Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib

23 noyabr 2019, 17:00
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko noyabrın 23-də Moskvada işini Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Kosmos” binasında davam etdirən X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak ediblər.

Azərbaycan və Rusiya iqtisadiyyatlarının ən perspektivli sahələri barədə müzakirələr aparılan forumda Birinci vitse-prezident Mehriban Əliyeva və Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış ediblər.

Federasiya Şurasının sədri Valentina Matviyenkonun çıxışı

-Möhtərəm Mehriban Arif qızı.

Hörmətli forum iştirakçıları.

Mən Sizi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, əfsanəvi “Kosmos” pavilyonunda X yubiley Rusiya-Azərbaycan Regionlararası Forumunda salamlamağa ürəkdən şadam.

On il əvvəl ölkələrimizin prezidentlərinin dəstəyi ilə bu tədbirə start verilib. Bu illər ərzində forum bizim regionlararası əlaqələrimizin inkişafı üçün əsl səmərəli mexanizmə, regionların, ictimaiyyətin nümayəndələrinin, biznesin dialoqunda səmərəli məkana çevrilib. Bu yaxınlarda Federasiya Şurasının nümayəndə heyəti Bakıda rəsmi səfərdə olub.

Son illər Azərbaycanın paytaxtı xeyli gözəlləşib və Rusiya nümayəndə heyətinin bütün üzvlərində ən parlaq təəssüratlar, çox gözəl xatirələr doğurub. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, hörmətli Mehriban Arif qızı, Sizə, bütün Azərbaycan xalqına Rusiyaya bu cür münasibətə, Sizin ənənəvi qonaqpərvərliyinizə, səmimi qəbullara görə çox təşəkkür edirik. Əlbəttə, imkandan istifadə edərək, bu çox gözəl auditoriyada Sizi, hörmətli Mehriban xanım, Rusiya Federasiyasının yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif olunmağınız münasibətilə bir daha təbrik etmək istəyirəm. Bu, Sizin ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmlənməsinə, Azərbaycanın ictimai və mənəvi həyatında rus dilinin və rus mədəniyyətinin qorunub saxlanılmasında xidmətlərinizə verilən yüksək qiymətdir.

Bu gün ölkələrimiz arasında münasibətlər əsl tərəfdaşlıq və qarşılıqlı faydalı xarakter daşıyır, mehriban qonşuluq, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Şübhəsiz ki, Rusiya və Azərbaycanın uğurlu əməkdaşlığının rəhni ölkələrimizin liderləri Vladimir Vladimiroviç Putin və İlham Heydər oğlu Əliyevin səmimi etimada əsaslanan münasibətləridir. Təkcə ötən ilin əvvəlindən prezidentlərimiz doqquz dəfə görüşüblər. Bizim münasibətlərimiz sanballı müqavilə-hüquq bazasına söykənir. Hazırda Azərbaycanla Rusiya arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il isə 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu proqram sənədi özündə 5 “yol xəritəsi”ni ehtiva edir. Onlar ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasına, nəqliyyat potensialının inkişafına, birgə müəssisələrin yaradılmasına, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsinə, həmçinin humanitar əlaqələrə istiqamətlənib. Son illər Rusiya və Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsi üzrə çox böyük iş görülüb. Biz artıq onun praktik nəticələrini görürük. Ötən ilin yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsi təxminən 14 faiz artıb və təqribən 2,5 milyard dollar olub. Rusiya idxal üzrə Azərbaycanın əsas ticarət və qeyri-xammal sektoru mallarının ixracı üzrə bir nömrəli tərəfdaşıdır. Sərmayələr üzrə əməkdaşlıq möhkəmlənir. Rusiyanın Azərbaycana birbaşa sərmayələri 1,5 milyard dollardır. Azərbaycan bazarında bizim təxminən 700 birgə müəssisəmiz fəaliyyət göstərir. Nəqliyyat sahəsində, xüsusən “Şimal-Cənub” dəhlizinin formalaşmasında intensiv qarşılıqlı fəaliyyət həyata keçirilir. Əminəm ki, o, Avrasiyanın ən mühüm nəqliyyat arteriyası olacaq, Rusiya və Azərbaycandan keçməklə Cənubi Asiyadan Avropaya yükdaşımalarını xeyli sürətləndirəcək.

İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya səmərəli fəaliyyət göstərir. Dünən bizim forum çərçivəsində geniş iclasın keçirildiyi işgüzar şuralarımız kooperasiyanın inkişafına böyük töhfə verirlər. Hesab edirəm ki, ölkələrimizin qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsi təkcə müvafiq idarələrin deyil, həm də işgüzar icmanın xidmətidir.

Cari ilin aprelində Bakıda kompleks işgüzar missiyanın yekunlarını yüksək qiymətləndiririk. Onun işində Rusiyadan 78 və Azərbaycandan 140 şirkət, həmçinin ölkələrimizin müvafiq nazirliklərinin və idarələrinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində informasiya texnologiyaları, kimya sənayesi, avadanlıq tədarükü üzrə razılaşmalar əldə olunub və bir sıra sazişlər imzalanıb. İqtisadiyyatda əlaqələrimizin gələcəkdə möhkəmlənməsi üçün regionlararası əməkdaşlıq mexanizmlərini maksimum işə salmaq zəruridir. Bu gün Rusiya Federasiyasının 72 subyekti Azərbaycanla ticari münasibətlər, humanitar əlaqələr saxlayır. Moskva, Moskva vilayəti, Sankt-Peterburq, Çelyabinsk, Volqoqrad, Saratov, Nijni-Novqorod, Həştərxan, Sverdlovsk vilayətləri, Stavropol və Krasnodar diyarları bu sahədə liderdirlər.

Rusiya və Azərbaycanın regionları, işgüzar dairələri və təşkilatları arasında praktik əməkdaşlığın genişlənməsində əsas rol Rusiya-Azərbaycan Regionlararası Forumuna məxsusdur. Bu məkana tələbat, onun iştirakçılarının sayı ildən-ilə artır. Ötən il dövlətlərimizin başçılarının həmin forumun işində iştirakı bu tədbirə xüsusi əhəmiyyət qazandırıb. Forumda çıxış edən Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin vurğulayıb ki, regionlararası əlaqələr bizim dövlətlərarası münasibətlərimizin ən mühüm tərkib hissəsidir.

Regionlararası əməkdaşlığın möhkəmlənməsində və genişlənməsində parlamentarilər mühüm missiyanı yerinə yetirirlər. Biz Rusiya Federasiyası Federal Məclisi və Azərbaycan Respublikasının Milli Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiya çərçivəsində fəal iş aparırıq. Komissiyanın növbəti iclasının bu il dekabrın əvvəlində Sankt-Peterburqda keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa, Rusiya və Azərbaycan parlamentariləri çoxtərəfli parlament təşkilatlarının səmərəli qarşılıqlı fəaliyyətini təmin ediblər. Biz Parlamentlərarası İttifaq, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası, ATƏT Parlament Assambleyası və digər beynəlxalq parlament strukturları çərçivəsində sıx əməkdaşlıq edirik. Məsələn, ölkələrimiz nasizmə bəraət qazandırılmasının, antihitler koalisiyasının döyüşçülərinin xatirəsinin təhqir edilməsinin yolverilməzliyi barədə MDB PA üzv dövlətlərinin parlamentlərinin rəhbərlərinin bəyanatını dəstəkləyiblər.

Rusiya-Azərbaycan əməkdaşlığında humanitar əlaqələr xüsusi rol oynayır. Bakı Slavyan Universiteti əsl mənada nadir təhsil, elm və mədəniyyət mərkəzidir. Onun divarları arasında rus dilinin öyrənilməsi, slavyan xalqlarının ənənələri və mənəvi dəyərlərinin qorunub saxlanılması üzrə böyük iş aparılır. Azərbaycanda, həmçinin Rusiyanın aparıcı ali məktəblərinin – Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Rus dilində tədrisin aparıldığı təxminən 400 məktəb var. Bizim üçün millətlərarası ünsiyyət dili olan rus dilinə bu cür diqqətli münasibəti həmişə vurğulayır və buna görə Azərbaycan rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

Turizmin inkişafında müsbət dinamikanı məmnunluq hissi ilə qeyd etmək istəyirəm. Hörmətli Mehriban Arif qızı artıq bu barədə danışdı. Ötən il rusiyalı turistlərin sayı rekord həddə - təqribən 900 min nəfərə çatıb. Onların sayının ilbəil artması üçün gələcəkdə də səylər göstərmək lazımdır.

Mədəniyyət sahəsində daimi dialoq həyata keçirilir, mütəmadi olaraq sərgilər, teatr qastrolları, konsertlər, musiqi və kino festivalları təşkil olunur. Artıq 25 ildir ki, irimiqyaslı Mədəniyyət Günləri layihəsi həyata keçirilir. Bir daha demək istəyirəm ki, bu il Federasiya Şurası nümayəndə heyətinin səfəri çərçivəsində Rusiya Federasiyasının Azərbaycan Respublikasında Mədəniyyət Günlərinin açılış mərasimində iştirak etmək mənim üçün xüsusi şərəfdir və buna görə məmnunam.

Əziz dostlar, xalqlarımızı çoxillik dostluq əlaqələri, zəngin mədəni və tarixi irs birləşdirir. Gələn il biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini birlikdə qeyd edəcəyik. Ortaq tarixin yenidən yazılması cəhdləri, nasizm üzərində qələbədə, Avropanın və dünyanın “qəhvəyi taun”dan xilas edilməsində bizim xalqlarımızın rolunun azaldılması cəhdlərinin qarşısının alınmasında səylərimizi birləşdirmək vacibdir. Burada, həmçinin çox ümid edirik ki, regionlararası səviyyədə də bu tarixi hadisəyə layiqincə diqqət yetiriləcək.

Əminəm ki, bizim forumda əldə olunan razılaşmalar Rusiya-Azərbaycan dostluğunun gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək, regionlararası əməkdaşlığın çərçivələrini və formatlarını genişləndirəcək, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək edəcək.

Mən forumun təşkilatçılarına, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycanın nazirlik və idarələrinə təşəkkürümü bildirmək istəyirəm. Rusiya-Azərbaycan forumuna çox diqqətlə, çox qayğı ilə yanaşan və onun yüksək səviyyədə keçməsi üçün əlindən gələni əsirgəməyən İqtisadi İnkişaf naziri Maksim Stanislavoviç Oreşkinə ayrıca təşəkkür etmək istərdim. Azərbaycanın ümummilli lideri, dahi oğlu Heydər Əlirza oğlu Əliyev deyirdi ki, dünya quruculuq sayəsində yaşayır və inkişaf edir. Gəlin, onun bu müdrik kəlamına əməl edərək vətəndaşlarımızın həyatını birlikdə yaxşılaşdıraq. Çox sağ olun.

X X X

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı

-Çox hörmətli Valentina İvanovna.

Hörmətli forum iştirakçıları.

Onuncu Azərbaycan-Rusiya Regionlararası Forumunun bütün iştirakçılarını ürəkdən salamlayıram.

Hörmətli Valentina İvanovna, Azərbaycan nümayəndə heyəti adından, ilk növbədə, sizə bu forumda iştirak etdiyinizə, həmçinin bizim ölkəmizə xeyirxah münasibətinizə görə təşəkkürümüzü bildirmək istəyirəm. Yubiley forumunun bütün təşkilatçılarına və iştirakçılarına səmimi qəbula görə təşəkkür edirəm.

Sizin ölkənizə rəsmi səfərə dəvət edilməyimə və mənə yüksək mükafatın - “Dostluq” ordeninin təqdim edilməsinə görə Rusiya Federasiyasının rəhbərliyinə, şəxsən Prezident Vladimir Vladimiroviç Putinə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni mənə şəxsən Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin təqdim etməsi mənim üçün böyük şərəfdir. Mən bu mükafatı Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hörmətə əsaslanan dostluq, mehriban qonşuluq münasibətlərinin daha bir rəmzi kimi qəbul edirəm.

Regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynayır. Keçən ilin sentyabrında Bakıda bundan əvvəlki forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət edir. Budəfəki forum çərçivəsində rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib. Ümidvaram ki, əvvəlki illərdə olduğu kimi, bu forumun da nəticələri bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Hörmətli xanımlar və cənablar, Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət telləri bağlayır. Rusiya və Azərbaycan prezidentlərinin siyasi iradəsi, onların birgə səyləri sayəsində bu gün bizim əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri kəsb edib. Dövlət başçılarının sıx dostluq münasibətləri, qarşılıqlı səfərləri, müntəzəm görüşləri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafına xüsusi dinamika verir. Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında çoxcəhətli tərəfdaşlıq praktiki olaraq bütün sahələri əhatə edir. Möhkəm ikitərəfli müqavilə-hüquqi baza yaradılıb, 200-dən çox sənəd imzalanıb. Hökumətlərarası və parlamentlərarası işçi qruplar münasibətin inkişafına sanballı töhfə verir.

Ticari əlaqələr bizim əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir və bizim qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Artmaqda olan əmtəə dövriyyəsinin inkişafı və şaxələndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Azərbaycan xaricdə özünün ilk ticarət nümayəndəliyini Rusiya Federasiyasında açıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət göstərir. Bizim istehsalçıların müxtəlif regionlara ixrac missiyaları təşkil edilir.

Hörmətli Valentina İvanovna, siz çox nikbin rəqəmlər səsləndirdiniz. Mən onları təkrar edəcəyəm, lakin zənnimcə, həmin rəqəmlər o qədər pozitivdir ki, onları bir daha təkrarlamağa dəyər. Ticarətdə müsbət dinamika müşahidə edilir. Məsələn, 2018-ci ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə artım 26 faizə çatıb. İnvestisiya sahəsində də əməkdaşlığımız genişlənir. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə yatırıb. Hazırda maşınqayırma və avadanlıq istehsalı, kimya sənayesi, əczaçılıq, nəqliyyat kimi sahələrdə müştərək layihələr həyata keçirilir. Məsələn, “SOCAR Polymer” zavodu inşa edilib, “Azərikimya” müəssisələri modernləşdirilir, Gəncə avtomobil zavodunda “KamAz” Səhmdar Cəmiyyətinin və “Ural” avtomobil zavodunun yük avtomobillərinin istehsalı və yığılması həyata keçirilir. Hacıqabul Sənaye Məhəlləsində “QAZ” markalı avtomobillərin yığılması üzrə zavod tikilir. “P-farm” əczaçılıq preparatları zavodunun birinci növbəsinin tikintisi başa çatmaq üzrədir. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda iştirak edir. Elektrik enerjisi mübadiləsi həyata keçirilir. Azərbaycan, Rusiya və İran arasında “Şimal-Cənub” enerji dəhlizinin yaradılması üzrə iş aparılır.

Rusiya Federasiyası ölkəmizdən ixrac edilən kənd təsərrüfatı məhsullarının əsas istehlakçısıdır. Biz də öz növbəmizdə, Rusiyadan kənd təsərrüfatı texnikası və mineral gübrələr alırıq. Yaxın gələcəkdə 2020-2022-ci illər üçün aqrar sənaye kompleksində əməkdaşlıq proqramının imzalanması planlaşdırılır.

Nəqliyyat-tranzit sahəsi bizim əməkdaşlığımızın mühüm istiqamətlərindən biridir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi bu sahədə mühüm layihədir. Həmin layihənin həyata keçirilməsi nəticəsində ötən il bu marşrut üzrə tranzit daşımalarının həcmi 8 dəfə, bu ilin birinci yarısında isə 60 faizdən çox artıb. 2020-ci ildə yeni Bakı-Rusiya Federasiyası sərhədi avtomagistralının tikintisinin başa çatdırılması, habelə Samur çayı üzərindən avtomobil körpüsünün birgə tikintisi planlaşdırılır. “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizi də uğurla fəaliyyətə başlayıb.

Turizm sahəsində əməkdaşlığımız dinamik şəkildə inkişaf edir. 2018-ci ildə Azərbaycana səfər etmiş rusiyalıların sayı 900 minə yaxın olub. Bizim ölkəyə gələn turistlərin sayına görə Rusiya birinci yeri tutur. Azərbaycan da öz növbəsində, Rusiyanın Şimali Qafqaz regionunun turizm infrastrukturu üçün əsas investorlardan biridir.

Son illərdə bizim humanitar əməkdaşlığımız əhəmiyyətli dərəcədə fəallaşıb. Təhsil sahəsində əməkdaşlığı xüsusi vurğulamaq istəyirəm. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Ölkəmizin 338 məktəbində tədris rus dilində aparılır, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir, Azərbaycanın 14 dövlət ali məktəbində rus bölmələri var. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Əziz dostlar, ölkələrimiz arasında əməkdaşlıq çoxtərəflidir. Eyni zamanda, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar var. Əminik ki, bizim birgə səylərimizlə yeni qarşılıqlı faydalı layihələr reallaşacaq. Bu, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın ruhuna uyğundur.

Forum iştirakçılarına səmərəli iş arzulayır, ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsini diləyirəm.

Sonda Rusiya Federasiyasının rəhbərliyinə, şəxsən Prezident Vladimir Vladimiroviç Putinə, Rusiya Hökumətinin başçısı Dmitri Anatolyeviç Medvedevə, hörmətli Valentina İvanovna, sizə, bir daha təşəkkür etmək istəyirəm. Bu gün mənim Rusiya Federasiyasına rəsmi səfərimin üçüncü günüdür. Üç gün ərzində hiss etdiyim səmimi dostluq ab-havasına, keçirilmiş çox faydalı, məhsuldar görüşlərə görə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bizim münasibətlərimiz gələcəkdə də Rusiya Federasiyasının və Azərbaycan Respublikasının prezidentlərinin siyasi iradəsi, sizin düzgün olaraq qeyd etdiyiniz kimi, onların arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində durmadan inkişaf edəcək. Moskvada olmağıma çox şadam. Moskva gözəl şəhərdir. Məni onunla tələbəlik illərim bağlayır. O mənə yaxın, doğma şəhərdir. Moskvaya gələndə həmişə sevinirəm və hər dəfə bu şəhərin necə gözəlləşdiyini görürəm.

Sizə, bütün dostlarımıza bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib sizi Azərbaycana dəvət etmək istəyirəm. Çox sağ olun. Forumun işinə uğurlar arzulayıram. Sağ olun.

X X X

Daha sonra imzalanmış ikitərəfli sənədlərin mübadiləsi mərasimi oldu.

İki gün ərzində keçirilən yubiley forumu Azərbaycanın və Rusiyanın regionları arasında işgüzar münasibətlərin inkişafına yönəlib və dövlət-özəl sektor dialoqu üçün nadir platformadır.

Təşkilatçıları Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi olan forum işini plenar iclasla davam etdirib.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08