“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19 avqust 2019, 21:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra – Fond) yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində:

2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.3. həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, aqrar sığorta predmetinin tərkibini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.4. həmin Qanunun 10.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, müstəqil ekspertlərin imtahanının keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.5. həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq, sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.6. Fondun nizamnaməsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.10.1.5-ci (kənd təsərrüfatı sahəsində islahatlar aparılması ilə bağlı xərclər) yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını, habelə 2020-ci və 2021-ci illərin dövlət büdcələrinin layihələrində Fondun nizamnamə kapitalının artırılması məqsədilə müvafiq olaraq 5 000 000 (beş milyon) və 3 000 000 (üç milyon) manat vəsaitin nəzərdə tutulmasını, həmin vəsaitlər hesabına Fondun nizamnamə kapitalının artırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. dörd ay müddətində:

2.3.1. həmin Qanunun 5.3-cü maddəsinə uyğun olaraq, aqrar sığorta üzrə təminat verilən risklərin tərkibini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.2. həmin Qanunun 6.1-ci maddəsinə uyğun olaraq, sığorta qaydalarını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.3. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.4. həmin Qanunun 13.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, “Aqrar sığorta” informasiya sisteminin əsasnaməsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.5. həmin Qanunun 13.3-cü maddəsinə uyğun olaraq, “Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların siyahısını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun və bununla bağlı təkliflərini hər il sentyabr ayının 25-dək “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.16-cı maddəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Müəyyən edilsin ki:

3.1. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun:

3.1.1. 4.2-ci, 5.3-cü, 6.1-ci, 7.2-ci, 8.1-ci, 8.5-ci maddələrində, 10.1-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 10.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 10.4-cü maddəsində, 13.2-ci maddəsinin ikinci cümləsində, 13.3-cü, 15.3-cü (hər iki halda) və 15.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.1.2. 8.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

3.1.3. 4.2-ci, 5.3-cü, 6.1-ci, 7.2-ci maddələrində, 10.1-ci maddəsinin ikinci cümləsində, 13.2-ci maddəsinin ikinci cümləsində, 13.3-cü və 15.3-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

3.1.4. 8.5-ci, 15.3-cü (birinci halda) və 15.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

3.1.5. 10.1-ci maddəsinin birinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;

3.1.6. 10.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 10.2-ci maddəsinin birinci cümləsində (birinci halda) və 10.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;

3.1.7. 10.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

3.2. Fondun ilkin nizamnamə kapitalı 1 000 000 (bir milyon) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

3.3. Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir;

3.4. Fondun fəaliyyətinin idarə edilməsi qaydası ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq onun nizamnaməsi ilə tənzimlənir.

4. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Fondun nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

4.1.2. Fondun yenidən təşkili barədə qərarın qəbul edilməsi və Fondun ləğvi məsələsinin həlli;

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.2.1. Fondun nizamnaməsinin təsdiqi;

4.3. Fondun Himayəçilik Şurasına:

4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

5.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə:

5.1.1. bu Fərmanın 2.1.6-cı yarımbəndində qeyd olunan məsələ ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

5.1.2. bu Fərmanın 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərində qeyd olunan məsələlərlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

5.2. bu Fərmanın 2.3.3-cü yarımbəndində qeyd olunan məsələ ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

5.3. bu Fərmanın 2.4-cü bəndində qeyd olunan məsələ ilə bağlı təkliflərini “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə təqdim etsin;

5.4. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

6.1. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan tələbləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

6.2. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:

7.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;

7.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun qüvvəyəminmə tarixi nəzərə alınsın.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 avqust 2019-cu il.

SƏNƏDLƏR Sərəncamlar 17 oktyabr 2026
15:30
V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                                    

Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğ...

17 oktyabr 2026, 15:30
SƏNƏDLƏR Müraciətlər 16 oktyabr 2026
19:12
Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Hörmətli paralimpiya hərəkatının iştirakçıları!

Sizi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevr...

16 oktyabr 2026, 19:12
SƏNƏDLƏR Sərəncamlar 16 oktyabr 2026
16:35
“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                    

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hes...

16 oktyabr 2026, 16:35
SƏNƏDLƏR Sərəncamlar 16 oktyabr 2026
12:47
Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə qərara alıram:

Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıd...

16 oktyabr 2026, 12:47
SƏNƏDLƏR Fərmanlar 16 oktyabr 2026
12:46
“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun t...

16 oktyabr 2026, 12:46
SƏNƏDLƏR Fərmanlar 15 oktyabr 2026
11:54
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, telekommunikasiya və poçt rabitəsi sahələrində inzibatçılığın və istifadəçi məmnunluğu səviyyəsinin artırılmasını və göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təmin etmək mə...

15 oktyabr 2026, 11:54