Daş Salahlı kəndinin sakinlərindən, Qazax, Azərbaycan
Hörmətli cənab Prezident.
Yaşadığımız Daş Salahlı kəndi Qazax rayonunun ən böyük kəndlərindən biridir. Kəndimizdə 10 mindən artıq əhali yaşayır. Sizin respublikamızda apardığınız məqsədyönlü sosial-iqtisadi siyasət Qazax rayonunda, o cümlədən yaşadığımız Daş Salahlı kəndində uğurla həyata keçirilir.
Sizin sərəncamlarınıza əsasən son dövrlərdə Daş Salahlı kəndində bir sıra mühüm işlər görülüb. Əhalinin elektrik enerjisinə ilə təchizatını yaxşılaşdırmaq üçün Sizin açılışını etdiyiniz Daş Salahlı yarımstansiyasının istifadəyə verilməsi, əhalinin suya olan tələbatını ödəmək məqsədilə 3500 metr uzunluğunda magistral su xəttinin köhnə borularının yeniləri ilə əvəz olunması, əhalinin təbii qaz təchizatının yaxşılaşdırılması üçün 2500 metr uzunluğunda yeni qaz xəttinin magistral xəttə birləşdirilməsi, 1200 kubmetr tutumu olan su anbarının təmiri, hazırda çəkilişi davam edən və kəndimizi həm Bakı-Qırmızı körpü magistral avtomobil yoluna, həm də Qazax-Quşçu Ayrım yoluna birləşdirən 12 kilometrlik asfalt yolun salınması görülən işlər sırasındadır.
Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın körpələrə göstərdiyi diqqət və qayğı Daş Salahlı kəndindən də yan keçməyib. Belə ki, Daş Salahlı kəndindəki 20 yerlik 2 saylı, 35 yerlik 3 saylı körpələr evi-uşaq bağçaları yüksək səviyyədə yenidən qurularaq və müasir avadanlıqlarla təmin olunaraq körpələrin istifadəsinə verilib.
Hörmətli cənab Prezident, yuxarıda sadaladığımız və sadalaya bilmədiyimiz digər işlərə görə kənd sakinləri adından, o cümlədən 1 saylı körpələr evi-uşaq bağçasının kollektivi və orada tərbiyə alan uşaqların valideynləri adından Sizə təşəkkürümüzü bildiririk. Həm Sizə, həm də Birinci vitse-prezident Mehriban xanıma gələcək işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Daş Salahlı kəndinin bir qrup sakini.
Azərbaycan Respublikası, Qazax rayonu.