Goranboy rayonunda təmas xəttindəki “N” saylı hərbi hissədə hərbçilərlə görüş zamanı İlham Əliyevin nitqi

21 yanvar 2012, 18:15
Goranboy rayonunda təmas xəttindəki “N” saylı hərbi hissədə hərbçilərlə görüş zamanı İlham Əliyevin nitqi

- Bu gün xidmətdə fərqlənən döyüşçülərə təltiflər də verildi. Siz bu təltiflərə layiqsiniz. Xidmətdə biliklərinizi, peşəkarlığınızı, Vətənə sədaqətinizi göstərmisiniz və bu ağır, çətin şəraitdə düşmənlə üzbəüz, ön cəbhədə, təmas xəttində xidmət göstərirsiniz.

Bütün hərbi hissələrdə xidmət edən əsgərlər, zabitlər böyük qiymətə layiqdirlər. Amma xüsusilə ön cəbhədə, düşmənlə üz-üzə olan mövqelərdə xidmət göstərənlərə xüsusi diqqət göstərilməlidir və onların fəaliyyəti xüsusilə qiymətləndirilməlidir.

Ordu quruculuğu prosesi uğurla gedir. Keçən il, ondan əvvəlki illərdə silahlar, texnikalar alınıb. Bu gün göstərilən silahların bir hissəsi yeni alınmış silahlardır. Həm özümüz istehsal edirik, həm də ki, dünyanın aparıcı istehsalçılarından lazımi texnikanı alırıq və alacağıq. Bu gün döyüş potensialına görə ordumuz bölgənin ən qüdrətli ordusudur.

Hərbçilərin maddi təminatı da yaxşılaşır. Bir neçə gün bundan əvvəl Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi bir daha bildirdim. Qeyd etdim ki, həm maaşlar artır və artacaqdır, eyni zamanda, 20 il ərzində qüsursuz xidmət göstərmiş zabitlər, gizirlər dövlət tərəfindən mənzillərlə təmin ediləcəklər. Bu proses başlanmışdır, çox böyük vəsait tələb edən təşəbbüsdür. Ancaq biz bunu etməliyik, çünki zabitlərimiz, Vətənə sədaqətlə, peşəkarlıqla xidmət edənlər dövlət tərəfindən daha da böyük dəstəyi görməlidirlər.

Bu, bizim gözəl dağlarımızdır. Bu dağların bir hissəsi düşmən tərəfindən işğal edilib. Buradan, bizim döyüş mövqelərimizdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudları başlayır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Sovet dövründə Dağlıq Qarabağın müəyyən ölçüdə muxtariyyəti olmuşdur, muxtar vilayət idi, ancaq yenə də Azərbaycan Respublikasının tərkibində. Bu gün də dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul edir, tanıyır və bu, belə də olmalıdır. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır.

“Qarabağ” sözü Azərbaycan sözüdür. Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Həm hazırda Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda işğal edilmiş torpaqlarda Azərbaycan dövlətinin suverenliyi bərpa edilməlidir və ediləcəkdir. Eyni zamanda, Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanmalıdır və dalğalanacaqdır.

Mən buna şübhə etmirəm. Bizim artan siyasi gücümüz, hərbi potensialımız o müqəddəs günü yaxınlaşdırır.

Bu gün Azərbaycan böyük dərəcədə inkişaf edir. Əvvəlki dövrlərlə müqayisədə, sözün əsl mənasında, çox böyük inkişaf yolu keçmişdir. Müharibənin ilk illərində xarici dəstəyin hesabına ermənilər və onlara kömək edən xarici havadarlar torpağımızın zəbt edilməsinə nail olmuşlar. Düzdür, müharibə dövrünün son mərhələsində Azərbaycan Ordusu bir neçə kəndi düşməndən boşaldaraq əhalisinin oraya qayıtmasına şərait yaratmışdır. Ancaq müharibənin ilk illərində bizdə nizami ordu yox idi. Ermənilər xüsusilə xaricdən alınan dəstəyə görə, muzdluların, xarici dövlətlərin dəstəyi hesabına torpaqlarımızı zəbt etmişlər. Bu gün isə Azərbaycan Ordusu Ermənistan ordusundan bir neçə dəfə üstündür. İqtisadi göstəricilər haqqında danışmaq bəlkə də yersizdir. Bizim iqtisadi potensialımız Ermənistanınkından bəlkə 10 dəfə artıqdır. Bu gün ordumuz, bir daha demək istəyirəm ki, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də maddi-texniki təchizat baxımından bölgənin ən qüdrətli ordusudur. Biz yenə də ordumuzu gücləndiririk. Bu il hərbi məsələlərin həlli üçün böyük vəsait nəzərdə tutulur. Texnikalar, silahlar, döyüş təyyarələri, helikopterlər, müasir cihazlar alınır. Biz texnoloji inkişafa üstünlük veririk.

Müasir dövrdə döyüş meydanında nəticəni həm rəşadət, Vətənə bağlılıq, sədaqət, həm də texnologiyalar müəyyən edir.

Yeni texnologiyalar müasir dövrdə döyüş meydanında həlledici rol oynayır. Biz müasir texnologiyaları tətbiq edirik. Bu gün burada da mənə göstərildi. Biz düşmənin mövqelərini çox yaxşı görürük, onların hərəkətlərini də görürük. Bunu onlar da bilirlər. Biz çalışırıq ki, ərazi bütövlüyümüzü qan tökülmədən bərpa edək. Bu məqsədlə danışıqlar aparılır. Hələ ki, bu danışıqların heç bir nəticəsi olmamışdır. Ancaq bununla bərabər, ərazi bütövlüyümüzü istənilən yolla, o cümlədən hərbi yolla həll etmək bizim suveren hüququmuzdur. Bu hüququ bizə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi verir. Hər bir dövlət özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə edə bilər və etməlidir. Ona görə biz hərbi gücümüzün artırılmasına əlavə vəsait ayıracağıq. Hərbi potensialın gücləndirilməsi üçün əlavə tədbirlər görəcəyik. Əlbəttə ki, görülən bütün bu tədbirlərlə yanaşı, döyüş hazırlığı, ruh yüksəkliyi döyüş meydanında öz sözünü deməlidir və deyəcəkdir.

Çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Hər bir Azərbaycan vətəndaşı Qarabağ ağrısı ilə yaşayır. Bu, bizim böyük yaramızdır və bu yara sağalmayana qədər Azərbaycan xalqı rahat yaşaya bilməz. Mən bir daha demək istəyirəm ki, bugünkü reallıq, bölgədə gedən proseslər və Ermənistan ilə Azərbaycan arasındakı qüvvələr nisbəti bizim nikbinliyimizi artırır. Sizin bu ağır dağlıq şəraitində, şaxtada, soyuqda uğurlu xidmət aparmağınız nikbinliyimizi daha da artırır.

İndi biz bütün hərbi şəhərciklərimizi tikəcəyik, bərpa edəcəyik. Xüsusi proqram qəbul edilib. Xidmət şəraiti çox yaxşı olmalıdır. 2012-ci ildə dövlət büdcəsində bu məqsədlə böyük vəsait nəzərdə tutulub. İndi böyük hərbi bazalar tikilir. Hərbi Dəniz Donanması üçün Xəzər hövzəsində böyük hərbi baza tikilir. Eyni zamanda, bütün hərbi hissələrdə, bütün bölgələrdə yeni, müasir şəhərciklər, bazalar tikilməlidir, əsgərlərin, zabitlərin şəraiti yaxşı olmalıdır. Burada, dağlıq ərazilərdə xidmət aparmaq üçün, əlbəttə ki, çətinliklər vardır. O tərəf düşməndir - bir kilometr o tərəfə düşməndir. Siz onları görürsünüz, onlar da sizi görür. Amma bizi düşməndən fərqləndirən odur ki, biz öz torpağımızdayıq. Onlar bizim torpaqlarımızı zəbt ediblər. Bizim başqa dövlətin torpağına iddiamız yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Mənim tövsiyələrimlə əlaqədar alimlərimiz bu tarixə dair gözəl kitablar, elmi əsərlər yaratmışlar. Xüsusilə, İrəvan xanlığı bizim qədim tarixi torpağımızdır. İrəvan xanlığı, Zəngəzur, Qarabağ bizim ərazimizdir. Buradan, siz xidmət apardığınız yerdən, döyüş mövqelərindən Gülüstan kəndi görünür. Həmin o Gülüstan kəndidir ki, orada müqavilə imzalanmışdır. Bu müqavilədən və Türkmənçay müqaviləsindən sonra ermənilər kütləvi şəkildə indiki İran ərazisindən buraya köçürülmüşlər. Ermənilər özləri 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsinin 150 illik tarixini əks etdirən abidə ucaltmışlar. Yaxşı, əgər onlar iddia edirlərsə ki, Dağlıq Qarabağ onların tarixi torpağıdır, necə ola bilər ki, ermənilərin Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyini 1978-ci ildə onlar öz təşəbbüsləri ilə qeyd ediblər. Yəni, o vaxt özləri də etiraf etmişlər ki, 1828-ci ildə onlar bizim torpağımıza gəlmişlər. Ondan sonra azərbaycanlıları yavaş-yavaş sıxışdırmağa başladılar. XX əsrdə bolşevik inqilabından sonra Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyat verilmişdir. O da bir cinayət idi. O vaxtkı bolşevik hökumətinin azərbaycanlılara qarşı böyük cinayəti idi. O muxtariyyatın heç bir əsası yox idi. Çünki o vaxt bu bölgənin əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Muxtar vilayəti yaratmaqla onlar, bu vəziyyəti şərtləndirdilər. Ondan sonra, Sovet İttifaqının dağılması ərəfəsində o vaxt Dağlıq Qarabağda separatçı meyillərə rəvac verildi. Xüsusi İdarəetmə Komitəsi yaradıldı. Keçmiş Azərbaycan rəhbərliyinin böyük cinayətidir ki, onlar bununla razılaşdılar. Xüsusi İdarəetmə Komitəsi faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırırdı. Moskvadan bir nümayəndə gətirilmişdi. Təbii ki, o da ermənilərin mövqeyini müdafiə edirdi. Ondan sonrakı tarixi siz yaxşı bilirsiniz. Ancaq biz ədaləti bərpa edəcəyik və edirik.

Bugünkü müstəqil Azərbaycan dövləti dünyada böyük hörmətlə, rəğbətlə qarşılanır. Tərəfdaşlarımızın sayı artır, beynəlxalq mövqelərimiz güclənir. Dünya ictimaiyyəti bizə inanır. Keçən ilin sonunda biz BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. 155 ölkə bizi dəstəklədi. Ermənistan isə qorxaqcasına o mübarizədən çıxdı. Çünki bilirdi ki, onları bəlkə də heç 10-20 ölkə dəstəkləməz. Bu, onu göstərir ki, bizim siyasi çəkimiz nədən ibarətdir.

Biz ordu quruculuğuna daim diqqət göstəririk, vəsait ayırırıq. Keçirilən hərbi paradlar bizim gücümüzü göstərir. Ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün imkanlar vardır. Bunu biz də bilirik, düşmən də, bu məsələ ilə məşğul olan vasitəçilər də bilirlər. Sülhü əldə etmək üçün bir şərt vardır: Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır. Hələ ki, gec deyildir.

Mən sizə xidmətdə uğurlar arzulayıram. Arzu edirəm ki, siz bütün döyüş vəzifələrini həmişə olduğu kimi, şərəflə yerinə yetirəsiniz və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün səylərinizi göstərəsiniz.