Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində İlham Əliyevin nitqi

03 sentyabr 2018, 09:15
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində İlham Əliyevin nitqi

Hörmətli Sooronbay Şərifoviç.

Hörmətli dövlət və hökumət başçıları.

Əziz dostlar.

İlk növbədə, Sooronbay Şərifoviç, göstərilən qonaqpərvərliyə görə və Zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyiniz üçün Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Qırğızıstan torpağında olmağımdan çox məmnunam. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik edən Qazaxıstan tərəfinə də öz minnətdarlığımı bildirirəm. Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır.

Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər. Təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü və bu gün bizim dediyimizi erməni xalqı deyir. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır.

Onu da qeyd etməliyəm ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə əlbəttə ki, bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün əsas hüquqi bazadır.

Bugünkü Zirvə görüşünün mövzusu idmanla bağlıdır. Bu barədə də öz fikirlərimi bildirmək istərdim. Azərbaycanda idmana çox böyük diqqət göstərilir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onların arasında xüsusilə I Avropa Oyunlarını qeyd etmək istərdim. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt keçirilməmişdi. İlk dəfə olaraq üç il bundan əvvəl Bakıda Oyunlar keçirildi. Bu Oyunlarda Avropanın bütün ölkələrini təmsil edən 5 mindən çox idmançı iştirak etmişdir. Azərbaycan Oyunlarda yüksək idman nəticələri göstərmişdir və komanda hesabında ikinci yerə layiq görülmüşdür. Ondan iki il sonra, yəni ötən il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu Oyunlarda Azərbaycan idmançıları birinci yerə layiq görülmüşlər. İki il ərzində bir şəhərdə həm Avropa, həm İslam Oyunlarının keçirilməsi Azərbaycanın millətlərarası, dinlərarası multikulturalizmə verdiyi töhfənin növbəti təzahürü olmuşdur. Azərbaycan idmançıları Olimpiya Oyunlarında da yaxşı nəticələr göstərirlər. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan 14-cü yerdə qərarlaşmışdır və bu, bizim ölkəmiz üçün tarixi nailiyyətdir.

İdman insanları, xalqları birləşdirir. Əminəm ki, idmanın inkişafı həm ölkələrimizin ümumi inkişafına töhfə verəcək, eyni zamanda, bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir.

Humanitar məsələlərə gəldikdə, xüsusilə TÜRKSOY-un və Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirmək istərdim. Azərbaycan hər iki təşkilatda fəal iştirak edir.

Mən diqqətinizi iqtisadi əməkdaşlığa cəlb etmək istərdim. Xüsusilə indiki şəraitdə biz iqtisadi əməkdaşlığı dərinləşdirməliyik. Xüsusilə aramızdakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir.

Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib, “Böyük iyirmilər”in aparıcı ölkələrindən biridir. Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan. Biz hər zaman bir-birimizin yanındayıq və bunun ən gözəl göstəricisi, yenə də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözəl investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və biz Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyik.

Bütövlükdə biz qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradırıq. Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir.

Bir sözlə, əziz dostlar, mən hesab edirəm ki, bugünkü Zirvə görüşünün çox böyük mənası var, çox gözəl nəticələri olacaq. Əsas nəticə də ondan ibarətdir ki, bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək.

Təşəkkür edirəm.