“Gilan Tekstil Park” MMC-in tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında İlham Əliyevin nitqi

12 may 2020, 14:00
“Gilan Tekstil Park” MMC-in tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında İlham Əliyevin nitqi

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrilibdir. Bildiyiniz kimi, bu sahə Azərbaycanda az inkişaf edib, bir çox hallarda biz idxaldan asılı idik və bu gün də bu, davam edir. Ancaq koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışmış və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başlamışdır, o cümlədən Azərbaycan. Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır. Əlbəttə ki, indiki şəraitdə karantin rejiminin təmin edilməsi, gözlənilməsi pandemiyaya qarşı mübarizə işində əsas məqsədlərdən biridir. Hesab edirəm, bu müddət ərzində hər bir ölkə gördü ki, çətin vəziyyətdə, çətin şəraitdə bəzi ölkələr özlərinə qapanır, bəzi ölkələr ancaq öz daxili bazarlarını təmin etmək üçün çalışır. Əlbəttə, müəyyən çətinliklər də yarandı, xüsusilə tibbi ləvazimatların, tibbi avadanlıqların alınması və ölkəmizə gətirilməsi üçün. Bir daha gördük ki, tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır. Son müddət ərzində bu istiqamətdə müəyyən addımlar atılmışdır, Pirallahı adasında iki müəssisə fəaliyyətə başlamışdır, biri dərman preparatları müəssisəsi, digəri isə tibbi şprislərin istehsalı.

Tibbi maska istehsalı Azərbaycanda ümumiyyətlə yox idi, nəzərdə də tutulmurdu. Çox sevindirici haldır ki, özəl sektor böyük sosial təşəbbüs göstərərək, dövlətin çağırışına cavab verərək qısa müddət ərzində bizim üçün lazım olan – həm həkimlər, həm də adi vətəndaşlar üçün lazım olan bu vasitələri istehsal etməyə başlamışdır. Bu gün bu müəssisədə fəaliyyətə başlamış tibbi maska fabriki ölkəmizdə ikinci istehsalat sahəsidir. Birinci müəssisə də Sumqayıt şəhərində yerləşir, Sumqayıt Kimya Sənaye Parkının ərazisində. Əlbəttə ki, əgər bizim inkişaf etmiş müasir sənaye potensialımız olmasaydı, bu istehsalat sahələrini yaratmaq mümkün olmazdı. Məhz sənayeləşmə siyasəti nəticəsində və xüsusilə Sumqayıt şəhərində yeni müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində qısa müddət ərzində fabriklər öz profilini dəyişdirərək, artıq tibbi maskaları və qoruyucu kombinezonları istehsal etməyə başlamışdır.

Mən 7 il bundan əvvəl bu müəssisənin açılışında olmuşam və şadam ki, bu müddət ərzində bu müəssisə uğurla fəaliyyət göstərib. Bu müəssisənin məhsulları həm daxili bazarda tanınır və eyni zamanda, ixrac potensialı da mövcuddur. Bu, onu göstərir ki, müəssisədə istehsal olunan mallar yüksək keyfiyyətə malikdir. Bu gün mənə verilən məlumata görə, kombinezon istehsalı gündə 6 min ədədə çatdırılacaq və həkimlərimizin qorunması üçün bunun xüsusi əhəmiyyəti var. Biz bu günə qədər qoruyucu kombinezonları xaricdən alırıq. Problem onda deyil ki, biz buna vəsait ayırırıq, valyuta xərcləyirik, məsələ ondadır ki, koronavirus pandemiyası dövründə lazım olan vasitələrin alınması problemə çevrilir. Hətta pul olan zamanda bu vasitələrin, avadanlığın gətirilməsi böyük problemdir və biz bu problemlə üzləşmişik. Buna baxmayaraq, biz bütün imkanları səfərbər edib ölkəmiz üçün lazım olan vasitələri gətizdiririk.

Ona görə hesab edirəm ki, bu gün çox əlamətdar gündür. Çünki həm birinci, həm də bu gün burada fəaliyyətə başlayan ikinci tibbi maska istehsalı müəssisəsi bizim daxili tələbatımızı tam ödəməlidir və qoruyucu kombinezonlar da həmçinin. Sənaye potensialının inkişafı, əlbəttə, imkan verdi ki, biz buna nail olaq.

Bütövlükdə bu gün Sumqayıtın inkişafı böyük dərəcədə şəhərin sənaye potensialı ilə bağlıdır. Mənə verilən məlumata görə, “Gilan Tekstil Park”da işləyənlərin 95 faizi Sumqayıt şəhərinin sakinləridir. Son illərdə Sumqayıtda onlarla yeni müəssisə yaradılıbdır və mən bu müəssisələrin açılışlarında iştirak etmişəm. Onların arasında xüsusilə iki nəhəng, flaqman müəssisəni qeyd etmək istərdim – azot gübrələri zavodu və polimer zavodu. Bu zavodların tikintisinə dövlət çox böyük vəsait xərcləyib. Ancaq digər zavodların fəaliyyəti sırf özəl sektor tərəfindən təşkil edilib, əlbəttə, dövlətin dəstəyilə dövlət ərazi ayırır. Bildiyiniz kimi, Sumqayıtda iki sənaye parkı fəaliyyət göstərir - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 10 hektarlarla ölçülür. Tamamilə təmizlənmiş bu ərazidə yeni infrastruktur layihələri icra edilib. Özəl sektor da artıq bu parkda uğurla fəaliyyət göstərir, hər il burada bir neçə müəssisə açılır. Beləliklə, Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda, Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilib. Sovet dövründən fərqli olaraq, bu gün burada fəaliyyət göstərən sənaye müəssisələri bütün ekoloji standartlara cavab verir.

Siz gəncsiniz, siz o illəri xatırlamırsınız. Ancaq sovet dövründə Sumqayıtın yanından keçərkən maşında oturanlar pəncərələri bağlayırdılar, çünki o iydən insanların gözü yaşarırdı. Yəni, Sumqayıt doğrudan da böyük bir ekoloji bəla mərkəzi idi. Çünki kimya sənayesinin sürətli inkişafı və bir çox hallarda ekoloji standartlara riayət edilməməsi nəticəsində Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi və burada bir neçə növ xəstəliklər geniş vüsət almışdı. Biz isə Sumqayıtı müasir, təmiz sənaye mərkəzinə çevirdik. Bu gün Sumqayıtın havası Bakının havasından daha təmizdir. Sumqayıtda aparılan yaşıllaşdırma işləri, yeni parkların salınması, ekoloji tədbirlərin görülməsi, uzun illər sumqayıtlıları narahat edən Acıdərə kanalının tamamilə təmizlənməsi və yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Ona görə bir sənaye şəhəri kimi Sumqayıtın siması tamamilə dəyişib və bu gün ən yüksək standartlara cavab verir. Bununla yanaşı, əlbəttə, digər başqa layihələr də icra edilmişdir. Sosial layihələr - köçkünlər üçün artıq bir neçə ildir ki, böyük şəhərciklər salınır. Mən bu yaxınlarda növbəti şəhərciyin tikintisi ilə tanış olmuşam. Abadlıq işləri aparılır, Sumqayıt bulvarı da nəhayət ki, fəaliyyətə başlayıb. Bu, mənim çoxdankı arzum idi və bilirəm ki, sumqayıtlılar da həmişə bunu arzulayırdılar. Artıq neçə ildir ki, Sumqayıt bulvarı sumqayıtlıların sərəncamına verilib və çox gözəl istirahət zonasıdır. Bir sözlə, biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Hazırda 2 saylı şəhər xəstəxanasının tikintisi gedir. Biz onu əvvəlcə təmir etmək istəyirdik, sonra gördük ki, tamamilə dağılmış vəziyyətdədir, ora söküldü. 1 saylı xəstəxana fəaliyyətdədir, ikinci xəstəxananın da tikintisi yaxın zamanlarda başa çatacaq.

Əlbəttə ki, bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir. Bunu həm Azərbaycan vətəndaşları deyir, - mənə ünvanlanmış minlərlə təşəkkür məktubunda bu, əksini tapır, - həm də beynəlxalq təşkilatlar. Bu yaxınlarda mən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorundan ikinci məktubu almışam. Birinci məktub mart ayının sonunda mənə ünvanlanıb, ikinci məktub isə mayın 7-də. İkinci məktubda da Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, işlərimizi təqdir edir. Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir.

Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil. Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Pandemiyanın ilk günlərindən demək olar ki, bizim üçün seçim etməkdə heç bir tərəddüdlü məqam olmamışdır. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır. O ki qaldı, iqtisadi vəziyyətə, hər kəs üçün aydın idi, iqtisadiyyat zərər çəkəcəkdir, nəinki bizim iqtisadiyyatımıza, bütün dünya iqtisadiyyatına böyük ziyan vurulacaqdır. İndi artıq ilkin hesablamalar üzə çıxır və deyilir ki, inkişaf etmiş ölkələrdə bu il iqtisadiyyat 7-10 faiz düşə bilər və bu da təbiidir. Ancaq bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi. Ona görə məhdudlaşdırıcı tədbirlərin böyük rolu olmuşdur. Əgər biz bu addımları atmasaydıq, indi vəziyyət nəzarətdən çıxa bilərdi, necə ki, bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə, səhiyyə sistemi bizdən qat-qat inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb, xəstələr üçün xəstəxanalarda yataqlar çatmır, xəstələr bəzi hallarda xəstəxanalara ümumiyyətlə qəbul edilmir. Artıq sirr deyil ki, bir çox ölkələrdə yüngül simptomlu xəstələri xəstəxanalara qəbul etmirlər. Onlara deyilir ki, gedin öz evinizdə qalın və faktiki olaraq onlar müalicəsiz qalırlar. Bizdə isə bütün xəstələri, bütün yoluxanları, hətta onun simptomu olmasa belə, mütləq xəstəxanalara qəbul edirik. Biz ən müasir xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına vermişik.

Bu yaxınlarda modul tipli birinci xəstəxananın açılışı oldu. Belə xəstəxanaların sayı 10-a çatacaq. Onların 4-ü özəl sektor tərəfindən inşa ediləcək. Bu, bir daha göstərir ki, özəl sektor bizim çağırışımıza cavab verərək öz sosial məsuliyyətini nümayiş etdirir. Eyni zamanda, mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb. Hələ ki, 1 manat da xərclənməyib. Biz Fondun fəaliyyəti və nəzarət mexanizmi üçün ictimai nəzarət formatı da yaratdıq. Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər. Ona görə qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər. İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır.

İşini itirənlər üçün dövlət öz sosial dəstəyini göstərir. İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektorunda çalışan 900 min nəfərin hər birinin əməkhaqqı ödənilir. Bu və digər tədbirlərə biz bütövlükdə 3,5 milyard manat vəsait ayırmışıq və nə qədər lazımdırsa, o qədər də ayıracağıq. Ona görə dövlət bu işləri görür, bütün təşkilati məsələləri uğurla həyata keçirir.

Mən qeyd etdiyim kimi, bu sahədə aparıcı beynəlxalq təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı bizim işlərimizə yüksək qiymət verir. Təkcə o qalıb ki, vətəndaşlar məsuliyyət və nizam-intizam göstərsinlər. Əlbəttə, nəzarətedici mexanizm daha da təkmilləşdirilməlidir. Əlbəttə, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Ancaq buna baxmayaraq, bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər. Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək.

Mən əminəm ki, biz buna nail olacağıq. Çünki artıq neçə aydır ki, bu pandemiya bütün dünya üçün böyük problemdir. Amma bu günə qədər vəziyyəti nəzarət altında saxlamaq doğrudan da böyük nailiyyət hesab oluna bilər. Xüsusilə qeyd etməliyəm ki, indiki şəraitdə cəmiyyətdə mövcud olan həmrəylik bəlkə ən yüksək səviyyədədir. Çünki bütün cəmiyyət bu mübarizədə birləşib.

Fürsətdən istifadə edərək özəl sektorun nümayəndələrinə, ictimai təşkilatlara, ayrı-ayrı adamlara bir daha təşəkkürümü bildirmək istəyirəm, həm ianələrə, həm vətəndaşlara göstərdikləri yardımlara, həm də bu qısa müddət ərzində tibbi sənayeni bizim maraqlarımıza uyğun şəkildə təşkil etdiklərinə görə. Bu gün ehtiyac içində yaşayanlara da özəl sektor, ictimai təşkilatlar tərəfindən yardım göstərilir. Onların arasında birinci yerdə əlbəttə ki, Heydər Əliyev Fondu dayanır. Fond, ayrı-ayrı adamlar ehtiyacı olan insanlara kütləvi surətdə kömək göstərirlər, kimin imkanı nəyə çatır etməlidir. Bu, bizim xalqımıza xas olan ən yüksək keyfiyyətləri bir daha göstərir. Ümid edirəm ki, pandemiya gec-tez sona çatacaq, ondan sonra bu həmrəylik ovqatı, həmrəylik əhval-ruhiyyəsi cəmiyyətimizdə daha da güclənəcək.

Bugünkü açılışlar münasibətilə Sizi təbrik edirəm, sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 24 dekabr 2024
16:42
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 10 milyon ton artırılaraq 25 milyon tona çatdırılması məqsədilə...

24 dekabr 2024, 16:42