Ağsuda “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun açılışında İlham Əliyevin nitqi

30 oktyabr 2011, 19:50
Ağsuda “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun açılışında İlham Əliyevin nitqi

-Sizi ürəkdən salamlayıram. Yenidən Ağsuda olmağımdan çox məmnunam. Mən çox şadam ki, Ağsu rayonunda işlər yaxşı gedir, rayon gözəlləşir, abadlaşır. İki il bundan əvvəl gəlmişdim, o vaxtdan bu günə qədər görülən işlər məni çox sevindirir.

Deyə bilərəm ki, Ağsu indi Azərbaycanın ən qabaqcıl rayonlarından biridir və bu, məni çox sevindirir. Çünki son illər ərzində Ağsuda gedən quruculuq-abadlıq işləri rayonun potensialını böyük dərəcədə gücləndirə bilmişdir. Mən bu gün yeni müəssisələrin açılışında iştirak etmişəm. Yeni gözəl, böyük futbol stadionu açılıbdır, uşaqlar artıq orada məşq edirlər. Yadımdadır, iki il bundan əvvəl stadionun tikintisi ilə bağlı məlumatı dinləyərkən demişəm ki, Ağsuda futbol komandası yoxdur. Stadion tikiləcəksə, gərək mütləq futbol komandası olsun. Bu gün mənə verilən məlumata görə, artıq komanda da yaranıb, uşaqlar da cəlb olunub. Uşaqlar artıq məşq edirlər və bu, çox sevindirici haldır.

Digər məsələlər də həll olunur. Siz, burada yaşayanlar yaxşı bilirsiniz ki, küçələr salınır, su xətləri çəkilibdir. Keçən dəfə burada olarkən mənə müraciət olundu ki, Ağsunun su problemi var və suyun tərkibi lazımi səviyyədə deyildir. Vəsait ayrıldı və qısa müddət ərzində su problemləri həll olundu. İndi də bütövlükdə rayonun su-kanalizasiya problemlərinin həlli üçün konkret layihələr icra edilir.

Bu gün yeni müəssisələrin açılışında iştirak etmişəm. Yeni iş yerləri açılır. Əlbəttə ki, bu gün görülən bütün işlərin arasında bu zavodun fəaliyyətə başlaması xüsusi məna daşıyır. Bu zavod nəinki Ağsuda, bəlkə də, Azərbaycanda emal sənayesində ən böyük müəssisələrdən biridir. Eyni zamanda, bütün bölgədə, bütün Cənubi Qafqazda bu sahədə ən böyük müəssisələrdən biridir. Buraya çox böyük investisiyalar qoyulub. Yeni, müasir avadanlıq quraşdırılıb və texnoloji proses tətbiq edilib. Mənə verilən məlumata görə, dünya standartları səviyyəsindədir və istehsal olunan məhsullar da keyfiyyəti ilə seçilir. Bu məhsullar dünyanın istənilən nöqtəsində satıla bilər və satılır. Zavodun direktoru mənə məlumat verdi ki, biz artıq Avropa ölkələrinə də məhsul ixrac edirik.

Hesab edirəm ki, hər bir müəssisənin işinin keyfiyyətini göstərən məhz bu amildir. Bu, həmişə diqqət mərkəzində olmalıdır. Əgər biz inkişaf etmiş ölkələrin bazarlarına məhsullarımızla, hazır məhsullarla çıxa biliriksə, deməli, bu məhsullar lazımi səviyyədədir. Mən çox şadam ki, bu böyük müəssisə artıq fəaliyyətdədir. Bu müəssisənin həm rayonun, həm bölgənin inkişafına çox böyük təsiri olacaqdır. Burada artıq minə yaxın insan işləyir. Gələcəkdə onların sayı daha da artacaqdır. Kəndlilər və fermerlər öz məhsullarını bu zavoda məqbul qiymətlərlə satırlar, təhvil verirlər. Yəni bu, istər-istəməz və bilavasitə kənd təsərrüfatının inkişafına xidmət göstərəcəkdir. Çünki artıq bu zavod fəaliyyət göstərir, məhsulları qəbul edir. Beləliklə, fermerlər maraqlı olacaqlar ki, daha da çox məhsul istehsal etsinlər, daha da çox pul qazansınlar. Yəni, bu zavodun fəaliyyətə başlaması bu məqsədləri təmin edir - kənd təsərrüfatının inkişafı, emal müəssisələrinin, yerli istehsalın yaradılması və ixracyönümlü məhsulların istehsalı. Bax, bütün bu amillər burada cəmləşir. Buna görə, bu zavodun fəaliyyətə başlaması çox böyük məna daşıyır. Bu, sadəcə olaraq yeni bir obyektin işə düşməsi deyildir. Bu zavodun fəaliyyəti, bir daha demək istəyirəm ki, həm Ağsunun, həm qonşu bölgələrin, rayonların inkişafına çox ciddi təsir göstərəcəkdir.

Eyni zamanda, bu zavodun fəaliyyətə başlaması bizim uğurlu iqtisadi siyasətimizin də bariz nümunəsidir. Çünki 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı proqramının başlaması bugünkü reallıqları təmin edir. Əgər o vaxt proqram qəbul edilməsəydi və biz 2009-cu ildə proqramın ikinci mərhələsinə başlamasaydıq, yəqin ki, bu zavoddan heç söhbət aparmaq da mümkün olmazdı.

Regionların inkişafı, infrastruktur layihələrinin icra edilməsi, yolların çəkilişi, elektrik stansiyaları, qazlaşdırma, su xətlərinin çəkilişi, sahibkarlığa göstərilən diqqət, fermerlərə güzəştli şərtlərlə yanacağın, gübrənin verilməsi, subsidiyaların təşkil edilməsi, Sahibkarlığa Kömək milli fondunun xətti ilə 100 milyonlarla ölçülən kreditlərin verilməsi bax bu reallıqları təmin edir. Ona görə, mən bu zavodun fəaliyyətə başlamasına xüsusi diqqət göstərirəm və xüsusi qiymət verirəm. Çünki biz bu zavodun fəaliyyətə başlamasında son illər ərzində görülən işlərin nəticələrini əyani şəkildə görürük. Həm yeni istehsalat sahələri yaradılır, iş yerləri təmin edilir, ölkəyə, ölkə iqtisadiyyatına şöhrət gətirən keyfiyyətli məhsullar istehsal olunur və dünya bazarlarına çatdırılır. Biz növbəti illərdə çalışmalıyıq ki, ixracımızın coğrafiyasını genişləndirək. Bunu etmək üçün biz yeni bazarlara çıxırıq. Mən Nazirlər Kabinetinin sonuncu toplantısında bu məsələ ilə bağlı xüsusi tapşırıqlar vermişəm ki, həm bizim üçün ənənəvi olan bazarlara daha da geniş şəkildə çıxmalıyıq, həm də yeni bazarları aşkar etməliyik. Xüsusilə nəzərə almalıyıq ki, bizim üçün dost olan ölkələrdə məhsullarımıza ehtiyac vardır.

Beləliklə qeyri-neft iqtisadiyyatımızı daha da sürətlə inkişaf etdirəcəyik. Bu ilin 9 ayının yekunları onu göstərir ki, qeyri-neft iqtisadiyyatı uğurla inkişaf edir, 8 faizdən çox artıbdır. Növbəti illərdə də artacaq və Azərbaycan iqtisadiyyatı gələcəkdə daha çox qeyri-neft sektorunun hesabına artmalıdır.

O ki qaldı neft-qaz sektoruna, bu sahədə işlər yaxşıdır. Bütün vəzifələr təmin edilir. Hazırda bu sahədə əldə olunmuş uğurlar bizi qane edir. Biz növbəti illərdə çalışmalıyıq ki, kənd təsərrüfatı, emal, qeyri-neft sənayesinin inkişafına yeni töhfələr verək, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin.

Mən çox şadam ki, Azərbaycanın bütün bölgələri inkişaf edir, bütün bölgələrdə canlanma vardır. Siz bilirsiniz ki, mən mütəmadi şəkildə bütün bölgələrdə oluram. Vəziyyətlə tanış oluram, tapşırıqlarımı verirəm, eyni zamanda, yerlərdən də təklifləri alıram.

Ağsu rayonunda son illər ərzində görülən işlər məni sevindirir. Mən görülən işləri qiymətləndirirəm. Yenə də demək istəyirəm, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, qabağa getməliyik, sürətlə getməliyik ki, Azərbaycan bütün dövrlərdə inkişaf etsin, güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın.

Mən sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağsululara yeni uğurlar arzulayıram.

SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49