İlham Əliyev Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edib

05 iyul 2019, 11:40
İlham Əliyev Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edib

Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Pirallahı rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi dövlətimizin başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən yaradılıb. Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni yaşayış məhəlləsinin ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.

Mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.

Bu istiqamətdə atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də vurğulamaq lazımdır. Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub. Qeyd edək ki, 2007-ci ildə sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonunadək 58 min 223 ailə və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə ötən il 5923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. 2019-cu ilin birinci rübündə isə 2.227 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub.

Sonra Laçın rayonu Bozlu tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, bu təhsil ocağı 220 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən məktəbdə təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir.

Məktəbin idman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var.

Sonra dövlətimizin başçısı və birinci xanım məcburi köçkünlərlə görüşdülər.

Məcburi köçkünləri salamlayan Prezident İlham Əliyev dedi:

- Bu gün çox əlamətdar bir gündür. Pirallahı rayonunda məcburi köçkünlər üçün gözəl evlər istifadəyə verilir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl hadisədir. Keyfiyyətli tikilib. Bu günə qədər yararsız binalarda yaşamış köçkünlər indi bu binalarda yaşayacaqlar. Bu, bir daha onu göstərir ki, dövlət məcburi köçkünlərə çox böyük qayğı, diqqət göstərir.

Son illərdə böyük işlər görülüb, həm Bakı şəhərində, həm də bütün bölgələrdə. Məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. Pirallahı rayonunda yaşayan köçkünlər üçün bu gün bu binaların istifadəyə verilməsi bunu bir daha göstərir. Gözəl mənzillər, məktəb - bütün bunlar bir daha onu göstərir ki, dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür.

Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək. Burada isə 306 ailə üçün gözəl şərait yaradılıb. Sizi bir daha bu hadisə münasibətilə ürəkdən təbrik edirəm.

Sakinlər: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Ümumiyyətlə, Pirallahı rayonunun inkişafı uğurlu gedir. Burada infrastruktur obyektləri inşa edilir, yaradılır, binalar tikilir, təmir olunur. Yəni, Pirallahı adası tam yeni görkəm alıb. Artıq bir neçə ildir ki, burada gedən quruculuq işləri çox yaxşı nəticə verir. Siz yaxşı bilirsiniz ki, əvvəllər Pirallahıda vəziyyət o qədər də ürəkaçan deyildi. İndi burada bütün lazımi şərait yaradılıbdır.

Laçın rayonundan məcburi köçkün Sevda Musayeva dedi: Çox hörmətli cənab Prezident. Əziz Mehriban xanım. İcazə verin, Sizi Pirallahı sakinləri, - yəni, mən özümü də artıq Pirallahı sakini hesab edirəm, 27 ildir burada məskunlaşmışıq, - məcburi köçkünlər adından və bir təhsil işçisi adından salamlayım, Sizə öz dərin minnətdarlığımı bildirim. Qaçqınlara və məcburi köçkünlərə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə minnətdarlığımı, təşəkkürümü bildirirəm. Azərbaycanın inkişafı, tərəqqisi, dünya birliyində qüdrətli dövlətə çevrilməsi baxımından apardığınız həm xarici, həm daxili siyasəti mən bir təhsil işçisi kimi bəyənir və dəstəkləyirəm. Mən təhsil işçisi olduğuma görə bu sahədən danışacağam. Hər bir dövlətin inkişafı üçün, bilirsiniz ki, əsas onun elmi, təhsilidir. Bu, danılmazdır. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllimə, təhsilə, elmə böyük qiymət vermişdir. Elə bu baxımdan onun apardığı siyasətin davamını sizlərdə də hiss edirik, görürük.

Sevda Musayeva görülən bütün bu işlərə, onlara göstərilən diqqətə və məcburi köçkün ailələri üçün yeni məktəblərin inşasına, onların müasir avadanlıqla təmin edilməsinə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bir daha minnətdarlığını bildirdi.

O dedi: Bir də Mehriban xanım, Sizə gözaydınlığı verirəm. Mən də bir anayam, Siz də bir anasınız. Sizə gözaydınlığı verirəm. Oğlunuz Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirib geri qayıdıb. Gözünüz aydın olsun.

Mehriban xanım Əliyeva: Çox sağ olun. Allah bütün balaları qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm.

Məcburi köçkünlər üçün biz indi bu şəraiti yaradırıq. Hələ də ağır vəziyyətdə yaşayan köçkünlərimiz var və onların problemləri də gündəlikdədir. İndi genişmiqyaslı işlər aparılır ki, tezliklə bütün köçkünlər yaxşı şəraitlə təmin olunsunlar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində torpaqlarımız işğal altına düşüb. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramı da qəbul edilib. Proqram əsasında evlər tikilir, qəsəbələr salınır. Yüzdən çox qəsəbə salınıbdır və bu istiqamətdə bundan sonra da işlər aparılacaq. Qeyd etdiyim kimi, bu il ən azı altı min ailə yeni mənzillərlə təmin ediləcək. Gələn il ondan da çox yeni evlərin tikilməsi nəzərdə tutulur.

Mehriban xanım Əliyeva: Bir daha təbrik edirəm.

Sonra Laçın rayonundan məcburi köçkün Kəmalə Musayeva dedi: Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım. Biz də Sizi salamlayırıq və məskunlaşdığımız Pirallahı rayonunda Sizi yenidən görməyimizə çox şadıq. Sizin apardığınız uğurlu və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün doğma respublikamız, doğma Azərbaycanımız gündən-günə yenilənir, sürətli və dinamik inkişaf yolundadır. Biz Sizə çox minnətdarıq, hörmətli cənab Prezident, hörmətli Mehriban xanım. Ona görə ki, Siz daim məcburi köçkünlərə öz diqqət və qayğınızı göstərirsiniz. Hörmətli Mehriban xanım, biz çox yaxşı xatırlayırıq ki, Siz Birinci vitse-prezident təyin olunandan sonra ilk müşavirənizi məhz məcburi köçkünlərin və qaçqınların sosial problemlərinin həllinə həsr etdiniz. Siz xeyirxah, nəcib əməlləriniz ilə bizim xalqımız, Vətənimiz üçün seçilmişlərdənsiniz. Bunun üçün biz Sizə çox minnətdarıq.

Mehriban xanım Əliyeva: Çox sağ olun, çox minnətdaram.

Kəmalə Musayeva: Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, bizim məskunlaşdığımız Pirallahı rayonuna Sizin diqqətiniz də gözümüzün qarşısındadır. Yəni, çox qısa müddətdə yaradılmasına baxmayaraq, Pirallahı rayonunun da siması gündən-günə, ildən-ilə yenilənir. Pirallahı gündən-günə gözəlləşir. Çox qısa müddətdə burada yeni zavodlar açılmışdır. Şpris zavodu açılmışdır, dərman zavodu tikilir, yeni-yeni parklar salınır. Məcburi köçkünlər üçün belə gözəl qəsəbə salınmışdır. Pirallahı rayonunun sakinləri üçün sosial evlər tikilir. Biz bütün bunlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

On nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışdığını deyən Kəmalə Musayeva səhiyyə sahəsində aparılan islahatları da vurğuladı. Pirallahı rayon sakinləri, məcburi köçkünlər və səhiyyə işçiləri adından dövlətimizin başçısına və xanımına bir daha minnətdarlığını bildirən Kəmalə Musayeva Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını qeyd etdi.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərə görə sizə minnətdaram.

Pirallahı rayonunda doğrudan da işlər sürətlə gedir. Quruculuq işləri geniş vüsət almışdır. İş yerlərinin yaradılması istiqamətində də işlər aparılır. Qeyd etdiyiniz kimi, bir müddət bundan əvvəl şpris zavodu istifadəyə verildi. Digər böyük dərman preparatları zavodunun tikintisi gedir. Bu zavodun fəaliyyəti nəticəsində yenə də iş yerlərinin yaradılması nəzərdə tutulur. Burada, Pirallahı rayonunda köçkünlər uzun illərdir ki, yaşayırlar. Köçkünlərin əksəriyyəti Laçın rayonundandır. Laçın rayonu 1992-ci ilin may ayında işğal altına düşmüşdür. Laçın və Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaratdı. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanın işğalçı siyasətinin qarşısının alınması üçün böyük səylər göstərilmişdir. Uğurlu Horadiz əməliyyatı aparılmışdır. Beləliklə, Azərbaycan işğal olunmuş torpaqların bir hissəsini azad edə bilmişdir.

Sonrakı dövrlərdə ordu quruculuğu istiqamətində böyük işlər görüldü. Bu işlərin nəticəsində 2016-cı ildə torpaqlarımızın bir hissəsi də işğalçılardan azad edildi. Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir.

Daha sonra Laçın rayonundan məcburi köçkün Cəbrayıl Heydərov dedi: Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım. Sizi Pirallahı rayonunda görməyimizə çox şadıq. Sizi salamlayırıq, “Xoş gəlmisiniz!” deyirik.

Biz sadə insanlar Sizi görməyə həmişə sevinirik. Sizin hər gəlişiniz biz sadə insanlarda qurub-yaratmaq eşqi yaradır. Mən Pirallahı rayonunda məskunlaşmış laçınlı məcburi köçkün kimi onu qeyd etmək istəyirəm ki, Pirallahı rayonu gündən-günə çiçəklənir, inkişaf edir. Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar nəticəsində Pirallahı rayonunda böyük quruculuq-abadlıq işləri aparılıb, bütün infrastruktur layihələri icra olunub. Mən Pirallahı rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Cənab Prezident, sahibkarlıq fəaliyyətinə başlayanda cəmi iki nəfər işçimiz olub. Bu gün 50-yə yaxın işçimiz var. Biz işimizlə xalqımıza, dövlətimizə xidmət etməyə çalışırıq. Sizin dəstəyiniz, xüsusilə son illərdə verdiyiniz sərəncamlar, fərmanlar, sahibkarlara göstərdiyiniz diqqət və qayğı nəticəsində biz Pirallahı rayonunda sahibkarlıq fəaliyyəti ilə, - bunu tam səmimiyyətlə deyirəm, cənab Prezident, - heç bir maneə olmadan, tam sərbəst məşğuluq. Rayonda da bizim üçün geniş şərait yaradılıb. Qarşımızda duran əsas məqsəd ölkəmizin idxaldan asılılığını azaltmaq, yeni iş yerləri yaratmaq, insanların həyat şəraitini yaxşılaşdırmaqdır. Rayonumuzda aparılan işlərin nəticəsində yeni iş yerlərinin açılması, əlverişli biznes mühitinin yaradılması, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması bizim işimizə də öz müsbət təsirini göstərmişdir.

Cənab Prezident, Pirallahı rayonunda yaşayan məcburi köçkünlərin əksəriyyəti Laçın rayonundandır. Bu rayonda 286 ailə yaşayır, 1104 nəfər məskunlaşıb. 286 ailədən 110-u Laçın rayonundandır.

Cəbrayıl Heydərov dedi ki, onlar da ölkəmizin, dövlətimizin inkişafı üçün əllərindən gələni edir və ən böyük arzuları torpaqlarımızın işğaldan azad olunması, sahibkarlıq fəaliyyətini öz doğma torpaqlarında davam etdirməkdir. Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini dəstəklədiklərini vurğulayan Cəbrayıl Heydərov dövlətimizin başçısının torpaqlarımızın azad olunması üçün haqq səsimizi bütün ali məclislərdən dünyaya çatdırdığını vurğulayaraq dedi: Sonda Pirallahıda məskunlaşmış məcburi köçkünlər adından, ailəmiz adından Sizə minnətdarlığımızı bildirirəm. Həmişə Sizi dəstələyirik, dəstəkləyəcəyik. Allah Sizi qorusun, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılıb. Hesab edirəm ki, bu istiqamətdə nailiyyətlər çox ümidvericidir. Bu gün Azərbaycanda güclü sahibkarlar sinfi yaranıbdır. İqtisadi inkişafımızın şaxələndirilməsi istiqamətində sahibkarların çox böyük rolu var. Dövlət öz tərəfindən çox ciddi islahatların aparılması istiqamətində addımlar atır və bu islahatlar yaxşı nəticələr verir.

Bizim gəlirlərimiz artır. Bu ilin altı ayında gəlirlərimiz təxminən 400 milyon manatdan çox artmışdır. Biz, ilk növbədə, bu vəsaiti sosial layihələrə istiqamətləndiririk. Bildiyiniz kimi, bu il çox ciddi sosial paket təsdiqləndi, müavinətlər, o cümlədən məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətlər 50 faiz artırıldı. Problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapdı. Maaşlar, pensiyalar artırıldı. Bu, əlbəttə ki, islahatların birbaşa nəticəsidir. Çünki bu islahatlar bizə əlavə gəlirlər gətirir və biz bu gəlirləri, ilk növbədə, sosial sahəyə yönəldirik. Sosial sahə bundan sonra da bizim üçün prioritet sahə olacaq. Çünki Azərbaycan vətəndaşları ildən-ilə daha da yaxşı yaşamalıdır və biz buna nail olacağıq.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 dekabr 2024
16:15
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.

2. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar...

27 dekabr 2024, 16:15