İlham Əliyev Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

21 dekabr 2018, 10:50
İlham Əliyev Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində istifadəyə verilən və tikintisi aparılan müasir məhkəmə bina və kompleksləri barədə məlumat verdi.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə ölkəmizdə 16 yeni müasir məhkəmə binası tikilib, beşinin inşası isə davam etdirilir. İndiyədək Prezident İlham Əliyev paytaxtın Sabunçu, Yasamal, Nərimanov, habelə Şəki, Oğuz rayon məhkəmələri binalarının açılışında iştirak edib, İmişli rayon məhkəməsində yaradılan şəraitlə tanış olub.

Dövlət büdcəsinin vəsaiti hesabına tikilən Binəqədi Rayon Məhkəməsinin yeni binasının inşası da müasir standartlara uyğun və yüksək keyfiyyətlə aparılıb. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait var. Binəqədi Rayon Məhkəməsi təxminən 265 minə yaxın əhaliyə xidmət edir. Burada 80 nəfərdən çox, o cümlədən 19 hakim, 60 nəfər məhkəmə aparatı işçisi çalışacaq. Binada ümumilikdə 12 məhkəmə iclas zalı fəaliyyət göstərir. Azərbaycan Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamının icrası çərçivəsində burada "elektron məhkəmə" və "elektron icra" informasiya sistemlərinin tətbiq olunması üçün bütün zəruri infrastruktur yaradılıb və bina müasir İKT avadanlığı ilə təchiz olunub. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslər zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqda saxlanılır. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğular var.

Binəqədi Rayon Məhkəməsi də inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçündür. İctimai zonada vəkillər, dövlət ittihamçıları, icra məmurları və Ədliyyə Nazirliyinin icra şöbəsinin əməkdaşları üçün otaqlar var. Binada hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız iclas zallarında görüşürlər. Bu isə şəffaflığın təmin edilməsində mühüm amildir. Binada vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və onların məlumatlılığının təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən köşklər, lövhələr quraşdırılıb ki, bu da vətəndaşlara məhkəmə prosesləri və onların tarixi, vaxtı, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır. Bununla yanaşı, binada arxiv, maddi sübutların saxlanılması, vətəndaşların qəbulu, təqsirləndirilən şəxslərin vəkillə görüşü, dövlət ittihamçıları üçün otaqlar və tibb məntəqəsi mövcuddur. Konfrans zalında həm beynəlxalq, həm də ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür. Həmçinin hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına, eləcə də Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb. Zalda tədris kurslarının keçirilməsi üçün də zəruri infrastruktur var. Buradakı kitabxana məhkəmə-hüquq sahəsinə aid ədəbiyyatla, Azərbaycan həqiqətlərini əks etdirən kitablarla zəngindir.

Ədliyyə və məhkəmə sahəsində tətbiq olunan innovasiyalarla tanış olan Prezident İlham Əliyevə notariat hərəkətlərinin rəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi barədə məlumat verildi. Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş və Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində qüvvəyə minən "Notariat haqqında" Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı qeyd olundu.

Sonra səyyar notariat çantası, elektron ədliyyə köşkü və mobil notariat qovluğu nümayiş etdirildi.

Bildirildi ki, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan "Elektron notariat" informasiya sisteminə birbaşa çıxışı olan xüsusi çanta hazırlanıb. Notariuslar həmin çantalarla hər hansı məkana bağlı olmadan fiziki və hüquqi şəxslərə bütün növ notariat hərəkətləri üzrə səyyar xidmət göstərə bilərlər. Eyni zamanda, yeni qanuna əsasən məsafədən xidmətlərin göstərilməsini mümkün edən elektron ədliyyə köşkü də yaradılıb. Belə ki, təxirə salınmadan ədliyyə xidmətlərinə ehtiyac yarandığı yerlərdə, o cümlədən sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılacaq həmin köşklər notariuslarla videoəlaqə vasitəsilə notariat hərəkətinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradacaq. Həftənin bütün günləri 24 saat fəaliyyət göstərən bu innovativ qurğudan istifadə edərək borca görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslər ödənişləri həyata keçirə və məhdudiyyəti avtomatlaşdırılmış qaydada aradan qaldıra bilərlər. Dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan mobil notariat qovluğunun tətbiqi nəticəsində istənilən şəxs ətrafında olan bütün notariat ofisləri və notariuslar, həmçinin notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli rüsum və haqqın məbləğləri, tələb olunan sənədlər və notariat hərəkətinin aparılmasında iştirak etməli şəxslər barədə məlumat alacaq. Funksiyanın əsas özəlliyi isə şəxsin iştirakçısı olduğu bütün notariat hərəkətləri ilə bağlı sənədlərin vahid mənbədə - mobil telefonda saxlanılması, istənilən vaxt elektron versiyadan istifadə etməsi, eləcə də sənədin qüvvədən düşməsi barədə məlumatı dərhal almasıdır.

Dövlətimizin başçısına cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il fevralın 10-da imzalanan Sərəncamın icrası üzrə görülən işlər barədə də məlumat verildi, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında tətbiq olunan elektron nəzarət qurğuları, o cümlədən elektron qolbaqlar nümayiş etdirildi. Hazırda bütün ölkə üzrə 460-dan çox məhkuma elektron nəzarət olunur. Sərəncama əsasən ictimai işlərin formal icrasının qarşısının alınması, bu sahədə fəaliyyətin səmərəli təşkili ilə bağlı tədbirlər həyata keçirilir.

Son illərdə Azərbaycanda məhkəmə sistemində tətbiq edilən yeniliklər beynəlxalq aləmdə təqdir olunur. Bununla əlaqədar ötən il Azərbaycan Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görülüb. Bu il isə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. Seçkilər quruma üzv 47 dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb və Avropa Şurası tarixində ilk dəfə olaraq bu vəzifəyə Azərbaycan təmsilçisi seçilib.

Qurumun yeni rəhbəri, hakim Ramin Qurbanov Prezident İlham Əliyev ilə görüşdü.

Qeyd edək ki, Avropa Şurasında belə yüksək vəzifəyə seçkilərdə nailiyyətin əldə edilməsində dövlətimizin başçısının uğurlu xarici siyasəti və ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları əhəmiyyətli rol oynayıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo