Heydər Əliyev Fondunun 6 illiyinə həsr olunmuş mərasimdə İlham Əliyevin nitqi

10 may 2010, 21:01
Heydər Əliyev Fondunun 6 illiyinə həsr olunmuş mərasimdə İlham Əliyevin nitqi

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün biz Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünü qeyd edirik. Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun bir amalı var idi – Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq, ölkəmizi irəliyə aparmaq. Bu yolda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzolunmazdır. 1969-cu ildə Azərbaycan sovet respublikaları arasında ən geridə qalmış yerdə idi. Ölkənin bütün sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyədə idi və ümumiyyətlə Azərbaycanın bir müttəfiq respublika kimi inkişafı çox böyük çətinliklərlə üzləşirdi.

Məhz Heydər Əliyevin müdrikliyi və fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə sovet respublikaları arasında ən qabaqcıl yerlərə çıxmışdır. Əgər o vaxt müttəfiq respublikalar arasında cəmi iki respublika özü-özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Bu gün də ölkəmizin inkişafına xidmət edən çox güclü infrastruktur, yeni sənaye sahələri məhz o illərdə - 1970-ci illərdə yaradılmışdır. O illərdə kənd təsərrüfatı inkişaf etmişdir və Azərbaycan vətəndaşları daha da yaxşı yaşamağa başlamışlar. O illərdə bütün səylər qoyulmuşdur ki, Azərbaycanda yeni müəssisələr, fabriklər, zavodlar yaradılsın, yeni yollar, dəmir yolları salınsın. Məhz bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevə daim çox böyük məhəbbətlə və inamla yanaşırdı. Bu məhəbbət və inam daim Azərbaycan xalqının qəlbində yaşayır.

1982-ci ilin sonlarında Heydər Əliyev Moskvaya dəvət olundu. Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu, Siyasi Büroya üzv seçildi və onun həyatında yeni dövr başladı. Ancaq mən o günləri çox yaxşı xatırlayıram və bilirəm ki, o, Azərbaycandan getmək istəmirdi. Baxmayaraq ki, ona böyük etimad göstərilmişdi, tarixdə ilk dəfə olaraq azərbaycanlı Sovet İttifaqının ən məsul, ən vacib vəzifələrindən birinə təyin edilirdi. Ancaq buna baxmayaraq, onun ürəyi Azərbaycanda qalmışdır. Ulu öndər o vaxt deyirdi ki, mən Azərbaycanda hələ çox iş görməliyəm. Ancaq, eyni zamanda, onu da yaxşı dərk edirdi ki, Moskvada yüksək vəzifədə Azərbaycana daha da çox kömək göstərə bilər. Beş il ərzində - 1982-1987-ci illərdə Azərbaycanın inkişafı üçün ölkə miqyaslı çoxsaylı qərarlar, qətnamələr qəbul edilmişdir. O vaxt respublikamızın müxtəlif sahələrini inkişaf etdirmək üçün praktiki addımlar atılmışdır. O, bütün o illər ərzində çalışırdı ki, Azərbaycana kömək etsin ki, Azərbaycanda işlər daha da yaxşı getsin.

Ancaq buna baxmayaraq, Heydər Əliyevin o vaxt Azərbaycanda olmaması tədricən respublikanı tənəzzülə uğratdı. 1982-1987-ci illərdə hələ ki, inersiya davam edirdi və respublikada proseslər ümumiyyətlə, müsbət istiqamətdə gedirdi. Ancaq buna baxmayaraq, artıq o qətiyyət, o iradə yox idi. Həlledici anlarda Heydər Əliyevin yoxluğu əlbəttə ki, respublikanı çox böyük problemlərlə üzləşdirdi.

1987-ci ildə bütün vəzifələrdən istefa verəndən sonra Azərbaycana təzyiqlər daha da çoxaldı. Onun vəzifədən getməsindən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycan Respublikasından ayırmaq və Ermənistana birləşdirmək planlarını açıq şəkildə büruzə verdilər. O vaxta qədər onların fəaliyyəti məxfi xarakter daşıyırdı. Müxtəlif lobbiçilik fəaliyyəti nəticəsində həm xaricdə, həm Sovet İttifaqında müxtəlif yollarla ictimai rəy yaratmağa çalışırdılar ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir, Azərbaycan Respublikasında Dağlıq Qarabağın problemlərinə fikir verilmir və buna görə Dağlıq Qarabağ Azərbaycandan ayrılmalıdır.

Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu meyillər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən o vaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı.

Beləliklə, Azərbaycana qarşı müxtəlif yerlərdən təzyiqlər başladı və tədricən Azərbaycanda vəziyyət çox gərginləşdi. Azərbaycanı daha da çətin vəziyyətə salmaq üçün respublikanın rəhbərliyinə Azərbaycan xalqına yad olan antimilli qüvvələr gətirilmişdi. Onların əli ilə xalqımıza qarşı cinayətlər törədildi. Azərbaycan xalqına qarşı cinayətlər, eyni zamanda, daxili milli xainlər tərəfindən törədilmişdir. Əlbəttə ki, Ermənistan tərəfi bu vəziyyətdən istifadə etdi və Azərbaycana qarşı açıq müharibəyə başladı. O illər, demək olar ki, bizim üçün həlledici illər idi. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi.

O illərdə - 1987-1993-cü illər ərzində Azərbaycanın demək olar ki, bütün yerlərində qeyri-sabit vəziyyət, özbaşınalıq, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. O vaxt Azərbaycanda sabitliklə fərqlənən yeganə yer Naxçıvan Muxtar Respublikası idi. O da ona görə idi ki, xalqın tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri seçildi. Bir tərəfdən, erməni qəsbkarlarına qarşı onun rəhbərliyi altında müqavimət göstərilirdi və Naxçıvana edilən ərazi iddialarına qarşı naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında çox qətiyyətli cavab verdilər və işğalçıları yerinə oturtdular. Digər tərəfdən, o vaxt Azərbaycandakı rəhbərlik bütün yollarla çalışırdı ki, Naxçıvanda Heydər Əliyevin mövqelərini sarsıtsın və onu orada rəhbərlikdən uzaqlaşdırsın.

Ancaq xalq həm Naxçıvanda, həm bütövlükdə Azərbaycanda həlledici sözünü dedi. Azərbaycanda vətəndaş müharibəsi başlanandan sonra artıq Naxçıvana, Heydər Əliyevə kütləvi qaydada müraciətlər gəlməyə başlamışdır ki, təkcə ona ümid bəslənilir və təkcə o, Azərbaycanı bu ağır vəziyyətdən xilas edə bilər. O vaxt xalqımızın, müstəqilliyimizin taleyi həll olunurdu. Azərbaycan XX əsrdə bir dəfə müstəqilliyini qazandı. Ancaq o müstəqillik çox çəkmədi. İki ildən sonra müstəqillik xarici qüvvələrin, o cümlədən daxili antimilli qüvvələrin səyləri və antimilli hərəkətləri nəticəsində əlimizdən alındı.

1993-cü ildə də oxşar vəziyyət yaranmışdı. Müstəqilliyimizin cəmi iki yaşı var idi. Ancaq artıq Azərbaycanın müstəqilliyi şübhə altına qoyulurdu. Ölkəmizə qarşı ərazi iddiaları artıq torpaqlarımızın işğalına gətirib çıxardı. Şuşanın, Laçının, Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yarandı. Belə ağır vəziyyətdə Azərbaycanın ümumiyyətlə gələcək inkişafı şübhə altında idi. Biz müstəqil ölkə kimi yaşaya biləcəyik, yoxsa yox?! Azərbaycan xalqı müstəqil xalq kimi öz müqəddəratını özü müəyyən edə biləcək, yoxsa yox?! Bu suallar o vaxt havada idi, o suallar verilirdi.

Azərbaycan xalqı o vaxt ölkəmizin taleyi üçün həlledici anda düzgün seçim etmişdir. Öz liderinə üz tutub Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etmişdir və 1993-cü ildən Azərbaycanda inkişaf, sabitlik və tərəqqi dövrü başladı. İlk növbədə, vətəndaş müharibəsi dayandırıldı, bütün qanunsuz birləşmələr tərki-silah edildi, ölkədə sabitlik yaradıldı və Azərbaycan bu sabitlik əsasında inkişaf etməyə başlamışdır.

O vaxt Azərbaycan xarici investorlar üçün çox riskli bir yer kimi tanınırdı. O vaxt - 1994-cü ildə dünyanın aparıcı enerji şirkətlərini Azərbaycana cəlb etmək və onları inandırmaq ki, sərmayələri burada qorunacaq və bu sərmayələr onlara xeyir gətirəcək,- çox böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O, buna nail oldu və Azərbaycan tarixində ən önəmli hadisələrdən biri – “Əsrin müqaviləsi”nin imzalanması 1994-cü ildə baş verdi. Ondan sonra Azərbaycana dünya birliyi tərəfindən inam artdı. Azərbaycana böyük sərmayələr qoyulmağa, ölkədə məhz Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə siyasi və iqtisadi islahatlar icra edilməyə başlanmışdır. Bütün sahələrdə inkişaf meyilləri güclənmişdir, tənəzzülün qarşısı alınmışdır və Azərbaycan uğurla inkişaf etməyə başlamışdır.

Biz o günləri, o illəri yaxşı xatırlayırıq. O yolda hələ 1996-cı ilə qədər Azərbaycanı sevməyən, Azərbaycan dövlətçiliyinə düşmənçilik mövqeyində dayanan dairələri yaxşı xatırlayırıq. Azərbaycanda vəziyyəti qarışdırmaq, sabitliyi pozmaq, hətta dövlət çevrilişlərinə cəhd etmək prosesləri də bizim yadımızdadır.

Ancaq Azərbaycan xalqı öz lideri ətrafında birləşərək, bütün bu xoşagəlməz hadisələrin qarşısını aldı və bu gün Azərbaycan ən sürətli inkişaf edən ölkədir.

1993-2003-cü illər ölkəmizin gələcəyi üçün həlledici illər olmuşdur. On il ərzində görülmüş işlər bir əsr ərzində görülmüş işlərə bərabərdir. Çünki Azərbaycanın gələcəyi həll olunurdu. Xalqımız, nəhayət uzun onilliklər, əsrlərdən sonra müstəqillik şansını əldə etmişdir. Əsrlər boyu Azərbaycan xalqı başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdır, bəzi dövrlərdə müstəmləkə kimi yaşamışdır. Ancaq öz milli mənliyini, milli ruhunu, ana dilini qoruya və saxlaya bilmişdir. Dövlətimiz bu möhkəm əsas üzərində quruldu.

Bütün başqa sahələrdə gördüyü işlərlə bərabər, dövlət quruculuğu Heydər Əliyev tərəfindən görülən işlərin arasında ən yaddaqalandır. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycan dövləti quruldu. Müstəqil Azərbaycan dövləti quruldu və bu gün də uğurla yaşayır, inkişaf edir, müstəqil siyasət aparır, Azərbaycan xalqı üçün yeni imkanlar açır.

Məhz həmin 10 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi, Azərbaycan dünya birliyinə çox uğurla inteqrasiya edə bildi və dünyada etibarlı tərəfdaş, dost ölkə kimi tanındı. O illərdə bütün sahələrdə inkişaf, canlanma və tərəqqi müşahidə olunurdu.

Bir də demək istəyirəm ki, o illər ərzində Azərbaycanın bugünkü inkişaf strategiyası müəyyən edilmişdir. Ən önəmlisi ondan ibarətdir ki, Heydər Əliyev siyasəti bu gün də yaşayır və bundan sonra da yaşayacaqdır. Mən yaxşı xatırlayıram ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına söz vermişdim ki, əgər Prezident vəzifəsinə seçilsəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Mən böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Bu gün Azərbaycanda görülən işlər ölkəmizi gücləndirir. Azərbaycan bölgədə öz mövqelərini tam şəkildə möhkəmləndirə bilibdir, dünyadakı mövqelərimiz daha da güclüdür. Ölkəmizdə aparılan islahatlar və siyasət Azərbaycanın milli maraqlarını tam şəkildə müdafiə edir.

Heydər Əliyevin ideoloji əsasları Azərbaycanda tam şəkildə bərqərar olunubdur. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, Azərbaycançılıq fəlsəfəsi, Azərbaycançılıq ideologiyası, güclü milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması - bütün bu proseslər Azərbaycanda çox uğurla davam edir. Artıq Azərbaycan keçid dövrünü başa vurubdur.

Biz irəliyə gedirik. Biz inkişaf etmiş ölkələrin sırasında olmalıyıq. Bizim siyasətimiz buna yönəldilibdir. Son 6-7 il ərzində bütün göstəricilər onu çox gözəl şəkildə, əyani şəkildə göstərir. Bizim büdcə gəlirlərimiz 10 dəfədən çox artıbdır. İqtisadiyyat 2004-2009-cu illərdə - 6 il ərzində, təxminən 3 dəfə artıbdır ki, bu, heç bir ölkədə heç vaxt olmayıbdır. Yoxsulluq şəraitində yaşayanların sayı 49 faizdən 11 faizə düşübdür və əminəm ki, bu sosial bəla yaxın zamanlarda, ümumiyyətlə Azərbaycanda aradan qaldırılacaqdır. Son 6-7 il ərzində 900 minə qədər yeni iş yeri açılmışdır. Bütün ölkədə abadlıq-quruculuq işləri aparılır, infrastruktur layihələri icra edilir.

Heydər Əliyevin neft strategiyası uğurla davam etdirilir. Onun təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildən istismardadır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci ildən istismardadır. Azərbaycan yeni bazarlara çıxır. Bizim enerji siyasətimiz həm ölkədaxili tələbatı tam şəkildə ödəyir, eyni zamanda, Azərbaycan başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəsini verir və gələcəkdə bu töhfə daha da böyüyəcəkdir. Çünki biz bütün lazımi tədbirləri gördük və Heydər Əliyevin neft strategiyasını neft-qaz sənayesində uğurla icra etməklə öz maraqlarımızı maksimum şəkildə müdafiə edə bilmişik.

Ölkədə bütün sahələrdə inkişaf, tərəqqi vardır və bu gün biz öz siyasətimizi uğurla davam etdiririk. Qarşıda duran bütün vəzifələr, bütün proqramlar vaxtında icra edilir. Mən heç şübhə etmirəm ki, növbəti illərdə Azərbaycan öz uğurlu inkişaf dinamikasını saxlayacaqdır.

Ölkəmizdə aparılan islahatlar təkcə Azərbaycan xalqı tərəfindən deyil, dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan bu gün rəqabət qabiliyyətliliyinə görə və informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində MDB məkanında birinci yerdədir, paytaxtımız Bakı dünyanın ən gözəl şəhərlərinin sırasındadır. Bizim başqa şəhərlər də abadlaşır. Hara getsən, hansı tərəfə getsən inkişaf, tərəqqi, abadlıq, gözəllik görürsən. Budur, bugünkü Azərbaycan reallıqları. Bütün bu işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik. Öz milli liderimizin vəsiyyətinə sadiqik. Azərbaycanı etibarlı şəkildə idarə edirik. Azərbaycanı uğurla inkişaf etdiririk və heç şübhə etmirəm ki, Azərbaycanın uğurlu və hərtərəfli inkişafı bundan sonra əbədi olacaqdır.

Biz müstəqilliyimizi möhkəmləndirəcəyik, müstəqil siyasətimizi gücləndirəcəyik. Azərbaycan xalqı öz taleyinin sahibidir. Azərbaycan dövləti Azərbaycan xalqının iradəsi ilə idarə olunur. Bütün gələcək planlarımızın həyata keçirilməsi üçün Heydər Əliyev siyasəti davam etməlidir. Bu gün Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır.