Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda İlham Əliyevin nitqi

17 oktyabr 2011, 19:30
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar!

Mən Sizi və bütün Azərbaycan xalqını dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

Biz bu gözəl hadisəni ilboyu qeyd edirik. Bu ilin əvvəlində -yanvar ayında dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünü qeyd etmək üçün mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır və il ərzində həm Azərbaycanda, həm xaricdə müstəqilliyimizin ildönümünü qeyd etmək üçün müxtəlif tədbirlər keçirilmişdir. Bu, doğrudan da böyük bayramdır. İyirmi il ərzində müstəqil Azərbaycan böyük və uğurlu yol keçmişdir.

Biz müstəqilliyimizin ilk illərini də yaxşı xatırlayırıq. Yaxşı xatırlayırıq ki, Sovet İttifaqının dağılması nəticəsində bütün başqa sovet respublikaları ilə bərabər Azərbaycan da müstəqilliyə qovuşdu. Bizim müstəqillik təcrübəmiz XX əsrin əvvəlində də olmuşdur. O vaxt rus imperiyasının dağılması nəticəsində Azərbaycan müstəqillik əldə etdi, Azərbaycan Demokratik Respublikası yaradıldı. Ancaq bu respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Demək olar ki, XX əsrin sonunda da buna oxşar proseslər baş vermişdir. Müstəqilliyimizin ilk illərində ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü. Biz o illəri yaxşı xatırlayırıq və demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Total böhran hökm sürürdü - həm iqtisadi sahədə, həm siyasi böhran, hərbi böhran. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı əldə edilmişdir. Yəni gənc ölkə üçün çox təhlükəli illər, təhlükəli anlar, çox böyük sınaq idi.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində biz bu sınaqlardan şərəflə çıxa bilməmişdik. Belə bir vəziyyətdə - 1993-cü ildə ölkədə vəziyyət dözülməz həddə çatandan sonra Azərbaycan xalqı Heydər Əliyevə müraciət etmişdir. Azərbaycan xalqı öz xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə görürdü və bu münasibətin, bu fikirlərin əlbəttə ki, çox böyük əsasları vardı. Çünki 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün həlledici anlarda məhz onun qətiyyəti, onun sözü həlledici rol oynamışdır. Heydər Əliyev Sovet İttifaqının dağılmasının ərəfəsində də böyük siyasi cəsarət göstərərək daim öz xalqının yanında idi. Azərbaycanlılara qarşı təcavüzdən - Qanlı 20 Yanvar faciəsindən dərhal sonra o, öz səsini ucaltmışdır.

Sovet İttifaqı Kommunist Partiyasını, onun siyasi rəhbərliyini bu vəhşilikdə ittiham etmişdir. Özü də rəsmən. Ondan sonra uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsində də Heydər Əliyevin müstəsna xidməti olmuşdur və o vaxt “Sovet Sosialist” sözləri muxtar respublikanın adından çıxarılmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı ilin noyabr ayında Naxçıvanda rəsmi dövlət bayrağı kimi Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi elan edilsin. 1991-ci ilin mart ayında Azərbaycanda Sovet İttifaqının saxlanılması haqqında referendum keçirildiyi zaman Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Yəni bütün bu hadisələr və addımlar Azərbaycan xalqının qəlbində idi, Azərbaycan xalqının qəlbində çox böyük əks-səda vermişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqı ən çətin anlarda Heydər Əliyevə müraciət edərək öz seçimini etmişdir. 1993-cü ildən başlayaraq Azərbaycanda böyük inkişaf və quruculuq işləri aparılmağa başlamışdır. İlk növbədə sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. İqtisadi sahədə çox dəyərli təşəbbüslər irəli sürülmüşdür və ən önəmlisi ölkənin strateji inkişafı haqqında düzgün seçim edilmişdir. Azərbaycan müasir, dünyəvi, dünya birliyinə inteqrasiya edən, bazar iqtisadiyyatı prinsiplərinə, demokratik əsaslara sadiq ölkə kimi inkişaf etməli idi. O strateji seçimi Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildə etmişdir və o ildən bu günə qədər Azərbaycan inkişaf yolu ilə uğurla gedir.

1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə həm dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir. Məhz o illərdə bazar iqtisadiyyatı prinsiplərinə müraciətimiz öz konkret nəticəsini verməyə başlamışdır. Bu gün Azərbaycan iqtisadiyyatı tam bazar iqtisadiyyatı prinsipləri əsasında idarə olunur. Ancaq 1993-cü ildə bu seçim o qədər də dəqiq deyildi. Yəni ki, bu seçimi etmək üçün heç bir əsas yox idi. Çünki o vaxt Azərbaycanda nə bazar iqtisadiyyatı meyilləri var idi, nə də ki, planlı iqtisadiyyatın qalıqları qalmışdı. Bütün iqtisadiyyat dağılmışdı, sənaye istehsalı iflic vəziyyətində idi. Neft istehsalı kəskin şəkildə aşağı düşmüşdü. Yəni yeni strateji seçimləri etmək üçün böyük peşəkarlığa, müdrikliyə, dünyagörüşünə malik olmaq lazım idi. Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, ölkəmiz üçün ən çətin, həlledici anlarda ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlmiş və ölkəmizi bu ağır vəziyyətdən çıxara bilmişdir.

Ulu öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı verdiyi qərarlar bu gün də aktuallığını itirmir. Senzuranın ləğvi, Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiya siyasəti və bu səpkidə digər addımlar bu gün də bizim inkişafımızın əsas istiqamətlərini müəyyən edir.

Ölkə iqtisadiyyatının canlandırılması üçün yollar axtarılırdı. Çünki ölkə iqtisadiyyatı qeyd etdiyim kimi, tamamilə dağılmış vəziyyətdə idi və xarici investisiyalarsız Azərbaycanın gələcəyi mümkün deyildi.

Əgər 1993-cü ilə qədər ölkədə xaos, özbaşınalıq, anarxiya hökm sürürdüsə bu investisiyaları necə gətirmək olardı? Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasəti davam etdirdi. Yəni o vaxt Azərbaycana vəsait qoymaq istəyənlərin sayı çox məhdud idi. Ona görə Azərbaycanın milli maraqlarını təmin etmək şərtilə investorları cəlb etmək, onlar üçün məqbul şərait yaratmaq böyük peşəkarlıq və məharət tələb edirdi. Ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil “Əsrin müqaviləsi”nin bağlanması idi. İndi keçmişə nəzər salaraq, tam əminliklə deyə bilərik ki, əgər o vaxt, o çətin anlarda, çətin illərdə “Əsrin müqaviləsi” bağlanmasaydı, bugünkü Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. Yəni heç təsəvvür etmək mümkün deyil ki, əgər o tarixi müqavilə bağlanmasaydı, ölkənin taleyi necə olardı? Yəni o, Azərbaycanı dünyaya tanıtdırdı. O, Azərbaycana investisiyalar gətirdi, iş yerlərinin açılmasına gətirib çıxardı. Eyni zamanda, Azərbaycanı dünya iqtisadiyyatının bir parçası kimi dünyaya təqdim etdi. Azərbaycan bu gün enerji siyasəti ilə nəinki öz maraqlarını, eyni zamanda, tərəfdaşlarımızın maraqlarını da təmin edir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir və bu siyasətin əvvəli məhz “Əsrin kontraktı”nın bağlanması ilə əlaqədar idi. Bu, bizə imkan verdi ki, əldə edilən gəlirləri iqtisadiyyatın bütün sahələrinə yönəldək və beləliklə, iqtisadiyyatımızın şaxələndirilməsinə nail olaq.

Əlbəttə ki, o vaxt enerji sahəsində atılan addımlar həlledici rol oynayırdı. Heydər Əliyevin neft strategiyası icra edilməyə başlamışdır, “Şahdəniz” qaz yatağı üzrə kontrakt bağlanmışdır ki, bu gün o, Azərbaycanın qaz resurslarının əsas hissəsini təşkil edən layihədir. Əgər o layihələr olmasaydı, neft və qaz kəmərləri tikilməsəydi, bu gün bölgədə, ümumiyyətlə, enerji təhlükəsizliyindən söhbət aparmaq mümkün olmazdı. Bu, bizə iqtisadi müstəqillik verdi. Eyni zamanda, iqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxarmışdır. Nəyə görə bu gün Azərbaycan bölgədə və dünyada öz siyasətini inamla apara bilir? Azərbaycan bu gün özünə güvənir? Ona görə ki, güclü iqtisadi dayaqlarımız vardır. Güclü iqtisadi dayaqlar siyasi müstəqilliyə də təkan verir. Bu gün, sözün əsl mənasında, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu siyasət xoşniyyətli siyasətdir. Bu siyasət heç kimə qarşı deyildir. Bu siyasət əməkdaşlığı, o cümlədən regional əməkdaşlığı gücləndirən bir siyasətdir.

Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir. Biz istənilən sahədə böyük irəliləyiş və nəticələr görürük. Əlbəttə ki, ölkə qarşısında duran problemlər hələ də vardır və bu da təbiidir. Ancaq bu problemlər həll olunur və ən önəmlisi, problemlərin həlli üçün bizdə düşünülmüş proqramlar vardır. Bu proqramlar bütün sahələri əhatə edir. Siyasi islahatlar, demokratikləşmə prosesi Azərbaycanda uğurla gedir. İqtisadi sahədə, regionların inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi üzrə konkret proqramlar vardır. Xarici siyasətlə bağlı konseptual yanaşmalar və bizim siyasətimiz göstərir ki, bu, çox uğurlu siyasətdir. Bəzən bunu çoxvektorlu, yaxud da ki, balanslaşdırılmış siyasət adlandırırlar. Mən hesab edirəm ki, bu, müstəqil siyasətdir, xoşniyyətli siyasətdir və Azərbaycanın maraqlarını müdafiə edən siyasətdir.

Biz bu gün bütün sahələrdə fəaliyyətimizi konkret proqramlar əsasında qurmuşuq və beləliklə, ölkənin inkişafı çox uğurludur və sürətlidir.

Biz gələcəkdə də Azərbaycanda siyasi islahatların dərinləşməsinə çalışacağıq. Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, qanunun aliliyinin bərqərar olunması sahəsində böyük işlər görülübdür və bundan sonra da görüləcəkdir. Biz etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlara üzv olmuşuq və üzərimizə götürdüyümüz bütün öhdəlikləri vaxtında və ləyaqətlə yerinə yetiririk. Eyni zamanda, siyasi islahatların aparılması üçün güclü iqtisadi dayaqlar olmalıdır. Son 8 il ərzində Azərbaycan dünya miqyasında heç vaxt tarixdə bu günə qədər analoqu olmayan inkişaf templərini göstərir. Bunu bütün statistik göstəricilərdə də hər kəs görə bilər. Səkkiz il ərzində ölkə iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz artmışdır, 950 min yeni iş yeri açılmışdır, yoxsulluq 5 dəfə - 500 faiz azalmışdır, büdcə xərcləri təxminən 20 dəfə artmışdır. Beləliklə, ölkənin uğurlu, dayanıqlı və sürətli inkişafı təmin edilmişdir. Əgər biz bu göstəricilərin 30 faizinə nail olsaydıq, bunu da böyük uğur kimi qəbul edəcəydik. Ancaq əldə edilmiş uğurlar göstərir ki, biz düzgün yoldayıq.

Azərbaycanda sosial ədalət prinsipləri tam bərqərar edilmişdir. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik. Həmçinin çox güclü sosial siyasət aparırıq. Əgər belə olmasaydı, bu il pensiyaçıların pensiyası təxminən 40 faiz artmazdı.

Biz sözlə, iqtisadi və sosial sahələrdə aparılan siyasət öz nəticəsini verib. Bu siyasət növbəti illərdə davam etdiriləcək və əminəm ki, bir neçə ildən sonra Azərbaycanda iqtisadi və infrastruktur sahələrində bütün məsələlər öz həllini tapacaqdır.

Mən həmişə fikirləşirəm ki, bu qədər inkişaf əldə edilib, əgər bizim torpaqlarımız işğal olunmasaydı, əgər bizə qarşı etnik təmizləmə siyasəti aparılmasaydı, bundan da böyük uğurlara nail ola bilərdik. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində buraxılmış səhvlər və qeyd etdiyim kimi, 1992-ci ildə və 1993-cü illərin əvvəlində Şuşa, Laçın və Kəlbəcərin zəbt olunması nəticəsində torpaqlarımız işğal altına düşdü.

Bildiyiniz kimi, atəşkəs rejimi bağlanandan sonra danışıqlar nəticə vermir. Əgər Heydər Əliyev müstəqilliyimizin ilk illərində Azərbaycanın rəhbərliyində olsaydı, mən tam əminəm ki, bir qarış torpaq da düşmənin işğalı altında qalmazdı. Bizim xoşbəxtliyimiz ondadır ki, Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib və onu hakimiyyətə dəvət edib. Bədbəxtçiliyimiz isə ondadır ki, müstəqilliyimizin ilk illərində ölkənin taleyi ilə oynayan qüvvələr öz tarixi məsuliyyətini dərk edə, ölkəni layiqincə idarə edə bilməmişlər. Bu, tarix qarşısında böyük məsuliyyətdir. Müstəqil Azərbaycana rəhbərlik etmək, ölkəni irəliyə aparmaq bütün əvvəlki nəsillər qarşısında böyük məsuliyyətdir. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində buraxılmış səhvlər, bəzi hallarda səriştəsizlik, bəzi hallarda xəyanət nəticəsində torpaqlarımız işğal altındadır. Biz indi çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq, ərazi bütövlüyümüzü bərpa edək. Danışıqları aparırıq və aparacağıq. Ancaq əfsuslar olsun ki, danışıqların heç bir nəticəsi yoxdur.

Danışıqların aparılması ilə bərabər, biz ölkəmizi gücləndiririk. Mən bir neçə il bundan əvvəl demişəm ki, Dağlıq Qarabağ münaqişəsini ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll etmək üçün Azərbaycan daha da güclü olmalıdır.

Son illər ərzində Ermənistan ilə Azərbaycan arasında inkişafda mövcud olan fərq daha da böyüyür. Bu münaqişənin həllinin yolu ancaq beynəlxalq hüquq normalarının qəbul edilməsindən keçir. Azərbaycanın dünya birliyi tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. İşğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır.

Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etməlidir. Erməni vandalizmindən, vəhşiliyindən, etnik təmizləmə siyasətindən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz ata-baba torpaqlarına qayıtmalıdırlar və qayıdacaqlar. Mən buna şübhə etmirəm. Bunu etmək üçün biz daha da güclü olmalıyıq və biz güclü oluruq. İqtisadi sahədə, hərbi sahədə, bütün başqa sahələrdə Azərbaycanın potensialı Ermənistandan bir neçə dəfə üstündür, daha da üstün olmalıdır.

Diplomatik səylərimizi davam etdirəcəyik, eyni zamanda, bütün vasitələrdən istifadə edib ərazi bütövlüyümüzün bərpası üçün çalışacağıq. Haqq-ədalət bizim tərəfimizdədir, bunu hamı bilir. İyirmi il ərzində nə qədər çətin olsa da, erməni lobbisi nə qədər çalışsa da, biz dünyaya bəyan edə bilmişik, göstərə bilmişik ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır, həm tarix baxımından, həm beynəlxalq hüquq baxımından. Bu gün bizim hücum diplomatiyamız səmərəsini verməkdədir. Mən əminəm ki, bu məsələ ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu demək üçün kifayət qədər əsaslar vardır. Mən bu məsələ ilə bağlı fikirlərimi vaxtaşırı Azərbaycan ictimaiyyəti ilə bölüşürəm. Kifayət qədər əsaslar vardır. Tarixi və hüquqi amillərdən başqa, real qüvvələr nisbəti artıq tamamilə Azərbaycanın üstünlüyünü göstərir. İqtisadi potensial müqayisəedilməz dərəcədədir. Azərbaycan iqtisadiyyatı 20 illik müstəqillik dövründən sonra bu gün Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təşkil edir. Gələcəkdə görüləcək tədbirlər və aparacağımız islahatlar nəticəsində bu rəqəm ancaq və ancaq artacaqdır, azalmayacaqdır, artacaqdır.

Bu gün hər bir ölkə, o cümlədən Azərbaycan iqtisadi amillərlə yanaşı, özünü qorumaq, müdafiə etmək üçün tədbirlər görür. Bizim hərbi xərclərimizin böyüməsi təbii prosesdir. Bizim bütün xərclərimiz artır, o cümlədən hərbi xərclər. Nəzərə alsaq ki, bizim Qarabağ kimi problemimiz vardır, hərbi xərclərimizin artması təbiidir. Artmasaydı bu, qeyri-təbii olardı. Artır və artacaqdır. Bir neçə il əvvəl qarşıya qoyduğum vəzifə artıq keçmişdə qalıb. Demişdim ki, bizim hərbi xərclərimiz Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır. Bu gün bizim hərbi xərclərimiz Ermənistanın büdcəsindən 500 milyon artıqdır. Gələcəkdə daha da artıq olacaqdır.

Mənim nikbinliyimin səbəblərindən biri də bölgədə mövcud olan demoqrafik vəziyyətlə bağlıdır. Azərbaycanın əhalisi ildən-ilə artır və 9 milyon 100 min nəfərdən artıq vətəndaşımız vardır. Ermənistanda əhali ildən-ilə azalır və azalacaqdır. Həm təbii proseslər nəticəsində, həm də orada mövcud olan, hökm sürən ümidsizlik, işsizlik və kütləvi apatiya nəticəsində. Bütün bu və digər amillər, - bu gün bu barədə bəlkə də danışmağa ehtiyac yoxdur, - əminliyimizi daha da gücləndirir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaqdır, Azərbaycan xalqı Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi yaşamasını təmin edəcəkdir.

Bu 20 il ərzində bütün sahələrdə böyük inkişaf və quruculuq işləri aparılmışdır. Görülən işlər haqqında bəlkə də saatlarla danışmaq olar. Ən önəmlisi ondan ibarətdir ki, 20 il ərzində Azərbaycan bölgədə və dünyada özünü etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə, dost ölkə kimi tanıtdıra bilmişdir. Xoşniyyətli siyasətlə Azərbaycan bu gün dünyada özü üçün dostlar qazanıbdır. Tərəfdaşlarımızın, Azərbaycan ilə xoş münasibətlər qurmaq istəyənlərin sayı artır. Bunu biz də istəyirik. Bizim siyasətimiz bütün sahələrdə xoşniyyətlidir. Biz əməkdaşlığın tərəfdarıyıq. Əməkdaşlıq üçün təkliflərimizi irəli sürürük. Əməkdaşlıq üçün lazım gələn vaxtda dəstəyimizi də əsirgəmirik. Artıq belə misalları da çəkmək olar. Dəfələrlə Azərbaycan tərəfdaşlarına lazım olan anda dostluq əlini uzatmışdır. Biz bu siyasəti davam etdirəcəyik.

Biz istəyirik ki, bütün bölgədə sülh, əmin-amanlıq olsun. Bütün xalqlar mehriban qonşuluq şəraitində yaşasınlar. Ölkə daxilində hökm sürən sabitlik, inkişaf, xoşniyyətli siyasət və xoş ovqat bizi daha da gücləndirir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük üstünlüyümüzdür, xoşbəxtliyimizdir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır. Biz bir ailəyik. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Ölkəmizin hərtərəfli inkişafında hər bir Azərbaycan vətəndaşının rolu olmalıdır və vardır. Mən tam əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir.

Biz 20 il ərzində böyük yol keçmişik - müstəqillik yolu, suverenlik yolu, azadlıq yolu. İyirmi il həm böyük bir müddətdir, həm də kiçik. Kiçikdir ona görə ki, tarix üçün 20 il heç nədir. Müstəqil bir ölkənin inkişafı üçün 20 il o qədər də böyük müddət deyildir. Ancaq, eyni zamanda, bu 20 il ərzində o qədər böyük işlər görülmüşdür ki, biz bu 20 ili böyük müddət kimi də qəbul edə bilərik və edirik. Ancaq biz hamımız, burada əyləşənlər, bu gün bizə baxanlar, bizim vətəndaşlarımız bilirik ki, müstəqil Azərbaycan üçün bu, birinci addımlardır. Müstəqil Azərbaycan bundan sonra əbədi yaşayacaqdır. Bu 20 il 120 il, 220 il, 520 il olacaqdır. Müstəqil respublikamız əbədi yaşayacaqdır. Bizdən asılıdır ki, Azərbaycan hansı əsaslarla idarə olunacaqdır. Bu gün qoyulan əsaslar - müstəqillik, suverenlik, demokratiya, bazar iqtisadiyyatı, sosial ədalət prinsipləri dövlətçiliyin əsaslarıdır. Güclü milli ideologiya, milli ruh, milli ləyaqət bizə yol göstərən prinsiplərdir. Bizdən çox şey asılıdır. Müstəqil olmaq, azad olmaq böyük xoşbəxtlikdir. Bizdən əvvəlki nəsillər əsrlər boyu müstəqillik eşqi, müstəqillik arzuları ilə yaşamışlar və həyatdan getmişlər. Amma bu müstəqilliyi görməmişlər. Biz, bizim nəsil xoşbəxtdir. Biz nəinki müstəqilliyi görürük, biz müstəqilliyi möhkəmləndiririk. Azərbaycanı, müstəqil dövləti irəliyə aparırıq. Azərbaycan xalqımızın iradəsi ilə idarə olunur. Bugünkü Azərbaycan xalqımızın zəhməti və istedadı hesabına formalaşıbdır. Hər şey bizdən asılıdır. 1991-ci ildə də bizdən asılı idi. Əfsuslar olsun ki, o vaxt ölkəmiz lazımi səviyyədə olmadı. 1993-cü ildə də bizdən asılı idi. Bu gün də bizdən asılıdır. Hər bir vətəndaş, vətənini sevən hər bir vətənpərvər insan çalışmalıdır ki, öz zəhməti, əməyi, peşəkarlığı ilə doğma dövlətini gücləndirsin.

Biz müasir dövlət qururuq. Möhkəm ənənələr, möhkəm dəyərlər, milli mənəvi dəyərlər üzərində müasir dövlət qururuq və uğurla qururuq. Bu gün Azərbaycanı artıq bəzi dairələrdə bir örnək ölkə kimi təqdim edirlər. Bu, bizi sevindirir. Yəni bu, Azərbaycanın əldə etdiyi uğurlara verilən qiymətdir, ancaq, eyni zamanda, bizim məsuliyyətimizi də artırır. Biz istəyirik ki, ölkə daxilində işlər yaxşı getsin, qonşuluqda əmin-amanlıq, sülh olsun. Xarici siyasətdə istəyimiz ondan ibarətdir ki, dostlarımızın sayı artsın. Bütün səylərimizi səfərbər etmişik ki, Azərbaycanı daha da inkişaf etdirək, insanlar üçün daha da yüksək şərait yaradaq, insanların maddi rifahını artıraq, ölkə iqtisadiyyatını gücləndirək. Artıq Azərbaycan regional müstəvidə güc mərkəzidir. Bunun səbəbi təkcə təbii ehtiyatlar deyildir. Təbii ehtiyatlar sadəcə olaraq bizə ilkin təkan verdi ki, ondan səmərəli istifadə edək.

Bizim uğurların təməlində siyasətimizdir, gələcəyə olan baxışlarımızdır, strategiyamızdır, birliyimizdir. Azərbaycan xalqı bu 20 il ərzində vətəndaş həmrəyliyi göstəribdir. Azərbaycan xalqı bu illər ərzində nə qədər böyük xalq olduğunu göstəribdir. İyirmi ildə biz böyük nailiyyətlərə çatmışıq. Əminəm ki, bundan sonra da biz bu nailiyyətləri artıracağıq, ölkəmizin hərtərəfli inkişafı üçün çalışacağıq, daha da qüdrətli, daha da gözəl ölkə yaradacağıq. Bu işdə hamımıza uğurlar arzulayıram.
Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44