İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib

31 oktyabr 2019, 16:00
İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Siz bu günə qədər icra başçısının müavini vəzifəsində işləmisiniz, müəyyən təcrübə toplamısınız. İndi isə sizə böyük etimad göstərərək Xaçmaz və Yevlax rayonlarına icra başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır və siz bu etimadı doğrultmalısınız.

Xaçmaz rayonunda uzun illərdir ki, Şəmsəddin Xanbabayev işləyir. Şəmsəddin Xanbabayev Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir vəzifəsində işləmişdir. Ondan sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləmişdir. Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım. Çünki Şəmsəddin Xanbabayev həm təcrübəli insandır, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi və Heydər Əliyev onu Naxçıvanın Baş Naziri vəzifəsinə təyin etmişdi.

Son illər ərzində Xaçmaz rayonunda abadlıq işləri aparılıbdır, böyük infrastruktur layihələri icra edilibdir. Mənim təşəbbüsümlə modul tipli elektrik stansiyası tikilib, aqroparklar işə başlayıb, həm Bakıdan Xaçmaza qədər, eyni zamanda, kənd yolları çəkilib. Xaçmaz rayonunun çox böyük turizm potensialı var və hesab edirəm ki, gələcəkdə biz bu imkanlardan daha geniş şəkildə istifadə etməliyik. Şimal zonasının turizm imkanları doğrudan da çox genişdir. Bildiyiniz kimi, Qusar rayonunda, MDB məkanında ən yüksək səviyyəli dağ-xizək mərkəzlərindən biri fəaliyyət göstərir – Şahdağ kurortu. O da mənim təşəbbüsümlə yaradılmışdır. İlk dəfə mən o dağlara gələndə orada heç bir yaşayış, heç bir infrastruktur yox idi. Biz yollar çəkdik. Quba və Qusar rayonlarının sərhədində müasir elektrik stansiyası yaradıldı, qazlaşdırma aparıldı, elektrik enerjisi, su təchizatı təmin edildi. Yəni, bir sözlə Qusar rayonunun çox böyük inkişaf layihəsi icra edilmişdir. Bir daha demək istəyirəm ki, Şahdağ kurortu bu gün nəinki MDB-də, dünya miqyasında ən gözəl dağ-xizək kurortlarından biridir.

Xaçmaz rayonunun da özünəməxsus gözəl təbii şəraiti vardır. Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da nadir təbii məkandır. Əlbəttə ki, orada turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hazırda bu, belə deyil. Mən Xaçmaz rayonuna son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın inkişaf səviyyəsinə uyğun gəlmir. Bir sıra istirahət zonaları çox primitivdir, xidmət səviyyəsi də çox aşağıdır. Ona görə bu məsələyə çox böyük diqqət göstərilməlidir. Dövlət xətti ilə lazımi kömək göstəriləcək. Ancaq yerli icra orqanları da bu sahəyə böyük diqqət göstərməlidirlər. O cümlədən Xaçmaz rayonunun böyük kənd təsərrüfatı potensialı vardır və orada yaradılmış Yalama aqroparkı çox böyük investisiya tutumlu layihədir. Digər sahələr üzrə də işlər düzgün aparılmalıdır. Yerli vətəndaşların müraciətlərini nəzərə alaraq, orada böyük suvarma layihələri icra edildi. Yəni, rayonun çox böyük potensialı var. İnfrastruktura gəldikdə, həm Olimpiya Mərkəzi, eyni zamanda, xəstəxana yaradılmışdır, abadlıq işləri aparılmışdır. Bu işlər davam etdirilməlidir, ancaq müasir səviyyədə, müasir tələblərə uyğun şəkildə.

Yevlax rayonunun da çox böyük potensialı vardır. Orada da böyük infrastruktur layihələri icra edilmişdir. Düzdür, içməli su və kanalizasiya layihələri hələ ki, başlamamışdır. Xaçmaz rayonunda bu layihələr başa çatıb. Bir neçə gün bundan əvvəl “Azərsu” Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Yevlax rayonunun içməli su və kanalizasiya layihəsinə start verilsin. Hazırda Azərbaycanda cəmi beş şəhərdə bu layihələr başlamayıb. Ancaq müvafiq göstərişlər verilib və bu işlər də davam etdirilməlidir.

Əlbəttə ki, kənd təsərrüfatı sahəsində böyük imkanlar var. Sənaye baxımından çox böyük potensial var. Yəni, icra başçıları bütün bu işlərdə fəal olmalıdırlar. Düzdür, əsas işi dövlət qurumları görür. Yol çəkilişi, elektrik enerjisi təchizatı, qaz təchizatı - bütün bunlar dövlət investisiya proqramı çərçivəsində həll olunan məsələlərdir. Yerli icra orqanları, sadəcə, burada çox fəal olmalıdırlar və bütün bu layihələrin icrası üçün öz səylərini göstərməlidirlər.

Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr - bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz.

Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək.

Eyni zamanda, siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır.

Rayonların abadlıq-quruculuq işlərinə diqqət yetirilməlidir, mövcud obyektlərin işlək vəziyyətdə olması da çox önəmlidir. Mənə verilən məlumatlara görə, bir neçə rayonda mənim iştirakımla açılmış Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub və sadəcə olaraq görüntü naminə fəaliyyət göstərir. Bu, dözülməzdir, buna vəsait xərclənib. Gənclər mərkəzlərində gənclər öz asudə vaxtlarını keçirməlidirlər, orada maraqlı tədbirlər, intellektual oyunlar, vətənpərvərliklə bağlı tədbirlər təşkil olunmalıdır. Bu mərkəzlər tikilir, bir çox hallarda istifadə olunmur. Heydər Əliyev mərkəzləri demək olar ki, hər bir rayon mərkəzində vardır. Nədir bu mərkəzlərin məqsədi? Odur ki, o mərkəzlərə vətəndaşlar gəlib öz asudə vaxtlarını keçirsinlər, o mərkəzlərdə dərnəklər fəaliyyət göstərməlidir, o mərkəzlərdə sərgilər keçirilməlidir. O mərkəzlər rayonun mədəni həyatının ayrılmaz hissəsi olmalıdır. Ancaq mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir. Siz bu məsələ ilə çox ciddi məşğul olun. Yəni, rayonlarda həyat daha da dinamik xarakter almalıdır. Əlbəttə ki, rayonlarla böyük şəhərlər arasında fərq var, hər bir ölkədə. Ancaq biz bu fərqi azaltmalıyıq. Rayon yerində elə şərait yaradılmalıdır ki, oradakı vətəndaşlar elə orada yaşasınlar. İş yerləri olmalıdır. İndi dövlət xətti ilə bu proqram icra olunur, o cümlədən ödənişli ictimai işlər yaradılıbdır. Bu il 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıb. Ancaq əvvəlki mənzərə necə idi? Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə siz ən kasıb təbəqəni bu işlərə cəlb etməlisiniz ki, onlar işsiz qalmasın. Mən demək istəyirəm ki, bu ödənişli iş yerlərinin böyük əksəriyyəti bizə lazım deyil. Ancaq biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun və rayonlarda iş axtaran işlə təmin olunsun. Yenə də demək istəyirəm ki, bu işlərdə artıq 40 minə yaxın vətəndaş işləyir və eyni zamanda, onların arasında bağbanlar, binaları təmir edənlər də var. O da bizə lazımdır. Ona görə bu sahəyə çox ciddi diqqət göstərilməlidir və elə etməlisiniz ki, vətəndaşlar sizin fəaliyyətinizdən razı qalsınlar.

İctimai nəzarət rayonlarda daha güclü olmalıdır. Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir.

Siz gəncsiniz, birinizin 37, digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Əgər siz bu etimadı doğrultmasanız mən sizi işdən çıxaracağam və cəzalandıracağam.

Gedin işə başlayın və bir daha deyirəm ki, Prezidentin və xalqın yüksək etimadını doğruldun.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 dekabr 2024
16:15
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.

2. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar...

27 dekabr 2024, 16:15