Şəki “ASAN Həyat” kompleksinin açılışında İlham Əliyevin nitqi

29 oktyabr 2018, 13:31
Şəki “ASAN Həyat” kompleksinin açılışında İlham Əliyevin nitqi

Sabahınız xeyir olsun. Sizi Şəki “ASAN Həyat” Kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm, sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Mən çox şadam ki, Şəki şəhərində belə gözəl Kompleks yaradılıb və işə başlayıbdır. Burada Şəki gəncləri üçün iş yerləri yaradılıbdır. Sizə 190 iş yeri təqdim edilir. Şadam ki, burada işləyənlərin mütləq əksəriyyəti gənclərdir, o cümlədən qızlardır. Eyni zamanda, mənə verilən məlumata görə, Kompleksdə 50 könüllü fəaliyyət göstərəcək. Beləliklə, vətəndaşlara 240 nəfər ən yüksək səviyyəli xidmət göstərəcək. Çünki “ASAN Həyat” kompleksləri, “ASAN xidmət” mərkəzləri, ümumiyyətlə, dünya miqyasında ən yüksək ictimai xidmət göstərən qurumlardan biridir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl BMT ictimai xidmətlər üzrə “ASAN xidmət”ə xüsusi mükafat təqdim etmişdir. Bildiyiniz kimi, bu təcrübə bir neçə ölkədə öyrənilir və “ASAN xidmət” üzrə bir neçə ölkə ilə müvafiq sənədlər imzalanıb. Bu, onu göstərir ki, bu xidmət indi dünya miqyasında böyük maraq doğurur. Bu, bizi çox sevindirir, çünki bu, bizim intellektual məhsulumuzdur. Mən dəfələrlə demişəm ki, “ASAN” Azərbaycanın milli brendidir. Biz öz intellektual məhsulumuzu vətəndaşlara təqdim edirik, eyni zamanda, dünyaya göstəririk ki, Azərbaycan bu sahədə də liderdir.

“ASAN xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə ictimai xidmətlər sahəsində bir inqilab idi. Çünki biz hamımız yaxşı bilirik ki, bu sahə ən çox narazılıq doğuran sahə idi. Bu gün Azərbaycanda fəaliyyət göstərən 15 mərkəzdə, - bu, 15-ci mərkəzdir, - ən yüksək xidmət göstərilir və bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir. Təsadüfi deyil ki, vətəndaşların “ASAN xidmət” fəaliyyətinə verdiyi qiymət də 100 faiz müsbətdir, bəyənmə əmsalı 100 faizə yaxındır.

Bu ay İmişli “ASAN Həyat” kompleksinin açılışında olarkən, onu işə salarkən lövhədə gördüm ki, 24 milyondan çox müraciət edilib. Ancaq bu gün Şəki kompleksini işə salarkən lövhədə gördüm ki, müraciətlərin sayı artıq 25 milyona yaxınlaşıb. Bu, onu göstərir ki, qısa müddət ərzində çox sayda müraciət olub və biz artıq 25 milyon rəqəminə yaxınıq. Güman edirəm ki, bir neçə gündən sonra biz bu rəqəmə də çatacağıq. Növbəti illərdə, xüsusilə gələn il ən azı 5 mərkəz yaradılacaq. Beləliklə, bölgələrdə “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq və Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək.

Bu mərkəzlərin yaradılmasında Azərbaycanın uğurlu siyasəti öz əksini tapır. “ASAN xidmət” mədəni xidmətdir, “ASAN xidmət” ən yüksək səviyyəli innovativ metodları vətəndaşlara təqdim edən mərkəzdir. Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq.

“ASAN xidmət”də bizim gənclər siyasətimiz özünü göstərir, çünki “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Gənclər üçün iş yerləri yaradılır. Azərbaycanda könüllülər hərəkatı öz fəaliyyətinə “ASAN xidmət”də start vermişdir. Deyə bilərəm ki, “ASAN xidmət”ə qədər Azərbaycanda könüllülər hərəkatı demək olar mövcud deyildi. Bu sahədə ilk addımı məhz “ASAN xidmət” atmışdır və son illər ərzində ölkəmizdə keçirilmiş Avropa və İslam Oyunlarında minlərlə könüllü öz gözəl xidmətini göstərmişdir. Bu günə qədər bütün “ASAN xidmət” mərkəzlərində minlərlə könüllü təcrübə qazanıb, təlim keçib, vətəndaşlarla təmasda olub və artıq müstəqil həyata tam hazırdır. “ASAN xidmət” kadr hazırlığı baxımından da çox uğurlu təşəbbüsdür və bu xidmətlərdə bu sahədə də apardığımız işlər öz əksini tapır.

“ASAN” son vaxtlar öz fəaliyyət dairəsini genişləndirir. Mən dəfələrlə demişəm, o sahələr ki, bu gün vətəndaşlar tərəfindən bəyənilmir, narazılıq doğurur, o sahələrə “ASAN xidmət”in yanaşması mütləq gətirilməlidir. Təsadüfi deyil ki, mərkəzlərdə göstərilən xidmətlərin sayı da getdikcə artır. Bax, bu mərkəzdə 320 xidmət göstərilir. Biz birinci “ASAN xidmət” mərkəzlərində təqribən 100, ondan sonra 200 xidmətə çata bilmişik. İndi xidmətlərin sayı çoxalır və getdikcə çoxalacaq. “ASAN xidmət” ölkəmiz üçün çox vacib olan sahəni - özünüməşğulluq sahəsini inkişaf etdirir, “ABAD” mərkəzləri fəaliyyət göstərir. O cümlədən bu gün Şəki şəhərində “ABAD” mərkəzinin açılışı olacaqdır. Ailə-fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün “ASAN” mərkəzlərinin xüsusi rolu var. Yəni, bu mərkəzlər demək olar ki, ölkə qarşısında duran vəzifələrin bir çoxunu əhatə edir və nümunə göstərir, yol göstərir, yanaşma göstərir. Təsadüfi deyil ki, vətəndaşlar bu mərkəzləri çox bəyənirlər. Şəki “ASAN Həyat” kompleksində 2 kinoteatr fəaliyyət göstərir. Mən maraqlandım ki, Şəki şəhərində kinoteatr var? Mənə dedilər ki, yoxdur. İndi iki kinoteatr olacaq. Gənclərin, vətəndaşların asudə vaxtlarının səmərəli keçirilməsi üçün “ASAN” mərkəzləri xüsusi rol oynayır, nəinki Şəkidə, “ASAN xidmət”in mövcud olduğu bütün şəhərlərdə. Məhz buna görə mən qarşıya vəzifə qoymuşam ki, biz “ASAN xidmət” mərkəzlərinin sayını getdikcə artırmalıyıq. Bu mərkəz bir neçə rayonun - Şəki, Oğuz, Zaqatala, Qax, Balakən rayonlarının vətəndaşlarına xidmət göstərəcək. Gələcəkdə bu bölgədə yeni mərkəz yaradılacaq ki, vətəndaşlar üçün daha rahat olsun. Bir sözlə, biz “ASAN xidmət” mərkəzlərində öz uğurlu siyasətimizi görürük.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bütün bölgələrdə çox böyük quruculuq, abadlıq işləri aparılır, o cümlədən Şəki rayonunda. Şəki bizim qədim tarixi şəhərimizdir, nəinki Azərbaycanda, bütün bölgədə öz təbiəti, memarlığı, mətbəxi ilə fərqlənən şəhərdir. Şəkinin tarixi simasını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur, Azərbaycan dövlətinin borcudur və biz bunu edirik. Şəki öz qədim tarixi simasını saxlayaraq inkişaf edir, müasirləşir. Şəki rayonunda böyük infrastruktur layihələri icra edilir. Deyə bilərəm ki, son illər ərzində görülən işlər nəticəsində qazlaşdırma 82 faizə çatıbdır. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Şəkidə 87 meqavat gücündə elektrik stansiyası tikilmişdir. İndi biz Şəkinin içməli su layihəsinin icrası ilə məşğuluq. Mən göstəriş vermişəm ki, bu layihənin icrası daha da sürətlə getsin.

Bu gün biz kənd yolu layihəsinin açılışını qeyd etdik. Komplekslə üzbəüz Şəki Rayon Mərkəzi Xəstəxanası yerləşir. Mən o xəstəxananın açılışında şəxsən iştirak etmişəm. Olimpiya Kompleksi, 30-dan çox məktəb tikilib, təmir edilib və bir çox istirahət zonaları, otellər fəaliyyət göstərir. Şəki indi beynəlxalq turizm mərkəzinə çevrilir. Təbii ki, turistləri Şəkiyə cəlb edən bir çox amillər var – Şəkinin tarixi, memarlığı, mətbəxi, Şəki sənətkarlarının əl işləri və şəkililərin qonaqpərvərliyi. Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, biz çalışmalıyıq və çalışacağıq ki, Şəki rayonunu daha da sürətlə inkişaf etdirək, bu günə qədər öz həllini tapmamış bütün məsələləri həll edək.

Şəki-Balakən yolunun təmiri tam başa çatıb. Əvvəlki səfərlərdə mən Şəki-Qax avtomobil yolunun açılışını etmişəm. İndi Bakı-Şəki yolunun tam işə salınması istiqamətində böyük işlər gedir. Hər iki istiqamətdə - həm Yevlax, həm Şamaxı istiqamətində gedən yolların mütləq əksəriyyəti çox gözəl səviyyədədir. Yəni, gələcəkdə Şəkinin sürətli inkişafı üçün əlavə tədbirlər görüləcək. Bu səfər nəticəsində Şəki şəhərində 960 şagird yerlik yeni məktəbin, 48 mənzilli evin tikintisi ilə bağlı sərəncam imzalanacaqdır. Digər layihələr icra ediləcək. Şadam ki, Şəki şəhərində gözəl “ASAN Həyat” kompleksi fəaliyyət göstərir. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Vətəndaşlara yaxşı xidmət göstərin. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 27 dekabr 2024
16:15
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.

2. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar...

27 dekabr 2024, 16:15