildə ya ümumiyyətlə qeydə alınmamış, ya da eliminasiya səviyyəsinə endirilmişdir.

Ölkədə səhiyyənin inkişafı üçün ən vacib məsələlərdən biri də kadr potensialıdır. Vaxtilə ümummilli lider Heydər Əliyev Azərbaycan həkimlərini SSRİ-nin qabaqcıl klinikalarına göndərir, onların mükəmməl mütəxəssis olmasına imkan yaradırdı.

Bu gün də bu təcrübə ölkə başçısı tərəfindən davam etdirilir. Yüzlərlə azərbaycanlı həkim öz peşə səviyyəsini yüksəltmək, müasir təbabət üsullarını öyrənmək məqsədi ilə xarici ölkələrin klinikalarında ixtisaslarını artırır. Bundan əlavə, aparıcı mütəxəssislər praktiki təlimlər keçmək üçün Azərbaycana dəvət olunurlar.

Məhz belə tədbirlərin nəticəsidir ki, ölkəmizdə müalicəsi mümkün olmayan bir çox mürəkkəb xəstəliklər bu gün dövlət klinikalarında müalicə edilir. Son illərədək Azərbaycanda ürək əməliyyatları yalnız ödənişli əsaslarla, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə xaricdən dəvət edilən mütəxəssislər tərəfindən həyata keçirilirdi. İndi isə Uşaq Kardiocərrahiyyə Mərkəzində öz həkimlərimiz hətta körpə uşaqlar üzərində çox çətin kardiocərrahiyyə əməliyyatları aparırlar.

Yeri gəlmişkən, bir məsələni də qeyd etmək lazımdır. Vaxtilə Bakı keçmiş SSRİ-də böyrəkköçürmə əməliyyatlarının həyata keçirildiyi ilk şəhərlərdən biri olub. İndi çox böyük fasilədən sonra Azərbaycanda dövlət xəstəxanalarında yerli mütəxəssislər tərəfindən orqan transplantasiyası üzrə uğurlu əməliyyatlar olunur.

Kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri də 2011-ci ildən başlayaraq tibb işçilərinin sertifikasiyasıdır. Beləliklə, bütün qabaqcıl ölkələrdə olduğu kimi, beş ildən bir imtahan verib sertifikat almayan tibb işçisi praktiki fəaliyyətlə məşğul ola bilməz. Mərkəzləşmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərində çalışmasına, həkim sənətinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır.

Bu istiqamətdə ən vacib addımlardan biri də “Təhsil haqqında” Qanuna uyğun olaraq, tibb təhsilində aparılan islahatlardır. Ötən ildən etibarən Azərbaycan Tibb Universitetində rezidentura pilləsi tətbiq olunur. Beləliklə, gənc həkimlərimiz daha təcrübəli, daha səriştəli, öz profilinə uyğun daha dərin biliklərə malik mütəxəssis kimi formalaşacaqlar.

Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyəsinin artması nəticəsində indi əhalinin dövlət tibb müəssisələrinə etibarı artmış, müraciətlərin sayı çoxalmışdır. Dövlət xəstəxanalarında çarpayıların məşğulluq göstəricisi, ambulator-poliklinika müəssisələrinə müraciətlər dəfələrlə artmışdır. Son beş il ərzində icra olunan cərrahiyyə əməliyyatlarının sayı iki dəfə çoxalmış, bununla belə, əməliyyatdan sonra ölüm hallarının sayı iki dəfə azalmışdır.

Səhiyyənin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tibbi demoqrafik göstəricilərin yaxşılaşması üçün də zəmin yaratmışdır. Son 10 ildə doğum göstəricisinin artması, ölüm göstəricisinin isə aşağı düşməsi nəticəsində təbii artım göstəricisi 8,1-dən 13,5-dək yüksəlmişdir. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Bu müsbət tendensiya tək insanların sağlamlığından asılı olmasa da, onun dinamikasında tibbi qulluq və səhiyyə xidmətləri də əhəmiyyətli rol oynayır.

Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır və Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Təsadüfi deyil ki, Dünya Səhiyyə Təşkilatının tarixində yeganə haldır ki, ölkəmiz 2005-ci ildən etibarən ardıcıl olaraq bu qurumun və onun Avropa Regional Bürosunun rəhbər orqanlarında təmsil olunur.

Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 61-ci Sessiyasının ötən il məhz Bakıda keçirilməsi də əslində Azərbaycan dövlətinin əhalinin sağlamlığına göstərdiyi qayğının beynəlxalq aləmdə tanınması deməkdir. Cənab Prezident, tədbirdə Sizin iştirakınız və çıxışınız, sessiya iştirakçılarının hər biri ilə görüşməyiniz beynəlxalq tibb ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildi, Azərbaycan dövlətinin səhiyyəyə diqqəti kimi dəyərləndirildi.

Ölkəmizdə vətəndaşların səhhətinə göstərilən qayğı, qoyulan zəhmət Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır. Tibb işçilərimiz bu sahədə həyata keçirilən dövlət siyasətini reallaşdırmaq üçün bundan sonra da var qüvvə ilə çalışacaqlar.

Diqqətinizə görə minnətdaram

X X X

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Cənab Prezident, ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərdiyiniz gündəlik diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Respublikanın iqtisadiyyatının sürətli inkişafı, o cümlədən milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi ekoloji problemlərin həll edilməsi üçün gözəl imkanlar yaratmışdır.

Sizin iştirakınızla ekoloji məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədən ötən müddət ərzində təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, digər qurumlar tərəfindən də ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması istiqamətində səmərəli tədbirlər görülmüşdür. Biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, geoloji kəşfiyyat, yaşıllıqların artırılması, içməli su ilə təminat, tullantıların və çirkab suların idarə olunması, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. istiqamətlərdə layihələr həyata keçirilir.

Hörmətli cənab Prezident! İcazə verin bütün bunlarla bərabər, nazirlik tərəfindən ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülmüş və hazırda həyata keçirilən işlər barədə məlumat verim.

Apardığınız uğurlu siyasət nəticəsində təmin edilmiş yüksək iqtisadi inkişafın ahənginə tam uyğun olaraq geoloqlarımız bu müddətdə yeni ciddi nəticələr əldə etmişlər. 2003-2005-ci illərdə kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal prosesi təşkil edilmiş, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxmış və son illərdə artıq 4,5 ton qızıl emal olunmuşdur. Hazırda Daşkəsən rayonu ərazisində Çovdar qızıl yatağında istismara hazırlıq və zavod tikintisi işləri başa çatdırılmaq üzrədir. Cari ilin sonunadək Gədəbəy və Çovdar qızıl yataqlarından birlikdə 7,5 ton qızılın çıxarılması proqnozlaşdırılır.

Geoloqlarımızın səyləri nəticəsində son iki ildə Göygöl rayonunda yeni Tülallar qızıl yatağı aşkarlanmış, 80 ton qızıl, 290 ton gümüş ehtiyatı hesablanmışdır. Hazırda yataq istismar işlərinə hazırlanır. Daşkəsən rayonunda Qoşqardağ-Çanaqçı qızıl yatağı aşkarlanmış və 20 ton qızıl ehtiyatları proqnozlaşdırılmışdır.

Şəmkir rayonu ərazisində ölkədə ilk dəfə platin qrupu metalları müəyyənləşdirilmiş və yataq aşkarlanmışdır. Proqnoz ehtiyatları 50 ton hesablanmış yataqda geoloji qiymətləndirmə işləri aparılır.

Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılır.

Bu məqsədlə ölkədə çətin keçilən ərazilərdə hidrometeoroloji şəraiti daha dəqiq və fasiləsiz izləməyə imkan verən 18 Avtomat Meteoroloji Stansiya, 8 avtomat yağıntıölçən, 5 avtomat su səviyyəsi ölçən və 2 ultrasəs su sərfi ölçən cihaz qurulmuşdur. Eyni zamanda, Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin 3700 metr yüksəkliyədək ərazilərində meteoroloji şəraiti real vaxt rejimində izləməyə imkan verən videogörüntülərin alınması ilə müşahidə olunan avadanlıq quraşdırılmışdır. Hazırda Kiş çayında sel axınlarını və Ləzədə meteoroloji şəraiti fasiləsiz izləməyə imkan verən avadanlıq qurulur.

Fransanın “Meteo France İnternational” və ABŞ-ın “Weather Central” şirkətləri ilə ölkəmizin meteorologiya sisteminin ən müasir tələblərə cavab verən səviyyəyə çatdırılması üçün layihə işləri başa çatdırılır.

Cənab Prezident, bioloji müxtəlifliyin qorunub saxlanılması fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 1 132,5 min hektaradək artırılır və nəticədə 10 milli park, biosfer rezervat, 11 qoruq və 24 yasaqlıqdan ibarət şəbəkə ölkə ərazisinin 13,1 faizini təşkil edəcəkdir ki, bu da dünyada qəbul olunmuş orta səviyyədən 11-12 faiz artıqdır.

Bu prosesdə bu gün biz Samur-Yalama Milli Parkının, Qızılağac Dənizkənarı Milli Parkının və Zaqatala-Balakən Biosfer Rezervatının formalaşdırılması prosesinin yekun mərhələsindəyik.

Bununla da Azərbaycanda bioloji müxtəlifliyin qorunması sahəsində hüquqi-təşkilati tədbirlər uğurla başa çatacaqdır.

Əsas diqqət xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun daha da yaxşılaşdırılmasına və biomüxtəlifliyin səmərəli mühafizəsi və bərpası işlərinin daha da sürətləndirilməsi üzərində cəmləşəcək.

Sahəsi 130 min hektar olan Cənubi Qafqazın ən böyük Şahdağ Milli Parkını xüsusi qeyd etmək istəyirəm. Hazırda bu möhtəşəm təbiət ərazisində nümunəvi milli park yaradılması istiqamətində ölkəmizin daxili imkan və potensialına söykənən intensiv işlər aparılır. Parkın inzibati kompleksinin tikintisi sona çatmaq üzrədir, altı inzibati rayonda ekoturizm–məlumat və milli parkın giriş-çıxış mərkəzlərinin tikintisi aparılır.

Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildən etibarən ceyranların tarixi ərazilərinə reintroduksiyası layihəsinə başlanmış, bu günədək 100-dək ceyran öz tarixi arealına buraxılmışdır.

Hazırda Azərbaycanda 1975-ci ildə nəsli kəsilmiş vəhşi bizonun ölkəmizdə tarixən məskunlaşdığı Şahdağ Milli Parkının ərazisinə reintroduksiyası imkanları üzərində iş aparılır.

Möhtərəm cənab Prezident, meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsindəki göstəricilər durmadan artır. Həyata keçirilmiş tədbirlər nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinə çatmışdır. Təkcə son iki ildə ümumilikdə 22 min hektar ərazidə meşəbərpa işləri aparılmış, o cümlədən 7 471 hektar ərazidə yeni meşəliklər salınmışdır.

Yalnız cari ilin ilk rübündə 801 hektar sahədə 1,6 milyon ağac əkilmişdir. 60,7 hektar ərazidə tinglik sahəsi yaradılmış, 4 ton çox toxum tədarük olunmuşdur.

Sizin tapşırığınıza əsasən, paytaxtda və respublikamızın bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Bakı və onun ətrafında 4 milyondan artıq ağac əkilmiş, bu iş daha geniş ərazilərdə həyata keçirilməkdədir. Artıq Hövsan ətrafında əvvəlki illərdə salınmış 200 hektar zeytun üstünlük təşkil edən qarışıq əkinlərə əlavə olaraq 300 hektar ərazidə zeytun massivləri salınmış və 97-98 faiz bitiş təmin olunmuşdur. Hazırda həmin ərazilərdə və eyni zamanda Bakı-Quba magistral avtomobil yolunun Zeynalabdin Tağıyev–Zabrat qəsəbələrarası ərazidə 350 hektarda, Bakı-Şamaxı magistral avtomobil yolunun Müşfiqabad qəsəbəsi–Çaylı kəndarası ərazidə 223 hektar, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq hissəsində 450 hektar, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 250 hektar sahədə kompyuter ilə idarəetmə sisteminə malik ən müasir damcılı suvarma sistemlərinin quraşdırılması üçün avadanlığın Azərbaycana gətirilməsi prosesi sürətlə gedir. Nəticədə 160 kilometrdən çox yol boyu əraziləri əhatə edən bir şəbəkə yaradılacaqdır.

Sürüşməyə həssas və çətin bitmə şəraitinə malik Bayıl yamacında 60 hektar ərazidə quraqlığa davamlı və estetik görkəmə malik 156 min ağac və kol əkilmiş, bütün bu ərazidə xüsusi texnologiya üzrə dik yamaclarda adi yolla mümkün olmayan təbii yaşıl örtük yaradılır. Ağaclar üçün müasir damcılı, ot üçün isə səpilən suvarma sistemlərinin quraşdırılması tamamlanmaq üzrədir. Bu da suvarmanın ancaq torpağın üst qatında cəmləşərək, sürüşməyə təsir etməməsi üçün vacibdir.

Məlum olduğu kimi, bu işlərin aparılması hava şəraiti ilə sıx bağlıdır. Son ilin payız və qış mövsümlərinin həddindən artıq sərt keçməsi əkin mövsümünün gecikməsini şərtləndirsə də, hazırda əkin və meşə-texniki işləri yüksək sürətlə aparılır və qarşıya qoyulmuş məqsədlərə nail olunacaqdır.

Hesab edirik ki, məhz bunun nəticəsi kimi, bir sıra nüfuzlu elmi-tədqiqat mərkəzləri tərəfindən dünyanın 132 ölkəsi arasında aparılmış araşdırmada son 8–10 ildə ətraf mühitlə bağlı problemlərin həllində müsbət dəyişikliklərin tempi və əldə olunmuş nailiyyətlərə görə Azərbaycan ikinci yeri tutmuşdur. Meşələrin vəziyyətindəki müsbət dəyişikliklərə görə isə Azərbaycan ən yüksək nailiyyətlər əldə etmiş ölkə sayılmışdır. Hesab edirik ki, bu Sizin sərəncamlarınızla həyata keçirilən regionların qazlaşdırılması prosesi, meşələrdən sənaye məqsədləri üçün istifadənin demək olar ki, tam qarşısının alınması, meşəsalma və yaşıllaşdırma işlərinin tempi və keyfiyyətinin artması ilə bağlıdır.

Meşələrin mühafizəsində onların yanacaq mənbəyi və otarılma yeri kimi istifadəsi ilə bağlı müəyyən problemlərin qalmasına baxmayaraq, bu sahədə də nəzərəçarpacaq irəliləyişlər əldə olunmuşdur. Bu da Kolumbiya və Yel Universitetlərinin tədqiqatlarının nəticələrində öz əksini tapmışdır.

Cənab Prezident, təşəbbüsünüzlə həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə etmiş və səmərəli nəticələr verən “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması Proqramı” üzrə fəaliyyət davam etdirilir.

2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq beşinci ildir ki, uğurla istismar olunur. Keçən ilin sonunadək 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğu quraşdırılmış, nəticədə 350 min nəfərdən artıq əhali keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Hazırda 45 min əhalisi olan daha 33 kənddə müvafiq işlər tamamlanmaq üzrədir. Bir çox kəndlərdə elektrik gərginliyinin aşağı olması, kəndlilərin ənənəvi olaraq su götürdüyü kanallara suyun fasilələrlə verilməsi və istismar prosesində bələdiyyələrin iştirakının təmin olunması ilə bağlı problemlər Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi və yerli icra orqanları ilə birgə operativ şəkildə həll olunur.

Yeri gəlmişkən, ənənəvi olaraq çox çirkli sudan istifadə edən 400 minə yaxın əhalinin təmiz su ilə təmin olunması yuxarıda qeyd etdiyimiz tədqiqatın nəticələrində də öz əksini tapmışdır. Belə ki, təbiətdən keçən xəstəliklərin insanların səhhətinə təsirinin azalması tendensiyalarına və templərinə görə də Azərbaycan 132 ölkə arasında birinci yeri tutmuşdur.

Gələcəkdə yarana biləcək su qıtlığı probleminin öhdəsindən səmərəli gəlmək üçün yeni yanaşmalar və texnologiyalar vacib rol oynayacaqdır. Bu baxımdan tükənməyən mənbə olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün yüksək texnologiyaya əsaslanan və Sizin tapşırığınız əsasında həyata keçirilən layihə çərçivəsində zavod və müasir tinglikdən ibarət kompleksin yaradılması üzrə pilot layihəsi uğurla davam etdirilir. Artıq avadanlığın 90 faizi gətirilmiş və quraşdırılır, saniyədə 230 litr içməli su istehsal etmək infrastrukturuna malik müəssisə inşa edilir. İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlığın qurulması nəzərdə tutulmuşdur. Ehtiyac artdıqca zavodun istehsal imkanları 3 ay ərzində çox kiçik maliyyə sərfi hesabına layihə gücünə çatdırıla bilər.

Faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsi olacaqdır.

Möhtərəm cənab Prezident, əlbəttə, keçmişdən miras qalmış problemlər hələ ki, tam həll olunmamışdır. Lakin Sizin ətraf mühitin mühafizəsinə gündəlik diqqət və qayğınız, həmçinin rəhbərliyiniz altında həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində yaxın müddətdə ölkədə mövcud olan ekoloji problemlərin əksəriyyətinin aradan qaldırılmasına nail olunacaqdır.

Çoxsaylı irimiqyaslı içməli və tullantı suların idarə olunması layihələrinin həyata keçirilməsi, bərk məişət tullantılarının emalı zavodunun tikintisi və bir sıra irimiqyaslı tədbirlər bunu deməyə imkan verir.

Çıxışımı yekunlaşdıraraq Sizi əmin etmək istərdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Sizin əzm və iradə ilə həyata keçirdiyiniz müasir dövlət quruculuğu istiqamətində fəaliyyətinizə bundan sonra da tam dəstək olacaqdır və bu istiqamətdə Sizin bütün tapşırıqlarınızı layiqincə yerinə yetirməyə bütün qüvvəsini səfərbər edəcəkdir.

Diqqətinizə görə minnətdaram.

Prezident İlham Əliyevin yekun nitqi

- Hesab edirəm ki, ikinci rübdə işlər daha da sürətlə gedəcəkdir. Çünki adətən, hər ilin birinci rübündə işlərin başlanması prosesi gedir və eyni zamanda, Dövlət İnvestisiya Proqramı da birinci rübdə təsdiq edilir. Ümid edirəm ki, ikinci rübdə Dövlət İnvestisiya Proqramı daha da dolğun icra ediləcəkdir. Ümumiyyətlə, belə bir təklif irəli sürüldü. Mən də bunu dəstəkləyirəm ki, Dövlət İnvestisiya Proqramı hər ilin sonunda təsdiqlənsin ki, ilin ilk aylarında biz vaxt itirmədən işə başlaya bilək.

İkinci rüb ilə bağlı bütün vəzifələr bəllidir, bütün göstərişlər verilibdir, bütün proqramlar vardır. Makroiqtisadi sabitlik qorunmalıdır, 3,1 faiz inflyasiya bayaq dediyim kimi, yaxşı göstəricidir. Çalışmalıyıq ki, inflyasiyanı ilin sonuna qədər birrəqəmli səviyyədə saxlayaq. Əlbəttə, əhalinin pul gəlirləri daim inflyasiyadan üstün olmalıdır.

Nəzərə alsaq ki, bu il və gələn il əmanətlərin qaytarılması prosesi aparılacaqdır, əlbəttə inflyasiyaya daha da böyük təkan verə biləcək amillər də olacaqdır. Əlavə yükdür, 1 milyard manata yaxın vəsait dövriyyəyə buraxılacaqdır. Elə etməliyik ki, istehsal qiymətlərinə nəzarət daha da güclü olsun. Bu nəzarət güclənir, istehsal qiymətlərinin səviyyəsi demək olar ki, sabitdir. Hətta ənənəvi bayramlarımız ərəfəsində də bizim müvafiq qurumlar çalışırlar ki, qiymətləri sabit saxlasınlar.

Çünki əvvəlki illərdə bayram ərəfəsində qiymətlər qaldırılırdı və bayramdan sonra da qiymətlər enmirdi. Beləliklə, hər il ildə iki dəfə - ən azı iki dəfə qiymətlər süni şəkildə şişirdilir. Biz bu xoşagəlməz meyillərlə ciddi mübarizə aparırıq və aparacağıq. Qiymətləri süni şəkildə şişirtmək istəyənlərə qarşı mübarizə daha da ciddi olmalıdır. Onlara qarşı cəza tədbirləri daha da təsirli olmalıdır.

Yenə də deyirəm, əmanətlərin qaytarılması inflyasiyaya əlavə təkan verəcək, eyni zamanda, maaşlar və pensiyalar qaldırılır. Keçən il orta pensiya təxminən 40 faiz artırılmışdır və pensiya islahatları bundan sonra da aparılacaqdır.

Hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi 150 manat və ya 190 dollardır. Orta maaş 370 manat, yəni 470 dollardır. Bu, artır, getdikcə daha da artacaq və beləliklə, qiymətlərin normal səviyyədə qalmasına daim diqqət göstərilməlidir.

Burada, əlbəttə, müasir yanaşmalara keçid də böyük əhəmiyyət daşıyır. Posterminalların quraşdırılması, nağdsız ödəmələrin daha da geniş yayılması prosesi sürətlə getməlidir. Müvafiq göstərişlər verilmişdir və vergilər naziri çıxışında qeyd etdi. Qısa müddət ərzində 20 minə yaxın posterminal tətbiq edilib. Hazırda bu proses geniş vüsət alıbdır. Əminəm ki, bu posterminalların fəaliyyətə başlamasının nəticəsidir. Ümumiyyətlə, bizim həm istehlak bazarımız, həm maliyyə sistemimiz daha da şəffaflaşacaqdır.

Bir məsələyə də toxunmaq istəyirəm. Bizdə indi maaşların, pensiyaların mütləq əksəriyyəti plastik kartlarla ödənilir. Ancaq pensiyanı alan pensiyaçı dərhal gedir o terminaldan o vəsaiti nağd şəkildə çıxarır. Nəyə görə? Çünki birinci növbədə bu, psixoloji bir məsələdir. Buna bir növ öyrəşmək lazım idi. Digər tərəfdən, o kartla bir çox yerlərdə o, öz alış-verişini apara bilmir. Posterminallar olmadığı üçün bu kartlar sadəcə olaraq bir funksiyanı daşıyırdı ki, pensiyaların, əməkhaqlarının verilməsi zamanı xoşagəlməz hallara son qoyulsun.

Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəllər maaş, pensiya kassirlər vasitəsilə verilirdi və xoşagəlməz hallar kifayət qədər çox idi. Əslində bu, bir ənənəyə çevrilmişdi. Hər bir maaş alan özünü borclu hesab edirdi ki, kassirə maaşından pul versin. Nə üçün o pulu verməli idi?! O, kassirin babasının puludur?! O, dövlətin puludur. Ancaq bir ənənə yaranmışdı və bu, geniş vüsət almışdı. Biz hamımız bunu yaxşı bilirik. Ona görə, maaşların, pensiyanın plastik kartlarla verilməsi artıq buna son qoydu. Ancaq maaşın, pensiyanın kartlarla verilməsi təkcə bu məqsədi güdmürdü. Eyni zamanda, nağdsız ödəmələrin genişlənməsinə yol açmalı idi. Ona görə, posterminalların geniş şəkildə tətbiq edilməsi Bakıda, böyük şəhərlərdə və ondan sonra bütövlükdə ölkə üzrə bu məsələnin - nağdsız ödəmələrin həlli bizim bütün maliyyə sistemimizə çox müsbət təsir göstərəcəkdir.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Müvafiq göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Beynəlxalq təcrübə tam şəkildə tətbiq edilməlidir. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amildir. Müvafiq göstəriş verilmişdir, sərəncam imzalanmışdır ki, bütün qurumlar elektron xidmətlər göstərsin. Ancaq mənə bu yaxınlarda verilən arayışa görə, heç də hər yerdə bu, belə deyildir. Elə qurumlar, nazirliklər vardır ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərirlər. Elə qurumlar da var ki, ümumiyyətlə elektron xidmət göstərmirlər. Mən o qurumların adlarını hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır. Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir. Sərəncam verilir və hər kəs bilməlidir ki, sərəncamın icrasına nəzarət də var və bu nəzarət güclüdür.

Biz müasirləşmə siyasəti aparırıq. Biz müasir dövlət qururuq. Güclü, ancaq öz imkanlarına söykənən, müasir dövlət qururuq. Müasir dövlətə xas olan bütün məsələlər bizdə tətbiq edilməlidir, siyasi, iqtisadi islahatlarda, bütün başqa sahələrdə. Bu sahəyə çox böyük əhəmiyyət verilir. Biz korrupsiyaya və rüşvətxorluğa qarşı daha da geniş və ardıcıl mübarizə aparmalıyıq, aparırıq və aparacağıq.

Bu rübdə və əvvəlki dövrdə idxalı əvəzləyən məhsulların istehsalına diqqət göstərilir. Bu növdən olan məhsulların sayı Azərbaycanda artmaqdadır. Həm emal sahəsində, həm inşaat materialları sahəsində bizim çox güclü potensialımız, maliyyə imkanlarımız vardır. Kredit resurslarımız da kifayət qədər çoxdur. Çalışmalıyıq ki, hər bir sahədə, harada ki, mümkündür idxalı əvəzləyən məhsulların istehsalına daha da çox dəstək verək. Bu, həm özəl qurumlardan, həm dövlət dəstəyindən asılıdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən kreditlər məhz bu məqsədi güdür. Harada ki, biz hələ özümüzü hansısa məhsullarla təmin edə bilmirik, o məhsulların istehsalına daha da çox diqqət göstərilir.

Bu ilin əvvəlində - fevral ayında regional İnkişaf Proqramı ilə bağlı keçirilən müşavirədə bütün lazımi təkliflər, göstərişlər verilmişdir. Təkrar etmək istəmirəm, sadəcə olaraq, qeyd etmək istəyirəm ki, bu məsələ daim diqqət mərkəzindədir, o vaxta qədər ki, biz daxili bazarı maksimum şəkildə öz istehsalımız hesabına təmin edəcəyik.

Bu il texnoparkların yaradılması istiqamətində çox təsirli və ciddi addımlar atılmalıdır. Bütün müvafiq göstərişlər verildi, sərəncamlar imzalandı, torpaq sahələri ayrıldı. Artıq təcrübə də vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir. Mən hesab edirəm ki, bu il biz artıq konkret işlərə başlamalıyıq. Çünki bütün qanunvericilik, ondan sonra, infrastruktur bazası artıq yerindədir, torpaq sahələri də müəyyən edilibdir. Bu texnoparkların yaradılmasına biz özəl sektorun dəstəyi ilə nail olacağıq. Ancaq dövlət kredit resurslarını həmin istiqamətə yönəltməlidir ki, özəl sektor bu imkanlardan istifadə etsin. Beləliklə, yerli istehsal daha da güclənəcəkdir. Qeyri-neft sənayemizdə artım indi 16,5 faizdir, daha da artacaqdır. Biz Azərbaycanda sözün əsl mənasında çox güclü qeyri-neft sənayesi yaradacağıq.

Artıq müxtəlif istiqamətlər üzrə işlər yaxşı gedir. Bu yaxınlarda mən yeni sement zavodunun tikintisi ilə tanış oldum. Bu sement zavodu və ondan sonra Bakıda tikilən yeni sement zavodu, Qaradağ sement zavodu, digər sement zavodları bizi sementlə tam təmin edəcək və gələcəkdə bizdə ixrac potensialı da yaranacaqdır. Ölkəmizdə belə istiqamətlər çox olmalıdır. Biz bu istiqamətləri bilirik, hədəfləri qoyuruq və hədəflərə çatmaq üçün ardıcıl fəaliyyət göstərilməlidir. Bu istiqamətdə, yəni, texnoparkların yaradılması istiqamətində işlər pis getmir. Sadəcə olaraq, mən hesab edirəm ki, bu ilin sonuna qədər artıq konkret yerlərdə işlər başlamalıdır.

Kənd təsərrüfatı birinci rübdə 3,1 faiz artmışdır. Bu artım bitkiçilikdə 6,4 faiz, heyvandarlıqda 3,2 faiz olmuşdur. Müsbət dinamika vardır. Mən hesab edirəm ki, biz kənd təsərrüfatının inkişafı üçün ən müasir texnologiyaları tətbiq etməliyik. Yenə də deyirəm ki, bölgələrə son səfərim zamanı tanış olduğum yeni aqroservis müəssisəsi çox müsbət təsir göstərir.

Burada ilk növbədə, bu şirkətin quruluşu çox müsbətdir. Burada özəl və dövlət tərəfdaşlığı özünü əks etdirir, Azərbaycan Dövlət İnvestisiya Şirkəti 25 faiz paya malikdir. Azərbaycan Dövlət İnvestisiya Şirkətini biz məhz bu məqsədlə yaratmışdıq ki, yerli və xarici investorlarda daha da güclü inam formalaşsın. Mən çox şadam ki, xarici investorlar da bu sahəyə vəsait qoyurlar. Orada mənə göstərilən texnika ən müasir standartlara cavab verir, ümumiyyətlə, bu sahəyə, aqrotexniki məsələlərə yanaşma da çox müsbətdir. Yəni, əsaslı yanaşmadır. Bu müəssisə müsbət beynəlxalq təcrübənin əsasında yaradılıbdır. Mənə orada söz verildi ki, bu müəssisənin - Ağstafa Aqroservis Şirkətinin fəaliyyəti nəticəsində taxılçılıqda hər hektardan 50 sentner məhsulun götürülməsi mümkün olacaqdır. Bəlkə də ondan da çox. Əgər inkişaf etmiş, müsbət təcrübəyə malik olan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada rəqəm daha da yüksəkdir. Bizdə isə ölkə üzrə məhsuldarlıq 25 sentnerdir. Çox aşağı səviyyədədir və yəni, biz bu məhsuldarlığı artıra bilmirik. Bir il artır, bir il azalır.

Məhz bu məqsədlə iri fermer təsərrüfatlarının yaradılması ideyası da ortaya çıxmışdır ki, biz mövcud olan bütün torpaqlardan istifadə edək. Ancaq əgər biz bununla bərabər, məhsuldarlığa daha da böyük diqqət göstərsək, eyni torpaqdan, indi dövriyyədə olan torpaqdan iki dəfə çox məhsul götürə və beləliklə, özümüzü taxılla tam şəkildə təmin edə bilərik.

Ona görə Ağstafa aqroservis müəssisəsinin timsalında biz ölkə üzrə geniş proqram icra etməliyik. Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə təkliflər versinlər. Lazım olarsa əlavə kreditlərin verilməsi də nəzərdə tutula bilər. Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalına əlavə vəsait qoyula bilər.

Mənə orada deyildi ki, yaradılan müəssisə və texniki imkanlar, aqrotexniki xidmətlər hesabına təqribən 15 min hektara yaxın əkin sahəsinə xidmət göstəriləcəkdir. Əgər biz 10, 20, 50 belə müəssisə yaratsaq bu, ərzaq təhlükəsizliyimizin təmin edilməsinə əhəmiyyətli dərəcədə şərait yaradacaq. Ona görə, hər iki nazirliyə göstəriş verirəm, birinci rübdə mənə əlavə təkliflər verin: biz harada buna bənzər aqroservis şirkətləri yarada bilərik? Dövlət buna necə dəstək ola biləcək? Biz özəl sektoru necə stimullaşdıra bilərik?!

Ağstafada daha çox xarici investor vəsait qoyub. Mən hesab edirəm ki, yerli investorlar da maraqlı olmalıdırlar. Çünki bu yanaşma hər bir iştirakçıya xeyir gətirir - həm fermerə, həm bu şirkətin fəaliyyətinin gücləndirilməsinə, həm də ki, dövlətə. Bu, iqtisadi cəhətdən çox əlverişlidir. Biz beləliklə, ərzaq təhlükəsizliyimizi təmin edəcəyik.

Biz bütövlükdə kənd təsərrüfatı ilə bağlı ən müasir yanaşmaları tətbiq etməliyik. Bizim nümayəndə heyətlərimiz bu sahədə böyük təcrübəyə malik olan ölkələrə ezam edilmişlər, onların təcrübəsini öyrənmişlər. Damcılı suvarma texnologiyalarını öyrənmişlər. Vaxt gəlib çatıb ki, biz kütləvi şəkildə bu texnologiyaları Azərbaycanda tətbiq etməyə başlayaq və bu sahədə, yenə də deyirəm, hansısa bir yenilik icad etmək əvəzinə, inkişaf etmiş, müsbət təcrübəyə malik olan ölkələrin praktikasını tətbiq etməliyik.

Bütövlükdə subsidiyalarla, ondan sonra dövlət tərəfindən verilən güzəştlərlə bağlı yeni təkliflər yəqin ki, verilməlidir.

Birinci mərhələdə biz kənd təsərrüfatını, xüsusilə taxılçılığı stimullaşdırmaq üçün bu subsidiyaları ayırdıq. Həm yanacağa, həm gübrələrə, eyni zamanda, əkilən məhsullara hektarbaşı subsidiyalar pul şəklində verilir. Bu, çox müsbət təşəbbüs idi və işgüzarlığın artmasına böyük təkan verdi. Mənim təklifim ondan ibarətdir ki, biz bu subsidiyaları daha da təkmilləşdirək. Söhbət ondan getmir ki, bunu azaldaq, yaxud da ki, aradan götürək. Yox, əksinə, söhbət ondan gedir ki, bunlar daha da səmərəli şəkildə işləsin. Bəlkə buna daha da böyük məbləğ ayrılsın. Ancaq verilən subsidiyalara görə nəticə daha da təsirli olsun. İndi subsidiyaların həcmi verilən nəticə ilə uyğun gəlmir. Nəticə daha da çox və təsirli olmalıdır. Ona görə, yenə də bu sahədə islahatların dərinləşməsi üçün əlavə təkliflər verin ki, biz orada da maksimum səmərə ilə işləyək.

Ərzaq təhlükəsizliyi dedikdə biz, eyni zamanda, ərzağın keyfiyyətini də nəzərdə tuturuq. Çünki bu məsələyə də çox böyük diqqət göstərilməlidir. Son zamanlar bu sahədə ciddi dönüş yaradılmışdır. Əvvəlki dövrdə deyə bilərəm ki, bu sahə ümumiyyətlə diqqətdən kənarda qalmışdır və yoxlamaları aparan qurumlar əfsuslar olsun ki, vəzifə borclarını layiqincə yerinə yetirmirdilər. Onların yoxlamaları formal xarakter daşıyırdı. Yaxud da ki, gedib hansısa yoxlamanın aparılmasından sonra onlar qanunsuz tələblərdə də iştirak edirdilər. Beləliklə, həm yerli, həm xarici keyfiyyətsiz məhsullar bizim bazarımızı bürümüşdür.

Bu, insanların sağlamlığına çox böyük mənfi təsir göstərmişdir. Son müddət ərzində bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır. Bu proses daim aparılmalıdır. Yerli sahibkarlar da bilməlidirlər ki, keyfiyyətsiz məhsul buraxsalar, onlar nəinki bazardan kənarlaşdırılacaqlar, cəzalandırılacaqlar. İdxala nəzarət daha da güclü olmalıdır.

Əlbəttə ki, bu məsələnin həll yolları, yenə də deyirəm, daxili istehsalın artırılmasından keçir. Biz buna bir neçə ildən sonra nail olacağıq. Ancaq hələ ki, müəyyən dərəcədə idxaldan asılıyıq. Baxmalıyıq ki, bizə gətirilən məhsullar yüksək keyfiyyətə malik olsun. Çünki ərzaq təhlükəsizliyi, eyni zamanda, insanların sağlamlığı deməkdir. Bizim insanlar təmiz, keyfiyyətli qida almalıdırlar, təmiz, keyfiyyətli su içməlidirlər.

Bu gün səhiyyə naziri də çıxışında dedi ki, səhiyyə sisteminin təkmilləşməsinə nə qədər böyük investisiyalar qoyulur. Nə qədər vəsait qoyulur və nə qədər gözəl nəticələr vardır. Dünya Səhiyyə Təşkilatı nailiyyətlərimizi çox böyük, həvəslə qeyd edir və misal çəkir. Azərbaycanda bu sahədə görülən işlər, doğrudan da, bir örnək ola bilər. Diaqnostika mərkəzləri, rayon xəstəxanaları, mərkəzi xəstəxanalar, idman qurğuları tikilir, ekoloji tədbirlər görülür, içməli su layihələri icra edilir.

Bu gün ekologiya və təbii sərvətlər naziri də bu barədə danışmışdır. Məişət tullantıları zavodu tikilir ki, havamız çirklənməsin.

Bütün bu addımlar insanın sağlamlığına birbaşa müsbət təsir göstərir. Bununla bərabər, keyfiyyətsiz ərzaq, əlbəttə ki, böyük təhlükə mənbəyidir. Mən hesab edirəm ki, bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Bir halda ki, bundan söz düşdü, bir məsələyə də diqqət yetirmək istəyirəm. Bizim televiziya kanallarımız, demək olar ki, onların hamısı indi belə verilişlər, yəni mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim edirlər. Birincisi onu demək istəyirəm ki, bu da xaricdən gələn bir meyildir. O ölkələrdə ki, evlərdə yemək bişirilmir, onlar üçün bəlkə bu, daha da aktualdır. Təbii ki, Azərbaycanda evlərdə bişirilən yemək, indi istənilən restorandan daha da yaxşıdır, ləzzətlidir. Amma bu, bir dəbdir, bizə də gəlib çatıbdır. Mən etiraz etmirəm, olsun. Ancaq bir şərtlə ki, orada göstərilən reseptlər və yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcəkdir. Yəni, nə qədər gülməlidisə, bir o qədər də faciəvidir. Doğrudan, biz sağlam həyat tərzini təbliğ edirik. İnsanları pis vərdişlərdən çəkindirməyə çalışırıq, idmanı təbliğ edirik, siqaret çəkənə müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə ki, çox məyusedicidir.

Mən özəl kanalların siyasətinə qarışmaq fikrində deyiləm. Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər.

Bu il məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində çox dəyərli addımlar atılacaqdır. Bu il bu sahəyə ayrılan vəsait də rekord həddindədir. Bu il biz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün 300 milyon manat ayırırıq. İlin əvvəlində bu məbləğ 100 milyon manat ətrafında müəyyən edilmişdir. Ancaq sonra mənim təşəbbüsüm ilə biz bu rəqəmi üç dəfə artırdıq ki, hələ də doğrudan da çətin vəziyyətdə yaşayan soydaşlarımızı daha tezliklə normal şəraitlə təmin edə bilək.

Bildiyiniz kimi, bu sahədə köklü dəyişikliklər baş vermişdir. Çadır şəhərcikləri artıq beş ildir ki, ləğv edilibdir. Yeni evlər, qəsəbələr, yaşayış binaları, məktəblər və sair tikilir. Bütün bunlar haqqında kifayət qədər geniş məlumat verilir. Bu işləri daha da sürətləndirməliyik və beləliklə, 300 milyon manat Neft Fondundan ayrılır. Əsas vəzifə odur ki, biz bu məsələyə tezliklə və keyfiyyətlə nail olaq. Çünki bu məbləğ çox böyükdür. Əlbəttə, yaxşı olardı ki, bu layihə ilin sonuna qədər tam şəkildə icra edilsin.

Bakının kənd və qəsəbələrinin inkişafı Proqramı icra edilir. Bu məsələ ilə bağlı biz ayrıca yığışacağıq, danışacağıq. Deyə bilərəm ki, bu, çox ciddi, vaxt baxımından çox məhdud Proqramdır. Bu Proqram 2013-cü ilin sonuna qədər icra edilməlidir. Çox böyük məsələlər vardır. İnfrastruktur, yollar, su-kanalizasiya xətləri, qazlaşdırma, elektrik xətləri, xəstəxanalar, tibb məntəqələri, məktəblər - yəni biz bütün qəsəbələrdə bu layihələri kompleks icra edirik. Burada da nəzarət həm şəhər icra hakimiyyəti və İqtisadi İnkişaf Nazirliyi, hökumət tərəfindən olmalıdır. İşlər yüksək keyfiyyətlə aparılmalıdır.

Enerji təhlükəsizliyi ilə bağlı məsələlər Azərbaycanda uğurla həll edilir. Biz enerji təhlükəsizliyimizi çoxdandır ki, təmin etmişik. Başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edirik. Bu sahədə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. Biz tərəfdaş ölkələrlə enerji təhlükəsizliyi ilə bağlı məsələləri qarşılıqlı maraqlar, qarşılıqlı mənfəət əsasında həll edəcəyik.

Bu gün Azərbaycan istər neft, istər qaz sahəsində çox önəmli, qlobal oyunçuya çevrilir, tərəfdaşlarımızın sayı artır. Əməkdaşlıq etdiyimiz ölkələrin sayı artmaqdadır. Azərbaycan bu sahədə çox etibarlı və çox gözəl tərəfdaş kimi tanınır. Biz bu sahədə fəaliyyətimizi davam etdirməyə hazırıq. Xarici bazarlara da çıxırıq. Xarici bazarlara böyük investisiyalar qoyulur, eyni zamanda, ölkə daxilində. Mən bizim enerji sahəsində fəaliyyət göstərən bütün qurumlara daim göstərişlər verirəm ki, ilk növbədə investisiyalar Azərbaycana qoyulmalıdır. Ən böyük investisiyalar, ilk növbədə Azərbaycana qoyulmalıdır, ondan sonra xarici bazarlara.

Birinci rübdə bu sahədə də çox vacib və deyə bilərəm ki, tarixi bir addım atıldı. Bakıda yeni neft-kimya, neftayırma və qaz emalı zavodlarının ilkin təqdimatı keçirildi. Bu layihələr üzərində Azərbaycan Dövlət Neft Şirkəti müəyyən müddətdir ki, işləyibdir. Bu layihələrin həyata keçirilməsi haqqında əvvəlki dövrdə mənim tərəfimdən göstərişlər verilmişdir. Hazırda bu göstərişlər artıq reallığa çevrilir. Bu sahəyə - sadaladığım yeni müəssisələrin yaradılmasına qoyulacaq investisiya milyardlarla ölçülür. Bəlkə, 10 milyard manatdan da artıq ola bilər.

Bu, gələcəyə yönəldilən investisiyalardır. Bu investisiyalar hesabına biz bu sahədə bütün işləri müasir səviyyədə qura biləcəyik. Yeni böyük neftayırma zavodunun tikintisi bizə daha da keyfiyyətli məhsulun istehsalına şərait yaradacaqdır, ixrac potensialımız böyük dərəcədə artacaqdır, eyni zamanda, uzun illər fəaliyyət göstərən iki neftayırma zavodunun fəaliyyətinin dayandırılmasına da gətirib çıxaracaqdır. Buna da böyük ehtiyac vardır. Yeni neftayırma zavodu tikilməyənə qədər bu iki zavod fəaliyyətini davam etdirəcəkdir. Ancaq mən çox istəyirəm ki, tezliklə yeni neft emalı zavodu tikilsin. O zavodda ən müasir ekoloji standartlara uyğun yanacaq istehsal ediləcəkdir. Beləliklə, indiki zavodların əraziləri də abadlaşacaqdır. Çox güman ki, birinin ərazisi ümumi bulvarın genişlənməsinə veriləcəkdir. Dənizkənarı zolağı biz Zığa qədər davam etdirmək fikrindəyik. O biri zavodun ərazisində də,- indi demək bəlkə də bir qədər tezdir,- hesab edirəm ki, yeni, gözəl parkın yaradılması yerinə düşər. Biz, ümumiyyətlə, şəhərdə yeni parkların, meşə zolaqlarının yaradılmasına nail oluruq, buna böyük ehtiyac vardır. Harada mümkündür park yaradılmalıdır. 

İndi vaxtilə bəzi hallarda qanunsuz tikilmiş binaların köçürülməsi prosesi gedir. Bu məsələyə də toxunmaq istəyirəm. Çünki bəzi hallarda bu məsələ ilə bağlı spekulyasiyalara yol verilir. Xüsusilə xarici mətbuatda. Bu da Azərbaycana qarşı bir növ qaralama kampaniyasının tərkib hissəsidir. Yalan məlumatlar verilir, böhtanlar yayılır. Təəssüf edirəm ki, özünü hörmətli mətbu orqan sayan telekanallar, yaxud da ki, qəzetlər bu təxribata qarışırlar.

Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir. Hər kvadratmetrinə görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm ki, kompensasiya alanların mütləq əksəriyyəti bu məbləğlərlə razıdırlar. Amma təxribatçı qüvvələr vardır ki, bundan öz məqsədlərinə çatmaq üçün istifadə etmək istəyirlər. Bu, şəhərimizin ümumi abadlaşma prosesini hansısa tədbirlərlə bağlamaq istəyirlər. Bizim ümumi xəttimiz, siyasətimiz, şəhərsalma proqramlarımız vardır. Bakının inkişafı hansı istiqamətlərdə gedəcəkdir?! Bu barədə biz dəfələrlə danışmışıq, yığışmışıq. Mən Bakının yeni şəhərsalma konsepsiyasını təsdiq etmişəm. Bütün bu məsələlərə özüm baxmışam. Ona görə yenilik, quruculuq və köçürmə prosesləri artıq əvvəlki dövrdən müəyyən edilmiş qaydada aparılır. Bunun heç bir beynəlxalq tədbirlə əlaqəsi yoxdur. Biz nə qədər mümkündür hər yerdə parklar, yaşıllıq zolaqları salırıq. Şəhərin mərkəzindən köçürülən ərazilərdə avtomobil dayanacaqları, yeraltı avtomobil dayanacaqları yaradılır. Buna böyük ehtiyac vardır. Onun üstündə gözəl yaşıllıq zolaqları, parklar, ictimai yerlər tikilir və biz bu siyasəti davam etdirəcəyik.

Su və kanalizasiya layihələrinin icrası bütün ölkə üzrə gedir. Hər bir yerdə, hər bir rayon mərkəzində işlər ya başlamışdır, yaxud da ki, bu yaxınlarda başlanacaqdır.

Ancaq burada bir məsələyə toxunmaq istəyirəm. Bu, doğrudan da çox böyük layihədir. Şəhərlərimizin əksəriyyətində kanalizasiya sistemi, ümumiyyətlə, heç vaxt olmamışdır. İçməli su xətləri də heç vaxt olmamışdır. Yəni, biz bunları sıfırdan yaradırıq. O cümlədən Bakıda içməli su problemi bu gün də vardır. Düzdür, biz bu problemi müəyyən dərəcədə yaxşılaşdırdıq, əminəm ki, yaxın iki il ərzində tamamilə aradan qaldıracağıq. Bakıda içməli su, keyfiyyətli su və kanalizasiya layihələrinin icrası uğurla gedəcəkdir.

Bölgələrdə isə bu layihə rayon mərkəzlərini, şəhərləri əhatə edir. Ancaq elə rayonlar vardır ki, əhalisinin 80-90 faizi kəndlərdə yaşayır. Elə rayonlar vardır ki, rayon mərkəzi ilə kəndlərdə yaşayan əhali əlli-əlliyə bölünür. Ona görə, biz bir qədər gələcəyə baxmalıyıq. İndi biz rayon mərkəzlərini, şəhərləri kanalizasiya və içməli su xətləri ilə təmin edəcəyik. Bəs kəndlərdə necə olacaqdır? Mən başa düşürəm, bilirəm, biz bütün bu investisiya imkanlarımızı götür-qoy edirik. Bu, böyük vəsait və texniki peşəkarlıq tələb edən layihədir. Ancaq biz buna da hazır olmalıyıq.

Əlbəttə, birinci növbədə 2014-cü ilin sonuna qədər bütün şəhərlər və rayon mərkəzləri içməli su, kanalizasiya layihələri ilə təmin edilməlidir. Ancaq indidən hazırlıq işləri aparılmalıdır ki, rayon mərkəzlərinə yaxın yerləşən böyük yaşayış yerlərində də, kəndlərdə də bu layihələr icra edilsin. Burada modul tipli sutəmizləyici qurğulardan söhbət açılmışdır. Bu da bizim təşəbbüsümüz idi. Artıq yüz minlərlə insan bu layihələrin icrası nəticəsində təmiz içməli su içir. Bu layihə daha da geniş vüsət almalıdır. Lazım gələrsə, bu il biz investisiyaları bir qədər artıra bilərik ki, çayların kənarında yerləşən kəndlərdə, - təkcə Kür, Araz çaylarından söhbət getmir - digər çayların yaxınlığındakı kəndlərdə də bu layihələr icra edilsin.

Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi başlayır. Bu da birinci təşəbbüsdür. Bildiyiniz kimi, bizim əsas su mənbələrimiz ölkəmizin hüdudlarından kənarda formalaşır. Belə olan halda Xəzər dənizinin suyundan istifadə etmək təbiidir. Baxmayaraq ki, bizim qonşu ölkələrlə əldə etdiyimiz razılaşmalar maraqlarımızı tam şəkildə təmin edir və su qıtlığı heç vaxt olmayacaqdır. Yeni rezervuarlar tikilir. Taxtakörpü su anbarı bu istiqamətdə atılan çox böyük addımdır. Şəmkirçay su anbarı həm meliorasiya, həm də içməli su məsələlərini təmin edəcəkdir. Ancaq, eyni zamanda, biz Xəzər dənizinin suyundan da istifadə etməliyik. Burada da dünya praktikası vardır. Biz bu praktikanı tətbiq etməliyik. Mən pilot layihənin icrasını gözləyirəm. Hesab edirəm ki, pilot layihədən dərhal sonra genişmiqyaslı işlər aparılmalıdır. İlk növbədə suvarma üçün, ondan sonra lazım olarsa, içməli su məsələlərinin həlli üçün də biz bundan istifadə etməliyik.

Bir məsələyə də toxunmaq istəyirəm. Bu da hesab edirəm ki, indiki zamanda çox aktualdır. İnformasiya təhlükəsizliyi. Biz enerji, ərzaq təhlükəsizliyi haqqında geniş danışırıq. Bu, çox vacibdir. İnformasiya təhlükəsizliyi də indiki dövrdə çox vacibdir. Çünki mən hesab edirəm ki, bu sahədə hələ çox işlər görülməlidir. Müxtəlif istiqamətlər üzrə işlər görülməlidir. Biz internet dövründə yaşayırıq. Bu, reallıqdır və biz bu reallığa hazırıq. Azərbaycan o ölkələrdəndir ki, burada azad internet vardır. Bunu, bəzən bizi tənqid etmək istəyənlər unutmasınlar.

İnternet istifadəçilərinin sayı getdikcə artır, 50 faizdən çoxdur. Biz indi hər bir kəndə, hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsinə çalışırıq və buna nail olacağıq. Əlbəttə, informasiya təhlükəsizliyi məsələləri daha da çox aktuallaşır. Çünki qlobal informasiya məkanında informasiyalarla bərabər, təxribatlar da kifayət qədər çoxdur. Bu təxribatlar bəzi hallarda açıq, bəzi hallarda məxfi, yəni, gizli xarakter daşıyır.

Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir. Mən buna tam əminəm, bu barədə iki fikir ola bilməz. Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır.

Onların təsir dairəsi kifayət qədər genişdir. Onlar müxtəlif ölkələrin aparıcı mətbu orqanlarında təmsil olunurlar. Bəzən başqa familiyalarla təmsil olunurlar, öz mənşəyini gizlədirlər. Bu, indi ikinci məsələdir. İnsan öz milli mənsubiyyətini gizləməməlidir. İstənilən insan öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Amma onlar başqa ölkələrdə nədənsə bu sahədə də seçilirlər.

Bəzi hallarda Azərbaycana qarşı açıq şəkildə kampaniya aparırlar və çalışırlar ki, Azərbaycanın imicinə koordinasiya edilmiş şəkildə xələl gətirsinlər. Onların fəaliyyəti məqsədyönlüdür və bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bizim üçün də, bir daha demək istəyirəm ki, bir nömrəli düşmən erməni lobbisidir. Biz bu mübarizəyə də hazır olmalıyıq.

Son illər ərzində biz vəziyyəti böyük dərəcədə öz xeyrimizə dəyişdirə bilmişik. Azərbaycanın diaspor təşkilatları, bizim sağlam qeyri-hökumət təşkilatlarımız, Azərbaycanın xaricdəki səfirlikləri, bizim ictimaiyyətimiz, xarici mətbuata çıxış imkanlarımız və mövqeyimiz güclənir. Ancaq hələ ki, biz reallıqları da nəzərə almalıyıq. Erməni lobbisi Avropada və başqa ölkələrdə, böyük ölkələrdə onilliklər, bəlkə əsrlər boyu fəaliyyət göstərir, təşkilatlanmış çox aqressiv və mənfi bir qüvvədir. Bizə qarşı, necə deyərlər, mənfi informasiyanın təkanvericisi erməni lobbisidir. Erməni lobbisinin təsiri altında olan, onların çirkli pulları ilə dolanan bəzi ölkələrin siyasi xadimləridir. Biz onların adlarını bilirik, onları tanıyırıq. Onların qondarma “Dağlıq Qarabağ respublikası”na səfərlərinin sayına baxmaq kifayətdir ki, hər bir adam bilsin, nə üçün onlar oraya gedirlər. Bu, ikinci qüvvədir.

Üçüncü qüvvələr. Əfsuslar olsun ki, bəzi ölkələrdə islamofobiya meyilləri güclənir. Bu da reallıqdır. Çox mənfi reallıqdır, ancaq reallıqdır. Biz də bu reallıqla hesablaşmalıyıq. İslamofobiya meyilləri gücləndikcə müsəlman ölkələrinə münasibət də mənfiyə doğru istiqamətdə gedir. Biz bunu bilməliyik və deməliyik. İslamofobiya xəstəliyinə yoluxmuş siyasətçilərin sayı artmaqdadır. Bu qüvvələr müsbət mənada seçilən, öz müasirliyi, müstəqil siyasəti ilə fərqlənən, islam dəyərlərinə sadiq olan ölkə kimi Azərbaycanı görəndə, əlbəttə ki, sevinmirlər, məyus olurlar. Biz bu amili də daim nəzərdə saxlamalıyıq və çalışmalıyıq ki, bu vəziyyəti öz siyasətimizlə xeyrimizə dəyişdirək.

Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda multikulturalizm yaşayır. Bunu biz yaşadırıq və yaşadacağıq. Multikulturalizmin iflasa uğradığını deyən siyasətçilər islamofobiya dəyirmanına su tökmüş olurlar. Bu, çox təhlükəli meyildir. XX əsrdə buna bənzər meyillər nəyə gətirib çıxardığını biz unutmamışıq.
Bizə qarşı informasiya müharibəsi aparan digər qüvvələr sadəcə olaraq Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlərdir. Onlara elə gəlir ki, Azərbaycan kimi ölkə müstəqil siyasət aparmamalıdır. Kiminsə qanadının altına keçməlidir və müstəqil siyasətə malik olmamalıdır. Elə qüvvələr də vardır ki, biz onları tanıyırıq. Onların Azərbaycana qarşı gizli mübarizəsi gedir. Bu mübarizəni bəzi hallarda onlar açıq şəkildə yox, qorxaqcasına informasiya məkanında aparırlar.

Əlbəttə ki, Azərbaycanın müstəqil siyasəti, hər bir beynəlxalq məsələ ilə bağlı qəti mövqeyi və bu mövqeyin güclü olması dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmətdir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük təntənəmizdir, zəfərimizdir. Bizi 155 ölkə dəstəklədi. Budur, dünya ictimaiyyəti. Dünya ictimaiyyəti hansısa regional təşkilat deyildir. Dünya ictimaiyyəti BMT-dir. BMT də bizi dəstəkləyir.

Əlbəttə, bizim müstəqil siyasətimizi qəbul etməyən qüvvələr vardır. Onları bizim siyasətimiz qıcıqlandırır. Onlar çalışırlar ki, yeni imkanlardan istifadə edib informasiya təxribatları ilə məşğul olsunlar, yalan, böhtan xarakterli məlumatları ötürsünlər. Mətbuat hazırda, nəinki informasiya mənbəyidir, eyni zamanda, təxribat mənbəyidir. Əfsuslar olsun ki, bu, belədir. Biz isə öz növbəmizdə buna hazır olmalıyıq. Biz hazırıq. Hər bir əsassız hücuma biz cavab verməliyik, veririk və verəcəyik.

Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedir. Bizə qarşı informasiya təxribatları əfsuslar olsun ki, dediyim faktlarla məhdudlaşmır. Elə qüvvələr vardır ki, bölgədə vəziyyəti qarışdırmaq istəyirlər. Elə qüvvələr vardır ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Burada da informasiya təxribatlarından istifadə edilir. Başqa necə istifadə edə bilərlər?! Mümkün deyildir. Çünki qonşularımızla əlaqələrimiz tarixi köklərə söykənir. Biz bütün qonşularla, - Ermənistan təbii ki, istisna olmaqla, - normal, yaxşı dostluq münasibətləri yaratmışıq və bu dostluq münasibətlərini gücləndiririk, gücləndirəcəyik. Heç bir qonşumuzla problemimiz yoxdur.

Azərbaycan heç vaxt başqa ölkələrin planlarında iştirak etməyəcəkdir. Mən bunu dəfələrlə demişəm. Hələ prezidentlik dövrümün əvvəlində demişəm. Azərbaycan qarşıdurma arenasına çevrilməyəcəkdir. Kim istəyir Azərbaycanı qarşıdurma arenasına çevirsin, getsin özü üçün başqa yer axtarsın. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir. Belə olan halda yenə gəlir informasiya təxribatı məsələləri.

Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, rəy formalaşır. Yaxud da ki, formalaşdırmağa çalışırlar ki, Azərbaycan bölgədə hansısa başqa planlara malikdir.

Bizim bir istəyimiz var ki, bölgədə sülh, sabitlik, əmin-amanlıq olsun. Qonşularla münasibətlər prioritet xarakter daşıyır. Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən qonşulardan da Azərbaycana ancaq müsbət münasibət görürəm və buna çox şadam. Ona görə, biz bunu bilməliyik, bu barədə açıq deməliyik və buna qarşı biz öz prinsipial mövqeyimizi qoymalıyıq və qoyuruq.

Nəhayət, “Eurovision” mahnı müsabiqəsi ilə bağlı ölkəmizə qarşı mətbuatda çirkin kampaniya əfsuslar olsun ki, davam edir. Biz bu kampaniyanın arxasında hansı qüvvələrin dayandığını yaxşı bilirik. Yaxşı bilirik ki, hansı ölkənin mətbuatında bu kampaniya daha sürətlə gedir. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycan ilə bağlı çirkin, böhtan xarakterli yazılar gedir. Təbii ki, bu, əlaqələndirilmiş şəkildə aparılan bir siyasətdir. Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaqdır. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm heç vaxt olmayacaqdır. Biz öz yolumuzla gedəcəyik. Müstəqillik yolumuzla, azadlıq yolumuzla gedəcəyik!

Azərbaycanda bütün azadlıqlar vardır. Bizi bəzi hallarda nədəsə, yəni, antidemokratik addımlarda ittiham etmək istəyənlər getsinlər öz ölkələrində nə baş verdiyini görsünlər. Orada hər gün, hər həftə nümayişə çıxan insanlar döyülür, əzilir, onların başı partlayır, yüzlərlə nümayişçi həbs edilir. Bu, o ölkələrdir ki, onların bəzi mətbu orqanları Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Yaxşı atalar sözü var bizdə, deyir: “Öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir”. Bax, yerinə düşər bu atalar sözü.

Bizdə demokratiya da, söz azadlığı da, vicdan azadlığı da, sərbəst toplaşmaq azadlığı da vardır. İndi bütün Azərbaycan ictimaiyyəti bunu da gördü ki, ölkəmizdə sərbəst toplaşmaq azadlığı vardır. Əgər bütün bu imkanlardan istifadə etmək istəyənlər normal davranış qaydalarını gözləsələr, şəhər meriyasının göstərdiyi yerdə öz tədbirlərini keçirsələr onda sərbəst toplaşmaq hüququndan yararlana bilərlər. Mən hesab edirəm ki, şəhər meriyası çox müdrik addımlar atıbdır və nümayişlər, mitinqlər üçün ən məqbul, yəni, o insanlar üçün ən məqbul və onlara yaraşan yeri seçibdir. O yerdə istənilən tədbiri keçirmək mümkündür. Bu tədbirlər məhz o yerdə keçirilməlidir.

O ki qaldı bizim gələcək planlarımıza, bir daha demək istəyirəm ki, biz inamla qabağa gedirik. Bizə qarşı təxribatlar bundan sonra da olacaqdır. Bizə qarşı informasiya mübarizəsi bundan sonra da aparılacaqdır. Bu, bizi narahat etmir. Sadəcə olaraq, biz bu barədə danışmalıyıq, öz tədbirlərimizi görməliyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etməliyik. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00
SƏNƏDLƏR Sərəncamlar 31 oktyabr 2024
16:00
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli...

31 oktyabr 2024, 16:00