İlham Əliyev və Haynts Fişer Azərbaycan-Avstriya biznes forumunda iştirak etmişlər
12 oktyabr 2011, 19:40
Prezident İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin iştirakı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir.
Forum iştirakçıları Azərbaycan və Avstriya prezidentlərini hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham ƏLİYEV forumda çıxış edərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Bir daha, hörmətli cənab Prezident, Sizi Azərbaycanda salamlayıram. Azərbaycana Xoş gəlmisiniz!
Bu, Avstriya-Azərbaycan əlaqələrinin tarixində Avstriya Prezidentinin Azərbaycana birinci səfəridir və bu səfər tarixi xarakter daşıyır. Mən çox şadam ki, səfər çox uğurlu keçir. Əminəm ki, nəticələri də çox uğurlu olacaqdır.
Bizim aramızda çox sıx əməkdaşlıq var və biz çalışırıq ki, bütün sahələrdə əməkdaşlığı dərinləşdirək. Əlbəttə, bunu etmək üçün siyasi əlaqələrin çox böyük əhəmiyyəti vardır. Mən çox şadam ki, Avstriya-Azərbaycan əlaqələrində çox müsbət irəliləyiş vardır. Deyə bilərəm ki, bu əlaqələr hazırda ən yüksək səviyyədədir. Siyasi əməkdaşlıq və beynəlxalq təşkilatlarda əməkdaşlığımız, siyasi əlaqələrin güclü olması istər-istəməz bütün başqa sahələrə də müsbət təsir göstərir.
Bu gün bütün başqa məsələlərlə bərabər, biz Sizinlə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi apardıq. Mən hesab edirəm ki, bu sahədə əldə edilmiş uğurlar və yaxşı nəticələr bizi ruhlandırır, gələcək əməkdaşlığa sövq edir. Avstriya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Ölkələrimiz arasında ticarət dövriyyəsi çox böyük olmasa da, Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməsi çox müsbət bir haldır. Avstriya şirkətləri ölkəmiz üçün çox vacib olan infrastruktur və tikinti layihələrində çalışırlar. Onların fəaliyyəti təqdirəlayiqdir, onlar işləri yüksək keyfiyyətlə görürlər. Bütün kontrakt şərtlərinə əməl edilir və Azərbaycanda böyük quruculuq işlərinin aparılmasında Avstriya şirkətləri bizə dəstək olurlar.
Bu gün biz bu barədə artıq danışdıq. Qeyd etmək istəyirəm ki, ölkəmiz üçün bir neçə vacib layihəni Avstriya şirkətləri icra edir. Onların arasında Bakıda beşulduzlu yeni otelin tikintisini “Strabag” şirkəti aparır. Bakıda yeni, müasir və bölgənin ən müasir aerovağzal kompleksini Avstriyanın “Waagner Biro” şirkəti həyata keçirir, “Şahdağ” Dağ Xizək Kurortunun inşası layihəsini Avstriyanın “Swiss Town Consult/ILF Consulting” və “Doppelmayr Seilbahnen GmbH” şirkətləri aparırlar. Yeni ofis binalarının layihələndirilməsi və dizayn işləri Avstriyanın “Coop Hemilbau” şirkətinə həvalə edilibdir. Ondan başqa, Bakının ən gözəl yerində, bulvarda, Milli Parkda Xalça Muzeyinin inşasını da Avstriyanın “Hoffmann - Janz ZT GmbH” şirkəti icra edir. “BHS İnternational” şirkəti isə Xalça Muzeyinin texniki təchizatı ilə məşğuldur.
Nəhayət, Bakının rəmzi olan Qız qalasının bərpasını da Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti icra edir. Bu barədə, cənab Prezident, mən sizə artıq məlumat verdim və söylədim ki, Qız qalası Bakının rəmzidir. Bakıda və ölkəmizin müxtəlif yerlərində tarixi abidələr kifayət qədər çoxdur. Ancaq Qız qalası Bakının rəmzidir. Qız qalası bizim ürəyimizdir, canımızdır. Hər bir azərbaycanlı üçün doğma olan bu abidənin bərpasını Avstriya şirkətinə etibar etmək yəqin ki, özlüyündə bir göstəricidir.
Yəni, sadaladığım bu layihələr, doğrudan da ölkəmiz üçün çox vacibdir və Avstriya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı üçün də vacibdir. Ümid edirəm ki, hazırda əldə edilmiş yaxşı təcrübə və qarşılıqlı anlaşma gələcək layihələrin icrasına da təkan verəcəkdir.
Azərbaycanda hələ görüləsi işlər çoxdur. Bizim iqtisadi inkişafla bağlı konkret, düşünülmüş strategiyamız və konkret proqramlarımız vardır. Ölkəmiz üçün lazım olan bütün infrastruktur layihələri Azərbaycanda yenilənir, yenidən tikilir, bərpa edilir və bu layihələr bütün sahələri əhatə edir. Beləliklə, gələcəkdə Avstriya şirkətlərinin Azərbaycanda podratçı kimi işləmək üçün yeni imkanları olacaqdır. Bir daha demək istəyirəm ki, bizim yerli strukturların nümayəndələrindən də dəfələrlə maraqlanmışam və yerli qurumlar Avstriya şirkətlərinin fəaliyyətindən çox razıdırlar.
Eyni zamanda, hesab edirəm ki, iqtisadi əlaqələrimiz təkcə şirkətlərin layihələrdə iştirakı ilə məhdudlaşmamalıdır. Hesab edirəm ki, indi qarşılıqlı investisiyaların qoyulması üçün yaxşı şərait vardır. Bu sahədə deyə bilərəm ki, biz hələ əməkdaşlığın birinci mərhələsindəyik, birinci addımları atırıq. Azərbaycan şirkətləri indi xaricə böyük həcmdə sərmayə qoyuluşu ilə məşğuldur, həm Avropada, həm başqa ölkələrdə. Azərbaycanın həm dövlət, həm özəl şirkətləri Sizin ölkənizə investisiya qoymaq üçün maraqlı ola bilərlər və bugünkü biznes-forum yəqin ki, hər iki ölkənin imkanlarını təqdim edəcəkdir və edir.
Eyni zamanda, Azərbaycan da xarici sərmayə üçün çox əlverişli bir yerdir. Bizdə çox gözəl investisiya mühiti hökm sürür. Xarici sərmayələr qoyulur və birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan MDB məkanında birinci yerdədir.
Deyə bilərəm ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 100 milyard dollar sərmayə qoyulmuşdur və onun böyük hissəsi daxili sərmayədir. Amma kifayət qədər böyük hissə də xarici sərmayələrdir.
Xarici sərmayələr Azərbaycanda lazımınca qorunur. Biz bütün kontraktlara böyük hörmətlə yanaşırıq və hesab edirik ki, etimadı qazanmaq üçün məhz əldə edilmiş razılaşmalara hörmətlə yanaşılmalıdır. Ölkəmizin hərtərəfli inkişafı üçün əlbəttə ki, xarici investisiyaların cəlb edilməsi vacibdir. Halbuki deyə bilərəm ki, indiki mərhələdə əvvəlki dövrdən fərqli olaraq, Azərbaycana qoyulan sərmayənin böyük hissəsi daxili mənbələr - həm dövlət, həm özəl sektor hesabına formalaşır. Azərbaycanda investisiya mühiti çox müsbətdir.
Bütövlükdə ölkəmizdə bazar iqtisadiyyatına keçid dövrü tamamilə başa çatmışdır. Biz bu il müstəqilliyimizin 20-ci ildönümünü qeyd edəcəyik. İyirmi il əvvəl Azərbaycanda özəl sektorda fəaliyyət göstərən şirkətlər yox idi, ümumi daxili məhsulun yüz faizini dövlət qurumları təmin edirdi.
Hazırda ümumi daxili məhsulun 80 faizi özəl sektorda formalaşır, genişmiqyaslı özəlləşdirmə siyasəti aparılmışdır. Özəl sektorun inkişafı üçün dövlətimiz də çox böyük işlər görür, həm yardımlar edir, həm də ki, siyasi dəstək də yüksək səviyyədədir. Yəni, Azərbaycan iqtisadiyyatı bazar prinsipləri ilə tənzimlənir. Bu, azad iqtisadiyyatdır, dünyaya açıq iqtisadiyyatdır və deyə bilərəm ki, artıq güclü iqtisadiyyatdır.
Son 7 il ərzində Azərbaycanda ümumi daxili məhsul təxminən üç dəfə artmışdır. Sənaye istehsalı da təxminən üç dəfə artmışdır, yüz minlərlə yeni iş yeri açılmışdır və infrastruktur layihələrinə böyük sərmayə qoyulmuşdur. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur ki, bu da bizə imkan verir, biz ölkə qarşısında duran əsas vəzifələri uğurla icra edək.
Hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran Azərbaycana o qədər də böyük təsir göstərməmişdir. Ən çətin böhranlı illərdə - 2-3 il bundan əvvəl iqtisadiyyatımız artım templərini itirməmişdir. Biz indi iqtisadiyyatın qeyri-neft sektoruna daha çox üstünlük veririk. Bizim prioritetimiz bundan ibarətdir və ölkə iqtisadiyyatının enerji amilindən asılılığını azaltmaq üçün konkret tədbirlər görülür. Qeyri-neft sektorunun inkişafı üçün Avstriya şirkətləri Azərbaycanda bizimlə bərabər yaxşı işləyirlər və gələcəkdə də işləyə bilərlər. Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı konkret tədbirlər görülür.
Mənə verilən məlumata görə, bugünkü biznes forum çox böyük maraq doğurur. Mən çox şadam ki, Avstriyadan bu forumda iştirak etmək üçün çoxsaylı iş adamları gəlmişlər və onlar yerli həmkarlarla birgə işləyirlər. Mənə verilən məlumata görə, forum çərçivəsində üç sənəd imzalanmışdır. Bu da çox gözəl göstəricidir. Bu gün yaranan təmaslar, hər iki ölkə iqtisadiyyatı haqqında səslənən təqdimatlar və təkliflər bizə daha da yaxşı şəraitin yaradılmasına imkan verəcəkdir. Bəzi hallarda ticarət dövriyyəsinin o qədər də yüksək səviyyədə olmamasının səbəbi də ondadır ki, məlumat qıtlığı vardır. Avstriya şirkətləri Azərbaycanın imkanlarını, Azərbaycan şirkətləri isə Avstriyanın imkanlarını bəlkə də yaxından bilmirlər. Belə forumların keçirilməsi bu boşluğu da dolduracaqdır.
Biz bu gün, eyni zamanda, enerji əməkdaşlığı haqqında geniş danışdıq. Enerji siyasəti Azərbaycan üçün çox önəmlidir. İndiki mərhələdə enerji siyasətimiz və strategiyamız təkcə Azərbaycan üçün deyil, bölgə üçün, Avropa üçün də əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi özünü artıq göstəribdir. Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi üzrə bəyannamə qəbul edilmişdir, işçi qrupu yaradılmışdır, işlər başlamışdır.
Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malik olan ölkə kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu oynayır və əminəm ki, gələcəkdə daha da fəal rol oynayacaqdır. Çünki biz bu gün cənab Prezidentlə görüş əsnasında belə bir fikir ifadə etdik ki, bu, hər tərəfi gücləndirən və hər tərəfin maraqlarına cavab verən əməkdaşlıqdır.
Biz yeni, böyük qanunlarla tənzimlənən bazara çıxmış olacağıq, Avropa istehlakçıları isə yeni alternativ mənbədən - etibarlı tərəfdaşdan əlavə enerji resursları alacaqlar. Deyə bilərəm ki, bu sahədə Avropa ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın artıq gözəl tarixi vardır. Bir neçə ildir ki, Azərbaycan Avropa ölkələrinə böyük həcmdə neft ixracı ilə məşğuldur. Bir sıra Avropa ölkələrinin daxili enerji balansında Azərbaycan nefti bəzi hallarda 20, bəzi hallarda 30-40 faiz təşkil edir. Yəni, bu təcrübə var, əməkdaşlıq da vardır. Deməli, bizim ixracımızın 50 faizdən yuxarı hissəsi Avropa İttifaqı ölkələrinə nəql edilir. Ona görə biz qaz sahəsində artıq yaradılmış çərçivələr daxilində uğurlu əməkdaşlıq edə bilərik.
Şübhəsiz, bu mövzu da bu gün fikir mübadiləsi zamanı geniş işıqlandırılmışdır.
Mən bir daha demək istəyirəm ki, Avstriya–Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edir. Bu əlaqələr bütün sahələri əhatə edir. Yəqin ki, bu gün forumda, əlbəttə, daha çox iqtisadi əlaqələrdən söhbət aparılıb və bu əlaqələr nə qədər güclü olsa bizim siyasi münasibətlərimiz də o qədər güclü olacaqdır.
Mən bir daha, cənab Prezident, Sizi və forumun iştirakçılarını salamlayıram, forumun işinə uğurlar arzulayıram. Sağ olun!
X X X
Avstriya Prezidenti Haynts FİŞER biznes-forumda çıxış edərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Mən də istəyirəm ki, bu səfəri həyata keçirməyə dəvətə görə təşəkkürümü bildirim. Səfərimin çox əla təşkilinə görə təşəkkürümü bildirirəm. Bu, onu göstərir ki, həm də Siz bu gün qonaqlar üçün nə qədər vaxt ayırmısınız. Bu gün xeyli görüşlərimiz oldu. Bunların hamısı səfərin uğurlu keçməsinin göstəricisidir. Mən çox təşəkkür edirəm ki, Siz həm mətbuat konfransında, həm də indi bu biznes-forumda bizim apardığımız söhbətlərin məzmununu yüksək qiymətləndirirsiniz, buna müsbət münasibət bildirirsiniz.
Biz çox müxtəlif mövzular haqqında danışmışıq. Biz bunu hiss etmişik, duymuşuq ki, Siz bizim arqumentlərimiz, baxışlarımız üçün açıqsınız. Söhbət məhz qazla bağlı məsələlərdən gedir. Siz, eləcə də bizim “Nabukko”ya aid mövqeyimizə açıqsınız. Zənnimcə, biz növbəti mərhələdə atacağımız addımlara daha çox aydınlıq gətirməliyik ki, hər iki tərəf üçün sərfəli vəziyyət yaransın, bunun həm Azərbaycana, həm Avstriyaya, həm də Avropaya xeyri olsun. Bunun uğurla həyata keçirilməsi üçün hansı addımların atılmasının lazım olması barədə biz bu gün danışıqlar aparmışıq.
Siz həm də Avstriya şirkətləri haqqında çox müsbət fikir bildirdiniz. Bu, həm özəl iqtisadiyyatlarımız, həm də ölkələrimizin siyasi rəhbərliyi üçün çox yaxşıdır. “Strabag”, əlbəttə, bütün Avropada çox tanınmış bir şirkətdir, məşhur bir brenddir. Ən azı Avropanın ikinci ən böyük şirkətidir. O, böyük bir alman şirkətini almışdır. Adətən, alman şirkətləri Avstriya şirkətlərini alır. Bu halda isə Avstriyanın “Strabag” şirkəti böyük bir alman şirkətini almış və bu işi çox uğurla həyata keçirmişdir. Mən Rusiyaya, yaxud başqa bir ölkəyə gedərkən görürəm ki, “Strabag” orada fəaliyyət göstərir. “Strabag” Soçidə tikinti işləri həyata keçirir, orada bəzi yubanma halları olsa da, işin sürəti artırılır ki, obyekt vaxtında hazır olsun. Yaxud da ki, Çinə gedəndə orada da “Strabag”ın işini görürəm. Yaxın Şərqdə yenə “Strabag”ı görürəm. Təbii ki, bu şirkət Qərbi Avropada daha çox tanınır.
Başqa şirkətləri, xüsusən Sizin adını çəkdiyiniz OMV şirkətinin fəaliyyətini də qeyd etmək istəyirəm. Hətta qısqanıram ki, OMV-nin baş direktoru Sizin yanınızda daha çox olub, nəinki mən. Buna görə də bir az qısqanıram. Amma mən də çalışacağam ki, Sizinlə onun qədər görüşüm. Biz paytaxtlarımızdan kənarda da görüşlər keçirə bilirik. Məsələn, başqa ölkələrdə də görüşməyə imkanımız vardır. Bununla da şansım artır.
Siz Qız qalasında işləyən Avstriya şirkətini xatırlatdınız. Qız qalası bənzəri olmayan milli abidədir. Həmin o Avstriya şirkətinin rəhbəri iki həftə Vyanada, iki həftə Qız qalasında işləyir. Orada - Vyanada Stephansdomda işləyir. O da Vyananın ən böyük kilsəsidir. Bizim məşhur tarixi abidəmizdir. Həmin abidə XIV əsrdə tikilmişdir. Yəni, həm biz, həm də siz ürəyimiz hesab etdiyimiz abidələri o şirkətə etibar edirik.
Cənab Prezident, Siz, həmçinin iqtisadi münasibətlərimizə aid rəqəmləri xatırlatdınız. Onlar çox müsbət rəqəmlərdir. Bu forumun çoxsaylı iştirakçıları da onun göstəricisidir, aydın bir siqnaldır ki, ötən illərdə qarşılıqlı maraq çox artıb.
Azərbaycana Avstriya ixracı 70 faiz artıb. Bizim iqtisadiyyatla məşğul olan nümayəndələrimiz hər halda bunu belə qiymətləndirir. Azərbaycandan da Avstriyaya ixracda xeyli artım olub. Son illərdə ixrac iki dəfə artıb.
Azərbaycan bu gün Avstriyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır. Əlbəttə, burada qaz da çox böyük əhəmiyyət kəsb edir. Qaz enerji daşıyıcısıdır və bu, növbəti onilliklərdə Avropa üçün daha da əhəmiyyətli olacaqdır. Avstriya atom enerjisindən könüllü olaraq imtina etmiş ölkələrdəndir. Almaniya da, İsveçrə də atom elektrik stansiyalarından imtina edib. Yəni, atom enerjisi Avropada azalmağa doğru gedir. Deməli, Avropada nüvə enerjisindən istifadə azalacaq və təbii qazın istehlakı artacaqdır. Ona görə, bizə ədalətli müqavilələr lazımdır ki, gələcəkdə artan tələbatı ödəyə bilək.
Biz “Nabukko”nu da müzakirə etmişik. Biz danışıqlar zamanı bununla bağlı yaxşı xəbərlər aldığımızı bildirdik. İqtisadiyyatın bizi maraqlandıran başqa sahələri də vardır. Bu, turizmdir. Turizm Avstriyada çox böyük rol oynayır. Bu gün mən Almaniya ilə Avstriya arasında iqtisadi mübadilə haqqında bir rəqəm dedim və bu Prezidenti təəccübləndirdi. Avstriyanın cəmi iki şəhərinə – Tirola və Salzburqa gələn alman turistlərin sayı Yunanıstana gedən bütün turistlərin sayından xeyli çoxdur. Avstriyanın iki şəhəri daha çox turist cəlb edir, nəinki Yunanıstan. Çünki Avstriya turizm baxımından çox cəlbedicidir.
Bununla əlaqədar Avstriyada otel tikintisi də çox sürətlə inkişaf edib. Avstriyanın iri metallurgiya müəssisələrindən biri ölkənin ən böyük xəstəxana binasını tikmişdir. Bu, bir neçə yüz milyonluq layihədir. Həmin müəssisə bu sahədə çox böyük təcrübə qazanıb. Həmin şirkət Avropada xəstəxanaların texniki təchizatı üzrə çox geniş fəaliyyət göstərir. O, həm müasir tibbi avadanlığın tədarükü, həm də işçi heyətin hazırlığı ilə məşğul olur.
Mən Avropanın bir çox ölkələrinin prezidentlərini tanıyıram ki, gəlib Avstriyada müalicə olunurlar. Şusteri tanıyırsınız, onunla görüşmüsünüz. Maraqlansanız, o, mütləq təsdiq edəcəkdir ki, Elsburqdakı xəstəxananın sayəsində sağlamlığını bərpa edib. Onun beynində cərrahiyyə əməliyyatı aparılmışdır. Başqa yerdə əməliyyat oluna bilmirdi. Bu əməliyyat yalnız Elsburqda həyata keçirilmişdir. Başqalarının adını çəkmirəm, onlar da Vyanada və ya bizim başqa şəhərlərimizdə müayinədən keçiblər.
Xanımlar və cənablar, deyəsən, mən çox danışdım, amma müsbət şeylərdən danışdım. Əlavə etməliyəm ki, bu, heç də o demək deyildir ki, biz artıq razıyıq və bununla da kifayətlənmək istəyirik. Bu, heç də belə deyildir. Daha yaxşı olan yaxşının düşmənidir. Yəni biz daha böyük potensial, artım üçün geniş imkanlar görürük və istəyirik ki, bunlarla da məşğul olaq.
Avstriya elə bir ölkədir ki, çox əla mövqeyi vardır. Əvvəllər, necə deyərlər, Berlin divarlarının mövcudluğu dövründə, yəni Avropada “dəmir pərdə” olanda mövqeyimiz elə də yaxşı deyildi. Biz kənarda, çox pis vəziyyətdə idik. Vyanadan cəmi 50-60 kilometr məsafədə yerləşən Macarıstan Şərqlə Qərbi ayıran sərhəd idi. İndi isə bu maneələr yoxdur, Avstriya çox əlverişli mövqedədir. Biz indi Avropanın ürəyində yerləşirik. Bu, bizim üçün, inkişafımız üçün çox yaxşıdır. Biz Vyanadan Bratislavaya maşınla 40 dəqiqəyə gedib çıxa bilirik, bu məsafə cəmi 50 kilometrdir. Vyanadan Çexiya sərhədinə bir saat, Budapeştə iki saatdır. Bizim yerimiz indi çox yaxşıdır. Şvexart hava limanından bütün beynəlxalq hava limanlarına birbaşa əlaqələr vardır. Bu da Vyananı, Avstriyanı cəlbedici edən əsas faktlardan biridir.
Avstriyada çox güclü sosial sabitlik vardır. Adambaşına düşən ümumi daxili məhsul 32 min Avrodur. Bu, Almaniyada, Fransada, İsveçdə, İtaliyadakı müvafiq göstəricidən çoxdur. Bu, çox yaxşı bir göstəricidir. Lüksemburq, Lixtenşteyn bizdən irəlidə olan ölkələrdir. Onların xüsusi imtiyazları vardır. Lixtenşteynin 30 min əhalisi vardır. Avstriyadan 50 min nəfər oraya gedib gəlir. Bankla bağlı orada xüsusi imtiyazlar vardır. Amma o ölkələrlə ki, biz daha yaxşı müqayisə oluna bilərik, orada birmənalı olaraq üstün mövqedəyik. Buna da diqqəti cəlb etmək istəyirəm.
Bizim dövlət idarəçiliyimiz də yaxşıdır. Yəni Avstriya yaxşı idarə olunan bir dövlətdir, cəlbedicidir, təhlükəsizdir. Bir çox beynəlxalq təşkilatlar öz mərkəzlərini və ofislərini bizim ölkədə qururlar. İqtisadi baxımdan da güclü bir dövlətik. Vyananın burqomistrinin vitse-spikeri iki həftə əvvəl Bakıda idi. Mən istərdim ki, belə əlaqələr, səfərlər qarşılıqlı olsun.
Avstriyanı reklam etmək çox uzun çəkər. Mən çox qısa bir hissəni – danışa biləcəklərimi söylədim. Bununla da yekunlaşdırıram.