Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

20 avqust 2018, 17:59

Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir.

Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.

Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir.

İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir.

Əziz bacı və qardaşlarım!

Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2018-ci il.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:34
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

19 aprel 2025, 11:34
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:30
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

19 aprel 2025, 11:30
SƏNƏDLƏR Qanunlar 19 aprel 2025
11:28
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...

19 aprel 2025, 11:28
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:26
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...

19 aprel 2025, 11:26
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58