Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Sizi enerji sektorunda, xüsusilə bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlər olan “ACWA Power” şirkəti və “Masdar” şirkəti ilə bu gün imzalanmış çox mühüm İcra Müqaviləsi münasibətilə təbrik etmək istərdim. Bu müqavilə Azərbaycanda enerji layihələrinin inkişafında yeni səhifə açacaq. Çünki bərpa olunan enerji bu gün bizim üçün enerji sektorunda prioritetlərdən biridir. Azərbaycan artıq özünün elektrik enerjisi ehtiyaclarını təmin edir və həm də elektrik enerjisi ixrac edir. Lakin bizim hədəfimiz bərpa olunan enerji sektoruna investorlar cəlb etməkdir və bu İcra Müqaviləsinin əhəmiyyəti ondan ibarətdir ki, külək və Günəş elektrik stansiyaları investorların vəsaiti hesabına tikiləcək. Beləliklə, siz Azərbaycanda işləməyə maraq göstərirsiniz. Biz bunu ölkəmizə, gələcəyimizə olan etimad hesab edirik. Çünki bu, çox böyük investisiyadır. Mənə məlumat verildi ki, bu gün İcra Müqaviləsinin imzalanmasından sonra digər müqavilələrin hazırlanması üçün bir qədər vaxt var və ümidvarıq ki, bu il biz Günəş və külək elektrik stansiyalarının təməlqoyma mərasimində iştirak edəcəyik. Bu, bizim üçün çox mühüm layihədir.
Qeyd etdiyim kimi, Azərbaycan elektrik enerjisi sektoruna çoxlu investisiya yatırıb və elektrik xətləri bizi qonşularımızla birləşdirir. Biz elektrik enerjisinin istehsalına çoxlu investisiya yatırmışıq. Bu gün bizim 1000 meqavat əlavə elektrik enerji gücümüz var və biz bunu ixrac edirik, bizim ixrac bazarlarımız var. Həmçinin sizə bildirmək istərdim ki, bizim bu sektordakı investisiyalarımız aparıcı beynəlxalq institutlar tərəfindən, xüsusilə Davos Dünya İqtisadi Forumu tərəfindən qeydə alınır. Onlar elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycanı dünyada ikinci yerə layiq görüblər. Bütün ölkəmiz elektrik xətləri ilə təmin olunub və qeyd etdiyim kimi, bu gün Azərbaycan ixracatçıya çevrilib. Həmçinin bu yaxınlarda, bir aydan bir qədər çox bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə mühüm qaz kəməri layihəsi olan və artıq Avropa İttifaqının sərhədlərinə çatan TANAP-ı tamamladıq. Biz Günəş və küləkdən nə qədər çox enerji əldə etsək öz ehtiyaclarımıza və ixrac üçün təbii qaza bir o qədər qənaət edəcəyik. Ona görə də mən bugünkü mərasimə çox böyük əhəmiyyət verirəm. Bu, bizim doğru yolda olduğumuzu göstərir. Bu, həmçinin onu göstərir ki, Azərbaycan investorlar üçün çox yaxşı şərait yaradıb.
Sizin investisiyalarınız yüz milyonlarla dollar məbləğində olacaq. Elektrik enerjisinin ümumi həcmi 440 meqavat olacaq. Bu, həqiqətən Azərbaycanda bərpa olunan enerji baxımından böyük dəyişiklik olacaq. Həmçinin şadam ki, bu layihələrdə sizin şirkətləriniz tərəfdaş olaraq seçiliblər. Hesab edirəm ki, bu, gözlənilməz deyil. Çünki mənə məlumat verilib ki, “ACWA Power”in ümumilikdə 30 min meqavatdan çox elektrik enerjisi var və bərpa olunan enerji sahəsində də 8 min meqavat elektrik enerjisi hasil edir. “Masdar” 4 min meqavat bərpa olunan elektrik enerjisi istehsal edir. Beləliklə, siz bu sahədə çox təcrübəli və aparıcı şirkətlərsiniz. Buna görə də sizi görməkdən çox məmnunam. Əminəm ki, bizim əməkdaşlığımız uzunmüddətli olacaq, bütün layihələr və texniki məsələlər vaxtında həll ediləcək. Biz bu iki iri layihəni başlayacağıq və bu layihələr Azərbaycana gələcəkdə digər investisiyaları, digər investorları da cəlb etmək imkanı verəcək. Çünki bizim ölkə küləklə və Günəşlə zəngindir. Bəzən külək hansısa narahatlıq yaradır, lakin, eyni zamanda, havanı təmizləyir. Ancaq indi külək və Günəş bizim enerji istehsalımıza xidmət edəcək və bunun sayəsində daxili istifadə və ixrac üçün çoxlu təbii qaza qənaət olunacaq. Bir daha xoş gəlmisiniz və bir daha Azərbaycanda investor olmaq qərarınıza görə sizə təşəkkürümü bildirmək istəyirəm.
x x x
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad ABUNAYYAN dedi:
- Cənab Prezident, icazə verin Sizə təşəkkürümü və hökumətimizin, Kralın, Vəliəhdin salamlarını çatdırım. Səudiyyə Ərəbistanının hökuməti ilə, bizim rəhbərlərlə artıq qurduğunuz bu möhtəşəm münasibətləri örnək göstərmək olar. Səudiyyə Ərəbistanının şirkətinə göstərdiyiniz etimad sayəsində biz indi Azərbaycanda bərpa olunan enerji ilə bağlı Sizin planlarınızı artıq həyata keçirə biləcəyik. Sərmayələrə, iqtisadi və sosial dəyərlərə gəldikdə, bərpa olunan enerjinin bizim layihələrə cəlb edilməsi nöqteyi-nəzərindən Sizin gözləntilərinizi gerçəkləşdirə biləcəyik. Azərbaycanın resurslarını fərqli enerji generasiyasında istifadə etməyə yönəldəcəyik. Azərbaycan üçün ən yaxşı optimallaşdırılmış iqtisadi həll yoluna nail olmaq üçün yanacaq balansını təkmilləşdirəcəyik. Mən çox şadam və Sizə həqiqətən minnətdaram ki, Siz bizi seçdiniz. Çünki bu, Səudiyyə Ərəbistanı ilə münasibətlərə göstərdiyiniz etimadı əks etdirir. Sizin tətbiq etdiyiniz müfəssəl proqramınız bizə həddən çox müsbət təsir bağışlamışdır. Həqiqətən prosesdə - texniki, kommersiya, müqavilə proseslərində də ən yaxşı təcrübədən istifadə edilmişdir. Bizim digər ölkələrlə necə işlədiyimizə dair və bərpa olunan enerji proqramlarını necə başlamağımızla bağlı geniş təcrübəmiz var. Lakin Azərbaycan nadirliyi ilə seçilir. Çünki siz artıq proqrama başlamısınız. Siz ən yaxşı şirkətləri rəqabət aparmaq üçün çox peşəkar və şəffaf şəkildə cəlb etmisiniz. Siz, həmçinin çox nadir rəqabətlilik dəyərləri tətbiq etmisiniz.
Cənab Prezident, bu investisiya bizim yüksək səviyyədə olan siyasi münasibətlərimizə uyğun olacaq. Habelə Vəliəhd Şahzadəmizin həmişə qeyd etdiyi kimi, siyasi münasibətləri dəstəkləyən güclü iqtisadi əlaqələri də görmək istəyirik.
Cənab Prezident, bu, Səudiyyə Ərəbistanı tərəfindən müxtəlif sahələri əhatə edəcək investisiya qoyuluşunun başlanğıcıdır.
Cənab Prezident, bildiyiniz kimi, bizim münasibətlərimiz yüksək səviyyədədir. Sosial sahəyə gəldikdə, ötən il ərzində Azərbaycanda 100 mindən çox turistimiz olub. Hər il turistlərin sayında 20-30 faiz artım müşahidə olunur. Bu, onu göstərir ki, bu gün münasibətlər siyasi, sosial sahələrlə yanaşı, həm də iqtisadi sahəni əhatə edir. Müsbət məqam ondan ibarətdir ki, bunlar artıq Azərbaycanda baş verir.
Cənab Prezident, biz bu layihələri sizin baxışınızı reallaşdırmaq üçün birlikdə həyata keçiririk. İqtisadi, sosial dəyərlərə gəldikdə isə biz buradakı insanlara təlimlər keçəcəyik, “know–how” biliklərini ötürəcəyik. “ACWA Power” şirkətində bizim səhmdarlarımız, idarə heyətimiz tərəfindən belə qərar qəbul edilib ki, Azərbaycanı region üçün platforma olaraq istifadə edək. Bilirsiniz ki, bu, təkcə Azərbaycan üçün deyil. Bizim ofisimizin aprel ayından burada tam fəaliyyətə başlayacağının səbəbi də budur. Biz insan kapitalının inkişafı üçün təlimlərin keçirilməsi ilə məşğul olacağıq. Çünki Sizin rəhbərliyinizlə bu ölkədə çox böyük insan kapitalı yaranıb və biz bundan beynəlxalq səviyyədə istifadə etməyə çalışacağıq. Bəli, bu, bizim Azərbaycanda inkişaf etdirməyə çalışdığımız layihə üçün olacaq. Lakin, eyni zamanda, dünya miqyasında rəqabət qabiliyyətliliyimizi və potensialımızı artırmaq üçün insan kapitalından istifadə edəcəyik. Biz öhdəliklərimizə sadiqik və mən hökumətimizin salamlarını Sizə çatdırıram. Lakin biz, eyni zamanda, bu layihədə sağlamlıq və əməyin təhlükəsizliyi, vaxt, keyfiyyət, etibarlılıq baxımından üzərimizə öhdəlik götürürük. Bu layihə 200 milyon dollar dəyərindədir. Eyni zamanda, biz burada istər bərpa olunan enerji mənbələri ilə, istərsə də yüksək səmərəliliklə qazın, yanacağın istehsalı ilə bağlı uzunmüddətli əməkdaşlığa sadiqik. Biz burada olmaqdan çox şadıq. Bəli, biz səudiyyəliyik, lakin yerli şirkət kimi fəaliyyət göstəririk və göstərəcəyik. Çünki biz Sizin sistemin, Azərbaycandakı və regiondakı inkişafın bir parçası olmaqdan qürur duyuruq. Sizinlə görüşmək mənim üçün həqiqətən şərəfdir. Çox xoşbəxtəm ki, Sizinlə görüşmək üçün bizə böyük imkan yaratmısınız. Mən çox məmnunam. Sizin iş cədvəlinizin gərgin olduğunu bilirəm. Bu böyük imkanı bizə yaratdığınız üçün Sizə minnətdarıq. Təşəkkür edirəm, cənab Prezident.
x x x
Prezident İlham ƏLİYEV dedi:
–Ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə sizə təşəkkür edirəm. Mənim şəxsi salamımı və ən xoş arzularımı Əlahəzrət Kral Salmana, Vəliəhd Şahzadəyə çatdırmağınızı sizdən xahiş edirəm. Qeyd etdiyiniz kimi, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir və biz çox yaxın dost, tərəfdaş və qardaş ölkələrik. Mən bu əlaqələri qardaşlıq əlaqələri adlandırardım. Biz beynəlxalq institutlarda bir-birimizi dəstəkləyirik. Biz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstəririk. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul etdi. Biz bu təşkilata üç il müddətində sədrlik edəcəyik. Sizin və Birləşmiş Ərəb Əmirliklərindən olan dostların dəstəyi ilə bu təşkilatın sədri kimi çox fəal olmaq, təşkilatın üzvlərini və onların maraqlarını dəstəkləmək və bu qurum daxilində daha güclü vəhdət yaratmaq istəyirik. Əlbəttə ki, bunu həmişə dostlarımla, ölkənizin rəhbərləri ilə müzakirə edərkən bildirdiyimiz kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələrə bu gün iqtisadi dəstək lazımdır. Buna görə də biz həmişə iqtisadi əməkdaşlığın siyasi əməkdaşlığın səviyyəsinə necə çatdırılması barədə danışırdıq. Bu, asan deyil, lakin bu gün biz çox vacib bir addım atdıq. Həqiqətən də bu, bir çox digər investorlar üçün yol açır. Onlar “ACWA Power” və “Masdar”ın burada olduqlarını, yüz milyon dollarlıq investisiyalar qoyduqlarını, bizim gələcəyimizə etibar etdiklərini görəcəklər. Buna görə bir çox digər investorlar da sizin arxanızca gələcəklər. Həmçinin tərəfdaşların seçilməsi prosesində biz artıq bu sahəyə marağın olduğunu gördük. Bu maraqları yaradan bir çox amillər var. Birincisi, Azərbaycandakı siyasi sabitlik, proqnozlaşdırma, iqtisadi inkişaf, həmçinin şaxələndirilmiş infrastruktur, ixrac imkanları. Qeyd etdiyim kimi, bu gün biz təkcə neft və qazı yox, həm də elektrik enerjisini ixrac edirik. Böyük potensial var, xüsusilə bərpa olunan enerji sektorunda. Beləliklə, bu layihə bizim üçün çox vacibdir. Sizə bu qərarı verdiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bu cür böyük qərarlar hökumətin dəstəyi ilə verilir. Bilirik ki, Səudiyyə Ərəbistanının hökuməti bu qərarı dəstəkləyir və buna görə çox minnətdarıq. Bu, bizim aramızdakı yaxın dostluq əlaqələrimizin daha bir əlamətidir.
x x x
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al RAMAHİ dedi:
-Cənab Prezident, icazə verin hökumətim, Birləşmiş Ərəb Əmirlikləri və “Masdar” şirkətinin səhmdarları adından bizə bu imkanı yaratdığınız üçün Sizə təşəkkür edim. Karbonsuzlaşdırma dövrü istiqamətində planlarınızda iştirak etmək, onları dəstəkləmək öhdəliyini üzərimizə götürmüşük. Dünyanın gələcəyi karbonsuzlaşdırma istiqamətində ənənəvi enerji istehsalı üsullarından asılılığı azaldaraq daha təmiz gələcəyə doğru gedir. “Masdar” şirkəti olaraq biz diqqətimizi dayanıqlı şəhər icmalarına, bərpa olunan enerji və gələcək texnologiyalara yönəldirik.
Cənab Prezident, bu prosesdə iştirak etmək və Sizin tərəfdən seçilmək böyük şərəfdir. Bilirik ki, Sizin dəstəyiniz, aydın təlimatınız, Sizin baxışınız olmasaydı, biz burada önünüzdə əyləşməyəcəkdik.
Bir daha çox sağ olun, cənab Prezident. Ölkənin və dünyanın qürur duyacağı bir nəticəyə nail olmaq məsələsində bizə etibar edə bilərsiniz, inşallah.
x x x
Prezident İlham ƏLİYEV dedi:
-Çox sağ olun. Bu gün Azərbaycandakı enerji layihələrinin inkişafında yeni bir mərhələyə şahidlik edirik. Bu ili – 2020-ci ili belə bir mühüm hadisə ilə başlamaqdan çox məmnunam. Bunun yaxşı gələcəyi olacaq, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq. Səudiyyə Ərəbistanından olan turist qonaqları qeyd etdiniz. Zənnimcə, Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin sayı da buna bərabərdir. Sizin ölkələrinizə səyahət edən azərbaycanlıların da sayı artır. Bu, sadəcə, turistlərə təklif etdiklərimizlə bağlı deyil. Bunun səbəbi insanların burada özünü rahat hiss etməsidir. Azərbaycanlılar sizin ölkələrinizə, sizin vətəndaşlarınız da Azərbaycana səyahət edərkən özlərini öz evlərindəki kimi hiss edirlər. Bu İcra Müqaviləsinin imzalanması mərasimi də ölkələrimiz arasındakı əlaqələri gücləndirəcək.