23 iyul 2019, 12:40

Əbülfəz Bahaduridən, Vaşinqton, ABŞ

Hörmətli cənab Prezident.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi millətimizin bütöv tarixinin ən əlamətdar hadisəsidir.

Mən Böyük Britaniyada təhsil almışam, indi Amerika Birləşmiş Ştatlarında yaşayır və işləyirəm. Ancaq əminəm, mənim kimi müxtəlif ölkələrdə yaşayan milyonlarla azərbaycanlını birləşdirən ortaq bir sevinc, müştərək bir iftixar qaynağı var ki, biz dünyanın öz müstəqil dövləti olan xoşbəxt xalqlarındanıq. Bu elə müqəddəs bir dəyər və ali rəmzdir ki, bütün dünya azərbaycanlılarını bir-birinə daha yaxın edir, daha sıx birləşdirir.

Mən ixtisasca rəssam-dizayner, kompüter texnologiyaları mütəxəssisi olsam da, daim Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə bağlı olmuşam və xalqımızın mənəvi sərvətlərinin təbliği yolunda çalışmışam. Lakin bu gün müstəqil, azad, çiçəklənən, güclü inkişaf edən Azərbaycanın dünyaya bəyan ediləsi və təbliğ olunmalı nailiyyətləri, parlaq nəticələri bütün istiqamətlərdədir və onlar haqqında beynəlxalq ictimaiyyətə dolğun məlumatlar çatdırmaq vətənpərvər kimi bizim hər birimizin vəzifəsidir.

Azərbaycan bizim and yerimizdir və biz həmişə, harada olsaq belə ürəyimizdə Azərbaycana sədaqəti və məhəbbəti daşıyırıq, həmişə də belə qalacağıq.

Hörmətli cənab Prezident, mən ilk dəfə Bakıya gələndə 1980-ci illər idi, Azərbaycan hələ Sovet İttifaqının tərkibində idi. O zamanlar Dostluq, ardınca isə Vətən cəmiyyəti xətti ilə sıx əməkdaşlıq edir, əhəmiyyətli layihələr həyata keçirir, xaricdəki soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin daha da dərinləşməsinə səy göstərirdik. Xatirimdədir ki, o zaman ürək xəstəliyi olan 7 yaşlı azərbaycanlı bir qız uşağının Londonda cərrahiyə əməliyyatından keçməsinə də kömək etmişdik. Bunu ona görə yada salıram ki, o çağlar Azərbaycan hələ müstəqilliyini bərpa etməyə doğru irəliləyirdi, yenidən qazandığı istiqlalının ilk illərində də hələ zəif idi, köməyə, dayağa ehtiyacı çox idi.

İndi görəndə, eşidəndə, oxuyanda ki, artıq Azərbaycan özü xarici ölkələrdə bir sıra mədəni layihələrin gerçəkləşməsinə dəstək göstərir, təşəbbüskar kimi çıxış edir, şahid olanda ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ən vacib ölkələrdən birinə çevrilib, doğma Vətənimiz iqtisadi cəhətdən gündən-günə ucalır, çox şad oluram. Çünki bunlar sadəcə fərəh doğuran mədəni, elmi, iqtisadi nailiyyətlər demək deyildir. Bunlar həm də Azərbaycanın artan qüdrətinin, çoxalan güc və nüfuzunun ifadəsidir.

Xeyli var ki, Bakıya gəlməsəm də, Azərbaycan Respublikasının bütün uğur və inkişafını diqqətlə izləyir, aldığım hər xoş xəbərdən məmnunluq duyuram. Nə qədər bəxtiyarıq ki, itirilmiş istiqlalımızı bərpa etmək, müstəqil bir dövlət kimi yaşamaq və tərəqqi etmək səadəti bizə yenidən nəsib oldu.

Sizin Azərbaycanın tərəqqisi, dünya dövlətləri sırasında nailiyyətləri ilə seçilməsi naminə gördüyünüz bütün işləri uzaqdan izləyir, qəlbimizə yaxın tutur, hər yeni zəfərə fərəhlənirik. Çox məsuduq ki, Azərbaycan Respublikası öz cümhuriyyət tarixinin ikinci əsrini yaşamağa başlamışdır.

Məni Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı ilə təltif etdiyinizə görə Sizə ən dərin minnətdarlığımı bildirirəm. Bu, son dərəcə ali rəmzi mənası olan dövlət təltifini indiyədək gördüyüm işlərdən daha öncə gələcəkdə Azərbaycan yolunda etməyi düşündüyüm yeni faydalı işlər üçün səfərbəredici təkan nöqtəsi sayıram. Eyni zamanda, belə bir həssas məqama da diqqət yönəltmək istəyirəm ki, mənə bu medalın verilməsi böyük amallar yolunda hamımızın, dünya boyu bütün azərbaycanlıların birgə, yekdil olmasının daha bir təsdiqidir. Biz hamımız xalqımıza, Vətənimizə borcluyuq. Təltif olunduğum medal məni hər an bu borc barədə düşünməyə, yeni gərəkli əməllərə çağırır.

Bir daha Sizə ən səmimimi minnətdarlığımı bildirir, Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə böyük müvəffəqiyyətlər diləyirəm.

Dərin hörmətlə,

Bahaduri Əbülfəz.

Amerika Birləşmiş Ştatları, Vaşinqton şəhəri.