Azərbaycan və Bolqarıstan prezidentlərinin mətbuat üçün bəyanatları

14 noyabr 2011, 18:10

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram!

Siz Azərbaycanın yaxın dostusunuz. Ölkəmizdə dəfələrlə olmusunuz və hər dəfə biz görüşəndə aramızda olan dostluq əlaqələri ikitərəfli münasibətlərə də müsbət təsir göstərir. Biz bu gün Sizinlə həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə geniş fikir mübadiləsi apardıq, mühüm məsələləri müzakirə etdik və bir daha gördük ki, Bolqarıstan-Azərbaycan əlaqələri çox sürətlə və uğurla inkişaf edir.

Biz Sizinlə demək olar ki, hər il görüşürük. Bizim təmaslarımız mütəmadi xarakter daşıyır və Bolqarıstan-Azərbaycan əməkdaşlığının inkişafı üçün bu əlaqələr çox vacibdir. Müzakirə etdiyimiz məsələlər sonradan qərarlara çevrilir və əməkdaşlığımızın inkişafı üçün müsbət rol oynayır. Son illər ərzində ikitərəfli münasibətlərimiz yeni pilləyə qalxmışdır, siyasi əlaqələr çox yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq edirik. Siyasi əlaqələrimizin inkişafı sahəsində və digər sahələrdə də inamlı inkişafa nail ola bilmişik.

Bu ilin statistikasına baxanda görürük ki, ticarət dövriyyəsi də artmaqdadır. Özü də böyük artım müşahidə olunur.

Əminəm ki, növbəti illərdə daha da artacaq və ticarət dövriyyəsinin strukturu da təkmilləşdiriləcək. Beləliklə, siyasi əlaqələr iqtisadi sahədəki əlaqələrə də müsbət təsir göstərir.

Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də energetika sahəsindəki əməkdaşlıqdır. Bu mövzu daim gündəliyimizdədir. Mən çox şadam ki, indi bu məsələ ilə bağlı aparılan fikir mübadiləsi keyfiyyətcə yeni məzmun daşıyır. Çünki artıq Azərbaycanın enerji resursları Avropaya ixrac edilir. Azərbaycan nefti Avropa ölkələrinə, o cümlədən Bolqarıstana daha da böyük miqdarda ixrac edilir. Eyni zamanda, Azərbaycan qazını Avropa bazarına çatdırmaq üçün yeni imkanlar yaradılmışdır. Bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında imzalanmış tranzit sənədləri bu imkanları reallaşdırır.

Beləliklə, əminəm ki, növbəti illərdə qaz sahəsində Bolqarıstan-Azərbaycan əlaqələri daha da intensiv olacaq və bu əlaqələr getdikcə daha da dərinləşəcəkdir. Əminəm ki, növbəti mərhələlərdə qarşılıqlı investisiya qoyuluşu məsələləri, birgə müəssisələrin yaradılması istiqamətində də inamlı və təsirli addımlar atılacaqdır. Biz bu barədə də fikir mübadiləsi apardıq. Aramızda bu barədə fikir ayrılığı yoxdur.

Enerji sahəsinə gəldikdə, biz burada həm ikitərəfli formatda əməkdaşlıq edirik və müvafiq şirkətlərimiz də bir-biri ilə danışıqlar prosesindədir. Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də bu məsələ ilə bağlı müsbət rol oynayır.

Bildiyiniz kimi, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi üzrə Bəyannamə imzalanmışdır. Ondan sonra işçi qrupu yaradılmışdır. İşçi qrupu fəaliyyət göstərir və əminəm ki, növbəti mərhələlərdə bu əməkdaşlıq daha da genişmiqyaslı olacaqdır. Azərbaycan “Cənub” qaz dəhlizinin reallaşması üçün səylərini göstərir. Bizim zəngin qaz yataqlarımız həm Azərbaycanın enerji təhlükəsizliyini təmin edir və edəcək, eyni zamanda, tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynamaqdadır. Əminəm ki, növbəti illərdə bu sahədə və digər sahələrdə əməkdaşlıq daha da uğurlu olacaqdır.

Eyni zamanda, Avropa İttifaqı–Azərbaycan əlaqələrinin inkişafı üçün Bolqarıstan da öz səylərini göstərir. Bolqarıstan bütün dövrlərdə bizim bu mövzu ilə bağlı təşəbbüslərimizə çox müsbət yanaşmışdır. Hesab edirəm ki, hazırda biz Avropa İttifaqı–Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox vacib mərhələdəyik. İndi uzunmüddətli əlaqələrin formalaşması prosesi getməkdədir. Mən tam əminəm ki, bu əlaqələr çox möhkəm, sağlam zəmin üzərində qurulacaqdır, qarşılıqlı maraqlar təmin ediləcəkdir. Qarşılıqlı maraqların təmin edilməsi üçün əlbəttə ki, biz bu məsələdə çox dəqiq olmalıyıq. Uzunmüddətli, bundan sonra bəlkə də onilliklər ərzindəki əməkdaşlığın təməli məhz bu dövrdə qoyulur. Deyə bilərəm ki, biz bu məsələyə çox böyük ümidlərlə və nikbinliklə yanaşırıq. Hazırda Azərbaycanın bütün Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli müstəvidə çox işgüzar və səmimi münasibətləri mövcuddur. Bu münasibətlər bütövlükdə Avropa İttifaqı–Azərbaycan əlaqələrinin inkişafına da müsbət təsir göstərir.

Bu gün müzakirə etdiyimiz məsələlərin arasında əlbəttə ki, regional təhlükəsizlik məsələləri də kifayət qədər böyük yer tutmuşdur. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin son mərhələsi haqqında Sizə məlumat verdim. Bu məsələ dəfələrlə müzakirələrimizin mövzusu olur. Demək olar ki, biz hər bir görüşdə bu məsələ ilə bağlı fikir mübadiləsi aparırıq. Bir də demək istəyirəm ki, Azərbaycan məsələnin tezliklə həlli üçün səylərini göstərir. Azərbaycan məsələnin ancaq beynəlxalq hüquq normaları əsasında həll olunmasını məqbul hesab edir.

Beynəlxalq təşkilatların qərar və qətnamələri qeyd-şərtsiz icra edilməlidir. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Avropa Parlamenti, o cümlədən Bolqarıstan tərəfinin dəstəyi ilə buna bənzər qətnamə qəbul etmişdir.

Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqeyini bildirmişdir.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz. Məsələ beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Biz ümid edirik ki, danışıqlar nəticəsini verməlidir. Çünki bu vəziyyətlə barışmaq mümkün deyildir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupu və onun həmsədr ölkələri status-kvonun qəbuledilməz olması ilə əlaqədar kifayət qədər ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bizi daha da ruhlandırır. Əminəm ki, bu məsələnin tezliklə həlli bütün ölkələrin marağına cavab verəcəkdir.

Bir daha, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bir də demək istəyirəm ki, biz Sizi Azərbaycanın yaxın dostu kimi tanıyırıq və bu dostluğun artıq böyük tarixi vardır. Əminəm ki, bundan sonrakı dövrdə də Bolqarıstan-Azərbaycan əlaqələri yalnız və yalnız yüksələn xətlə inkişaf edəcəkdir. Sağ olun.

Bolqarıstan Prezidenti Georgi Pirvanovun bəyanatı

-Hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Aparılmış danışıqlardan məmnunluğumu bildirmək istərdim. Əminəm ki, bu danışıqlar gələcəkdə münasibətlərimizin inkişafına müsbət töhfə verəcəkdir. Mən cənab Prezident Əliyevlə tam razıyam ki, ölkələrimiz arasında münasibətlərin yaxşı ənənələri vardır. Bu münasibətlər əvvəlki vaxtlardan inkişaf etmişdir. Son illər ərzində biz bu siyasəti davam etdirmişik. Bu siyasət yaxşı nəticələr vermişdir.

Aramızda mövcud olan siyasi dialoq, fikrimcə, digər münasibətlərə də şamil edilə bilər. Çünki görürük ki, nazirliklərimiz, parlamentlərimiz arasında fəal təmaslar mövcuddur. Münasibətlərimiz get-gedə inkişaf edir, yeni sənədlər imzalanır. Bu, özlüyündə müsbət bir siqnaldır. Bu, xalqlarımız qarşısında görülən işdir və cəmiyyətlərimizə yönəlmiş bir siqnaldır. Mənim üçün mühüm amil ondan ibarətdir ki, hər iki ölkənin işgüzar dairələri nəinki ticarət dövriyyəsinin artmasına hazırdır, baxmayaraq hələ ki, bu həcm istədiyimiz səviyyədə deyildir. Ümidvarıq ki, apardığımız danışıqlar birgə müəssisələrin yaradılmasına zəmin olacaq və bu müəssisələr gələcəkdə üçüncü ölkələrin bazarlarına çıxacaqlar.

Hesab edirəm ki, biz müxtəlif nazirliklərlə məsləhətləşmələrin aparılmasından sonra buna nail ola bilərik. Təbii ki, buna müxtəlif iqtisadi subyektlər də qoşula bilər.

Enerji sahəsi münasibətlərimizin çox mühüm sahəsi olaraq qalır. Bu, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə də aiddir. Son illər ərzində Azərbaycanın apardığı iş “Cənub” qaz dəhlizi üçün yeni imkanlar və perspektivlər açır. Bolqarıstan isə öz növbəsində özünəməxsus mövqe tutur və bu münasibətlər çərçivəsində müsbət amil rolunu oynayır. Əslində biz çalışırıq ki, hətta əlaqələrimizi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərdən də daha çox inkişaf etdirək. Bu münasibətlərin uzun tarixi vardır. Bu sahədə biz gərgin iş aparırıq. Mətbuat konfransları zamanı biz bir milyard kubmetr qaz həcmi haqqında razılaşmamızı xatırlayırıq. Biz, eyni zamanda, istəyirik ki, bu layihə həyata keçirilsin - Bolqarıstan və Yunanıstan arasında bağlayıcı layihə baş tutsun. Danışıqlar zamanı biz qeyd etdik ki, Azərbaycan Dövlət Neft Şirkəti kimi iri şirkət Bolqarıstanın ərazisində bu layihədən sonra fəaliyyət göstərə biləcəkdir.

Zənnimcə, əməkdaşlığımız üçün yaxşı imkanlar mövcuddur. Bu, böyük şaxələndirmə işinin bir hissəsidir. Biz, sadəcə, bir uğuru qazanmalıyıq ki, Avropaya nümayiş etdirək ki, nəyə nail ola bilərik. Bundan sonra daha genişmiqyaslı nəticələr əldə edə, “Cənub” qaz dəhlizi ilə bağlı yeni ideyalar irəli sürə bilərik. Biz konkret məsələləri müzakirə etdik və bu məsələlər iqtisadi əməkdaşlığımızın elementlərinə çevrilə bilər.

Məmnunam ki, dialoqun, həmçinin mədəniyyətlərarası mübadilələr sahəsində əlaqələrin genişləndirilməsi üçün iradə və istək vardır. Bolqarıstan öz regionunda, Azərbaycan isə öz regionunda mədəniyyətlərarası dialoq sahəsində vacib rol, hətta deyərdim ki, lider rolu oynayır. Biz onu da qeyd etdik ki, Balkan regionunda bu qarşılıqlı mədəni fəaliyyət dəhlizi nəinki Qara dəniz regionu ölkələri, o cümlədən Xəzər dənizi regionu ölkələri ilə aparıla bilər. Mən çox şad olardım ki, cənab Prezident, bu regionda olan digər ölkələr də bu ideyaya qoşulsun, bunun üzərində işləsin. Beləliklə biz nümayiş etdirə bilərik ki, burada tarix mövcuddur və bu, regionlarımızın gələcəyi üçün vacibdir. Biz bu işi birgə apara bilərik.

Avropaya gəldikdə, mən Azərbaycan ilə Avropa İttifaqı arasında daha da fəallaşan dialoqu yüksək dəyərləndirirəm. Bu dialoq “Şərq tərəfdaşlığı” çərçivəsində aparılır. Eyni zamanda, belə bir ideya vardır ki, mən Avropa İttifaqında həmkarlarımın bəziləri ilə bunu bölüşmüşəm, Avropa liderlərinə bu haqda məlumat vermişəm. Mən bunu da burada qeyd etmişəm. Mənim prezidentlik mandatım artıq başa çatmaq üzrədir. Mən qeyd etmişəm ki, Avropa təsisatlarında və Avropa İttifaqına üzv olan dövlətlərdə Azərbaycana güzəştli tərəfdaş statusunun verilməsi çox yaxşı olardı. Çünki bu, elə bir çərçivədir ki, bu çərçivədə nəinki enerji təhlükəsizliyi sahəsində dialoq aparmaq olar, o cümlədən bu dialoq genişləndirilə bilər və digər sahələrdə - nəqliyyat, iqtisadiyyat sahələrində, daha geniş mənada təhlükəsizlik məsələləri sahəsində aparıla bilər. Çünki Azərbaycan çox mühüm bir elementdir və bu, bizim formalaşdırdığımız demokratik dövlətlər və xalqlar arasında olan mühüm bir element və təhlükəsizliyin qlobal şəkildə təmin edilməsində mühüm amildir. Çünki bizim qarşımızda duran çağırışlar eynidir. Bu, həm Avropa İttifaqı, həm də ona qonşu, tərəfdaş olan ölkələr üçün vacibdir. Ona görə, biz çalışmalıyıq ki, daha müasir üsullarla birgə fəaliyyət göstərək. Mən tam əminəm ki, yaxın perspektivdə Avropa İttifaqı daxili problemlərini həll etdikdən sonra daha düzgün və qəbul edilə biləcək həll variantlarını tapacaqdır.

Mən, təbii ki, apardığımız danışıqların bütün gündəliyini burada təsvir edə bilməyəcəyəm. Lakin qeyd etmək istəyirəm ki, bu danışıqlar, razılaşmalar, imzaladığımız sənədlər və gələcəkdə əldə ediləcək razılaşmalar və imzalanacaq sənədlər münasibətlərimizin inkişafına töhfə verəcəkdir.

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12