Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin giriş nitqi

30 aprel 2019, 11:45
Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin giriş nitqi

Bu ilin yanvar ayında 2018-ci ilin yekunlarını müzakirə edərkən mən əminlik ifadə etdim ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olacaq. Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyduq. Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır.

Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi. Çox ciddi Fərman idi və onun icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsi dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacaq. Artıq vəsaitin verilməsi prosesi başlamışdır. Əlbəttə ki, islahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq. Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək.

İlin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik. Əlbəttə, bu, imkan yaratdı ki, biz bu vəsaiti, ilk növbədə, sosial sahəyə yönəldə bildik.

Son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Büdcə daxilolmalarının artımı əminəm ki, ilboyu müşahidə olunacaq. Çünki aparılan islahatlar və yeni yanaşma prinsipləri bunu deməyə əsas verir. Beləliklə, bizdə əlavə maliyyə resursu formalaşacaqdır.

İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir. Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir - 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Biz burada da müsbət dinamikanı görürük. Çünki bizim əsas məqsədimiz, əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır. Sərmayənin cəlb edilməsi əlbəttə ki, hər bir ölkə üçün çox önəmli məsələdir, o cümlədən bizim üçün. Əgər əvvəlki illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyuluşu təmin edilirdisə, hazırda biz bunu qeyri-neft sektorunda görürük və bu da aparılan işlərin nəticəsidir. Çünki Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk. Əlbəttə ki, Azərbaycana sərmayə qoyuluşunun perspektivləri üçün apardığımız islahatlar başlıca rol oynayır. Bildiyiniz kimi, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcəkdir.

Beləliklə, əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək. Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək.

Digər önəmli məsələ problemli kreditlərlə bağlı idi. Bu məsələ Azərbaycanda ən yüksək səviyyədə həll olundu. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl, neftin qiymətinin kəskin, təqribən 4 dəfə düşməsi nəticəsində neft ixrac edən ölkələr böyük çətinliklərlə üzləşmişlər. O ölkələrdə milli valyuta qiymətdən düşdü, o cümlədən Azərbaycanda. Bu, qaçılmaz hal idi. Ancaq biz qısa müddət ərzində vəziyyəti sabitləşdirə bildik. 2016-2017-ci illərdə iqtisadi və makroiqtisadi sabitliyin təmin edilməsi üçün addımlar atıldı. Baxmayaraq ki, o illərdə inflyasiya yüksək səviyyədə idi. Ancaq biz vəziyyəti sabitləşdirə bildik və beləliklə, inkişaf üçün zəmin yaratdıq. Təbii ki, bizim iqtisadi və maliyyə imkanlarımız artdıqca, ilk növbədə, vətəndaşları narahat edən bu məsələni həll etdik, özü də ən yüksək səviyyədə. Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılmışdır, müqayisə aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və vətəndaşları təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub. Nə üçün? Ona görə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik. Beləliklə, 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu. Yəni, kompensasiyaların verilməsi prosesi başlamışdır və əminəm ki, qısa müddət ərzində başa çatacaqdır.

Digər məsələ vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı idi. Çoxmənzilli binalarda yaşayan vətəndaşlar əziyyət çəkirdilər, çünki o binalarla bağlı sənədləşmə işləri aparılmamışdır, müəyyən çatışmazlıqlar var idi. Ona görə bu məsələ ilə bağlı da Fərman imzalandı və indi komissiya işləyir. Artıq evlərin, mənzillərin sənədləşməsi prosesi başlamışdır. Mən bu yaxınlarda göstəriş vermişdim ki, bu işlər daha da sürətlə getsin və o qüsurlar tezliklə aradan qaldırılsın, bu məsələ də öz həllini tapsın.

Beləliklə, görülən bu işlər nəticəsində üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb. Gələcəkdə biz bu istiqamətdə addımlarımızı atacağıq. Əminəm ki, qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək. Tam əminlik var. Ölkə uğurla inkişaf edir. Ölkəmizdə sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Siyasətimizə göstərilən dəstək bizi gücləndirir. Əlbəttə ki, biz daha inamla irəliyə, nikbinliklə gələcəyə baxırıq. Çünki ölkə qarşısında duran bütün vəzifələr icra edilir.

Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu da çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir. 640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub. Demək olar ki, indi bizim bütün şəhərlərimizdə, - bir neçə şəhəri istisna etmək şərtilə, orada da yaxın zamanlarda bu işlər görüləcək, - ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar var. Bakı şəhərində səhiyyə sahəsində çox böyük işlər görülüb, yeni xəstəxanalar, tibb müəssisələri yaradılıb.

İnfrastruktur layihələri ilə bağlı, görün, nə qədər böyük işlər görülüb. Bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkdik. Halbuki bu, iqtisadi cəhətdən səmərəsizdir. Biz Azərbaycanda qazın mövcud olan aşağı tarifi ilə o xərcləri heç vaxt qarşılaya bilmərik. Onu da bildirməliyəm ki, Azərbaycanda təbii qazın tarifləri dünya miqyasında ən aşağı səviyyələrdən biridir, bəzi qonşu ölkələrdən iki-üç dəfə aşağıdır. Qazın olmaması insanları narahat edən məsələ idi. İndi bizim təqribən 3-4 faiz yaşayış məntəqələrimiz var ki, orada qaz yoxdur. Biz o işləri də görəcəyik.

Elektrik enerjisi ilə bağlı qoyulan investisiyalar bizə nəinki özümüzü təmin etməyə, ixrac da etməyə imkan verdi. Vaxt var idi ölkəmizi qaranlıq bürümüşdü. Vaxt var idi gecə saat 12-də televizor da söndürülürdü ki, elektrik enerjisinə sərfiyyat azalsın. Biz xaricdən elektrik enerjisini alırdıq və özümüzü güc-bəla ilə təmin edirdik. İndi biz xaricə elektrik enerjisi ixrac edirik. Ölkə daxilində bütün bu işlər görülüb. Yolların çəkilişi - 15 min kilometr avtomobil yolu salınıb. İndi hər il bütün bölgələrdə, bütün rayonlarda, o cümlədən Bakı şəhərində, Bakı qəsəbələrində bu işlər gedir. Bu, həm insanlara rahatlıq verir, həm biznes, həm də fermerlər üçün çox əhəmiyyətlidir. Bunun hər cəhətdən böyük faydası var. Mən bu gün Regional İnkişaf Proqramının ancaq bir hissəsini qeyd edirəm. Bu, doğrudan da böyük bir dönüş, böyük bir irəliləyiş oldu.

Dördüncü proqramın qəbul edilməsi önəmli hadisədir. Dördüncü proqram beş il ərzində icra ediləcək. Bu gün hələ də görə bilmədiyimiz işləri biz növbəti illər ərzində görəcəyik ki, ölkəmiz daha da inamla, uğurla inkişaf etsin.

Bu il iri sənaye müəssisələrinin açılışı olmuşdur. İki böyük zavodun – karbamid və yüksək sıxlıqlı polietilen zavodlarının açılışı bizim sənaye potensialımızı böyük dərəcədə gücləndirir. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılıb. Orada işləyən vətəndaşlar təlim keçiblər. Onlar bir neçə ölkədə təlim kurslarında olmuşlar. Orada işləyənlərin əksəriyyəti gənc mütəxəssislərdir. Bu, həm yeni texnologiyalardır, həm qeyri-neft sektorunun inkişafıdır, ixrac potensialımızın artırılmasıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan sənaye istehsalı sahəsində böyük işlər görməyə qadirdir. Əlbəttə ki, sənaye istehsalı növbəti illərdə bizim üçün prioritet məsələlərdən biri olacaq. Əminəm ki, həm yerli, həm də xarici sahibkarlar bu işlərə diqqət göstərəcəklər.

İndi xaricdən investisiya, sərmayə qoymaq istəyənlərin sayı çoxalır. Xarici sahibkarlar müraciət edirlər. Mənim bu yaxınlarda Çin Xalq Respublikasına etdiyim səfər çərçivəsində görüşdüyüm iri şirkətlərin rəhbərlərinin fikri də çox müsbətdir. Onlar da Azərbaycana sərmayə qoymaq üçün indi işlər aparırlar və böyük maraq göstərirlər.

Biz bu ilin əvvəlindən ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirmişik. Onların arasında VII Bakı Qlobal Forumunu qeyd etmək istəyirəm. Bu, dünya miqyasında bu gün ən mötəbər forumlardan biridir. Bu forumda 50 ölkəni təmsil edən 500-dən çox qonaq iştirak etmişdir. Onların arasında 50-yə yaxın fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı olmuşdur. Forum həm intellektual potensialına, həm də müzakirə olunan məsələlərə görə doğrudan da dünya miqyasında seçilən tədbirlərdən biridir.

Bakıda bizim təşəbbüsümüzlə OPEC+ görüşü keçirilmişdir. Bildiyiniz kimi, Azərbaycan nəinki bu təşəbbüsün iştirakçısıdır, hətta bu təşəbbüsün, - əgər belə demək mümkündürsə, - müəlliflərindən biridir. Çünki OPEC-in baş katibinin Bakıda olan zaman açıqlaması bunu göstərir. Mən bunu özüm heç vaxt demirdim. Ancaq o, bunu rəsmi qaydada bildirdi ki, hələ 2016-cı ildə Davos Ümumdünya İqtisadi Forumunda çıxış edərkən, paneldə suala cavab verərkən demişdim ki, neftin qiymətinin tənzimlənməsi üçün ən məqbul variant OPEC və iri qeyri-OPEC ölkələrinin birgə fəaliyyətidir. Onlar razılığa gəlməlidirlər ki, neftin qiyməti sabit qalsın. Hasilat aşağı düşməlidir və hər kəs buna əməl etməlidir. Ancaq o halda neftin qiyməti qalxa bilər. Əgər o vaxt neftin qiyməti təqribən 30 dollar ətrafında idisə, bu gün bu, 70 dollar ətrafındadır.

Yəni, burada da Azərbaycan öz töhfəsini verir. Bizim dəvətimizlə OPEC və qeyri-OPEC ölkələrinin görüşü Bakıda keçirilmişdir. Adətən bu görüş OPEC-in mənzil-qərargahında keçirilir, bəzi hallarda başqa ölkələrdə, o cümlədən Bakıda.

Bu il Cənub Qaz Dəhlizinin Məşvərət Şurası ənənəvi olaraq Azərbaycanda keçirildi. Bu görüşün də çox böyük mənası var. Çünki hər il keçirilən bu tədbir həm imkan verir ki, biz görülmüş işlərə nəzər salaq və ən önəmlisi, görüləcək işlər haqqında fikir mübadiləsi aparaq, birgə fəaliyyət planı tərtib edək. Beləliklə, il ərzində biz elə bil ki, özümüz üçün bir iş planı tərtib edirik.

Digər önəmli tədbirlər keçirilmişdir. Bir sözlə, Azərbaycan ilin əvvəlindən bütün sahələrdə uğurla inkişaf edir. Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürülür. Bu proses davam etdiriləcək. Bu, bizim ən prioritet məsələlərimizdən biridir. Bu məsələyə biz daim diqqət göstəririk.

O ki qaldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək.

SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34