Akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14 may 2019, 15:45

2019-cu ilin iyul ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110 illiyi tamam olur.

Akademik Vladimir Volobuyev torpaqların meliorasiyası, geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlimin qarşılıqlı əlaqəsi və torpaq ekologiyasına dair böyük nəzəri-təcrübi əhəmiyyətə malik sanballı araşdırmalarının nəticələri kimi müəyyən etdiyi prinsip və apardığı hesablamalarla, irəli sürdüyü nəzəriyyə və işləyib hazırladığı təsnifatlarla Azərbaycanda torpaqşünaslığın inkişafına böyük töhfələr vermişdir. Onun rəhbərliyi altında yetişən yüksək ixtisaslı kadrlar tərəfindən respublikada torpaqşünaslıq üzrə çox sayda əsaslı tədqiqat işləri uğurla yerinə yetirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan torpaqşünaslıq elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq görkəmli alim Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Vladimir Rodionoviç Volobuyevin 110 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2019-cu il.

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20