Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

17 dekabr 2019, 13:02
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Prezident İlham Əliyev bəyanatla çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük önəm veririk və şadam ki, səfər çox uğurlu keçir. Bu gün aparılan danışıqlar bir daha onu göstərir ki, gələcək əməkdaşlıq üçün çox gözəl imkanlar və perspektivlər vardır.

Mən çox şadam ki, Prezident vəzifəsinə seçilməyinizdən bir neçə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, Sizin bizim ölkəmizə olan diqqətinizin təzahürüdür. Biz də Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk. Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda Ukrayna-Azərbaycan ikitərəfli əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və çox səmərəli fikir mübadiləsi aparıldı.

Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Prezidentin Azərbaycana rəsmi səfəri bunu təsdiqləyir. Bu gün biz ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışdıq. Düzdür, bu il ticarət dövriyyəmiz təqribən 20 faiz artmışdır. Ancaq mütləq rəqəmlər bizi qane edə bilməz və bu gün gələcək əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə olundu.

Bu gün bir qədər sonra keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu da, əminəm ki, iqtisadi sahədə, biznes dairələrinin birgə fəaliyyəti sahəsində çox önəmli addım olacaqdır. Bu biznes foruma həm Ukraynanın, həm də Azərbaycanın biznes dairələrindən çox böyük maraq var. Əminəm ki, konkret məsələlər müzakirə ediləcək.

Təbii ki, Ukrayna-Azərbaycan ikitərəfli Hökumətlərarası Komissiyasının fəaliyyətindən çox şey asılıdır. Əfsuslar ki, son bir neçə il ərzində komissiya demək olar fəaliyyət göstərmirdi. Ancaq biz indi birgə qərarla komissiyanın fəaliyyətinə yeni təkan veririk. Razılaşdırdıq ki, gələn ay artıq komissiya yığışacaq və prezidentlər tərəfindən verilən tapşırıqlar geniş müzakirə ediləcəkdir.

Ticarət dövriyyəsinin artırılması ilə yanaşı, birgə sərmayə qoyuluşu layihələri böyük maraq doğurur. Biz bu barədə də geniş fikir mübadiləsi apardıq. Həm Ukraynanın Azərbaycana, həm də Azərbaycanın Ukraynaya sərmayə qoyuluşu ilə bağlı konkret təkliflər vardır. Hesab edirəm ki, bu təkliflər həyatda öz əksini tapa bilər. Bir çox sahələrdə birgə sərmayə layihələri bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir.

Energetika sahəsində əməkdaşlıq müzakirə edildi. SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası vardır. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaqdır.

Əvvəlki illərdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq aparılırdı. Biz Ukraynadan 400-dən çox kənd təsərrüfatı texnikasını almışıq və bu əməkdaşlığı davam etdirmək istəyirik.

Digər önəmli məsələ, - bu gün bu məsələyə kifayət qədər böyük vaxt ayrıldı, - turizmin inkişafıdır. Həm Azərbaycanın, həm Ukraynanın çox böyük və zəngin turizm imkanları vardır. Bu sahədə də birgə əməkdaşlıq, təcrübə mübadiləsi, birgə layihələr müzakirə edildi, geniş fikir mübadiləsi aparıldı və konkret tapşırıqlar verildi.

Həm Ukraynada, həm Azərbaycanda nəqliyyat sahəsində müasir logistika və infrastruktur mövcuddur. Xəzər dənizi, Qara dəniz nəqliyyat dəhlizləri bizim ölkəmizin iştirakı ilə fəaliyyət göstərir. Mən Prezidentə məlumat verdim ki, son illərdə Azərbaycanda bu sahəyə çox böyük investisiyalar qoyulub. Artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçməklə geniş beynəlxalq əməkdaşlığa da təkan verir, əməkdaşlıq üçün yeni imkanlar açır. Ona görə bu sahədə birgə səylərlə reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, “Vikinq” layihəsi – bütün bu layihələr bizim ölkələrimizi və geniş mənada regional əməkdaşlığı daha da möhkəmləndirəcək, ölkələrimizə fayda verəcəkdir.

Təbii ki, humanitar sahədə əməkdaşlığa da yer ayrıldı. Azərbaycanda Ukrayna mədəniyyətinə çox böyük hörmət var, Ukrayna dili tədris edilir. Bakı Slavyan Universitetində Ukrayna Mərkəzi vardır. Eyni zamanda, Ukraynanın ali məktəblərində Azərbaycan tarixinə, ədəbiyyatına kifayət qədər böyük yer ayrılır. Təbii ki, humanitar sahədə əməkdaşlıq ümumi əməkdaşlığa da müsbət təsir göstərir.

Əlbəttə ki, biz mətbuata verilən bu açıqlamada müzakirə edilmiş bütün məsələləri sadalaya bilmərik. Çünki çox vaxt aparacaq. Ancaq deyə bilərəm ki, davam etməsinə baxmayaraq, bu səfər bütövlükdə çox uğurlu səfər kimi qiymətləndirilə bilər. Əminəm ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxaracaq. Biz konkret məsələləri müzakirə edib, konkret tapşırıqlar verdik. Ümid edirəm ki, bu tapşırıqlar aidiyyəti qurumlar tərəfindən uğurla icra ediləcəkdir.

Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizə və Ukrayna xalqına bir daha yeni uğurlar arzulayıram. Sağ olun.

x x x

Sonra Prezident Vladimir Zelenski bəyanatla çıxış etdi.

Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatı

-Hörmətli cənab Prezident, hörmətli media mənsubları.

Cənab Prezident, əvvəlcə Sizə bu dəvətə görə təşəkkürümü bildirirəm, gözəl ölkənizə səfər edirik. Sizin bu qonaqpərvərliyinizə görə minnətdaram.

Bizim münasibətlərimiz zamanın sınağından keçib. Biz çətin vaxtlarda bir-birimizə hər zaman dayaq olmuşuq. Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olmuşdur və bu gün də bu, belədir.

Cənab Prezident, artıq qeyd etdiyiniz kimi, biz müzakirələrimizi bitirmişik, həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə söhbətimiz çox səmimi şəraitdə keçmişdir. Biz cənab Prezidentlə tərəfdaşlığımızın sözdə deyil, əməldə gücləndirilməsini müzakirə etdik. Xüsusilə də burada iqtisadi sahəyə diqqət yetirilmişdir. Əminəm ki, hər iki ölkədə Ticarət evlərinin açılması da buna təkan verəcəkdir. Məlumdur ki, 2018-ci ildən Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir, bu gün isə mən Azərbaycanda Ukrayna Ticarət Evinin açılışında iştirak edəcəyəm. Bu münasibətlə hər birimizi təbrik edirəm.

Bununla yanaşı, bu gün Bakıda Azərbaycan-Ukrayna biznes forumu təşkil ediləcəkdir. Əminəm ki, ölkələrimizin işgüzar dairələri qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə edəcək və konkret nəticələr əldə edəcəklər.

Əminəm ki, qarşılıqlı sərmayə qoyuluşu hər iki ölkənin mənafelərinə xidmət edir, burada müxtəlif birgə layihələrdən söhbət gedə bilər. Məsələn, Azərbaycanın mobil operatoru olan “Bakcell” tərəfindən “Vodafone Ukrayna”nın səhmlərinin alınması yaxşı bir nümunədir. Bu, bizim bu sahədə olan xidmətlərin yüksəldilməsinə kömək edəcəkdir. Bununla yanaşı, mən Azərbaycan şirkətlərini də Ukraynada özəlləşdirmədə fəal iştiraka dəvət edirəm. Artıq 10 ildir ki, SOCAR Ukraynada uğurla fəaliyyət göstərir. Biz də əlimizdən gələni edəcəyik ki, neft-qaz məhsullarının hasilatı və daşınmasına da hər cür dəstək göstərək.

Cənub Qaz Dəhlizi layihəsi də bizim ölkəmiz tərəfindən xüsusi izlənilir. Bu layihənin genişləndirilərək Avropa istehlakçılarına çatdırılmasına öz töhfəmizi müzakirə etdik. Xüsusilə də hesab edirəm ki, bizim - həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var. Biz belə qərara gəldik ki, nəqliyyat və aviasiya daşımaları sahələrində də təmaslarımızı, əməkdaşlığımızı gücləndirək. Növbəti il yanvarın sonunadək biz Kiyev şəhərində ikitərəfli Hökumətlərarası Komissiyanın iclasını təşkil edəcəyik.

Aerokosmik sahədə əməkdaşlığa xüsusi diqqət yetirilmişdir. Müxtəlif sahələrdə, təyyarə istehsalı sahəsində, o cümlədən humanitar sahədə də məsələləri müzakirə etdik. Azərbaycanda Ukrayna kinosu günləri təşkil ediləcəkdir. Sizin də şahidi olduğunuz kimi, burada bir neçə sənəd - həm biznesin inkişafı, həm məxfi məlumatların qorunması və Ukraynanın müxtəlif bölgələrinin Azərbaycanın bölgələri ilə əməkdaşlığının təşviqi ilə bağlı sənədlər imzalandı.

Təbii ki, bizim bugünkü söhbətimizin əsas hissəsini milli və regional təhlükəsizlik məsələləri təşkil edirdi. Biz burada Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqində baş verən münaqişəni müzakirə etdik. Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik. Burada söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpadan gedir. Bu baxımdan bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində də bizim əməkdaşlığı özündə ehtiva edir. Bu, bizim ölkələrimizin arasında olan münasibətlərin səviyyəsinin göstəricisidir. Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik. Azərbaycana 2020-ci ildə GUAM-a uğurlu sədrlik arzu edirəm.

Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, bu, mənim ölkənizə ilk rəsmi səfərimdir. Bu səfər yeni başlayıb, amma artıq məndə belə bir əminlik var ki, bu, bizim əməkdaşlığımızın yeni səviyyəsinin göstəricisi olacaqdır. Əminəm ki, bu, bizim gələcək potensialımızın inkişafına xidmət edəcəkdir. Təşəkkür edirəm.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34