İlham Əliyev Bakıda “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışında iştirak etmişdir
28 dekabr 2011, 14:00
Bakının Bilgəh qəsəbəsində beşulduzlu “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya gül dəstələri təqdim edildi.
Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, “Jumeirah Bilgah Beach Hotel” kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan “Jumeirah Group”un MDB məkanında ilk otelidir. Beynəlxalq səviyyəli nadir memarlıq incilərindən olan bu otelin Bakıda tikilməsi ölkəmizdə turizmin inkişafının, istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricidir.
Diqqətə çatdırıldı ki, “Jumeirah Bilgah Beach Hotel” kompleksi original arxitektura üslubu ilə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri təklif etməsi ilə fərqlənir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.
Qeyd edildi ki, 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılmışdır. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 yerlik avtomobil qarajı vardır. Ərazidə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, minlərlə dekorativ kol və güllər əkilmişdir.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, dörd ilə tikilən otelin inşasında 5 min nəfərədək qədər işçi çalışmışdır. Gələcəkdə kompleksdə yerli kadrların işlə təmin olunmasına xüsusi diqqət veriləcəkdir.
Otelin birinci mərtəbəsinin dizaynı özəlliyi ilə seçilir. Divarlarda 14 min metal şardan istifadə edilməklə yaradılan dekorativ kompozisiya buraya xüsusi yaraşıq verir. Bu mərtəbədə hündürlüyü 58 metr olan çılçıraq quraşdırılmışdır.
Kompleksin zəngin kitabxanasında Fransadan gətirilmiş qiymətli kitablar toplanmışdır. Oteldə qeydiyyat mərkəzi və qonaqların istirahəti üçün rahatlığı ilə seçilən gözləmə otağı da xüsusi zövqlə işlənmişdir.
Burada, həmçinin müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı da vardır.
İşıqlandırma sisteminin mükəmməlliyi ilə seçilən otelin birinci mərtəbəsində dənizin cazibədar mənzərəsi görünən və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik zal yaradılmışdır. Bu mərtəbədəki 44 nəfərlik “Piano lunch” da qonaqların ixtiyarına veriləcəkdir. Dünya memarlığının ən son yeniliklərinin tətbiq olunduğu otelin dizayn elementləri turistlərdə xoş ovqat yaradacaqdır. Otelin restoranlarında qonaqlara yerli və xarici mətbəxlərin ləziz yeməkləri təqdim olunacaqdır.
Məlumat verildi ki, kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır.
Qonaqların istirahəti üçün hər cür şəraitin olduğu bütün nömrələrdən Xəzər dənizinin füsunkar panoramını seyr etmək mümkündür. Otaqlar simsiz internet, fərdi kondisioner sistemi, fərdi seyflər və birbaşa çıxışı olan telefonla təmin edilmişdir. Oteldə yüksək səviyyəli qonaqlar üçün ümumi sahəsi 175 kvadratmetr olan nömrə, 125 kvadratmetrlik “Ambassador suit” də yaradılmışdır.
Otelin zirzəmi qatında işgüzar şəxslərin müxtəlif tədbirlər keçirmələri üçün lazımi şərait yaradılmışdır. Buradakı 4 konfrans zalı müasir işıq və səsləndirmə sistemi ilə tam təchiz olunmuşdur. Zallarda videomaterialların izlənməsi üçün iri monitor da quraşdırılmışdır.
Kompleksdə qonaqlar üçün 24 saat fəaliyyət göstərən 150 nəfərlik böyük restoran yaradılmışdır. Buradakı Talas SPA və ümumi sahəsi 2 min 600 kvadratmetr olan Fitnes-Mərkəz müasirliyi ilə diqqəti çəkir. Bununla yanaşı, qonaqlara pulsuz xidmətin göstəriləcəyi su divarı və masaj otaqları, türk hamamı, saunalar, buxar otaqları, 7 müalicə otağı, 2 VİP SPA yaradılmışdır. Bütün istirahət hollarında vitamin barları işləyir. Fitnes-Mərkəzdəki qapalı üzgüçülük hovuzunun uzunluğu 20, eni 10 metrdir.
Turistlərin müxtəlif əyləncə mərkəzlərindən istifadə edə biləcəkləri 350 metrlik dəniz sahili ilə əhatələnmişdir. İlin isti aylarında dəniz sahilində açıq havada eyni vaxtda 600 nəfərin istirahəti üçün lazımi şərait yaradılmışdır. Kompleksin dənizin sahilinə çıxışında 250 nəfərlik “Promenad Lounge”, dənizin içərisində, estakada üzərində isə 400 nəfərlik “Pier Grill” restoranları turistlərə yüksək xidmət göstərəcəkdir. Ümumilikdə oteldə 9 restoran, bar və gecə klubu vardır.
Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılmışdır. Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir.
Otel kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
Prezident İlham ƏLİYEV kollektivi salamlayaraq dedi:
- Sabahınız xeyir olsun. Bu gün şəhərimizin tarixində çox əlamətdar bir gündür. Bakı şəhərində çox gözəl, müasir otel açılır. “Jumeirah-Bilgah” otelinin fəaliyyətə başlaması çox əlamətdar hadisədir. Otel çox gözəldir. Mən indi otelin bütün yerləri ilə tanış olmuşam. Çox gözəl otaqlardır, çox gözəl dizayn. Otaqların hamısı dəniz mənzərəli. Bu, otelin əlbəttə ki, dəyərini artırır. İctimai yerlər çox böyük zövqlə yaradılmışdır. Mənə verilən məlumata görə, burada 9 restoran, idman zalı, qapalı, açıq üzgüçülük hovuzları fəaliyyət göstərəcəkdir. Burada iclasların, beynəlxalq tədbirlərin, şənliklərin keçirilməsi üçün bir neçə gözəl yer mövcuddur. Mən artıq “Jumeirah Group”un rəhbərinə dedim ki, bu oteldə, hər bir gözəl oteli fərqləndirən bütün əlamətlər cəmlənib. Nadir, gözəl, yaraşıqlı, çox böyük zövqlə yaradılmış bir oteldir.
Əlbəttə, otelin üstünlüyü onun yerləşməsindən asılıdır. Bu otelin yerləşməsi də çox nadirdir. Dəniz kənarında, şəhərdən bir qədər aralı yerləşir. Buranın havası da çox təmizdir. Amma, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna da çox yaxındır, cəmi 10-15 dəqiqə ərzində aeroporta çatmaq mümkündür. Bakıdan çəkilən gözəl yol da rahatlığı artırır.
Səkkizzolaqlı yol tikilib və bu iş davam edir. Ümid edirəm ki, bir ildən sonra buradan Sumqayıta qədər də yeni yol açılacaqdır. Bilgəh-Sumqayıt yolunun tikintisi indi uğurla gedir. Bir sözlə, bu gün gördüyüm mənzərə məni çox sevindirir.
Mən çox şadam ki, ölkəmizdə, Bakıda, Bilgəhdə dünya səviyyəli otel yaradılıbdır. “Jumeirah” otellər şəbəkəsi dünya şöhrətli şəbəkədir. Onun müxtəlif ölkələrdə otelləri vardır. Mən bəziləri ilə tanışam. Əlbəttə ki, mən o otellərin hamısı haqqında bir şey deyə bilmərəm. Amma, ümid edirəm ki, bu, “Jumeirah”ın ən gözəl otellərindən biri olacaqdır.
Azərbaycanda təkcə bu il üçüncü beşulduzlu otel açılıb. Bir qədər əvvəl “Kempinski”, ondan sonra “Hilton” istifadəyə verilib, indi də “Jumeirah” oteli açılır. Bir ildə beşulduzlu üç otelin açılması çox böyük hadisədir. Bu, onu göstərir ki, investorlarda Azərbaycanın gələcəyinə, turizm potensialına çox böyük ümidlər, inam vardır. Yerli və xarici investisiyalar Azərbaycanda lazımi səviyyədə qorunur. Biz ötən 15 il ərzində ölkəmizə 100 milyard dollardan artıq investisiya cəlb edə bilmişik. Təkcə keçən il 16 milyard, bu il hələ ki, hesablamalar gedir. Əminəm ki, vəsait Azərbaycan iqtisadiyyatına ondan artıq qoyulub. Bu vəsaitin bir hissəsi turizm infrastrukturunun yaradılmasına yönəldilir.
Gələn il təkcə Bakıda yenə də beşulduzlu üç otel fəaliyyətə başlayacaqdır - “Marriott”, “Four seasons” və “Fairmont” otelləri. Beləliklə, iki il ərzində Bakıda, təkcə bir şəhərdə, beşulduzlu, dünya şöhrətli 6 otel istifadəyə verilir. Mən hesab edirəm ki, bu, nadir bir hadisədir. Nəinki bu bölgədə, postsovet məkanında və geniş mənada qitədə nadir bir hadisədir ki, iki il ərzində bir şəhərdə dünyanın ən məşhur 6 brendi öz otellərini müştərilərin üzünə açır. Bu, ölkəmizin ümumi inkişafını göstərir. Bu, onu göstərir ki, yerli və xarici şirkətlər Azərbaycana vəsait qoymaq üçün öz imkanlarını gücləndirirlər.
Azərbaycan yaşamaq, istirahət etmək üçün çox gözəl bir yerdir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Biz Bakını gözəlləşdiririk. Yeni infrastruktur layihələri icra edilir. Qədim Bakı nəzarət altındadır, dövlət tərəfindən qorunur.
İçərişəhərdə təmir-bərpa işləri böyük zövqlə aparılır. Bizim gözəl bulvarımız yenidən qurulubdur. Bakıda yeni bulvar tikilir. Biz bir neçə aydan sonra yeni bulvarın açılışını qeyd edəcəyik. Yeni bulvar Bayraq Meydanına qədər uzanacaq, Bayraq Meydanı ilə birləşəcəkdir. İndiki bulvarımızın 4 kilometrinə əlavə ən azı 8 kilometr dənizkənarı gəzinti zolağı əlavə edilməlidir.
Bakı, yenə də deyirəm, dünyanın ən gözəl şəhərlərindən biridir. Biz Bakını gözəlləşdiririk, Bakını qoruyuruq, sevirik. Belə gözəl otellərin Bakıda yaradılması şəxsən məni çox sevindirir. Onu da qeyd etməliyəm ki, təkcə Bakıda deyil, digər bölgələrdə də hazırda beşulduzlu bir neçə otel tikilməkdədir. Biri Qubada, üçü isə yeni yaradılan “Şahdağ” qış-yay turizm kompleksi zonasında. Bu otellərin istifadəyə verilməsi Azərbaycanın turizm potensialını daha da gücləndirəcəkdir.
Bu il Azərbaycanda “Turizm ili” elan edilibdir. Mən çox şadam ki, “Turizm ili”ndə dünya otel şəbəkələri Azərbaycanda gözəl otellər açırlar, gözəl memarlıq abidələri yaradırlar.
Mən sizi və Bakının bütün sakinlərini, Bakıya gələn qonaqları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, bu otel çox uğurla işləyəcək, burada çox gözəl xidmət göstəriləcəkdir. Bakı sakinləri və qonaqlar üçün şəhərimizdə yeni gözəl istirahət və əyləncə yeri yaradılıbdır.
Fürsətdən istifadə edərək sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm, sizə işinizdə uğurlar arzulayıram. Sağ olun.
X X X
“Jumeirah Group”un icraçı sədri Cerald Loules Prezident İlham Əliyevə təşəkkür edərək dedi:
-Hörmətli cənab Prezident!
Hörmətli birinci xanım!
Xoş sözlərə görə çox sağ olun. Bu, bizim MDB məkanında birinci otelimizdir. Mən qeyd etmək istəyirəm ki, bu, belə də olmalı idi. Biz çox şadıq ki, bu otel məhz Azərbaycanda açıldı.
“Jumeirah” gənc şirkətdir. Biz 14 il bundan əvvəl öncə fəaliyyətə başladıq. Qeyd etmək istəyirəm ki, bu, sırf turizm oteli və yaxud asudə vaxtın keçirilməsi üçün mehmanxana deyildir. Bu, həmçinin istirahət üçün gözəl bir yerdir. Hesab edirəm ki, biz gələcəkdə də bir çoxlarının rəğbətini qazanacağıq.
Mən hörmətli həmkarlarımızı da təbrik edirəm. Onlar bundan sonra burada, “Jumeirah”da işləyəcəklər. Burada olan həmkarlarımız nəinki Dubaydan, həmçinin dünyanın digər yerlərindən gəliblər. Hesab edirəm ki, biz belə bir mehmanxananın açılması ilə turizm sahəsinin inkişafına töhfəmizi verəcəyik.
Siz burada qeyd etdiniz ki, ölkədə yeni otellər açılır. Bu, yaxşı haldır. Biz də öz mehmanxana şəbəkəmizi artırırıq. Həm Şanxayda, həm də dünyanın digər yerlərində otellər açmaq fikrimiz vardır. Mən çox böyük fərəh hissi ilə qeyd edirəm ki, Bakıda da bizim belə gözəl bir otelimiz vardır.
Cənab Prezident, Siz qeyd etdiniz ki, bu il “Turizm ili”dir. Azərbaycan hökuməti turizm sahəsinə böyük diqqət yetirərək turizm infrastrukturunu davamlı şəkildə inkişaf etdirməkdədir. Çox yüksək dəyərləndirirəm ki, biz də bu sahədəki inkişafın bir hissəsinə çevrilirik. İstəyirik ki, bundan sonra turizm sahəsi daha da inkişaf etsin. İlbəil bütün dünyada turizm sahəsi artır, turistlərin sayı çoxalır. Bu da, həmçinin bu və ya digər ölkənin ÜDM-in daha da artmasına öz töhfəsini verir.
Siz Davosda Dünya İqtisadi Forumunda iştirak etmisiniz və görmüsünüz ki, turistlərin sayı ildən-ilə nə dərəcədə artmaqdadır. Qeyd etmək istəyirəm ki, turizm sənayesi Azərbaycanda da intibah dövrünü yaşayır. Yeri gəlmişkən, hamını Yeni il münasibətilə təbrik edirəm və sizə gələn ildə də uğurlar arzulayıram. Eyni zamanda, bizim kiçik bir hədiyyəmiz vardır. Bizim münasibətlərimizin rəmzi olaraq, Birləşmiş Ərəb Əmirliyində tikdiyimiz ilk otelimizin binasını əks etdirən hədiyyəni Sizə təqdim etmək istərdim.
Cerald Loules hədiyyəni dövlətimizin başçısına təqdim etdi.