“Şimal” elektrik stansiyasının ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində İlham Əliyevin nitqi

21 sentyabr 2011, 12:10
“Şimal” elektrik stansiyasının ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində İlham Əliyevin nitqi

- Əziz dostlar, hörmətli xanımlar və cənablar!

Hörmətli cənab səfir, Yaponiyadan gəlmiş qonaqlar!

Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl, əlamətdar bir gündür. Bakıda yeni, müasir elektrik stansiyasının təməl daşını qoyuruq. Əminəm ki, bu stansiya yaxın zamanlarda tikilib işə salınacaq və beləliklə, Azərbaycanın enerji potensialına böyük töhfə veriləcəkdir.

“Şimal-2” stansiyasının tikintisi çox əlamətdar hadisədir. Bir tərəfdən ona görə ki, biz Azərbaycanda yeni, böyük infrastruktur layihəsinin icrasına başlayırıq. Bu, artıq Azərbaycanda ənənəvi xarakter daşıyır. Digər tərəfdən, bu stansiyanın tarixi də çox gözəldir. “Şimal-1” elektrik stansiyası on il bundan əvvəl tikilməyə başlanmışdır. 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə aparılan danışıqlar nəticəsində “Şimal-1” elektrik stansiyasının tikintisi üçün Yaponiya hökuməti kredit ayırmışdır. 2000-ci ildə burada ulu öndərin iştirakı ilə “Şimal-1” elektrik stansiyasının təməl daşı qoyulmuşdur və 2002-ci ildə stansiya istifadəyə verilmişdir.

O vaxt Azərbaycanın enerji təhlükəsizliyi üçün və ümumiyyətlə ölkəmizin inkişafı üçün “Şimal-1” elektrik stansiyasının tikintisi müstəsna əhəmiyyət daşıyırdı. Çünki o illərdə Azərbaycanda kifayət qədər enerji gücləri olmamışdır. Əvvəlki dövrdə tikilmiş stansiyaların, resursları demək olar ki, tükənmişdi və Azərbaycanda - Bakıda və bölgələrdə bəzi hallarda enerji qıtlığı yaranırdı. Biz o illəri yaxşı xatırlayırıq. Həm bölgələrdə, həm Bakı şəhərində enerji problemi var idi. Ona görə ki, kifayət qədər gücümüz yox idi. “Şimal-1” elektrik stansiyasının tikintisi və Yaponiya hökumətinin bu məsələlərə çox diqqətlə yanaşması nəticəsində Azərbaycan energetikasının yeni dövrü başlanmışdır. Biz o günləri yaxşı xatırlayırıq və çətin gündə bizə kömək etmiş Yaponiya hökumətinə, Yaponiya xalqına həmişə minnətdarıq.

Bu stansiyanın tikintisi, demək olar ki, on ildən sonra yenə də Yaponiya hökumətinin krediti hesabına həyata keçiriləcəkdir. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, aramızda olan çox gözəl münasibətlər uğurla davam edir. Onu göstərir ki, Yaponiya hökuməti Azərbaycanda iqtisadiyyatın, sənaye potensialının inkişafına çox böyük diqqət göstərir. Eyni zamanda, bu, Yaponiya-Azərbaycan dostluğunun təzahürüdür.

Bu fürsətdən istifadə edərək Yaponiya hökumətinə həm bizim üçün ən çətin anlarda, həm də bu gün Azərbaycana göstərdiyi bu dəstəyə gözə minnətdarlığımı bildirmək istəyirəm. Bu kreditin verilməsi xüsusilə əhəmiyyətlidir. Ona görə ki, bu yaxınlarda Yaponiyada baş vermiş dəhşətli təbii fəlakət ölkəni sarsıtmışdır. İndi o fəlakətin fəsadlarını aradan qaldırmaqla məşğul olan Yaponiya hökuməti, eyni zamanda, Azərbaycan ilə dostluq münasibətlərini möhkəmləndirir. Bu stansiyanın tikintisi dostluğumuzun rəmzidir.

Fürsətdən istifadə edərək fəlakət zamanı həlak olmuş bütün insanların xatirəsini yad etmək istərdim. Bildirmək istərdim ki, yapon xalqının bu faciə ilə mübarizədə göstərdiyi cəsarət və mətanət bütün dünyanı heyran etmişdir.

Bu stansiyanın tikintisi Azərbaycanın həyatında çox əlamətdar hadisədir. Çünki bu, inkişafımıza yeni təkan verəcəkdir. Son illər ərzində Azərbaycanda bu sahədə çox böyük işlər görülmüşdür. Təkcə son beş il ərzində - 2006-cı ildən bu günə qədər Azərbaycanda 11 elektrik stansiyası tikilmişdir ki, onlardan doqquzu istilik elektrik, ikisi su elektrik stansiyasıdır.

Bu stansiyaların fəaliyyətə başlaması nəticəsində bizim şəbəkəyə 1500 meqavat elektrik enerjisi daxil edilmişdir. Bu, çox böyük rəqəmdir, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bütün ötən dövrlər ərzində Azərbaycanda 4 min meqavata yaxın enerji gücü yaradılmışdır, görmək çətin deyildir ki, beş il ərzində 1500 meqavat gücün yaradılması nə qədər böyük uğurdur və nailiyyətdir.

Bu illər ərzində bütün bölgələrdə modul tipli elektrik stansiyaları tikilmişdir. Beləliklə, biz bölgələrdə və əlbəttə ki, Bakıda enerji qıtlığı problemini əsaslı şəkildə həll edə bilmişik. Yaxşı xatırlayıram, hələ 6-7 il bundan əvvəl qarşıya vəzifə qoymuşdum: Biz elə etməliyik ki, hər bir evdə, hər bir müəssisədə hər bir insan düyməni basıb sutkada 24 saat enerjini almalıdır. Bu gün biz buna nail ola bilmişik. Bu gün belədir və Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, başqa ölkələrə də elektrik enerjisini ixrac edir. Azərbaycan qonşu dövlətlərə elektrik enerjisini nəql edir və getdikcə nəql ediləcək enerjinin həcmi artacaqdır. Bu məqsədlə yeni ötürücü xətlər tikilir. Necə ki, bu gün biz neftimizi, qazımızı, neft məhsullarımızı dünya bazarlarına ixrac edirik, eyni zamanda, elektrik enerjisini də daha da böyük həcmdə dünya bazarlarına ixrac etmək fikrindəyik. Bu illər ərzində yaradılmış enerji potensialımız Azərbaycanın bugünkü inkişaf vəziyyətinə uyğundur. Hətta bizdə istehsal edilən enerji tələb olunan enerjidən daha da çoxdur və beləliklə ixrac yaranır.

Ancaq biz gələcəyə baxmalıyıq. Ölkəmiz sürətlə inkişaf edir, yeni müəssisələr, yeni sənaye sahələri, böyük texnoparklar yaradılır. Azərbaycanda alüminium sənayesinə böyük investisiyalar qoyulur. Yaxın zamanlarda böyük alüminium zavodu işə düşəcəkdir. Əlbəttə ki, bu sahələr də böyük enerji tələb edir. Metallurgiya sənayesinin inkişafı üçün konkret planlar var və zavodlar tikilir. Müasir neft-kimya kompleksi tikilməkdədir. Beləliklə, enerjiyə olan tələbat daim artacaqdır. Ona görə biz siyasətimizi ölkəmizin ümumi inkişaf strategiyasına uyğun şəkildə qurmalıyıq və qururuq.

Baxmayaraq ki, hazırda kifayət qədər elektrik stansiyalarımız var, yenə də stansiyaların tikintisi böyük əhəmiyyət daşıyır. Növbəti iki il ərzində Azərbaycanda istifadəyə veriləcək yeni stansiyaların hesabına biz əlavə 1300 meqavat elektrik enerjisi əldə edəcəyik. Biz bu rəqəmdən 400 meqavatı “Şimal-2”-dən, təxminən 800 meqavatı isə indi tikilməkdə olan “Cənub” Elektrik Stansiyasından alacağıq. Biz digər stansiyaların, o cümlədən su elektrik stansiyalarının tikintisi hesabına əlavə 1300 meqavat enerji alacağıq. Beləliklə, 2006-2013-cü illər ərzində Azərbaycanda yaradılacaq yeni enerji gücü təxminən 3000 meqavata bərabər olacaqdır. Yenə də demək istəyirəm ki, bu, tarixi nailiyyət olacaq. Çünki bütün əvvəlki dövrlə müqayisədə eyni həcmdə enerji cəmi yeddi il ərzində yaradılacaqdır.

Bununla bərabər, bütün bölgələrdə, o cümlədən Bakı şəhərində yeni yarımstansiyalar, ötürücü xətlər tikilir. Otuz min kilometr uzunluğunda ötürücü xətlər tikilmişdir. Biz indi bərpa olunan enerjinin istehsalı ilə çox ciddi məşğuluq. Bizim bütün su ehtiyatlarımızın coğrafiyası müəyyən edilibdir. Xəritələr tərtib edilibdir və bu il, keçən il kiçik çaylarda kiçik su elektrik stansiyalarının təməl daşı qoyulubdur. Bu proses də geniş vüsət almışdır və biz bu işlərə böyük diqqət göstəririk. Daha da böyük su elektrik stansiyaları tikilir. Misal üçün, Naxçıvanda Biləv, Vayxır su elektrik stansiyaları istifadəyə verilmişdir. İndi Arpaçayda işlər getməlidir. Ordubad, Füzuli, Taxtakörpü, Şəmkirçay su elektrik stansiyaları. Yəni, bu stansiyaların təxmini gücü 20-30 meqavat arasındadır. Bu, imkan verəcək ki, biz bərpa olunan enerji növlərini də inkişaf etdirək.

Azərbaycanın böyük neft-qaz ehtiyatları vardır. Bu ehtiyatlar xalqımıza onilliklər bundan sonra, bəlkə yüz ildən artıq bundan sonra kifayət edəcəkdir. Ona görə də, nəzərə alsaq ki, biz indi bütün enerji sistemimizi yeniləşdirmişik, gələcəkdə Azərbaycanda enerji qıtlığı olmayacaqdır. Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı bütün problemlər artıq öz həllini tapmışdır. Ancaq biz gərək müasir texnologiyalara böyük diqqət göstərək və bərpa olunan enerji növlərinin yaradılması bu məsələlərdə vacib rol oynayır.

Bu yaxınlarda biz Qobustan rayonunda hibrid tipli birinci günəş-külək elektrik stansiyasının açılışını qeyd etdik. Düzdür, bu stansiyanın istehsal gücü o qədər də böyük deyil və böyük də olmamalıdır, 5 meqavat səviyyəsindədir. Ancaq bu, birinci ciddi addımdır. Bu, müasirlikdir, yenilikdir, yeni texnologiyalardır, ekoloji cəhətdən təmiz texnologiyalardır. Bu, gələcəyə baxışımızdır. Ekoloji məsələlərə gəldikdə, qeyd etməliyəm ki, bu gün Azərbaycanda bir dənə də olsun mazutla işləyən elektrik stansiyası yoxdur. Amma bir neçə il bundan əvvəl stansiyalarımızın demək olar ki, əksəriyyəti mazut rejimində işləyirdi. Həm bu məqsədlər üçün böyük vəsait sərf edilirdi, - indi biz o mazutu emal edirik, yəni yenidən emala verilir, neft və yüngül məhsullar ixrac edilir, - həm də ekologiyamız zərər çəkirdi. İndi bütün stansiyalar qazla işləyir və bu, ekoloji cəhətdən çox təmiz rejimdir. Ancaq əlbəttə ki, bərpa olunan elektrik stansiyaları ekoloji cəhətdən daha da sərfəli olacaqdır.

Bu gün gözəl bir gündür. Bu gün bu stansiyanın təməl daşının qoyulması gözəl bir göstəricidir, Azərbaycanın inamlı inkişafını göstərir. Ölkəmiz inkişaf edir. Ölkəmizdə böyük infrastruktur layihələri icra edilir. Həm dövlət büdcəsi tərəfindən, həm də xarici tərəfdaşlar tərəfindən maliyyələşdirilən layihələr ölkəmizi gücləndirir. Bizim inkişaf templərimiz sürətlə irəliyə gedəcəkdir. Bu gün bu templər dünya miqyasında ən yüksək templər kimi tarixə düşübdür. Əminəm ki, bütün sahələrdə, o cümlədən energetika sahəsində bundan sonra da böyük uğurlarımız olacaqdır.

Bir daha bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Əminəm ki, stansiya yaxın zamanlarda və böyük keyfiyyətlə tikiləcək və biz stansiyasının açılışında bərabər iştirak edəcəyik. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44