“Petkim” şirkətinin “Star” neft emalı zavodunun təməlqoyma mərasimində İlham Əliyevin nitqi

25 oktyabr 2011, 19:10
“Petkim” şirkətinin “Star” neft emalı zavodunun təməlqoyma mərasimində İlham Əliyevin nitqi

- Əziz qardaşım, hörmətli cənab Baş nazir!

Əziz xanımlar və cənablar, əziz dostlar!

Bu gün Türkiyə-Azərbaycan əlaqələrində çox əlamətdar və tarixi bir gündür. Ancaq ilk öncə iki gün əvvəl Türkiyəni sarsıtmış zəlzələ və böyük insan itkisi ilə əlaqədar bir daha bütün türk xalqına Azərbaycan xalqı adından başsağlığı verirəm, ölənlərə Allahdan rəhmət diləyirəm, yaralananlara Allahdan şəfa diləyirəm.

Hər zaman olduğu kimi, bu gün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar. Biz bir dildə danışırıq. Biz bir millətə mənsubuq və bu gün Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edərkən yenə də öz yanında Türkiyəni görür. Bəlkə də dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı, bu qədər yaxın olsunlar. Xoşbəxtliyimiz ondan ibarətdir ki, biz tarixi ədalətə, keçmişimizə, əcdadlarımızın vəsiyyətlərinə sadiqik.

Bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir. Biz beynəlxalq məsələlərdə daim bir-birimizi dəstəkləyirik. Biz bütün sahələrdə çox uğurlu əməkdaşlıq edirik. Region üçün, dünya üçün böyük əhəmiyyət kəsb edən layihələri birgə icra edirik. Birgə təşəbbüslər irəli sürürük və əslində xarüqələr yaradırıq.

Bugünkü mərasim, bugünkü təməlqoyma əslində birliyimizi göstərir. Onu göstərir ki, biz çox işləri birlikdə görmüşük və görəcəyik. Bizim gücümüz də birliyimizdədir. Mən çox şadam ki, Türkiyə və Azərbaycan, eyni zamanda, türkdilli dövlətlərin əməkdaşlığı üçün də öz dəyərli töhfələrini verirlər. Bizim birliyimiz və əməkdaşlığımız bütün türk dünyası üçün vacibdir. Tam əminliklə deyə bilərəm ki, Türkiyə və Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı üçün əvəzolunmaz töhfələr verirlər. Beləliklə, bütün türk dünyasının birləşməsi üçün bizim səylərimiz nəticə verir.

Bugünkü təməlqoyma mərasimi rəmzi xarakter daşıyır. Çünki cəmi 20 illik müstəqillikdən sonra Azərbaycan qardaş ölkəyə böyük həcmdə yatırımları qoymağa başlamışdır. Ancaq dost, qardaş ölkəyə bu qədər yatırımlar qoyula bilər. Mən çox şadam ki, Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri isə öz növbəsində artıq Türkiyəyə investisiyalar qoyurlar. Bu, bizim birgə layihələrimizdir. Petkimdə, burada gələcəkdə yaradılacaq yeni müəssisələr həm türk xalqına, həm Azərbaycan xalqına xidmət göstərəcəkdir.

Mən bu gün bir qədər geriyə, yaxın keçmişimizə baxmaq istəyirəm. Cəmi 5 il bundan əvvəl əziz qardaşım, hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğanla bərabər Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini qeyd edirdik. Bu, böyük tarixi bir nailiyyət, böyük, gözəl bir mərasim idi. Aralıq dənizinin kənarında gözəl mərasim idi. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri demək olar ki, tam gücü ilə işləyir və xalqlarımızı daha da birləşdirir.

Ondan bir il sonra – 2007-ci ilin əvvəlində əziz qardaşım Tayyib Ərdoğanla bərabər Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı sənədlərə qol çəkdik. O layihə də indi uğurla icra edilir və ümid edirəm ki, yaxın zamanlarda, bir ildən sonra biz yeni gözəl mərasimdə iştirak edəcəyik.

2007-ci ildə, əziz qardaşım dediyi kimi, Bakı-Ərzurum qaz kəməri istismara verildi. Bu kəmərin istismara verilməsi ilə qardaş ölkədən – Azərbaycandan Türkiyəyə ilk dəfə olaraq təbii qazın nəqlinə nail olduq. Əminəm ki, növbəti illərdə biz bu qazın həcmini də böyük dərəcədə artıracağıq.

2008-ci ildə SOCAR TURKAS ilə bərabər “Petkim”in alınması üçün müraciət etmişdir. Mən çox şadam və bir daha əziz qardaşıma minnətdaram ki, müraciətimizə çox müsbət reaksiya verildi, müsbət baxıldı və SOCAR-ın burada gələcək investisiyasının qoyuluşu üçün imkanlar yarandı. Bu gün - 2011-ci ildə biz yeni layihənin başlanğıcındayıq. Yəni, bu qısa tarixçə özlüyündə bir göstəricidir. Güclü siyasi iradə, ölkələrin arasında səmimi münasibətlər olduğu halda biz bütün məsələləri həll edə bilərik. Biz doğrudan da dünya çapında çox böyük və önəmli layihələri icra edirik. Bu layihələrin icrası, ilk növbədə, dostluğumuza, qardaşlığımıza söykənir. Bizim bütün uğurlarımızın təməlində dostluğumuz və qardaşlığımızdır.

Əziz qardaşım Tayyib Ərdoğan dediyi kimi, biz bu yaxınlarda müstəqilliyimizin 20 illik yubileyini qeyd edirdik.

Azərbaycanda bu bayram geniş şəkildə qeyd edilirdi. Bir daha keçmişə nəzər salaraq qeyd edirdik ki, bizi müstəqil dövlət kimi tanıyan ilk ölkə Türkiyə olmuşdur. Yəni, müstəqil ölkə o zaman müstəqilliyini əldə edir ki, onu başqa ölkələr tanısın. Yəni, bizim dünya birliyi tərəfindən tanınmağımızda əsas rolu qardaş ölkəmiz oynamışdır və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır. Ondan sonrakı dövrdə, Azərbaycanın ən çətin anlarında bizə ilk dəstək verən qardaş Türkiyə olmuşdur. Bu gün - artıq 20 ildən sonra inkişaf edən Azərbaycan öz növbəsində Türkiyəyə öz dəstəyini verməyə hazırdır və lazım olan hallarda dəstək verir. Bu, bizim qardaşlıq borcumuzdur. Mən bir daha demək istəyirəm, Türkiyə bizim doğma vətənimizdir. Biz bir-birimizi bir-birimizdən ayırmırıq. İki gün bundan əvvəl baş vermiş faciəvi zəlzələ türk xalqını necə sarsıtmışdırsa, Azərbaycan xalqını da bir o qədər sarsıtdı. Mən çox şadam ki, nəinki hökumətimiz, adi vətəndaşlar, insanlar – onların hər biri çalışırdı nə isə kömək etsin, kömək əlini uzatsın. Biz bilirik ki, Türkiyə böyük dövlətdir və öz ərazisində istənilən məsələni həll edə bilər.

Bizim tərəfimizdən bu dostluq əlini uzatmaq sadəcə ürəyimizdən gələn bir duyğu idi. Biz istəyirik ki, bu ağır gündə Türkiyənin yanında olaq, necə ki, bütün xoş günlərdə də biz bir-birimizin yanındayıq.

Bu gün dünya xəritəsində Türkiyə kimi böyük bir güc vardır. Bu, bizi çox sevindirir. Bu, bizim də gücümüzü artırır. Mən Türkiyəni ürəkdən sevən insan kimi buna çox sevinirəm. Mən çox sevinirəm ki, əziz dostum Baş nazir Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti nəticəsində qısa müddətdə - 10 il ərzində Türkiyə böyük, uğurlu və şərəfli yol keçmişdir. Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzinə çevrilmişdir. O mərkəz ki, özünə dostları cəlb edir. O mərkəz ki, öz siyasətini, öz təşəbbüslərini əməkdaşlıq, dostluq əsasında irəli sürür. Beləliklə, həm bölgədə, həm dünyada Türkiyə ilə dost olmaq istəyən ölkələrin sayı artır. Həm iqtisadi sahədə, həm siyasi müstəvidə Türkiyənin son 10 il ərzindəki uğurları tarixi xarakter daşıyır. Əlbəttə ki, türk vətəndaşları bunu yaxşı bilirlər. Biz də daim Türkiyəni yaxından izləyən insanlar kimi bunu bilirik, sevinirik və haqlı olaraq qürur hissi keçiririk.

Biz də son illər ərzində Azərbaycanda böyük inkişafa nail ola bildik. Sürətli inkişaf Azərbaycana xas olan bir məsələdir. Bizim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də Azərbaycanın dünyadakı nüfuzunun artmasından qaynaqlanır. Mən fürsətdən istifadə edərək bu seçkilərdə bizim yanımızda olan və bizə böyük dəstək verən Türkiyəyə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Tayyib bəy dediyi kimi, bu yaxınlarda Türkiyə Təhlükəsizlik Şurasında təmsil olunurdu, indi Azərbaycan təmsil olunur. Ancaq siz də bilirsiniz, biz də bilirik ki, bu yer bizim müştərək yerimizdir.

Əziz dostlar, mən bir daha bugünkü gözəl mərasim münasibətilə sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm. Hörmətli Baş nazir, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana məni bu mərasimdə iştirak etmək üçün Türkiyəyə dəvət etdiyinə görə minnətdarlığımı bildirirəm. Bu gün qeyd edildiyi kimi, birinci Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının iclası da keçiriləcəkdir. Əminəm ki, iclasın, Şuranın çox gözəl nəticələri olacaqdır. Bu nəticələr dövlətlərimizi və xalqlarımızı daha da sıx birləşdirəcəkdir.

Bütün dostlarımıza Azərbaycandan səmimi salamlarımı çatdırıram. Bütün türk xalqına xoşbəxtlik və cansağlığı arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44