Bakıda “JW Marriott Absheron” otelinin açılışında İlham Əliyevin nitqi

01 aprel 2012, 13:10
Bakıda “JW Marriott Absheron” otelinin açılışında İlham Əliyevin nitqi

-Bu gün şəhərimizin tarixində çox əlamətdar bir gündür. Bakıda gözəl, möhtəşəm “Marriott” oteli açılır. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da şəhərimizin inkişafı üçün çox vacib olan hadisədir.

Mən çox şadam ki, “Marriott” oteli bütün dünya standartlarına cavab verir. Ən gözəl şərait yaradılıbdır. Qonaqların istirahəti, müxtəlif tədbirlərin keçirilməsi üçün bütün şərait vardır. Otelin xarici görünüşü də, daxili dizaynı da çox gözəldir.

Burada bütün işlər böyük zövqlə görülübdür. Mən əminəm ki, bu otel nəinki Azərbaycanın, bütün bölgənin ən gözəl otellərindən birinə çevriləcəkdir. Şübhə etmirəm ki, burada xidmət də yüksək səviyyədə olacaqdır. Çünki “Marriott” dünya şöhrətli otellər şəbəkəsidir. “Marriott”un Azərbaycana gəlməsi, eyni zamanda, Azərbaycanda gedən inkişafın əlamətidir.

Eyni zamanda, qeyd etmək istəyirəm və çox şadam ki, otel öz tarixi “Abşeron” adını da saxlayıbdır. Çünki 1980-ci illərdə burada “Abşeron” otelinin tikilməsi o dövr üçün böyük hadisə idi. Bir tərəfdə “Abşeron”, digər tərəfdə “Azərbaycan” otellərinin tikilməsi bizim əsas meydanımızın hüdudlarını da müəyyən etmişdi. İndiki dövrdə artıq həyat yeni inkişaf dinamikası tələb edir. Mən çox şadam ki, Bakının bugünkü mənzərəsində yenə bizim əsas meydanımız olan Azadlıq meydanı iki gözəl otellə əhatə olunub və beləliklə, bu gözəl meydan tamamlanır.

Otelin tikintisi Azərbaycana investorlar tərəfindən göstərilən diqqətin də əlamətidir. Dünya şöhrətli otellər şəbəkələrinin Azərbaycana gəlməsi və fəaliyyətə başlaması Azərbaycanda gözəl investisiya iqliminin təzahürüdür. Biz bütün sahələrdə investisiyaları alqışlayırıq və çox şadam ki, hazırda turizm sektoruna, otelçilik sektoruna sərmayə qoyulur. Təkcə son bir il ərzində şəhərimizdə dörd beşulduzlu otel istifadəyə verilibdir. Bu, dördüncüsüdür və yaxın aylar ərzində Bakıda daha iki beşulduzlu otel açılacaqdır. Hesab edirəm ki, bu, bölgənin tarixində nadir bir hadisədir. Bir il, ilyarım ərzində bir şəhərdə beşulduzlu altı otel yaradılır və bu şəhərin adı Bakıdır. Bakı bu inkişafa layiqdir. Çünki Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının tarixi gözəlliyi vardır. Qədim Bakının gözəlliyi vardır və bu, bizim qürur mənbəyimizdir. Eyni zamanda, gəncləşən, müasirləşən Bakı da dünya miqyasında artıq özünə yer tuta bilibdir.

Otelin ətrafı da abadlaşdırılır. Qonaqlar burada tikilmiş yeraltı keçid vasitəsilə bulvara çıxacaqlar. Bakının tarixi bulvarı buradan, bu nöqtədən başlayır. Tarixi bulvarımızın uzunluğu 3,5 kilometr təşkil edir. Vaxtilə, Sovet İttifaqında məsafə baxımından ən böyük bulvar Bakı bulvarı idi. Ancaq müasir Bakının, müasir Azərbaycanın inkişafı tələb edirdi ki, biz bulvarın da uzunluğunu artıraq. Hazırda yeni bulvarın tikintisi, Bayraq Meydanında dənizkənarı zolaqların tikintisi nəticəsində ayyarım bundan sonra Bakı bulvarının - köhnə, yeni və Bayraq Meydanındakı bulvarın uzunluğu 14-15 kilometrə çatacaqdır.

Bu məqsədlə bulvar üçün yeni kiçik avtobuslar sifariş edilibdir. Bulvardan Bayraq Meydanına qədər dəniz taksiləri işləyəcəkdir. Yəni, doğrudan da şəhərdə elə nadir şərait yaradılır ki, bunun analoqunu tapmaq çox çətindir. Qısa müddət ərzində bu qədər inkişaf, bu qədər investisiyalar doğrudan da ölkəmizin yüksəliş dinamikasını göstərir.

Ölkəmizin bölgələri də inkişaf edir. Bölgələrdə də beşulduzlu otellər tikilir. Şahdağ Qış-Yay Xizək Mərkəzi bu ilin sonunda açılacaqdır. Bu da dünya miqyasında ən gözəl xizək kurortu olacaqdır. Hazırda orada da bir neçə beşulduzlu otel tikilir.

Gələcəkdə Azərbaycana turistlərin gəlişi nəticəsində ölkəmiz dünyanın turizm xəritəsində də öz yerini tapacaqdır. Bu gün bölgənin iqtisadi, siyasi mərkəzi Azərbaycandır. Bu gün qitənin enerji mərkəzi Azərbaycandır. Mən çox istəyirəm ki, Azərbaycan bölgənin və dünyanın turizm mərkəzlərindən birinə çevrilsin. Buna imkanlar vardır.

Bizim çox gözəl ölkəmiz, çox gözəl insanlarımız vardır. Azərbaycan vətəndaşları çox qonaqpərvərdirlər. Xarici qonaqlara həmişə böyük hörmət və diqqət vardır. Gözəl iqlimimiz vardır. Təhlükəsizlik şəraiti çox yaxşıdır. Gecə-gündüz insanlar təhlükəsiz şəraitdə gəzə, dincələ bilirlər. Gözəl coğrafi vəziyyətimiz vardır. Şəhərin infrastrukturu yeniləşir və artıq gözəl, möhtəşəm otellərimiz vardır. İstənilən beynəlxalq tədbiri Azərbaycanda keçirmək üçün çox gözəl şərait vardır.

Mən dünyanın müxtəlif yerlərində olmuşam. Müqayisə aparmaq üçün kifayət qədər imkanlarım vardır. Həmişə çalışmışam ki, biz dünyada ən gözəl təcrübəni Azərbaycanda tətbiq edək, əlbəttə ki, öz xüsusiyyətlərimizi nəzərə almaq şərti ilə. Deyə bilərəm ki, dünya miqyasında çox kiçik bir ərazidə bu qədər gözəl otellərin tikintisinə çox nadir hallarda rast gəlmək olar. Bakıda biz bunu görürük. Bakıda yaşamaq, işləmək, dincəlmək üçün bütün şərait vardır.

Mən, eyni zamanda, şadam ki, “Marriott” oteli memarlıq baxımından da çox gözəldir. Biz buna da daim fikir verməliyik. Çünki bizim gözəl şəhərin özünəməxsus memarlıq ənənələri vardır. Qədim şəhərimizin, burada XIX əsrdə tikilmiş binaların və müasir binaların memarlığı çox gözəldir. Əsas məsələ ondan ibarət idi ki, bu stillərin arasında olan fərqlər ümumi mənzərəni pozmasın, əksinə, ümumi mənzərəyə gözəl məqamları əlavə etsin. Mən hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki Bakıda qədim binalar, müasir binalar bir-biri ilə harmoniya təşkil edir. Bütün işlər böyük zövqlə görülür. Əlbəttə ki, şəhərimizin hər bir guşəsində aparılan quruculuq-abadlıq işləri daim mənim diqqətimin mərkəzindədir.

Biz Bakını bağlar, parklar, bulvarlar şəhərinə çeviririk. Bakı bizim gözəl şəhərimizdir və bu gün tam məsuliyyətlə deyə bilərəm ki, dünyanın ən gözəl şəhərlərindən biridir.

Əlbəttə, belə gözəl otellərin tikintisi, beynəlxalq brendlərin, dünya şöhrətli otel şəbəkələrinin Azərbaycana gəlməsi imkanlarımızı, bizə olan inamı daha da artırır, digər sahələrə investisiyaların qoyuluşunu təşviq edir.

Sual yarana bilərdi ki, nə üçün şəhərdə bir il yarım ərzində beşulduzlu altı otel tikilir? Bu otellər necə işləyəcək? Kifayət qədər qonaq olacaq yoxsa yox? Mən əminəm ki, olacaqdır. Mən əminəm ki, bu beşulduzlu altı otel bizə kifayət etməyəcəkdir. Çünki ölkəmizin, şəhərimizin inkişafı o qədər sürətlə gedir, Bakıya gəlmək istəyənlərin sayı o qədər sürətlə artır ki, mən hesab edirəm gələcəkdə də otellərin tikintisinə böyük ehtiyac vardır.

Ancaq əlbəttə ki, şəhərimizin tarixi, gözəl yerləri vardır. Bu yerlər demək olar ki, artıq tutulub, Azadlıq meydanı, Azneft meydanı, şəhərimizin yuxarı hissəsində artıq beşulduzlu otellər tikilir. Bu otellər arasında sağlam rəqabət aparılacaqdır. İki il bundan əvvəl Bakıda bəlkə bir və ya iki beşulduzlu otel var idi, bir növ monopoliya yaradılmışdı. Ancaq indi sağlam rəqabət şəraitində hər bir brend öz imkanlarını ortaya qoyacaqdır və bir daha demək istəyirəm ki, bu, əlbəttə, bizim ümumi inkişafımıza böyük töhfədir.

Bu, məni çox sevindirir. Mən bu gün çox şadam ki, bu gözəl, müasir, möhtəşəm, böyük zövqlə tikilmiş otel fəaliyyətə başlayır. Əminəm ki, burada çalışan insanlar da hazırlıqlı, peşəkar insanlardır. Əminəm ki, siz də qonaqlara gözəl xidmət göstərəcəksiniz.

Bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm və sizə uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 27 dekabr 2024
16:15
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.

2. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar...

27 dekabr 2024, 16:15