2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə İlham Əliyevin giriş nitqi

13 yanvar 2020, 15:00
2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə İlham Əliyevin giriş nitqi

Bu gün biz ötən ilin yekunları haqqında danışacağıq, görüləcək işlər barədə fikir mübadiləsi aparılacaqdır.

Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir.

Biz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını görürdük. Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması – bütün bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır.

Keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu təbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün. Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi. Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir. Bu səfər bu əlaqələrə böyük töhfə vermişdir. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində işləyirik və ümid edirəm ki, bu işlər nəticə verəcəkdir.

Ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir və Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Eyni zamanda, ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürmüşdür. Bu faktı xüsusilə qeyd etmək istəyirəm. Çünki Qoşulmama Hərəkatında birləşən bəzi ölkələr, belə demək mümkündürsə, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr, ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın namizədliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada bizə olan hörmət və etimad yüksək səviyyədədir.

Dünya dini liderlərinin II Zirvə Görüşü ölkəmizdə keçirilmişdir. Azərbaycana 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət vermişlər.

Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Bu da dünya miqyasında çox mötəbər tədbirdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünki bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur.

Mən bir beynəlxalq tədbirə də diqqət yetirmək istərdim. Bu da keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresidir. Bu, astronavtika sahəsində ən mötəbər tədbirdir. Bu konqres çərçivəsində Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu da çox önəmli hadisədir - həm konqresin keçirilməsi böyük hadisədir, eyni zamanda, Bakı ilə bərabər, daha üç böyük şəhər bu yarışda iştirak edirdi – Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri. Bu çətin yarışda Azərbaycan qalib gəldi. Yəni, bu, bizim gördüyümüz işlərə böyük diqqətdir və bütövlükdə Azərbaycana göstərilən növbəti etimaddır. Onu da bildirməliyəm ki, təxminən 50 il bundan əvvəl - 1973-cü ildə Sovet İttifaqında cəmi bir dəfə Dünya Astronavtika Konqresi keçirilmişdir, özü də Bakı şəhərində. O vaxt Heydər Əliyevin səyləri nəticəsində sovet məkanında məhz Bakı bu konqresin keçirilməsi üçün seçilmişdir. Təxminən 50 ildən sonra növbəti dəfə Bakıda bu konqres keçiriləcək, artıq müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində.

Beynəlxalq müstəvidə bir çox önəmli hadisələr baş verdi. Sadəcə olaraq, mən əsas məsələlərə diqqət yetirirəm. Artıq dediyim faktlar əyani şəkildə göstərir ki, beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir və keçən il bu mövqelər daha da möhkəmlənmişdir.

Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırmışdır.

Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilmişdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir.

Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır.

Kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Xüsusilə bitkiçilikdə bu artım daha böyük olmuşdur - 10 faizdən çox. Bu da görülmüş işlərin nəticəsidir. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur. Yəni, bu, onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artmışdır. Hesab edirəm ki, bu, hər bir ölkə üçün əsas məsələlərdən biridir. Bizim qeyri-neft ixracımız 14 faiz artmışdır. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi.

Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artmışdır və rekord həddə - 51 milyard dollara çatmışdır. Bildirməliyəm ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Deyə bilərəm ki, dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldodur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcəkdir. Beləliklə, iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir.

Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır. Bu, bizim bu sahədə birinci təşəbbüsümüz deyil. Yaxşı xatırlayırıq ki, sovet vaxtından qalmış və bir növ dondurulmuş əmanətlərin qaytarılmasında da biz bu əmanətləri vətəndaşlar üçün ən məqbul prinsip əsasında, ən məqbul əmsalla qaytardıq və bu sahədə də MDB məkanında birinci olduq. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır.

Əlbəttə, uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlər görülmüşdür, 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və təmir edilmişdir. Məktəblərdən 50-si modul tiplidir. Bu məktəblər kiçik və ucqar kəndlərdə inşa edilib. Bu, onu göstərir ki, ölkəmizin hər bir yerində gedən proseslər ümumi inkişafımızın potensialından bəhrələnir.

İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi sahəsində “Şimal-2” elektrik stansiyası istismara verildi. Bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində biz təxminən 400 meqavat itirilmiş generasiya gücünü bərpa etdik. Beləliklə, keçən il 800 meqavat əlavə generasiya gücü əldə etdik. Əlbəttə ki, bu, həm bizim tələbatımızı tam ödəyir, həm də böyük ixrac imkanımız yaranmışdır. Hazırda bizim tələbatımızdan artıq 1000 meqavat generasiya güclərimiz var. Elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən tədbirləri nəzərə alsaq, demək kifayətdir ki, bu istiqamətdə çox ciddi iş aparılıbdır.

Ölkəmizdə qazlaşdırma 96 faizə çatmışdır. Qazılmış 345 subartezian quyusu yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracaq. Onu da bildirməliyəm ki, bu il 400-dən çox subartezian quyusu qazılacaq. Artıq bütün rayonların kəndlərinin adları siyahıda var və biz il ərzində investisiya proqramı çərçivəsində bunu edəcəyik.

Yol tikintisinə gəldikdə, bu il həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr icra ediləcək. Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulubdur. Keçən il 1300 kilometr yol çəkilmişdir. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik.

İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edildi. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaqdır.

Keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında böyük zəlzələ baş vermişdi. Xoşbəxtlikdən heç bir insan itkisi olmamışdır. Ancaq minlərlə ev dağıntıya məruz qaldı. Zəlzələdən dərhal sonra bölgədə olarkən vətəndaşlara söz verdim ki, qış gələnə qədər bütün evlər yenidən tikiləcək, təmir olunacaq, bərpa ediləcək. Həmişə olduğu kimi, yenə də sözümüzün üstündə durduq və artıq zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı, minlərlə yeni ev tikildi, təmir olundu, bərpa edildi. Bu, bir daha onu göstərir ki, vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir.

Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir.

Keçən il TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra “Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdir. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçibdir. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik.

Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Bu da o məsələdir ki, görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə dostluq münasibətlərimizin qurulması, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq - bütün bunlar turizmin inkişafına böyük təkan vermişdir. Çünki mən dəfələrlə demişəm ki, turizmin inkişafı yalnız tarixi abidələrlə, yaxud da hansısa diqqəti, marağı cəlb edən məsələlərlə məhdudlaşmır. Bugünkü dünyada elə bir bölgə yoxdur ki, orada problem olmasın, özü də çox ciddi problem. Qeyd etdiyim kimi, müharibələr, qarşıdurmalar, çevrilişlər, kütləvi etirazlar, polis zorakılığı, insan haqlarının tapdalanması - əlbəttə, o ölkələrdə ki, dediyim bütün bu mənzərə mövcuddur, orada turist axını da tənəzzülə uğrayır.

Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləmişlər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır.

Beləliklə, əlbəttə ki, 2019-cu ildə əldə edilmiş uğurlar haqqında saatlarla danışmaq olar. Mən, sadəcə olaraq, Azərbaycan vətəndaşlarına əsas hesab etdiyim məsələləri çatdırdım. Bir daha demək istəyirəm ki, biz 2020-ci ildə bu uğurlar yolu ilə gedəcəyik. Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır.