Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında İlham Əliyevin nitqi

13 sentyabr 2011, 12:40
Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında İlham Əliyevin nitqi

- Bu gün Qobustanda çox gözəl və tarixi hadisə baş verir. Mənə verilən məlumata görə, Azərbaycanda, dünyada ilk dəfə olaraq hibrid tipli müasir günəş və külək elektrik stansiyasının açılışını qeyd edirik. Bu, həm Qobustan, həm də ölkəmiz üçün çox gözəl hadisədir. Çünki bu, müasirlikdir, yenilikdir, yeni texnologiyalardır. Biz həm bu texnologiyaları hazırda xaricdən alırıq, eyni zamanda, Azərbaycanda indi tikilməkdə olan günəş batareyaları zavodu da yaxın zamanlarda işə başlayacaqdır. Beləliklə, biz birinci mərhələdə Qobustan şəhərini tam şəkildə alternativ, yəni bərpa olunan enerji ilə təmin etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən şəxsən buna şübhə etmirəm,- ondan sonra biz bu gözəl təcrübəni başqa şəhərlərdə və rayonlarda tətbiq edə biləcəyik. Buraya böyük investisiyalar qoyulubdur. Həm günəş batareyaları quraşdırılıb, həm də külək elektrik stansiyasının fəaliyyəti üçün lazımi avadanlıq gətirilibdir. Eyni zamanda, burada tədris işləri də yüksək səviyyədə təşkil ediləcək, təcrübə mübadiləsi aparılacaqdır. Bir sözlə, Qobustan, hesab edirəm ki, alternativ və bərpa olunan enerjinin istehsalı üçün nəinki Azərbaycanda, bütün bölgədə öz sözünü deyəcəkdir. Qobustan rayonunun imkanları demək olar ki, böyük dərəcədə artacaqdır. Eyni zamanda, hər bir vətəndaş üçün ucuz enerjidən istifadə etmək onun ailə büdcəsinə də böyük dəstək olacaqdır. Çünki bu, həm ucuz, həm bərpa olunan enerjidir. Ümid edirəm ki, yaxın zamanlarda vətəndaşlar da bu stansiyanın səmərəsini və ümumiyyətlə bu yeniliyin imkanlarını lazımınca qiymətləndirəcəklər.

Azərbaycan inkişaf edir. Azərbaycanda bütün qabaqcıl texnologiyalar tətbiq edilir. Ölkəmizdə istənilən sahədə, o cümlədən bizim üçün yeni olan bərpa edilən enerji sahəsində dünyada mövcud olan ən yüksək standartlar tətbiq edilir. Sual yarana bilər: Azərbaycanın zəngin neft-qaz yataqları olduğu təqdirdə nə üçün biz bu işə o qədər böyük maraq göstəririk?! Mən hesab edirəm, məhz o ölkələr ki, təbii ehtiyatlarla zəngindirlər, onlar bu işlərdə qabaqcıl rol oynamalıdırlar. Bizim təbii ehtiyatlarımız vardır. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bu gün nəinki özümüzü, qonşu ölkələri də həm elektrik enerjisi ilə, həm qazla, neftlə təmin edirik. Ancaq biz istəyirik ki, bu işlər daha da səmərəli şəkildə görülsün. Təbii ehtiyatlarımızdan daha da az, bərpa olunan alternativ enerji mənbələrindən isə tam şəkildə istifadə edək. Bu məqsədlə bir müddət bundan əvvəl bərpa olunan enerji üzrə Dövlət Agentliyi yaradılıbdır.

Agentliyin işi artıq göz qabağındadır. Bu, birinci layihədir, planlar çox böyükdür. Mənə bu gün verilən məlumata görə, indi bütün ölkə üzrə müşahidə sistemi quraşdırılır, yerlər müəyyən edilir, harada ki, biz külək və günəş enerjisini istehsal edəcəyik, o yerlər, əlbəttə ki, ümumi enerji şəbəkəsinə yaxın olmalıdır. Eyni zamanda, bu sistem kənd təsərrüfatı üçün yararlı olmayan torpaqlarda quraşdırılmalıdır ki, biz torpağımızdan da səmərəli şəkildə istifadə edək.

Bir daha demək istəyirəm ki, təbii ehtiyatlarımız, xüsusilə son vaxtlar kəşf etdiyimiz böyük qaz yataqları nəinki ölkəmiz üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Bundan sonra ən azı yüz il Azərbaycan həm özünü, həm də digər başqa ölkələri qazla təmin edə biləcəkdir.

Bu sistem isə tam yeni bir yanaşmadır. İndi dünyada ən qabaqcıl təcrübə nədirsə, burada quraşdırılır. Ondan da əlavə, dünya miqyasında birinci hibrid tipli elektrik stansiyasıdır. Əlbəttə ki, bu ölkəmiz üçün yeni bir təşəbbüsdür. Ancaq mən hesab edirəm ki, bir neçə ildən sonra bu gün burada göstərilən imkanlardan Azərbaycan vətəndaşları səmərəli şəkildə istifadə edəcəklər, o cümlədən Qobustan rayonunun sakinləri də.

Qobustanda indi işlər yaxşı gedir. Burada kənd təsərrüfatının inkişafı üçün vəsait ayrılır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər verilir. Bu gün yeni taxıl anbarının açılışında iştirak etmişəm. Tingçilik inkişaf edir. Burada kənd təsərrüfatının inkişafı üçün yaxşı imkanlar vardır. O ki qaldı infrastruktur layihələrinə, bu layihələr də icra edilir. Yollar çəkilir və çəkilməlidir. Qazlaşdırma gedir. Yeni qaz xətləri çəkilir, məktəblər tikilir. Burada insanların rahat yaşaması üçün lazım olan bütün işlər görülür.

Mən əvvəlki dövrlərdə də Qobustanda olmuşam. Bu gün də buraya gələrkən görürəm ki, rayonda işlər yaxşı səviyyədə aparılır. Ancaq burada bu gün açılışında iştirak etdiyimiz stansiya Azərbaycan tarixində artıq yerini tutan bir məsələdir, bir layihədir. Burada bu gün yaradılan imkanlar, bir daha demək istəyirəm ki, bir neçə ildən sonra bütün ölkəmizdə özünü büruzə verəcəkdir. İnanıram ki, Azərbaycanın təcrübəsi başqa ölkələrdə də tətbiq olunacaqdır.

Bir daha sizi salamlayıram, sizə uğurlar arzulayıram.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44