İlham Əliyev Salyan rayonunda Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak etmişdir
14 mart 2012, 13:10
Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunda görülən işlər barədə məlumat verildi. Bildirildi ki, bu yol Kürsəngi, Birinci Varlı, Yolüstü və Yeni Uluxanlı kəndlərinin ərazisindən keçir. Bundan başqa, bu yol daha iki kəndin – Peyk və İkinci Varlı kəndlərinin 10 mindən çox əhalisinin yol probleminin həllinə də təsir göstərəcəkdir. Yolun ümumi uzunluğu 23,5 kilometr, eni 10 metrdir.
Dövlət başçısına məlumat verildi ki, Kürsəngi-Yolüstü yolu Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına təmir edilmişdir.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Prezident İlham ƏLİYEV rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək dedi:
-Gözəl bayram günündə sizi yeni yolun açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
SAKİNLƏR: Çox sağ olun, minnətdarıq.
Prezident İlham ƏLİYEV: Çox gözəl yoldur, beş kəndi birləşdirir. Bu kəndlərdə on mindən çox əhali yaşayır. Rayon icra hakimiyyəti məsələ qaldırmışdı ki, bu yolun tikintisinə ehtiyac vardır. Dərhal göstəriş verdim, vəsait ayrıldı və gözəl yol tikilib.
SAKİNLƏR: Allah köməyiniz olsun. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Əminəm ki, siz bu yoldan rahat istifadə edəcəksiniz. Çünki yol tikintisi əsas məsələlərdən biridir. İndi magistral yollar tikilir. Salyan-Bakı, əslində, Bakı-Astara magistral yolu, eyni zamanda, kənd yolları yenidən qurulur. Bu da çox vacibdir. Son müddət ərzində, keçən il, bu il və gələn il kənd yollarına böyük vəsait qoyulur və qoyulacaqdır.
Bu gün səhər Astarada bir neçə kəndi birləşdirən yeni yolun açılışında iştirak etmişəm. İndi isə Salyanda yolu açırıq. Hər bir bölgədə yeni kənd yollarının tikintisinə dair demək olar ki, hər həftə, hər ay mənim tərəfimdən sərəncamlar imzalanır. Çünki indi biz əsas böyük yol layihələrini başa vururuq. Onların icrası başa çatır. Kənd yolları indi əsas istiqamətdir.
Yaxşı yaşamaq üçün yol, işıq, qaz, içməli su, yaşayış şəraiti, iş yerləri lazımdır. Biz bütün bu işlərlə məşğuluq. Bundan sonra da məşğul olacağıq. Əminəm ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci mərhələsi gələn ilin sonuna qədər uğurla başa çatacaqdır və bütün sosial-iqtisadi məsələlər öz həllini tapacaqdır.
SAKİN: Allah qoysa, Allah Sizin kimi Prezidenti bizə çox görməsin.
Prezident İlham ƏLİYEV: Salyan rayonu da inkişaf edir. Rayon mərkəzi, şəhər gözəlləşir, abadlaşır. Mən keçən il Salyanda olmuşam. Əvvəlki dövrlərdə də olmuşam. Bu mənim Prezident kimi Salyana deyəsən beşinci, ya altıncı səfərimdir. Bu gün gördüklərim məni sevindirir. Gözəl binalar, gözəl yollar, iş yerləri, ticarət yerləri. Şəhərin abadlaşması əlbəttə ki, çox müsbət haldır. Kəndlər də abadlaşmalıdır. Kəndlərdə insanlar yaxşı yaşamalıdırlar. Qazlaşdırma prosesi gedir. Yəqin ki, gələn ilin sonuna qədər Salyan rayonunun bütün kəndləri qazlaşdırılacaqdır. İçməli su layihələri icra edilir. Elektrik enerjisi ilə bağlı problemlər yoxdur. Kənd yollarının tikintisi gedir. Salyanda əvvəlki dövrdə Mərkəzi Rayon Xəstəxanası yenidən qurulmuşdur. Olimpiya İdman Kompleksi, böyük elektrik yarımstansiyası tikilmişdir. Növbəti illərdə rayonun uğurlu inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.
Mən istəyirəm ki, Salyan Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilsin. Buna imkan vardır. Burada abadlıq-quruculuq işləri gedir. Bu, çox sevindiricidir. Bununla paralel olaraq bütün infrastruktur layihələri icra edilməlidir.
Bu gün biz qədim məscidin bərpasından sonra açılışını qeyd etdik. Mənə Salyanın qədim şəhər olduğunu təsdiqləyən tapıntılar göstərildi. Bildiyiniz kimi, burada böyük arxeoloji ekspedisiya işləyibdir. Aşkara çıxarılan tapıntılar alimlərin dediyinə görə 2800 il bundan əvvəlki dövrə aiddir və burada yaşayış yerinin olmasını təsdiqləyir. Mən göstəriş verdim ki, Salyanda gözəl muzey kompleksi yaradılsın. Bu tapıntılar, bu eksponatlar orada nümayiş etdirilsin. Beləliklə, Salyan, eyni zamanda, turizm mərkəzi və tarixi yaşayış yeri kimi yeni inkişaf dövrünü yaşamağa başlasın.
Əvvəlki dövrdə turizmin inkişafı ilə bağlı burada tədbirlər görülmürdü. Ancaq bu tapıntıların aşkarlanması əminəm ki, bizə bu sahədə də işlərin görülməsinə imkan yaradacaqdır.
Salyan məsafə baxımından Bakıya yaxın olan şəhərdir. Bakıdan geri qalmamalıdır. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Salyan da hər cəhətdən Bakıya yaxın olmalıdır.
SAKİNLƏR: Allah qoysa!
Prezident İlham ƏLİYEV: Məsafə baxımından elədir və abadlıq, gözəllik baxımından da elə olmalıdır. Mən Tahir Kərimovu bu rayona təyin edəndə bu göstərişi vermişəm. Əminəm ki, o, salyanlıların və mənim etimadımı bundan sonra doğruldacaqdır.
Rayon sakinləri adından çıxış edən Əlipənah NƏZƏROV bayram günündə onlara bəxş etdiyi sevincə görə Prezident İlham Əliyevə salyanlıların ən xoş arzularını çatdıraraq dedi:
-İcazə verin, Sizi bu ərazinin 40 minlik əhalisi adından salamlayım və Sizə “Xoş gəlmisiniz!” deyim. Açılışına toplaşdığımız bu yol 40 ildən artıqdır ki, baxımsız, bərbad vəziyyətdə idi. Uşaqlar, xəstələr həddindən artıq əziyyət çəkirdilər. Bu yol bizi həm rayon mərkəzi, həm də Bakı şəhəri ilə birləşdirirdi. Şəxsən Sizin Sərəncamınızla, göstərişinizlə bu yol qısa müddətdə bərpa olunub, abadlaşdırılıb. Bu, Prezidentimiz tərəfindən bizə - kənd camaatına əsl Novruz bayramı hədiyyəsidir. Belə bir xalq deyimi vardır ki, axır çərşənbədə kim kimin görüşünə gəlirsə, o adamlar uzun müddət görüşürlər. Biz də Sizinlə axır çərşənbə günündə görüşdüyümüzə, bu gün bizim yanımıza gəldiyinizə görə arzu edirik ki, belə görüşlər tez-tez olsun.
Cənab Prezident, fürsətdən istifadə edərək qarşıdan gələn bayram münasibətilə Sizi, ailənizi, nəvələrinizi təbrik edirəm. Bayramınız mübarək! Sizə uzun ömür, cansağlığı arzu edirik. Amin!
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən əminəm ki, bundan sonra hələ tez-tez görüşəcəyik.
SAKİNLƏR: İnşallah.
Prezident İlham ƏLİYEV: Mən Salyanda tez-tez oluram. Bir məqamı da xatırlatmaq istəyirəm ki, mən 2003-cü ilin prezident seçkiləri kampaniyasını məhz Salyandan başlamışdım. Ulu öndər də seçki kampaniyasını 1998-ci ildə məhz Salyandan başlamışdı. Bu gün isə sizinlə bərabər bu gözəl hadisəni qeyd edirik. Yenə də deyirəm bu, mənim Prezident kimi Salyana beşinci, ya altıncı səfərimdir. Bundan sonra açılışlar çox olacaqdır. Gözəl tədbirlər olacaqdır.
SAKİNLƏR: İnşallah!
Prezident İlham ƏLİYEV: Salyanın gələcək inkişafı ilə bağlı gözəl planlar vardır. Bu gün Tahir Kərimov mənə təqdimat göstərdi. O təqdimatda şəhərin inkişafı, Salyanın müasir şəhərə çevrilməsi planları çox böyükdür, çox təsirlidir. Mən əminəm ki, biz salyanlıların dəstəyi ilə bütün bu məqsədlərə çatacağıq. Salyan Azərbaycanın, bu bölgənin ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bakı artıq dünya gözəlidir. Dünya miqyasında seçilən bir şəhərdir. Bütün şəhərlərimiz gözəlləşməlidir. Bütün şəhərlərdə, kəndlərdə yaxşı yaşayış şəraiti, iş yerləri olmalı, infrastruktur layihələri icra edilməlidir. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Hər bir kəndin sakinləri də yaxşı yaşamalıdır.
Mən bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər hər bir kəndin problemləri həll edilərsə, ölkə qarşısında duran bütün problemlər həll olunacaqdır. Çünki Azərbaycan əhalisinin təxminən yarısı kəndlərdə yaşayır. Biz kənd camaatının rahat yaşaması, kəndlərdə iş yerlərinin açılması üçün böyük işlər görürük. Fermerləri dəstəkləyirik və dəstəkləyəcəyik. Kreditlər, güzəştli şərtlərlə texnika, gübrələr verilir, yollar çəkilir. Gələcək illər üçün də bizim böyük planlarımız vardır. Mən əminəm ki, belə gözəl görüşlər Salyan rayonunda hələ çox olacaqdır. Çünki açılışlar gözlənilir. Biz böyük uğurlara nail ola bilmişik. Gələcəkdə də bizi böyük uğurlar gözləyir.