İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib

28 mart 2020, 15:30
İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Bu tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Görülən bütün bu işlərin isə bir məqsədi var: Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunması. Tibb ocağı 575 çarpayılıqdır. Burada cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

“Yeni klinika” tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

Bu gün ölkəmizin ən böyük xəstəxanalarından biri olan yeni xəstəxana fəaliyyətə başlayır. Bu, çox əlamətdar hadisədir. Xəstəxana bütün müasir standartlara cavab verir. Xəstəxananın binasının həm xarici görünüşü çox gözəldir, həm də memarlıq baxımından şəhərimizin simasına əlavə yaraşıq verir. Ən önəmlisi odur ki, bu xəstəxanada ən müasir standartlar tətbiq olunur, ən müasir avadanlıq alınıbdır, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülübdür. Hesab edirəm ki, bu gün bu xəstəxana Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır.

Bildiyiniz kimi, bu xəstəxana mənim təşəbbüsümlə inşa edilibdir. Yadımdadır, bu qərar qəbul olunanda bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Çünki son illər ərzində ölkəmizdə bir çox xəstəxanalar inşa edildi və yeni böyük xəstəxananın inşası hesab olunurdu ki, lazımsızdır. Ancaq həyat onu göstərdi ki, bu, çox düzgün və vaxtında verilmiş qərar idi. Çünki sabahdan etibarən bu xəstəxanada koronavirus xəstələri müalicə olunacaqlar. Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar. Ona görə bu xəstəxananın işə düşməsi əlbəttə ki, koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaqdır.

Onu da bildirməliyəm ki, xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulurdu. Ancaq pandemiyaya görə işlər sürətləndirildi, əlavə vəsait ayrıldı, qüvvələr səfərbər olundu və biz xəstəxananın mərhələli yollarla fəaliyyətə başlamasını təmin edirik. Xəstəxanada 575 çarpayı nəzərdə tutulur. Ancaq birinci mərhələdə 100, ondan sonra 300 çarpayı artıq xəstələrin sərəncamına veriləcəkdir. Xəstəxananın ümumi sahəsi 100 min kvadratmetrə yaxındır. Burada 70 reanimasiya yeri vardır. Bu da koronavirus xəstələrinə göstəriləcək xidmətin önəmli hissəsini təşkil edir. 21 əməliyyatxana mövcuddur. Hazırda bu əməliyyatxanalara ehtiyac yoxdur. Ancaq pandemiya başa çatandan sonra bu xəstəxana öz profili üzrə fəaliyyətini davam etdirəcək.

Koronavirus xəstələrinin buraya yerləşdirilməsi hesab edirəm ki, ən düzgün qərardır. Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. Çünki siz həkimlər yaxşı bilirsiniz ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanası mənim qərarımla onların ixtiyarına verilir və siz həkimlər burada onlara xidmət göstərəcəksiniz.

Bütövlükdə son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Onların bir çoxunun açılışında mən şəxsən iştirak etmişəm. Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Üç-dörd şəhərdə mərkəzi rayon xəstəxanasının tikintisi davam edir və yaxın vaxtlarda orada açılışlar gözlənilir. Təkcə bu il Qazax, Goranboy və Şəmkir şəhərlərində mənim iştirakımla mərkəzi rayon xəstəxanalarının açılışı olmuşdur. Təsəvvür edin, əgər biz bu sahəyə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi. Xatırlayıram, 2004-cü ildə mən hələ Prezident kimi fəaliyyətimə yenicə başlamışdım, Lənkəran şəhərində yaşayış binasının çökməsi nəticəsində bir neçə insan həlak oldu, bir çox insan yaralandı. Mən dərhal Lənkərana getdim, xəstələrə baş çəkdim və orada gördüyüm mənzərə məni dəhşətə gətirdi. Çünki xəstəxana adlandırılan o binaya xəstəxana demək qətiyyən mümkün deyildi. Yəni, dağılmış bina, çürümüş avadanlıq, palatalarda heç bir avadanlıq yox idi, adi yataqlar qoyulmuşdur. Dedim ki, bu, nədir? Dedilər ki, bizim mərkəzi rayon xəstəxanamızdır. Dedim ki, ağır xəstələr haradadır? Dedilər ki, reanimasiyada. Dedim aparın məni reanimasiyaya, mən onlara baş çəkmək istəyirəm. Sən demə reanimasiya nə imiş? Biz bir mərtəbə qalxdıq, eyni otaq, eyni divarlar, eyni taxta yataq, bir dənə də avadanlıq yox idi. Dedim budur reanimasiya? Dedilər bəli. Bax, 2004-cü ildə bizim səhiyyə sistemimizin vəziyyəti bu idi. Mənim göstərişimlə dərhal Lənkəran şəhərində ilk dəfə olaraq müalicə-diaqnostika mərkəzinin tikintisinə start verildi. Ondan sonra bölgələrimizdə 20-yə yaxın müalicə-diaqnostika mərkəzi inşa edilmişdir. O ki qaldı, mərkəzi rayon xəstəxanalarının inşasına, dediyim kimi, bəlkə də iki şəhərdə hələ ki, bu xəstəxanalar lazımi səviyyədə deyil, ancaq onların da inşası nəzərdə tutulur.

Bu gün biz koronavirus xəstələrini bir neçə xəstəxanada yerləşdiririk, o cümlədən Bakı şəhərində və bölgələrdə. Əgər bizdə bu infrastruktur olmasaydı, bu xəstəliyə qarşı necə mübarizə apara bilərdik?! Eyni zamanda, onu da bildirməliyəm ki, son illərdə həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. İndi təsəvvür etmək olmur ki, 10-15 il bundan əvvəl Azərbaycanda çox çətin əməliyyatların həyata keçirilməsi mümkünsüz idi. Bu gün isə bizim həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar, neçə ildir ki, açıq ürək, orqanların transplantasiyası əməliyyatları keçirilir. Yəni, bütün bunları bir neçə il bundan əvvəl təsəvvür etmək belə mümkün deyildi. Ona görə həkimlərin təlimi, onların peşəkarlığının artırılması sahəsində də böyük işlər görüldü. Bizim tələbələrimiz xarici ali tibb məktəblərinə ezam edildilər, həmçinin kurslarda təlim keçdilər. Odur ki, bu gün bizim səhiyyə infrastrukturumuz həkimlərin peşəkarlığı və bilikləri ilə uzlaşmalıdır. Hələ ki, bu istiqamətdə görüləsi işlər çoxdur. Əlbəttə, siz yaxşı bilirsiniz ki, dünya tibb elmi sürətlə inkişaf edir. Bu gün elə xəstəliklər müalicə olunur ki, əvvəlki illərdə bu xəstəliyin çarəsi yox idi. Ona görə Azərbaycan həkimləri, xüsusilə həkimlərin gənc nəsli, orta nəsli daim öz üzərində işləməlidir ki, bütün dünyada mövcud olan və yaranan yeni texnologiyalar, yeni müalicə qaydaları, yeni müalicə üsulları bizdə tətbiq olunsun. Mən hesab edirəm ki, bu sahədə əlavə işlərin görülməsi lazımdır.

Əlbəttə, hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq. Bildiyiniz kimi, üç şəhərdə pilot layihə həyata keçirilmişdir. Mənə verilən məlumata görə, o şəhərlərin sakinləri İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətindən çox razıdırlar, həkimlər də razıdırlar və xəstələr də lazımi müalicə alırlar. Ona görə bu ildən başlayaraq ölkə üzrə icbari tibbi sığortaya tam keçid nəzərdə tutulurdu. Ancaq koronavirus xəstəliyinin müdaxiləsi nəticəsində bu proqramın icrası müəyyən dərəcədə təxirə salına bilər. Çünki biz öz addımlarımızı vəziyyətə görə atmalıyıq. O cümlədən hesab edirəm ki, koronavirusla mübarizədə də biz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq. Halbuki bir daha demək istəyirəm, ən inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıbdır. Minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır. Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu məqsədlə mənim göstərişimlə operativ qərargah yaradıldı. Qərargah 24 saat işləyir. Hesab edirəm ki, qərargahın fəaliyyəti nəticəsində biz çox önəmli addımlar ata bildik.

Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndində saxlanılır.

Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan “Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. “Qafqaz”, “Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər - yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik.

Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz. Ona görə əvvəlki dövrlərdə qəbul edilmiş bütün qərarlar vəziyyətə uyğun verilirdi, o cümlədən ictimai iaşə obyektlərinin iş qrafikinin məhdudlaşdırılması da. Çünki biz başa düşürük ki, insanlar artıq buna öyrəşib, bəzi insanlar artıq öz evlərində yemək bişirmirlər, gedirlər ictimai iaşə obyektlərində qidalanırlar. Biz başa düşürdük ki, bəri başdan bu obyektləri bağlamaq olmaz. Biz tədricən bunu etdik, iş rejimini məhdudlaşdırdıq. Amma indi görürük ki, bu obyektlər koronavirus xəstəliyinin yayılmasında əfsuslar olsun böyük rol oynayır. Ona görə sabahdan etibarən bu obyektlər öz fəaliyyətini dayandırır. Biz bu elanı dünən axşam verdik ki, o obyektlərin sahibləri üçün müəyyən vaxt olsun, öz işlərini sahmana salsınlar, öz obyektlərinin fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görsünlər. O cümlədən ticarət obyektlərinin sahiblərinə də bir gün yarım vaxt verildi ki, öz işlərini sahmana salsınlar. Ona görə biz hər bir qərarı qəbul edərkən həm xəstələri, həm sahibkarları, həm də işləyən insanları düşünürük ki, bu vəziyyətdən az itkilərlə çıxaq.

Əlbəttə, koronavirus ölkə iqtisadiyyatına da böyük zərbədir. Bizim iqtisadiyyatımız yanvar-fevral aylarında çox yüksək templərlə inkişaf edib. Təkcə onu demək kifayətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 6,7 faizdir. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Qeyri-neft sektorunda sənaye istehsalı isə 21,7 faiz artıb. Mən düşünürəm ki, bu, rekord göstəricidir. İnflyasiya 2,8 faizdir, əhalinin gəlirləri 9 faiz artıb. Yəni, bu artım inflyasiyanı böyük dərəcədə üstələyir. Orta əməkhaqqı əhəmiyyətli dərəcədə artıb. Azərbaycana gələn turistlərin sayı yanvar-fevral aylarında 18 faiz artıb. Onu da nəzərə almalıyıq ki, son 5 il ərzində turistlərin sayı ardıcıllıqla artıbdır. Yəni, bütün bunlara indi elə bil ki, ara verilir. Əlbəttə ki, indiki şəraitdə bütün ölkələr böyük iqtisadi çətinliklərlə üzləşirlər. İnkişaf etmiş ölkələrin dövlət, hökumət başçıları artıq açıq bəyan edirlər ki, bu xəstəlik çox ciddi böhrana gətirib çıxaracaq. Eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları da artıq açıq şəkildə bəyan edirlər ki, bu xəstəlik və onun törətdiyi və törədə biləcəyi fəsadlar 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Dünya iqtisadiyyatına böyük zərbə vurulubdur. Üstəgəl neftin qiyməti iki dəfədən çox düşdü və 24 dollar səviyyəsindədir. Bu, əlbəttə ki, bizim üçün böyük itkilərə gətirib çıxaracaq. Ancaq bizim əvvəlcədən qəbul edilmiş qərarlar əsasında gördüyümüz işlər hesab edirəm imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək.

Amma hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq.

Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün mənim Sərəncamımla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır. Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına. Xüsusilə bildirməliyəm ki, Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.

Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək.

İndi görün Avropanın inkişaf etmiş ölkələrində nələr baş verir. Orada 2 nəfərdən çox adam bir yerə yığışa bilməz, 2 nəfərdən çox. Əgər polis işçiləri onu görürlərsə, dərhal ölçü götürürlər. Heç yalvar-yapış etmirlər, ölçü götürürlər. Ona görə bizdə hər bir kəsdə məsuliyyət hissi olmalıdır. Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır.

Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq.

Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq.

Mən sizi ürəkdən salamlayıram. Sabahdan bizim ən gözəl xəstəxanamızda koronavirus xəstələrinin müalicəsi başlanacaq. Bu, sizin üzərinizə çox böyük məsuliyyət qoyur. Mən sizə uğurlar arzulayıram. Arzu edirəm ki, siz sağlam olasınız, bu xəstəliyə yoluxmayasınız və öz vəzifə borcunuzu şərəflə yerinə yetirəsiniz. Sağ olun.

X X X

“Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov dedi:

-Möhtərəm cənab Prezident, günümüzün tələblərinə uyğun, beynəlxalq standartlara cavab verən möhtəşəm bir tibb mərkəzinin açılışına görə bütün tibb işçiləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Zamanında verilmiş fərmanlar, sərəncamlar, o cümlədən dövlət proqramları nəticəsində bizim çoxsaylı tibb mütəxəssisləri dünyanın müxtəlif ölkələrində tibbi ixtisasa yiyələnmişlər və onlar Vətənə qayıdaraq burada xidmət göstərirlər. Bir qisim həkimlərimiz xarici ölkələrdə fəaliyyət göstərir. Belə tibb mərkəzlərinin olması onların Azərbaycanda rahat işləmələri üçün şərait yaratmışdır. Müəssisəmiz yalnız tibbi xidmətin göstərilməsi deyil, eyni zamanda, ciddi elmi-tibbi tədqiqatların aparılması üçün vacib mərkəzlərdən biridir.

Cənab Prezident, biz həkimlər hər zaman Sizin dəstəyinizi, dövlətimizin dəstəyini hiss etmişik. Xüsusilə Sizin son zamanlar həkimlərə göstərdiyiniz dəstək bizi daim ruhlandırır və eyni zamanda, bizim məsuliyyətimizi ikiqat artırmış olur.

“Yeni klinika”nın həkimi Nəzrin Mustafayeva dedi:

-Hörmətli cənab Prezident, əzizimiz Mehriban xanım.

Sizi kollektivimizin və bütün Azərbaycan həkimlərinin adından salamlayırıq. Məlumdur ki, həkimlərin ən böyük məqsədi insanların sağlamlığını təmin etməkdir. Bütün dünya ölkələrindəki kimi, bizim səhiyyəmiz də hazırda çətin bir sınaqla üz-üzə qalmışdır. Bu sınaqdan ən yaxşı şəkildə, uğurla çıxmaq üçün ölkəmizin bütün tibb işçiləri səfərbər olmuşlar. Bu çətin dövrdə Sizin də yanımızda olmağınız, bizə dəstək verməyiniz, çıxışlarınızla, müraciətlərinizlə, mükafatlarınızla səhiyyə işçilərimizi dəyərləndirməyiniz bizim ruh yüksəkliyimiz üçün ən böyük amildir. Biz də öz növbəmizdə Sizə söz veririk ki, əlimizdən gələni əsirgəməyəcəyik, xalqımızın sağlamlığı üçün son dəqiqəyə bütün fədakarlığı göstərməyə hazırıq. Bir daha dəstəyiniz və inamınız üçün Sizə təşəkkürümü bildirirəm.

X X X

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi mühüm yerlərdən birini tutur. Ölkəmizdə son dövrlərdə çox sayda yeni tibb ocağı inşa edilib, mövcud xəstəxana və tibb mərkəzləri əsaslı şəkildə bərpa olunub. Bu müəssisələr ən müasir tibbi avadanlıq və qurğularla təchiz edilib. Bütün bunlarla yanaşı, tibbi heyətin peşəkarlığının artırılmasına da dövlət səviyyəsində xüsusi diqqət göstərilib. Bu gün təsadüfi deyil ki, ölkəmizdə ən ağır tibbi əməliyyatlar uğurla həyata keçirilir. Bu məsələdə şübhəsiz ki, müasir tibb ocaqlarının yaradılması mühüm yerlərdən birini tutur. Bu işlərin miqyası ildən-ilə daha da genişlənir. “Yeni klinika” tibb müəssisəsinin yaradılması və burada ən müasir tibbi avadanlığın quraşdırılması bunu bir daha təsdiq edir. Burada dünyanın aparıcı ölkələrinin şirkətlərinin son elmi-texniki yeniliklərə əsaslanaraq hazırladığı tibb avadanlığı və qurğuları quraşdırılıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34