İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib

05 oktyabr 2020, 10:40
İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib.

-Cənab Prezident və Ali Baş Komandan İlham Əliyev, “TRT Haber”ə xoş gəldiniz. Zaman ayırdığınız üçün təşəkkür edirəm. İşğal altındakı torpaqlarınızdan bu günədək nə qədəri geri alınıb. Hərəkat bu anda hansı mərhələdədir və planladığınız çərçivədə gedirmi?

-Bəli, hər şey plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir.

Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur.

-Atəşkəs çağırışlarına cavab verərkən heç bir ölkə liderinə zəng etmədiyinizi, sadəcə, danışmaq istəyənlərlə vəziyyəti dəyərləndirdiyinizi bildirdiniz. Ermənistanın baş naziri Paşinyanın isə adəti üzrə yalvardığını, bir çox dövlət başçısına zəng etdiyini vurğuladınız. Keçmiş təcrübələriniz əsasında bu dəfə başqa ölkələrin atəşkəs çağırışlarının nəticə verəcəyini düşünürsünüzmü?

-Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günə qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələr davam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin əsasında davam edəcək, bunlar bizə deyilmir. Biz bu müzakirələrdə artıq 30 ilə yaxındır ki, iştirak edirik və ümidlərlə iştirak edirdik. Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdə iştirak etməzdik. Hər zaman müzakirələr mövcud olan prinsiplər əsasında gedirdi. Bu prinsiplərin arasında Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi vardır. İşğal altında olan bölgələrin mərhələli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra da sülhün təmin olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünkü Ermənistan bütün əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri pozaraq bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum əməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz. Bizim tələblərimiz var. Mən bunu artıq rəsmən bəyan etmişəm. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki, yəni cədvəli bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun. Bəzi vasitəçilər istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə 1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi? Bütün bu suallar havada qalır. Bu suallara cavab yoxdur. Bu gün Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, nəbadə irəliyə getməyin, ara verin. Müharibənin öz qaydaları, öz qanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var. Biz ara versək, qarşı tərəf toparlanacaq, əlavə qüvvə yığacaq. Onsuz da onların çıxışlarında göstərilir ki, Ermənistanın xaricində yaşayan erməniləri də onlar bu müharibəyə cəlb edirlər. Beləliklə, bu müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək istəyirlər. Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq. Amma müəyyən şərtlər var ki, onları da mən açıqlamışam.

-Açıqlamısınız. Zəmanət verilirsə dediniz, hansı zəmanəti nəzərdə tutursunuz?

- Birinci zəmanət. Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olunacaq, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq. Amma biz bilməliyik ki, bu, nə zaman olacaq. Çünki biz 30 ildir ki, gözləyirik, 30 il bizə verilən vədlər, deyilən sözlər həyatda reallaşmır, gerçəkləşmir. Azərbaycan xalqı artıq buna dözə bilmir, Azərbaycan dövləti dözə bilmir. Bizə konkret, real tarix deyilməlidir ki, onlar nə zaman hansı bölgədən çıxacaqlar.

-İndi dediyiniz 30 il ərzində bu günə qədər bir çox söz verildi. Bundan sonra veriləcək sözə necə güvənəcəksiniz?

-Elə onun üçün mən söyləyirəm ki, sözdən başqa, bizə konkret tarix verilməlidir. Əgər o tarixdə, - bilmirəm veriləcək, verilməyəcək, - veriləcək tarixdə Ermənistan silahlı qüvvələri bəlli olan bölgələrdən çıxmazsa, o zaman biz də atəşkəsə riayət etməyəcəyik.

-Qarşıdurmalar daha böyük müharibəyə, böyük regional böhrana yol aça bilərmi? Narahatlığınız varmı?

-Bunu onsuz da Ermənistan istəyir. Onların çirkin əməlləri buna hesablanıb. Biz hesab edirik ki, buna yol vermək olmaz. Bu müharibə Azərbaycanla Ermənistan arasında olan müharibədir. Bu müharibəni biz başlamamışıq. Biz bu müharibənin səbəbkarı deyilik. Biz, sadəcə olaraq, özümüzü müdafiə edirik və öz torpaqlarımızı geri istəyirik. Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur. İyul ayında Ermənistan-Azərbaycan sərhədində ermənilər tərəfindən başlanan qarşıdurmalar nəticəsində Azərbaycan Ordusu Ermənistan torpağına keçmədi, halbuki ora keçə bilərdik. Onlara çox güclü zərbələr endirdik və onlar da geri çəkildi. Bizim qarşımızda heç bir maneə, heç bir əngəl yox idi. Biz onu etmədik. Çünki mən söylədim ki, bizim Ermənistan Respublikasının torpaqlarında hər hansı bir hərbi hədəfimiz yoxdur. Ermənistan isə bu gün Azərbaycana Ermənistan ərazisindən hücum edir. Bax, dünən Gəncəyə zərbələr Ermənistan ərazisindən vuruldu, Mingəçevirə zərbələr vuruldu. Bizim orada böyük stansiyamız var. Mərmilərdən biri stansiyanın yanına düşdü. Doğrudur, onların mərmiləri elə mərmilərdir ki, - siz mühümmat deyirsiniz mərmilərə, - onların bəziləri partlamadı. Bəzilərini isə bizim hava hücumundan müdafiə qurğularımız havada məhv etdi. Onlar bizi bu təxribata çəkirlər ki, biz də Ermənistana hücum edək, Ermənistana zərbələr endirək. Ondan sonra da çıxıb bütün dünyaya desinlər ki, Azərbaycan bizə hücum edir, gəlin Ermənistanı xilas edin, yəni Ermənistan canını qurtarır.

-Ermənistanın beynəlxalq hüquqla çərçivələnmiş sərhədlərində bu hücumlar davam edərsə, vaxt gələrsə, yenə bugünkü mövqeyinizi qoruyacaqsınız, yoxsa..?

-Bunu demək hələ tezdir. Biz qarşıdurmaların gedişinə baxacağıq. Hər halda, bizə vurulan hər bir zərbənin mənbəyi bizim üçün qanuni hədəfdir, legitim hədəfdir. Biz bu hədəfləri vurmağa məcbur olacağıq. Bu gün Azərbaycan Ordusu yalnız hərbi hədəfləri vurur. Bu, videogörüntülərdə artıq hər kəs üçün aydındır, hər kəs bunu görə bilir. Biz yalnız Ermənistanın işğalçı ordusuna qarşı döyüşürük. Mülki əhaliyə qarşı heç vaxt döyüşməmişik. Bu gün də etmirik və etməyəcəyik.

- Qaşaltı Qaraqoyunluda gördüm, ikisi uşaq olmaqla, beş Azərbaycan vətəndaşı qətlə yetirildi. Azərbaycan Ordusunun 27 sentyabr erməni hücumlarına cavab verməsi ilə başlayan hərəkatın son hədəfi artıq bəllidir: Dağlıq Qarabağın Ermənistanın işğalından qəti şəkildə azad edilməsi, təmizlənməsi, boşaldılması. Siz ilk gündən etibarən dediniz ki, bundan sonra döyüşlər ancaq Azərbaycanın işğal altındakı torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxması ilə dayandırılacaq. Hələ də eyni mövqedəsiniz, düzgünmü anlayıram?

-Bəli, mənim mövqeyimdə hər hansı bir dəyişiklik yoxdur. Biz bu məsələni tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır və bütün tarixi sənədlər, bütün tarixi abidələrimiz bunu göstərir. Eyni zamanda, biz həmişə müzakirə masasında çox müsbət davranış nümayiş etdirmişdik və müzakirə masasında olan təkliflər də bu məsələnin həllini mümkün edir. Orada göstərilir ki, mərhələli həll olmalıdır. İlk mərhələdə ermənilər beş bölgədən çıxır, sonrakı mərhələdə daha iki bölgədən çıxır, ondan sonra vaxtilə Dağlıq Qarabağın ərazisindən qovulmuş azərbaycanlılar Dağlıq Qarabağa qayıdır, o cümlədən Şuşaya qayıdır, iki toplum çərçivəsində artıq həyat bərpa edilir, Ermənistan-Azərbaycan arasındakı sərhəd açılır, ticarət başlanır, ondan sonra insanlar bir-biri ilə təmasa girirlər və beləliklə, sülh gələcək. Yəni bu, bizim mövqeyimizdir və bu, beynəlxalq vasitəçilərin, həmsədrlərin də münasibətidir. Ermənistan bunu qəbul etmir. Bundan əlavə Ermənistanın müdafiə naziri bir neçə ay öncə demişdir ki, biz yeni torpaqlar uğrunda yeni müharibəyə başlamalıyıq.

-Qısa adı ATƏT olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun 3 həmsədr ölkəsi var – Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa. Sizə atəşkəs çağırışı etdilər. Cavabınız dəyişdimi? Şərtiniz yerinə yetirilmədiyi təqdirdə, yəni işğal altındakı torpaqlardan ermənilərin çəkilmədikləri müddətdə hər hansı atəşkəs ehtimalı varmı?

-Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Mən bunu sizə bu gün bir daha dedim. Hətta biz ona da hazırıq ki, əgər bizə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri verilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar. Amma onu da bilməliyik ki, atəşkəsi bərpa etmək o qədər də asan məsələ deyil. Çünki atəşkəs birtərəfli bərpa edilmir və bu anda çox ciddi şiddətli döyüşlər gedir. Hər iki tərəf yerlərdə olan əsgər və zabitlərə təlimat verməlidir. Biri buna əməl edəcək, o biri əməl etməyə bilər. Yəni o, çox çətin bir prosesdir. Ancaq əgər o çıxma tarixi bizə verilərsə təbii ki, biz bu təlimatı verəcəyik. O zaman Minsk qrupunun həmsədrləri və digər ölkələr, mümkün olan ölkələr buna qoşularsa, atəşkəs bərpa oluna və beləliklə, bu döyüşlərə son qoyula bilər.

-Mümkün olan ölkələr deyərkən nəyi nəzərdə tutursunuz?

- Türkiyəni. Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyük potensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanın qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə təbii ki, Türkiyə bu işlərdə fəal olmalıdır və mən fürsətdən istifadə edərək, bizim bütün türk qardaşlarımıza öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istəyirəm, başda əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğan olmaq şərtilə. Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil. Odur ki, biz - bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq. Eyni zamanda, bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibəti çox önəmlidir. Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır. Təbii ki, sülh prosesi başlanacaq, müharibə daim aparıla bilməz və bu, nə qədər tez olsa, o qədər də yaxşıdır. Məhz, bizim fikrimiz bundan ibarətdir və beləliklə, artıq bu bölgədə uzunmüddətli dayanıqlı sülh təmin edilə bilər.

-Cənab Prezident, Minsk qrupunun həmsədrləri deyərkən Fransanı ayrı bir yerə qoyursunuz.

- Fransa özünü ayrı yerə qoyur, mən qoymuram. Bütün prosesdə biz həmsədrlərə eyni gözlə baxmışıq və mən dəfələrlə rəsmi çıxışlarımda demişdim ki, hər bir ölkə ilə Azərbaycanın ayrı münasibətləri var, təbii ki, bu münasibətlərin səviyyəsi fərqlidir. Amma, eyni zamanda, bu məsələdə biz bu ölkələri bir-birindən ayırmırıq və bu ölkələr deməliyəm ki, bütün proses boyunca son olaylara qədər vahid bir mövqedən çıxış edirdi, bitərəf idi, yəni tərəf tutmurdu. Halbuki biz bilirdik ki, bəlkə də bunların ürəyində tərəftutma var. Bu da təbiidir. Amma rəsmi addımlarda və bizimlə təmaslarda heç zaman bunu göstərmirdilər.

- Fransa Prezidenti Makronu üzr istəməyə dəvət etdiniz.

- Bəli, təbii, çünki bizə qarşı ittiham irəli sürdü. Olmayan şeyləri üstümüzə atdı. Bu, bizim ölkəmiz üçün qəbuledilməzdir.

-Hansı ittihamları?

- Deyib ki, Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçuları gətirib. Onun açıqlamasında bu, var. Ondan sonra bir açıqlamasında demişdir ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Dağlıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilərmi? Yəni, həmsədr bilmirmi ki, bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi yerlə-yeksan ediblər. Ağdamın, Füzulinin görüntülərinə baxın. Bizim yarıdağılmış məscidlərimizdə donuz, inək saxlayır. Bütün müsəlmanları təhqir edir. Görmürlərmi bunu? Ona görə “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” sözləri qəbuledilməzdir. Ona görə Fransa özü-özünü artıq bu bərabər üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik.

-Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı tarixi qərarları var.

-Təbii, özü səs vermişdi. Özü 1993-cü ildə səs vermişdi, yəni öz səsinə hörmət etsin.

- İcazənizlə, daha bir neçə sualım olacaq. İstər cəbhə xəttinə uzanan quru yolları üzərində, istər olduğumuz şəhər və kəndlərə baxdığımızda, istərsə də paytaxt Bakıda dünən axşam gördük ki, Azərbaycan bayrağının yanında Türkiyənin bayrağı dalğalanır. Evlərdə, iş yerlərində, avtomobillərdə, hər yerdə. Türkiyədə də bənzər bir mənzərə var, bəlkə xəbərlərdə görmüsünüz. Cəbrayıldakı zəfərdən sonra Türkiyənin dörd bir yanında küçələrə axışıb qardaş Azərbaycana böyük dəstək nümayişləri var idi.

-Doğrudur. Biz qürur duyuruq. Bu, təbiidir. Bizim qardaşlığımız əbədidir və bizim qardaşlığımız bütün sınaqlardan keçib. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Mən dəfələrlə bu mövzu ilə bağlı öz sözlərimi demişdim. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təşkil olunan birgə mətbuat konfranslarında dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi. Bu, ürəkdən gələn duyğulardır. Bizim birliyimiz bizim tariximizə əsaslanır, ortaq etnik köklərə, dilimizə, dinimizə, qardaşlığımıza əsaslanır. Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır.

- Bu arada, Pakistanı da xatırlatmaq istəyirəm. Onların da bayraqlarını hər bir yerdə görürəm. Rusiya harada durur Sizcə? Çünki Rusiya xüsusi bir önəmə sahibdir.

- Mən fürsətdən istifadə edərək, bizim digər dost-qardaş ölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi. Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə təbii ki, onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir.

Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətlərimiz uğurla inkişaf edir. Bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Hər iki ölkə bu münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır və bu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır. Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil. Halbuki Ermənistan buna çox ümid edirdi. Ermənistanın bu toqquşmanı bölgənin xaricinə çıxarmaq məqsədi də Rusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırda Ermənistan ərazisindən niyə hücum edir? Məhz ona görə ki, biz də hücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin baş katibliyinə müraciət etsin və desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizə yardım edin. İyul ayında, niyə onlar bu təxribatı Ermənistan-Azərbaycan sərhədində törətdilər? Tovuz Qarabağ bölgəsindən uzaq məsafədə yerləşir. Orada onların hansı hədəfləri var idi - bir hədəfi ki, biz hücum edək, biz dövlət sərhədini keçək, - mən dedim bizdə belə bir fürsət var idi, - və ondan sonra müraciət etsin o təşkilata ki, gəlin bizimlə bərabər Azərbaycana qarşı vuruşun. Yəni, Rusiyanı bu işlərə cəlb etmək istəyir və bu, növbəti təxribatdır, mən əminəm ki, buna müvəffəq olmayacaq.

- İyul ayında Ermənistan Tovuza hücum edərkən daha başqa bir şeyi hədəfləmiş ola bilərdimi? Misal üçün, hədəfdə enerji təhlükəsizliyini zəiflətmək ola bilərdimi? TANAP, Bakı-Tbilisi-Ceyhan xətləri ağlıma gəlir.

- Bəli, təbii ki, o da ola bilərdi. Bir neçə hədəfi var idi. Çünki ondan öncəki dönəmdə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi vurmağa hazırdırlar - Səngəçal Neft-Qaz Terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində hücumun bir məqsədi də o idi ki, onlar test edirdilər, haraya qədər girə bilərlər. Çünki orada onların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycan torpaqlarını işğal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə almaq idi. Ancaq bu, alınmayanda geri çəkildilər, bütün vasitəçilərdən imdad dilədilər. Mən də söylədim ki, Ermənistan torpaqlarında bizim hədəfimiz yoxdur. Ona görə dörd gündən sonra hücum dayandı.

Başqa bir səbəb ola bilər. Mən bununla bağlı öz fikirlərimi bildirmişdim. Hazırda Ermənistanda çox dərin böhran yaşanır, həm siyasi, həm iqtisadi. Bu böhran nəticəsində Ermənistanda siyasi əlaqələr pozulub. Çünki indi Paşinyan hakimiyyəti əsas müxalifət liderlərini həbsə atdırır. Misal üçün, əsas müxalifət partiyasının sədrini deputat toxunulmazlığından məhrum etdi, həbsə atdı. İki keçmiş prezidentə qarşı cinayət işi açıldı. Söz azadlığı, sərbəst toplaşma azadlığı yoxdur. Konstitusiya Məhkəməsini zor gücü ilə məhv etdi, öz adamlarını gətirdi. Ona görə Ermənistanın daxilində artıq çox ciddi bir narahatlıq var. Paşinyan ictimai fikri yayındırmaq üçün bu hücumu təşkil edir. Rusiyanı cəlb etmək, strateji infrastrukturumuzu məhv etmək, daxildəki vəziyyəti sabitləşdirmək və Azərbaycan torpaqlarının bir qismini işğal etmək və ondan sonra müzakirələrdə öz mövqeyini gücləndirmək.

-Hörmətli Prezident, icazənizlə son iki sualımı vermək istərdim. İndi bu cür münaqişə, savaş və böhranların olduğu bölgələrdə qara təbliğat da meydana çıxır. Ermənistan hücumlarını başladığı gündən etibarən bu mövzuda - qara təbliğat mövzusunda nə kimi müşahidələriniz oldu. Dəyərləndirmənizi xahiş edə bilərəmmi?

-Bilirsiniz, Azərbaycana qarşı qara təbliğat bir dəqiqə, bir saniyə dayanmır. Bunun bir neçə səbəbi var. Birincisi, erməni lobbisi bizə qarşı daim hərəkətdədir. Azərbaycanı qaralamaq, bizim üstümüzə ləkə atmaq, bizim imicimizi korlamaq səyləri dayanmır. Dünyanın bir çox ölkələrində erməni lobbiləri var. Bu, heç kəs üçün sirr deyil. Müntəzəm olaraq mütəmadi qaydada bizə hücum edirlər. Olmazın yalanlarını, iftiralarını uydururlar. Bu münaqişə dönəmində təbii ki, erməni lobbisi bütün gücünü səfərbər edib və bizə qarşı yeni qara təbliğat səylərini ortaya qoyubdur. Ancaq bizə yapışmır. Mən demişəm, dəlil verin, sübut verin, fakt verin. O cümlədən Fransa prezidentinə, - o mənə telefonla iki dəfə zəng etmişdi, - dedim ki, fakt verin. Sentyabrın 27-dən artıq 8 gün keçir.

- Makron nə deyir?

- Heç nə demir, deyir ki, bizdə kəşfiyyat məlumatı var. Dedim verin bizə, haradadır bu kəşfiyyat məlumatı? Yoxdur bu, ola da bilməz.

- Sizin kəşfiyyatınız Ermənistanla bağlı nə deyir?

- Hansı mövzuda?

- Əlinizdəki kəşfiyyat materiallarında, Ermənistandakı xarici güclərdən bəhs edilir. Livandan, Suriyadan gələn...

-Bizdə təbii ki, belə məlumatlar var və bu məlumatlar əsaslıdır, artıq onlar dəqiqləşdirilir. Biz çox məsuliyyətli dövlət olduğumuz üçün rəsmi bəyanatlarda buna toxunmuruq. Təbii ki, mediada, ondan sonra siyasətçilər, politoloqlar arasında belə məlumatlar dolaşır. Amma biz bunu gərək təsdiqləyək. Bizdə əvvəldən kəşfiyyat məlumatı var idi ki, Dağlıq Qarabağa terrorçular gətirilib yetişdirilir, onlara təlim keçilir.

-Hansı terror qruplaşmaları?

-PKK terror qruplaşmaları. Bu barədə çoxlu məlumatlar var idi. Hələ bir neçə il bundan öncə biz bu məsələni beynəlxalq platformalarda qaldırırdıq. Onlar təlim alır və istisna edilmir ki, bu gün də var. Sadəcə olaraq, mənim əlimdə yüzdə yüz fakt olandan sonra bunu deyəcəyəm. Bu gün ehtimal çox böyükdür. Amma Ermənistandan və bəzi başqa ölkələrdən fərqli olaraq biz 100 faiz təsdiqini tapmamış məlumatı ortaya atmırıq.

Bir misalı da gətirə bilərəm, bizə qarşı iddia qaldırdı ki, Türkiyənin F-16 təyyarəsi Ermənistanın SU-25 təyyarəsini vurdu. Dedim ki, sübut verin. Bizdə məlumat var, bunu bütün bu qara təbliğatın üzvləri ortaya atdılar. İndi özləri gördülər ki, bu, yoxdur. Amma bir adam bizdən üzr istədimi? Xeyr. Bizə böhtan atdılar, ləkə vurdular, ondan sonra gördülər ki, bu, yalandır. Amma üzr istə.

-Bəli, silahlı pilotsuz uçuş aparatlarının Azərbaycan Ordusunun sərəncamına verilməsi yanılmıramsa bu hərəkatın gedişinə çox təsir etdi.

- Doğrudur. Bunun çox böyük təsiri var. Maşallah, bu silahlı uçuş aparatları dünyanın ən yüksək səviyyəsində olan aparatlardır və onların Azərbaycan Ordusunda olması bizim ordumuzu böyük dərəcədə gücləndirmişdir. Bu aparatlar bizə böyük imkanlar yaratdı və eyni zamanda, canlı qüvvə itkisinin çox da böyük olmamasına gətirib çıxardı. Çünki əgər bu imkanlar bizdə olmasaydı, Ermənistanın Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda 30 il ərzində qurduğu istehkamları, tankları, topları, yaylım atəş qurğularını məhv etmək daha çətin ola bilərdi. Daha çox insan həlak ola bilərdi. Ona görə bu mükəmməl texnoloji intellektual məhsul Türkiyə xalqının potensialını göstərir. Biz o ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz var. Biz çox xoşbəxt ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz, qardaşımız var. Əlbəttə ki, Türkiyənin bizə göstərdiyi mənəvi dəstək, eyni zamanda, Türkiyə müdafiə sənayesinin məhsullarının bizdə olması bizi gücləndirir və bunu bütün dünya görür. Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur. Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq. Bizim də qarşımızda bölgədə heç kim dura bilməz. Bizim və Türkiyənin işi haqq işidir. Biz özümüzü müdafiə edirik, öz vətəndaşlarımızı müdafiə edirik, öz ərazi bütövlüyümüzü saxlamaq istəyirik. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Amma bizə mənsub olan bizə qalmalıdır. Otuz ildir ki, ermənilər bizim qədim torpağımızı istismar edirlər. İnsanlara o torpaqlara qayıtmağa icazə vermirlər. Beynəlxalq vasitəçilər biganə qalır, məhəl qoymur. Belə olan halda Azərbaycan özü bunu edəcək.

- Gəncəyə hücumda bir erməni vətəndaşınızın yaralandığı məlumatını paylaşdım. Bu arada, cəbhədə gecə və gündüz müşahidə aparmaq imkanımız oldu, komandirlər Sizin onlara telefonla zəng etdiyinizi bizə söylədilər.

- Bəli, təbii ki, bu, Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni, bu Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır. Əfsuslar olsun ki, Ermənistanın gənc nəsli də bu nifrət əsasında tərbiyə edilir. Ancaq bu, bizi yolumuzdan döndərə bilməz. Bilirsiniz, Tərtər şəhərini demək olar ki, dağıdıblar. Tərtər şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yerə getməyəcəyik. Nə qədər mərmi düşüb? Gün var idi ki, təkcə Tərtər şəhərinə iki min mərmi düşdü. O da balaca bir şəhərdir, böyük şəhər deyil.

O ki qaldı mənim komandirlərə telefonla zəng etməyimə, təbii ki, onlar tarixi ədaləti bərpa edirlər. Onlar öz həyatlarını risk altında qoyurlar. Onlar qəhrəmandırlar və onlar torpaqlarımızı xilas edirlər, azad edirlər, qaytarırlar. Madagizin işğaldan azad edilməsi çox böyük strateji önəm daşıyır. Qəsəbə o qədər böyük olmasa da, bunun strateji önəmi çox böyükdür. Oranı götürmək çox çətin bir işdir. Bunu hər bir hərbçi deyər. İnanılmaz çətin bir işdir. Amma o götürüldü, Madagizdə indi Azərbaycan bayrağı qaldırıldı və həmin gün o qəsəbəyə tarixi adı qaytarıldı – Suqovuşan. Bu, bizim tarixi adımızdır.

Cəbrayıl şəhərini götürmək böyük qəhrəmanlıq tələb edir. Çünki bir daha demək istəyirəm ki, bu 30 il ərzində, atəşkəs rejimi dönəmində orada bir neçə xətt istehkam quruldu, özü də çox möhkəm. Bir də ki, o bölgənin relyefi də təbii istehkamdır. Yəni, Dağlıq Qarabağ dağlarda yerləşir. Yəni, biz aşağıdan yuxarıya gedirik. Bunun nə qədər çətin olduğunu hər kəs anlayar. Ona görə Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah sona qədər irəliyə gedəcəyik.

-Qarabağ, işğal edilən torpaqlar yenidən Azərbaycana qaytarılandan sonra orada yaşayan ermənilərə nə deyəcəksiniz?

-Mən artıq öz sözümü dedim. Mən bir neçə gün bundan öncə bizim yaralı əsgərlərimizin yanına getdim, hərbi hospitalda onlarla görüşdüm. Onlara təşəkkürümü bildirdim və eyni zamanda, onlarla görüş əsnasında erməni xalqına müraciət etdim. Anlayırdım ki, onların yanında bunu demək o qədər də asan deyil, çünki onlar ermənilər tərəfindən vurulub. Amma dedim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı öz hökumətini məsuliyyətə cəlb etməlidir. Öz hökumətinin yarıtmaz, çirkin siyasətinin nəticəsində bu döyüşlər baş verdi. Bizim mövqeyimiz dəyişməzdir. Torpaqlarımız azad olunandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar bir yerdə yaşayacaqlar. İki toplum çərçivəsində, bir ölkə ərazisində. Bu gün Azərbaycanda minlərlə erməni var. Siz də qeyd etdiyiniz kimi, Gəncədə Ermənistanın hücumu nəticəsində yaralanmış insanlardan biri də milliyətcə ermənidir. Burada ermənilər yaşayır. Onlara söz deyən yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Erməni xalqı öz hakimiyyətinin əsiridir. Təəssüflər olsun ki, Paşinyan hakimiyyəti iqtidara gələndə çox vədlər verdi. Biz də ümid edirdik ki, artıq o köhnə kriminal rejim tarixə atıldı. Amma bunun yerinə yeni rejim gəldi, o rejim ki, artıq öz xalqını bəlaya saldı. O rejim ki, indi bizim mülki insanlarımızı, əsgərlərimizi öldürür. Mən tam əminəm ki, erməni və Azərbaycan xalqları barışacaq. Bu gün bir çox ölkələrdə ermənilər və azərbaycanlılar bir yerdə yaşayırlar. Gürcüstanda, orada 300 minə yaxın azərbaycanlı, 200 minə yaxın erməni var. Bəzən onlar bir kənddə yaşayırlar. Onların arasında problem yoxdur. Türkiyədə, Rusiyada, - Rusiya vətəndaşı olan azərbaycanlıların sayı 700 minə yaxındır, - bir yerdə yaşayırlar. Heç bir problem yoxdur. Nə üçün burada yaşamasınlar? Onsuz da yaşayıblar bir yerdə. Mənim xatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir. Bizim Bakı şəhərində ermənilər yaşayırdı. Yəni bizim heç bir problemimiz yox idi. Biz istəyirik ki, yenə də birlikdə yaşayaq. Yenə də Ermənistanla yaxşı qonşular kimi yaşayaq. Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Biz onları belə tanıyırıq. Ümid edirəm ki, bu işğalçı siyasətə son qoyulandan sonra bizim xalqlarımız barışacaq.

-Mərhum atanızın sizə Dağlıq Qarabağla bağlı vəsiyyəti olubmu, olubsa nə idi?

-Atamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur. Mən ilk dəfə prezident seçiləndə andiçmə mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolun Azərbaycan üçün yeganə yol olduğunu demişdim. Bütün sahələrdə - istər xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, o cümlədən Dağlıq Qarabağ məsələsində bu yola sadiqəm. Çünki ona da təzyiqlər olmuşdur. Onun dövründə də təzyiqlər olmuşdu ki, Dağlıq Qarabağa müstəqillik verin, Dağlıq Qarabağ sizdən ayrıldı, sizdən qopdu. O, təzyiqlərə tab gətirdi, dözdü. Azərbaycan xalqının maraqlarına zidd olan heç bir sənədə qol qoymadı. Çünki o xalqımızın Lideri idi. Qarabağ məsələsində mənim də mövqeyimdə heç vaxt tərəddüd olmamışdır. Mən 17 il bundan əvvəl nəyi demişəmsə, bu gün də deyirəm - Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq.

-Bir millətin iki dövlətindən Azərbaycanın Prezidenti cənab İlham Əliyevə çox təşəkkür edirəm. Belə bir vəziyyətdə, müharibə şəraitində bizi qəbul etdiniz. Bir Ali Baş Komandan olaraq, sağ olun.

-Mən təşəkkür edirəm və şadam ki, bizim söhbətimizin sonunda siz atamın çox məşhur kəlamını yada saldınız, Heydər Əliyevin sözləridir və indi bütün Türkiyə-Azərbaycan üçün bir işıq yoludur - Bir millət, iki dövlət. Türkiyə-Azərbaycan - tək millət, iki dövlət.

- Çox təşəkkür edirəm.

-Sağ olun. Təşəkkürlər.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 23 dekabr 2024
17:46
Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında rəqabətqabiliyyətli qeyri-filiz faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühit yaradılması...

23 dekabr 2024, 17:46