Modul tipli ilk xəstəxana kompleksinin açılışında İlham Əliyevin nitqi

07 may 2020, 14:30
Modul tipli ilk xəstəxana kompleksinin açılışında İlham Əliyevin nitqi

Bu gün biz modul tipli yeni xəstəxananın açılışını qeyd edirik. Bu, çox əlamətdar hadisədir. Hər bir xəstəxananın açılışı əlamətdar hadisədir. Son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağının tikilib və ya əsaslı təmir edildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, nə qədər böyük işlər görülübdür. Biz hesab edirdik ki, artıq mövcud xəstəxana fondu, xüsusilə müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində tələbatımızı ödəyəcək. Ancaq koronavirus pandemiyası əlbəttə ki, öz qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların tikintisi labüddür. Əlbəttə, xəstəxana tikintisi çox vaxt aparır, həm layihələndirmə işləri, onun texniki tərəfi, yerin seçilməsi. Əlbəttə, hesab edirəm, biz yeni texnologiyalara üstünlük verərək düzgün seçim etdik ki, modul tipli, tez bir müddətdə yığılan və sonra sökülə və başqa yerə daşına biləcək xəstəxanaların tikintisini təmin edək. Mən bir müddət bundan öncə ictimaiyyətə bu haqda məlumat vermişdim və bu gün bu xəstəxananın açılışını qeyd edirik. Cəmi bir ay ərzində 200 çarpayılıq xəstəxana istifadəyə verilir.

Əlbəttə ki, koronavirusa qarşı mübarizədə bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq. Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Əlbəttə ki, çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır.

Biz indi bəzi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Görürük ki, orada çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan ümumiyyətlə xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Əlbəttə, evlərdə onları müalicə, onların vəziyyətini monitorinq etmək qeyri-mümkündür.

Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq “Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq.

Bizim atdığımız bütün addımlar qabaqlayıcı xarakter daşıyır. Bu xəstəxananın və bundan sonra buna oxşar 9 xəstəxananın istifadəyə verilməsi 1-2 ay ərzində nəzərdə tutulub. Bütün bu addımlar qabaqlayıcı xarakter daşıyırdı və məhz buna görə hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir.

Bu gün testlərin aparılması istiqamətində də böyük uğurlar var. Adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Testlərin keçirilməsi üçün yeni laboratoriyalar alınıbdır. Onların sayı 23-ə çatıb və yeni laboratoriyaların yaradılması gündəlikdə duran məsələdir.

Bütün lazımi tibbi avadanlıq alınır. Bildiyiniz kimi, Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyon manat vəsait ayrılıbdır. Bu, birinci tranşdır, əlavə 150 milyon manat artıq hazır vəziyyətdədir, lazım olan vaxtda biz ondan da istifadə edəcəyik. Əlbəttə, bütün bu kompleks tədbirlər – testlərin keçirilməsi, xəstəxanaların, laboratoriyaların fəaliyyəti və həkimlərin peşəkarlığı, işin düzgün təşkili bizə imkan verdi ki, hazırda bu vəziyyətdən istədiyimiz kimi, az itkilərlə çıxaq. Hər bir insanın ölümü onun yaxınları, qohumları üçün böyük faciədir və hər bir insanın həyatı bizim üçün qiymətlidir, dəyərlidir. Ancaq dünyada hər şey müqayisədə ölçülür və biz görəndə ki, inkişaf etmiş ölkələrdə gündə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir, əlbəttə ki, Azərbaycanda bu sahədə görülmüş işlər xüsusi əhəmiyyət daşıyır və bunu hər kəs görür. Hətta bizimlə eyni sayda əhalisi olan ölkələrdə artıq uzun müddətdir ki, hər gün yüzlərlə insan vəfat edir. Bu ölkələrin səhiyyə sistemi həmişə bütün dünyaya, o cümlədən bizə nümunə kimi göstərilirdi. Ancaq bu dövrdə hər kəs gördü ki, orada vəziyyət artıq böhranın pik həddinə çatıb. Ona görə əlbəttə ki, müqayisə aparılanda Azərbaycan dövlətinin gördüyü işlər böyük üstünlük təşkil edir. Biz əsas diqqətimizi vəziyyəti nəzarətdə saxlamaqda görürük və birinci mərhələdə buna nail ola bilmişik. Ona görə kompleks tədbirlərin görülməsi, o cümlədən karantin rejiminin tədricən vəziyyətə uyğun olaraq qüvvəyə minməsi, onun sərtləşdirilməsi və son günlər ərzində yumşaldılması - bütün bunlar ölçülüb-biçilmiş addımlardır.

Karantin rejimi nə üçün sərtləşdirilirdi? Yoluxma hallarının geniş yayılmasının qarşısının alınması üçün və biz buna nail olduq. Birinci mərhələdə bu virus bizə, belə demək mümkündürsə, idxal edilmişdir, amma ondan sonra daxili yoluxma halları baş vermişdir. Dərhal operativ tədbirlər görüldü və məhz sərt karantin qaydalarına görə biz bu mərhələni az itkilərlə başa vurduq. Görəndə ki, artıq 3 həftə ərzində hər gün sağalanların sayı yoluxanların sayından xeyli çoxdur, onda biz artıq yumşalma tədbirləri görməyə başladıq. Ancaq əfsuslar olsun ki, bəzi adamlar bunu karantin rejiminin ləğvi kimi qəbul etdilər. Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyr. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq.

Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını, sağlamlığını qoruyaq. Eyni zamanda, bu məhdudlaşdırıcı rejim çərçivəsində insanlara maksimum imkan yaradaq ki, onlar öyrəşdiyi gündəlik həyat tərzindən çox da uzaqlaşmasınlar. Ona görə biz bu yumşaldıcı tədbirləri görmüşük. Aprelin 27-dən, sonra mayın 4-dən daha da yumşaq rejim qüvvədədir. Ancaq biz nəyi görürük? Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil.

Ona görə indi ölkəmizin bəzi bölgələrində sanki pandemiyanın yeni mərhələsi başlayır, xüsusilə Gəncə şəhərində. Buna çox ciddi yanaşmaq lazımdır. Ona görə indiki karantin rejimində Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran üçün xüsusi rejim var. Nəyə görə? Çünki bu yerlərdə, bu şəhərlərdə xəstələrin sayı, yoluxma halları daha çoxdur. Son günlərdə yoluxanların demək olar ki, 30, 40, 50 faizi Gəncə şəhərinin payına düşür. Deməli, orada vəziyyət narahatlıq doğurmalıdır. İndi bu, araşdırılır, səbəbi nədir? Əsas səbəb insanlar və rəhbər orqanlar tərəfindən vaxtında tədbirlərin görülməməsidir. Harada ki, vaxtında tədbirlər görülür, harada ki, qəbul edilmiş qaydalar icra edilir, orada vəziyyət nəzarət altındadır. Biz nəzarəti gücləndirəcəyik. Ona görə karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil. Bir daha demək istəyirəm ki, biz virusla mübarizədə birinci mərhələdə qalib gəlmişik. Virus qeyb olmayıb, burada dolaşır və dolaşacaq. Bunu həkimlər, mütəxəssislər çox yaxşı bilirlər, istərdim ki, vətəndaşlar da bunu bilsinlər. Maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Bəziləri hesab edir ki, bəli, virus daha yoxdur, bütün dünya böhran içindədir, Azərbaycan isə sanki dənizdə bir adadır, burada hər şey yaxşıdır və yaxşı olacaq. Əlbəttə, bir çox ölkələrə nisbətən yaxşıdır, ancaq buna mütləq formada yaxşı demək olmaz.

Əlbəttə, vətəndaşlar şəxsi gigiyenaya riayət etməlidirlər. Hesab edirəm ki, uzun müddət bundan sonra bu, bir növ yeni reallıqdır və biz bu reallıqla barışmalıyıq, istəsək də, istəməsək də. Maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır. İndi bilirsiniz, biz bəzən özümüzü bir neçə ölkə ilə müqayisə edirik, deyirik, - bəli, mən də bu gün bunu deyirəm, - həqiqətdir ki, bir çox inkişaf etmiş ölkələrdə vəziyyət acınacaqlıdır, böhranlıdır. Azərbaycandan fərqli olaraq o ölkələr bilmirlər ki, bu böhranla necə bacarsınlar. Amma digər tərəfdən biz görürük ki, o ölkələrdə, inkişaf etmiş ölkələrdə, məsuliyyət, nizam-intizam yüksək səviyyədə olan ölkələrdə insanlar məsafə saxlayırlar. Biz televiziyada görürük, növbə var, adamlar öz aralarında bir metr yarım, iki metr məsafə saxlayırlar, maska taxırlar. Amma bizdə məsafə saxlayan var? Açın istənilən kanala baxın. Dünən mən baxmışam, bankın qabağında bir-birinin yanında durublar, maska yox, müxbirlər soruşurlar ki, nə üçün? Elə bil ki, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər - yadımdan çıxdı, havada maska lazım deyil, cibimdədir. Biz belə münasibətə dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. Belə adamlara qarşı ciddi cəza tədbirləri görüləcək. Mən bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Biz imkan verə bilmərik ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə vətəndaşlarımız xəstələnsin, ölsün. Ona görə bu qaydalara hər kəs riayət etməlidir, özü də bundan sonra uzun müddət ərzində.

Həkimlər, mütəxəssislər yaxşı bilirlər və geniş ictimaiyyət də bilməlidir ki, koronavirusa qarşı mübarizə o vaxt başa çatacaq ki, peyvənd hazırlanacaq. İndi bütün dünya bu peyvəndi gözləyir. Peyvəndin icad edilməsi üzərində bir çox ölkələrdə alimlər işləyir. Peyvənd hazırlanandan sonra artıq deyə bilərik ki, bəli, biz özümüzü bu virusdan qoruya bilərik. O vaxta qədər virus var və bunu hər kəs bilsin.

Ona görə mən hesab edirəm ki, bütün kompleks tədbirlər, vətəndaşların məsuliyyəti və nizam-intizamı nəticəsində biz bundan sonra da bu vəziyyəti nəzarət altında saxlaya biləcəyik. Çünki burada məsələ ancaq dövlət qurumlarının fəaliyyətindən asılı deyil. Dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar, biz bir nöqtəyə vurmalıyıq. Biz həmrəylik, birlik göstərmişik. Həmrəyliyin təzahürlərindən biri də odur ki, həm dövlət, həm özəl sektor, sahibkarlar, ayrı-ayrı adamlar imkansız insanlara əl tuturlar, kömək göstərirlər, onları ərzaq malları ilə təchiz edirlər. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr verirlər. Artıq Fondda 100 milyon manatdan çox vəsait toplanıb. Bütün bunlar bizim xalqımızın ən yüksək xüsusiyyətlərini göstərir: mərhəmət, imkansızlara diqqət, yardım, birlik, həmrəylik. Amma məsuliyyət də, nizam-intizam da göstərməliyik. Hələ ki, biz bunu müraciət formasında dilə gətiririk. Amma lazım olsa, bu, məcburi qaydada tətbiq ediləcək.

Həkimlər öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına qoyurlar, xəstələrə gecə-gündüz xidmət edirlər. Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk. Bir daha Azərbaycan xalqı gördü ki, ən çətin dövrdə, bu pandemiya dövründə aparıcı şəxs, aparıcı adam insanların həyatını qoruyan həkimdir. Əlbəttə, bütün başqa amillərlə bərabər, dövlət lazımi tədbirləri görür. Amma son nəticədə xəstələri müalicə edən, onları həyata qaytaran həkimlərdir. Həkimlər gecə-gündüz işləyirlər, insanları xilas edirlər. Bu xəstəlikdən canını qurtaran bütün pasiyentlər, ilk növbədə, həkimlərə minnətdar olmalıdırlar. Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq. Nəyə görə kimsə özü üçün hansısa xüsusi imtiyaz yaratmaq istəyir. Buna gəldikdə də bildirməliyəm, pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır. Ona görə heç kimə heç bir imtiyaz verilməyəcək. Odur ki, karantin rejimini pozan, vaxtını hansısa iaşə obyektində keçirmək istəyən adamlara qarşı da, - onlar müəyyən olunduqda, - ciddi cəza tədbirləri görülür, tətbiq olunur, o cümlədən vəzifəli şəxslərə qarşı. Karantin rejimini pozduqlarına görə artıq bir neçəsi cəzalandırıldı.

Eyni zamanda, əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət. Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır. Eyni zamanda, indiki şəraitdə xüsusilə kasıb adamların maaşını mənimsəmək, ictimai işlərə cəlb edilən vətəndaşların ödəniş kartlarını götürüb ondan pul çəkmək, bu da xəyanətdir. Son müddətdə həbs olunan icra başçılarının beşi də bu bəd əməllərdə təqsirləndirilir. Son həbslər də onu göstərir. O icra başçılarının, onların yaxınlarının, köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə kartı çıxıb, yüzlərlə. Mənə verilən məlumata görə, son tutulan icra başçısının iş otağından 140 ödəmə kartı çıxıb. Bu, nədir? Biz bu kartı özünə iş tapa bilməyənlərə veririk. Əvvəl də verirdik. Biz ildə otuz min, qırx min belə adamı ictimai işlərə cəlb edirdik - hansısa binanın rənglənməsi, yaxud da ki, onların bağçaya xidmət etməsi və digər işlərə. Onlar minimum əməkhaqqı səviyyəsində maaş alırdılar, bu gün 250 manat. Amma onlara çatacaq kartlar icra başçıları tərəfindən götürülür, sonra o pullar mənimsənilir. Kasıb adamlar da işsiz və pulsuz qalır. Bu, adi cinayətdirmi? Yox. Bu, xəyanətdir. Bunun başqa adı yoxdur. İndiki şəraitdə də bunu davam etdirirlər. Bu adamlarda vicdan deyilən şey yoxdur, vicdanı tam itiriblər. Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq. Bu gün cəmiyyətimizin bütün sağlam qüvvələri bir amal ətrafında birləşib ki, bu vəziyyətdən az itkilərlə çıxaq, insanları qoruyaq, xəstələri sağaldaq. Həkimləri qoruyaq ki, onlar insanları qorusunlar, özlərini qorusunlar. Ona görə belə bir vəziyyətdə belə çirkin addımların atılması tamamilə qəbuledilməzdir. Bir daha demək istəyirəm ki, bu addımları atanlar, bu cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar.

Mən deyə bilərəm ki, pandemiyadan, əlbəttə, bizim iqtisadiyyatımız da zərər çəkir. İstisna deyil ki, ikinci rübün yekunları o qədər də ürəkaçan olmayacaq. Ancaq bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır. Biz bilirik ki, əgər karantin rejimini bax, dediyim bu səbəblərə görə sərtləşdirsək, iqtisadi vəziyyətimizə bunun çox mənfi təsiri olacaq. Amma biz buna gedəcəyik. Çünki insanların sağlamlığı və sosial rifahı birinci yerdədir. Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı. Pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilir. Bu məqsədlə 600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edilir. Bütün bu işləri biz görürük ki, vətəndaşların sosial və maddi vəziyyətini sabit saxlayaq. Bütün bu addımlar, əlbəttə ki, beynəlxalq birlik tərəfindən də qiymətləndirilir. Mən bunu demişəm, bir daha demək istəyirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində görülmüş tədbirləri yüksək qiymətləndirib, bizi nümunəvi ölkə adlandırıb. Bu, həqiqətən də belədir. Azərbaycanda həm ölkə daxilində, ilk növbədə, bütün lazımi tədbirləri görürük və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik. Mən deyə bilərəm ki, biz 10-dan çox ölkəyə yardım etmişik. Texniki yardım, maliyyə yardımı, təyyarələr göndərmişik, yük təyyarələri o ölkələrə ki, onlar bizə müraciət edib və onların maddi imkanları məhduddur, onların, belə deyək, müraciət edəcəyi başqa bir ölkə yoxdur. Ondan çox ölkəyə yardım etmişik və hesab edirəm ki, düz etmişik. Çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə. Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk. Pandemiyaya qarşı qlobal mübarizədə biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdik. Bu yaxınlarda artıq Qoşulmama Hərəkatının sədri kimi əlavə 5 milyon dollar ianə verdik Ümumdünya Səhiyyə Təşkilatına ki, bizimlə razılaşdırmaqla Hərəkata üzv ölkələrə yardım göstərilsin. Bilirsiniz ki, mənim təşəbbüsümlə iki Zirvə görüşü keçirildi - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Hər iki təsisatda Azərbaycan hazırda sədrdir. Bu təşəbbüs vaxtında və yerində olan təşəbbüsdür. Demək olar ki, bütün dünya birliyi bunu alqışlayır və Azərbaycanın rolunu qeyd edir.

Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü dünya miqyasında onlayn formatda birinci Zirvə görüşü idi. Qoşulmama Hərəkatının Zirvə görüşü isə 120 ölkəni birləşdirir. Onu da bildirməliyəm ki, bu Zirvə görüşünə təbrik müraciətlərini BMT-nin Baş katibi Quterreş, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Avropa Komissiyasının vitse-prezidenti göndərmişdilər. Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatı ilə Avropa İttifaqı arasında, mən bilən, bu günə qədər hər hansı bir ciddi təmas olmayıb. Çünki bu iki təsisat fərqli qütblərdə yerləşir və bir çox hallarda onların baxışları üst-üstdə düşmür. Ona görə bu da bir ilkdir. Əgər biz ölkələrin sayını götürsək, görərik ki, Qoşulmama Hərəkatında 120 üzv, Avropa İttifaqında 27 üzv, artıq 147 və Afrika İttifaqında 55 üzv fəaliyyət göstərir. Düzdür, onların bəziləri Qoşulmama Hərəkatının üzvüdür. Buna baxmayaraq, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırdı. Mən tam səmimiyyətlə deyə bilərəm, özümüzü tərifləmək üçün yox, sadəcə olaraq, həqiqəti dilə gətirmək üçün, Azərbaycan dünyanı birləşdirir. Birincisi, milli zəmində, yəni, ölkə ərazisində görülən bütün işlər, tədbirlər nümunəvi xarakter daşıyır. Sosial-iqtisadi paket adambaşına düşən xərclərə görə dünyada bəlkə də birincilər sırasındadır. Beynəlxalq müstəvidə özünü məsuliyyətli üzv kimi aparıb və yenə də ümumi daxili məhsula görə bizim qədər donor ianəsi verən olmayıb. Düzdür, bəzi ölkələr böyük rəqəmlər bəyan ediblər, amma hanı o vəsait, yoxdur. Bizimki isə nağd verilib. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər də dünya birliyi tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və təqdir edilir. Bax, bu çətin dövrdə hər kəsin əsl siması üzə çıxdı. Kim nəyə qadirdir, kim ölkəni necə idarə edir, kim böhrana qarşı necə hərəkət edir, kim xalqı, cəmiyyəti səfərbər edə bilib, kim isə, sadəcə olaraq, xarici yardıma möhtac qala-qala başqasından yardım diləyir. Ona görə həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik. Bizim üçün milli maraqlar prioritet məsələdir. İnsanların sağlamlığı isə milli maraqlar arasında prioritet yerdədir.

Bugünkü açılış böyük rəmzi məna daşıyır. Birincisi, ona görə ki, 10 xəstəxana işə düşəndən sonra bizim əlavə 2 min çarpayımız olacaqdır. Amma əsas odur bu, onu göstərir ki, biz qısa müddət ərzində bütün resursları səfərbər edib yüksək nailiyyətlərə nail ola bilmişik.

Əlbəttə ki, həkimlərin fəaliyyətini bir daha qeyd etmək istərdim. Həkimlər doğurdan da böyük fədakarlıq, qəhrəmanlıq göstərirlər. Sizə bundan sonra da uğurlar arzulayıram. Amma xahiş edirəm ki, özünüzə də yaxşı baxın, xəstələnməyin, həmişə belə vətənpərvər, həmişə peşəkar və xalqı sevən insanlar kimi yaşayın, yaradın, insanlara tibbi xidmət göstərin. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06