İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

21 noyabr 2019, 17:00
İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz. Düşünürəm ki, ölkələrimizi bir-birinə bağlayan məsələlər haqqında danışmaq üçün yaxşı imkandır. Mən şadam ki, münasibətlər çox uğurla inkişaf edir. Əlbəttə, yüksək səviyyədə qarşılıqlı səfərlər bizim əlaqələrimizi möhkəmləndirir. Mən bir neçə dəfə, o cümlədən rəsmi səfərlə sizin ölkənizdə olmuşam. Bolqarıstan prezidentləri dəfələrlə Azərbaycana səfər ediblər. Həmçinin Baş Nazir cənab Borisov da bizim qonağımız olub. Beləliklə, ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur.

Əlbəttə ki, biz energetika sahəsində də əməkdaşlıq edirik. Bolqarıstan Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının işində həmişə yüksək səviyyədə, nazir səviyyəsində iştirak edir. Əminəm ki, ölkələrimizi birləşdirən bu layihə yaxın vaxtda uğurla başa çatdırılacaq. Beləliklə, uzun illər ərzində biz energetika gündəmi ilə bağlı olacağıq. Lakin, həmçinin əmtəə dövriyyəsinin də artırılmasını nəzərdə tuturuq. Düşünürəm ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından sonra ölkələrimizin biznes qurumları bir-biri ilə daha çox əlaqə saxlayacaq və daha sıx əməkdaşlıq edəcəklər.

Gələcək əməkdaşlığın daha bir istiqaməti nəqliyyat sahəsidir. Azərbaycan artıq qonşu ölkələrə və digər dövlətlərə yüklərin Şərq-Qərb marşrutu ilə daşınması üçün tranzit xidmətləri göstərir. Beləliklə, əminəm ki, bu mühüm dəhlizin genişləndirilməsi ilə ölkələrimizdən yük göndərənlər əməkdaşlıq üçün əlavə imkanlar əldə edəcəklər.

Əlbəttə, siz səfər çərçivəsində həm Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq mövzusuna, həm də ictimai asayişin, təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərə toxunacaqsınız. Təcrübə mübadiləsi də böyük əhəmiyyət kəsb edir. Daxili işlər orqanları ictimai asayişin qorunması, vətəndaşların dinc yaşayışının təmin edilməsi üzrə mühüm vəzifəni yerinə yetirirlər. Lakin qeyd etməliyəm ki, artıq uzun illər ərzində həm Bolqarıstanda, həm də Azərbaycanda ictimai-siyasi sabitliyin olduğunu nəzərə alaraq, polis orqanlarının işi sizin bəzi həmkarlarınızın işindən daha azdır. Biz bir sıra inkişaf etmiş ölkələrin polis orqanlarının demək olar ki, hər gün nümayişçilərlə necə davrandığını, onları döydüklərini, öldürdüklərini, xəsarət yetirdiklərini, qaz, su, dəyənəklə, itlərlə qovduqlarını və çox böyük qəddarlıq nümayiş etdirdiklərini televiziyada görürük. Həm də biz bu cür halları dünyanın müxtəlif ölkələrində, müxtəlif regionlarında, o cümlədən ən inkişaf etmiş ölkələrdə görürük. Lakin Azərbaycanda bizi bir məsələ həmişə maraqlandırır, nə üçün insanların hüquqlarının təmininə cavabdeh olan beynəlxalq təşkilatlar bəzən dinc nümayişçilərin qəddarcasına, qeyri-insani dağıdılmasını görərkən susurlar? Azərbaycanda hansısa kiçik epizod baş verdikdə isə, məsələn, təxminən bir ay əvvəl qanunsuz aksiyanın qarşısının heç bir güc tətbiq etmədən alınmasından sonra beynəlxalq təşkilatlar, bəzi ölkələrin Azərbaycandakı səfirləri bəyanatlar verməyə başlayıblar və az qala hökumətimizi ittiham etməyə cəhd ediblər. Bu hal Avropada həm də qurbanlarla, qətllərlə, xəsarətlərlə, nümayişlərin dağıdılması ilə baş verdikdə isə hüquq müdafiə təşkilatları və beynəlxalq strukturlar susurlar. Bu, ikili standartların təzahürüdür və bu ikili standartlar onları nümayiş etdirən həmin təşkilatları nüfuzdan salır. Kimisə hər hansı məsələdə ittiham etmək üçün, ilk növbədə, buna mənəvi haqqın olmalıdır. Bizi isə bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər.

Lakin bir daha demək istəyirəm ki, istər Bolqarıstanda, istərsə də Azərbaycanda ictimai-siyasi sabitlik və asayiş xalqın iradəsi ilə təmin olunur. Sizin ölkəniz mənim dostum cənab Borisovun rəhbərliyi ilə inkişaf və sabitlik yolu ilə irəliləyir. Biz bunu yüksək qiymətləndirir və sizi bütün bu uğurlar münasibətilə təbrik edirik. Beləliklə, mən bizim daxili işlər orqanlarının işinin o qədər də çox olmadığını dedikdə məhz bunu nəzərdə tuturam. Arzu edirəm ki, həmişə sizin işiniz az olsun.

Bir daha xoş gəlmisiniz.

X X X

Daxili İşlər naziri Mladen MARİNOV dedi:

- Hörmətli cənab Prezident, çox sağ olun. Sizin məni qəbul etməyiniz mənim üçün böyük şərəfdir. İcazə verin, Sizi cənab Baş Nazir Boyko Borisovun adından salamlayım.

Azərbaycan bizim həm energetika sahəsində, həm də gələcək nəqliyyat dəhlizlərinin inkişafında, iqtisadi əlaqələr üzrə və təhlükəsizlik sahəsində strateji tərəfdaşımızdır. Cənub Qaz Dəhlizinin tikintisinin vaxtında başa çatdırılmasına nail olmaq və beləliklə, bir milyard kubmetr qaz tədarükünü təmin etmək bizim üçün çox vacibdir.

X X X

Prezident İlham Əliyev Bolqarıstanın Baş Naziri Boyko Borisovun salamlarına görə minnətdarlığını bildirdi, onun salamlarını Bolqarıstanın Baş Nazirinə çatdırmağı xahiş etdi.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 mart 2025
11:18
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət...

15 mart 2025, 11:18
SƏNƏDLƏR Fərmanlar 15 mart 2025
11:14
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il...

15 mart 2025, 11:14
SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28