Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi

08 iyul 2018, 11:37
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi

- Ötən altı ayın göstəriciləri deməyə əsas verir ki, biz 2018-ci ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrə uğurla nail olacağıq. Bundan sonrakı illərdə Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Bunu təmin etmək üçün, əlbəttə ki, islahatlar daha da dərinləşməlidir.

Son illər ərzində apardığımız islahatlar öz gözəl bəhrəsini vermişdir. Əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik. Ancaq hesab edirəm ki, indiki dövrdə biz bu islahatları daha da dərinləşdirməliyik. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin.

İqtisadi və maliyyə sektorlarında maksimum şəffaflıq təmin edilməlidir. Bu şəffaflıq imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı daha inamla inkişaf etsin, qeyri-neft sektorumuza xarici sərmayə daha böyük həcmlə qoyulsun. Çünki bu sektora xarici sərmayənin lazımi səviyyədə olmamasının əsas səbəbi qeyri-şəffaf vəziyyətdir. Eyni zamanda, qanunvericilikdə də əlavə tədbirlər görülməlidir, baxmayaraq ki, bizim qanunvericiliyimiz xarici sərmayənin cəlb edilməsi üçün çox əlverişlidir. Əgər belə olmasaydı, ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulmazdı. Ancaq müasir dövrün tələbləri diktə edir ki, islahatlar daha da dərinləşsin və şəffaflıq tam təmin edilsin.

Deyə bilərəm ki, son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır. Əminəm ki, görülmüş işlər nəticəsində yaxın gələcəkdə biz daha da böyük nəticələri görəcəyik. Vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır. Yəni, sadə dillə desək, vəzifə bundan ibarətdir.

Əlbəttə ki, kadr dəyişikliyi aparılmalıdır və aparılır. Əminəm ki, bu, öz bəhrəsini verəcək. Qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir.

Sahibkarlar da öz tərəfindən bu işlərdə məsuliyyətlərini göstərməlidirlər. Vergidənyayınma hallarına son qoyulmalıdır. Bu, kiçik və böyük sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq.

Sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır.

Bununla bərabər, sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsi bizim iqtisadi inkişafımıza da böyük təkan verəcək. Çünki qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır. İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, nazirlik də məşğul olur və biz buna son qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər var, işlənilir və hesab edirəm ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaqdır. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq. Əgər biz bu vəziyyətdən çıxa bilsək, bu, ölkə iqtisadiyyatına da böyük dəstək olacaq. Onu da qeyd etməliyəm ki, qeyri-formal məşğulluq, demək olar, bütün ölkələrdə var və mövcuddur. Baxır ki, ölkələr, hökumətlər bu vəziyyətlə necə mübarizə aparırlar. Azərbaycan qeyri-formal məşğulluğa qarşı çox ciddi tədbirlər görən bir ölkə olmalıdır. Əlbəttə ki, bunun həm inzibati, həm də institusional elementləri var və biz hər ikisindən istifadə etməliyik.

Sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq. Amma əsas vəzifə ondan ibarətdir ki, bu yardım ədalətli bölünsün. Doğrudan da bu yardıma ehtiyacı olan bu yardımı alsın. İmkanlı adamlar, yaxud da ki, sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidir. Onlar özləri, ilk növbədə, bundan imtina etməlidirlər. Bu, onların sosial məsuliyyətinin yüksək səviyyədə olmasını göstərə bilər.

Əlbəttə ki, ağır vəziyyətdə yaşayan, hələ də işsiz olan vətəndaşlar üçün biz yeni şərait yaratmalıyıq. Azərbaycanda iş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Mən giriş sözümdə dedim ki, 58 min yeni daimi iş yeri açılmışdır. Ancaq, eyni zamanda, 20 mindən çox iş yeri bağlanmışdır. Əgər bu rəqəmlərə baxsaq görərik ki, yenə də dinamika müsbətdir. Ancaq bağlanmış iş yerlərinin təhlili aparılmalıdır. Hansı səbəblərə görə bu iş yerləri bağlanıb və o iş yerlərini itirən vətəndaşlar hansı işlərlə təmin olunub və olunubmu, yoxsa yox?

Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək. Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər.

Korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər.

Narahatlıq doğuran sahələrdən biri də inşaat sektorudur. Son illərdə bu sahədə böyük işlər görülüb. Azərbaycanın demək olar ki, bütün şəhərləri tikinti meydançasına çevrilibdir. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan vermişdir. Azərbaycanda inşaat materiallarının istehsalı ildən-ilə artır. Deyə bilərəm ki, biz bu gün özümüzü əsas inşaat materialları ilə təmin edə bilirik. İlk növbədə, ona görə ki, daxildə buna tələbat var. Çünki biz çox az miqdarda inşaat materiallarını xaricə satırıq. Qarşıya vəzifə qoyulmuşdur ki, idxaldan asılılığımızı azaldaq və daxili bazarı yerli inşaat materialları ilə təmin edək. Yəni, inşaat sektorunun inkişafı ümumi iqtisadi inkişafa təkan verir, məşğulluğu artırır. İki-üç il ərzində inşaat sektorunda müəyyən böhran yaranmışdır və bu, əmək bazarına da dərhal öz mənfi təsirini göstərmişdir. Bu məsələlər bir-biri ilə sıx bağlı olan məsələlərdir. Bir daha demək istəyirəm ki, bu sahədə görülən işlər müsbətdir. Ancaq, eyni zamanda, biz nəyi görürük? Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır.

Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk.

Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz demirik. Bunu demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox.

Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. İndi yadınıza salın, əvvəlki dövrlərdə qanunsuz tikilmiş, bir-birinin içinə girmiş binalar həm orada yaşayanlara, həm də şəhər əhalisinə nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş və sakinləri köçürülmüş yerlərdə ictimai zonalar yaradırıq, orada binalar tikilmir. Bulvar 3 kilometrdən 16 kilometrə uzadılıb, böyük bir ictimai zonadır. Böyük parklar salınıb. Heydər Əliyev Sarayının arxasında gözəl park yaradılıb. Biz oradan vətəndaşları köçürəndə bəziləri deyirdilər, köçürürlər ki, binalar tikilsin. Gözəl bir parkdır. Azərbaycan Dram Teatrının arxasındakı “Sovetski” adlandırılan ərazidəki biabırçı mənzərə aradan götürülür. Yenə də deyirdilər ki, orada binalar tikilir. İndi orada yol qovşaqları tikilir, yol hərəkətinə nəfəs verilir, parklar salınır. Onlarla, yüzlərlə belə işlər indi göz qabağındadır. Vaxtilə bəzi cinayətkarlar tərəfindən qanunsuz zəbt edilmiş yerlərdə indi parklar yaradılır. Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində vaxtilə böyük bir ərazi zəbt edilmişdi, istifadəsiz qalırdı. İndi orada böyük parklar salırıq ki, insanlar gəlib dincəlsinlər, istirahət etsinlər. Heydər Əliyev Mərkəzinin qarşısında böyük ictimai zona yaradılıb. Vaxtilə orada işləməyən, dağılmış vəziyyətdə olan zavod yerləşirdi. Yəni, biz bunu edirik. Ancaq götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək. Bir daha demək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə bilməz.

Son illərdə şəhər nəqliyyatı ilə bağlı böyük işlər görülüb. Yeni, çox komfortlu avtobuslar gətirilib və yeni avtobusların gətirilməsi nəzərdə tutulur. Bakı Nəqliyyat Agentliyi yaradılıb və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün struktur islahatları aparılıbdır. Bu gün Bakı Nəqliyyat Agentliyi şəhərin nəqliyyat sisteminə cavabdehlik daşıyan yeganə qurumdur. Bu agentliklə sıx əlaqədə işləyən bütün digər dövlət qurumları ona kömək göstərməlidir. Çünki bu sahədə də bir çox pozuntulara yol verilmişdir. İndi dövlət vəsaiti hesabına parkinqlər tikilib, amma bu parkinqlər boşdur. Parkinqlərin yanında maşınlar qanunsuz dayanıb və heç kim də onlara demir ki, sən maşını niyə burada - parkinqlə üzbəüz saxlayırsan? Nədir ki parkinqə gedib maşını saxlamaq ya əziyyətdir, ya da ki, pul vermək istəmir. Bəlkə də qanunsuz olaraq az pul verib maşını burada saxlayır. Belə olan halda biz şəhər nəqliyyatını necə tənzimləyək?! Dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Mən müşavirə keçirmişdim, çox ciddi tapşırıq vermişdim və ciddi iradlar bildirmişdim. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar. O səhvləri buraxan məmurlar işdən qovulub. Ancaq mən deyirəm ki, şəhər nəqliyyatı hamımız üçün rahat bir nəqliyyat olmalıdır. Şəhərsalma qaydaları elə qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl törətməsin, əksinə, buna kömək göstərsin. Azərbaycanın əhalisi artır, Bakı böyüyür. Qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz müstəqillik dövründə 7 milyondan 10 milyona çatıb. Bu artım müqabilində biz gələcəkdə necə hərəkət edəcəyik? Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik. Biz burada yeni damarlar, yeni yollar açırıq. Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə çıxarsınlar.

Əlbəttə ki, iqtisadi islahatları dərinləşdirmək üçün biz sahibkarlardan böyük fəaliyyət gözləyirik. Dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilmişdir. Ancaq bu kreditlər hesabına ölkəmizdə 163 min yeni iş yeri yaradılmışdır. Bu il də 170 milyon manat güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur. Onun böyük hissəsi artıq altı ayda verilib. Qalan hissə də veriləcəkdir. Eyni zamanda, sahibkarlara metodiki tövsiyələr, məsləhətlər verilir. Biz xaricdə ticarət evlərinin açılması ilə sahibkarlara şərait yaradırıq ki, onlar öz ixrac imkanlarını genişləndirsinlər. Deyə bilərəm ki, bu gün Azərbaycan dövləti qeyri-neft məhsullarının ixracının artırılmasına sahibkarlardan daha çox çalışır. Sahibkarlar bir qədər passivdirlər. Elə bil maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə, dövlət bütün bu işləri öz üzərinə götürüb. Mənim tapşırığımla bir çox sərgilər, təqdimatlar keçirilir, ticarət evləri açılır. Bu proses çox geniş vüsət alacaq. İndi bir neçə ticarət evi açılıb. Məncə, Azərbaycanın xaricdə onlarla ticarət evi açılmalıdır. Sahibkarlar da bu işlərdə fəal iştirak etsinlər, xüsusilə, ixracla bağlı öz səylərini artırsınlar.

İnfrastruktur layihələri ilə bağlı dövlət investisiya proqramında nəzərdə tutulmuş bütün vəzifələr ilin sonuna qədər icra edilməlidir. Mən elektrik enerjisi ilə bağlı vəziyyət haqqında danışmaq istərdim. Bildiyiniz kimi, bu sahəyə son illərdə çox böyük diqqət göstərilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni generasiya gücləri yaradılmışdır. Əgər bu generasiya gücləri yaradılmasaydı biz bir neçə gün bundan əvvəl baş vermiş qəzadan belə çıxa bilməzdik. Daha çox vaxt aparacaqdı. Demək olar ki, 2003-cü ildə bizim enerji təsərrüfatımız tam köhnəlmişdi. Ancaq yeni elektrik stansiyalarının yaradılması və mövcud stansiyaların təmiri ilə bağlı atılan addımlar imkan verdi ki, biz enerji çatışmazlığını aradan götürdük. Çünki biz o vaxt xaricdən elektrik enerjisi alırdıq. Çox böyük investisiyalar qoyuldu, bir çox müasir stansiyalar tikildi. Mövcud stansiyalar, o cümlədən Mingəçevir İstilik Elektrik Stansiyasında bəzi təmir işlər aparılmışdır. Ancaq buna baxmayaraq, baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər. Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir, böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Eyni zamanda, Mingəçevirə ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, - mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, - hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb. Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır. Ancaq əlbəttə ki, bu qəza çox ciddi bir siqnaldır. Hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır. Belə göstəriş verilibdir. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz həllini tapır. Komissiyada bu məsələ müzakirə ediləcək, mənə təkliflər veriləcək. Biz Azərbaycanın enerji sistemini ən müasir əsaslarla idarə etməliyik. Kifayət qədər enerji generasiya gücümüz var. Yarımstansiyalar tikilib və yenə də tikiləcək. Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun.

Digər infrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, ilin əvvəlində qarşıya vəzifə qoymuşduq ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq, biz buna nail olacağıq. İçməli su layihələrinin icrası, avtomobil yollarının tikintisi davam edir. Bu il plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir. Deyə bilərəm ki, yol infrastrukturunun səviyyəsinə görə Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan dünyada 36-cı yerdədir. Yəni, bunu deyirəm ki, ictimaiyyət də bilsin, bu sahəyə böyük investisiyalar qoyulub və qoyulacaqdır.

Suvarma ilə bağlı qarşımıza qoyduğumuz rəqəm hesab edirəm ki, təmin olunacaq, 100 min hektar yeni torpaqlara su veriləcək və 300 subartezian quyusunun qazılması nəzərdə tutulur. Burada artıq deyildi ki, onlardan 175-i qazılıb istifadəyə verilib.

Sosial infrastrukturla bağlı bütün işlər plan üzrə gedir. Bu il 137 modul tipli məktəb tikilib istifadəyə verilməlidir. Bakı şəhərində 12 məktəb əsaslı təmir edilməlidir. Altı xəstəxana istifadəyə verilməlidir. Onlardan biri Naftalan şəhərində mənim iştirakımla açıldı və beş şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Goranboy şəhərlərində xəstəxanalar bu ilin sonuna qədər, ya da uzaqbaşı gələn ilin əvvəlində istifadəyə veriləcək.

Bu il iki Olimpiya İdman Mərkəzi açılmalıdır, ikisində isə tikinti işləri gedir. Dörd min məcburi köçkün ailəsi yeni evlərlə təmin edilməlidir. Artıq Qobuda özəl sektor tərəfindən mindən çox ailə üçün böyük şəhərcik açıldı, mən də orada iştirak etmişəm.

İnvestisiya təşviqi mexanizmi işə düşüb, bunun çox böyük əhəmiyyəti var. Təsəvvür edin, əgər biz bu sistemi tətbiq etməsəydik 2,5 milyard manat sərmayəni özəl sektor qeyri-neft sektoruna qoymazdı. Məhz investisiya təşviqi sənədinin işə düşməsi nəticəsində 2,5 milyard manat dəyərində olan layihələr indi icra edilir. Bu, vaxtında atılmış addım idi, öz səmərəsini verir. Gələcəkdə bu sistem öz səmərəliliyini göstərəcəkdir.

Sənayenin inkişafı ilə bağlı yaxın gələcəkdə iki böyük zavod işə düşəcək. Hər iki zavod Sumqayıtda yerləşir - polimer zavodu və azot gübrələri zavodu. Bu zavodlar həm daxili bazarı tam təmin edəcək, idxaldan asılılıq aradan qaldırılacaq və böyük ixrac imkanımız yaranacaqdır. Bu zavodların işə düşməsi deyə bilərəm ki, müstəqillik dövründə sənaye sahəsində çox önəmli hadisələr olacaqdır.

Sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Ondan 2,6 milyard dolları artıq qoyulub. Əlbəttə ki, Azərbaycanda avtomobil istehsalı başlayıb. Neftçalada ildə 10 min minik avtomobili istehsal ediləcək. Biz Gəncə avtomobil zavodunda 10 mininci traktorun istifadəyə verilməsini qeyd etmişik. Yəni, əminəm ki, sənaye parklarının fəaliyyəti uğurlu olacaq. İndi bir neçə şəhərdə parklar yaradılır. Təkliflər verilməlidir ki, gələn il biz bu siyasəti hansı şəhərlərdə davam etdirə bilərik.

Kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir. Son illərdə kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilmişdir. Demək olar ki, biz texnika parkımızı tamamilə yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam etdiriləcək, ancaq onun əsas hissəsi həll olunub. Özü də qeyd etməliyəm ki, dünyanın aparıcı şirkətlərinin texnikası bu gün bizim tarlalarımızda fəaliyyət göstərir və fermerlər də bu texnikadan çox razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə tutulur. Burada qeyd olundu, təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il 10 min texnika alınmışdır. Ancaq bu sahədə bundan sonra şəffaflıq tam təmin edilməlidir. Kənd Təsərrüfatı Nazirliyi qarşısında bu vəzifə qoyulub. Bizim texnika parkımız tam təftiş edilməlidir. Yeni alınacaq texnika ilə bağlı çox dəqiq təkliflər verilməlidir. O texnika bizim kənd təsərrüfatının ümumi inkişaf dinamikasına uyğun olmalıdır və prioritetləri də özündə əks etdirməlidir.

Bir daha demək istəyirəm ki, kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini nəhayət ki, tətbiq etməliyik. Baxmayaraq ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz tapşırıqlarımı vermişdim, elektron kənd təsərrüfatı sistemi Azərbaycanda istədiyimiz formada, lazım olan formada mövcud deyil. Problemlər də məhz bundan qaynaqlanır. Ona görə, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Bu istiqamətdə artıq işlər görülür. Biz hər bir qarış torpaqdan səmərəli istifadə etməliyik. Mən dəfələrlə demişəm, kənd təsərrüfatı Azərbaycanda müəyyən dövrdən sonra ancaq intensiv yollarla inkişaf edə bilər. Biz hazırda böyük meliorasiya tədbirlərini görürük ki, suvarılmayan daha böyük torpaqlara su gətirək. Biz buna nail olacağıq. Ancaq bizim torpaq, yəni, ərazi imkanlarımız o qədər də geniş deyil. Ona görə, ancaq səmərəli kənd təsərrüfatının inkişafı və yeni texnologiyaların tətbiqi nəticəsində biz istədiyimizə nail ola bilərik.

Aqroparkların yaradılması ilə bağlı burada məruzədə məlumat verildi. Qeyd etməliyəm ki, doğrudan da böyük fermer təsərrüfatlarının qurulması bu sahədə dönüş yaratdı. Bu yaxınlarda mənə aqroparkların fəaliyyəti ilə bağlı geniş məruzə edildi. Dörd aqropark fəaliyyətdədir. Dördündə də mən açılışda olmuşam. On dörd aqropark isə bu ilin sonuna qədər istifadəyə veriləcək. Bitkiçiliklə məşğul olan bu aqroparklarda məhsuldarlıq ən yüksək səviyyədədir - taxılçılıqda minimum 50 sentnerdir. Orta göstərici isə, - bu gün hələ biçin gedir, - hələlik 30 sentnerdir. Bu da əvvəlki dövrə nisbətən məqbul rəqəmdir. Ancaq Azərbaycanda orta məhsuldarlıq da ən yüksək səviyyədə olmalıdır.

Dövlət aqroparkların yaradılmasına çox böyük dəstək göstərir. Dövlət ancaq infrastruktur layihələrinə 200 milyon manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard manat sərmayə qoyulacaq.

Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Agentliyin qarşısında çox ciddi vəzifələr qoyuldu. Qida təhlükəsizliyi bu gün çox önəmli sahədir. Həm Azərbaycana gətirilən ərzaq məhsulları standartlara tam uyğun olmalıdır, eyni zamanda, Azərbaycanda istehsal edilən məhsullar beynəlxalq standartlara uyğun olmalıdır. İxrac edəcəyimiz məhsullar da elə səviyyədə olmalıdır ki, ixracla bağlı problem olmasın. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti çox yüksək səviyyədə təşkil edilməlidir. İndi bu işlər gedir. Laborator tədqiqatlar, torpaqların təhlili, münbitliyi – bu işlər çox böyük dəqiqliklə aparılmalıdır və fermerlərə tövsiyə verilməlidir ki, hansı torpaqda hansı məhsul əkilərsə bunun daha çox səmərəsi olacaqdır.

Bildiyiniz kimi, turizm sektorunun inkişafı prioritetlər sırasındadır. Mənim qərarımla Dövlət Turizm Agentliyi yaradıldı. Məhz o məqsədlə ki, bu sahəyə daha böyük dövlət dəstəyi göstərilsin. Son illərdə turistlərin sayının artması çox müsbət haldır. Deyə bilərəm ki, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 6 ayında isə 10 faiz artdı. Mən bunu demişəm, bir daha demək istəyirəm ki, turizm ixrac sahəsidir. Çünki bu, ölkəmizə valyuta gətirir. Bu ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda ancaq bank kartları ilə 513 milyon manat pul xərcləmişlər. Bu, ancaq bank kartları ilə xərclənən pullardır və keçən illə müqayisədə 21 faiz çoxdur. Bu pullar xidmət sektoruna, iş yerlərinin yaradılmasına, ictimai obyektlərin fəaliyyətinə, ölkəmizin iqtisadiyyatına gedir və bizim makroiqtisadi sabitliyimizə müsbət təsir göstərir.

Bu il üç “ASAN xidmət” mərkəzinin açılışı nəzərdə tutulur. Onlardan biri - Mingəçevir “ASAN xidmət” mərkəzi mənim iştirakımla açıldı. İmişli və Şəki şəhərlərində bu il iki mərkəz istifadəyə veriləcək. Beş rayonda yeni mərkəzlərin tikintisi haqqında göstərişlər verilmişdir.

Görülmüş işlər arasında böyük əhəmiyyət daşıyan dəmir yolu layihələridir. Keçən il Bakı–Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə biz demək olar ki, Şərq-Qərb dəhlizini işə saldıq. Ələt limanının fəaliyyətə başlaması demək olar ki, bu zənciri belə tamamladı. İndi biz digər layihələr üzərində işləyirik. Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsi icra edilir. Gələn ildən başlayaraq biz Bakı-Astara yolunun modernləşməsinə də başlamalıyıq. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizini daha da sürətləndirəcəyik. Düzdür, indi dəmir yolu var, yüklər gedir, ancaq sürət aşağıdır. Sürəti artırmaq üçün bu istiqamətdə işlər görüləcək.

Bakı-Qəbələ dəmir yolunun tikintisi layihəsi icra edilir. Bu da turizmin inkişafına böyük dəstək olacaqdır. Bakı-Gəncə sürət qatarının xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulur. Belə olan halda hesab edirəm ki, vətəndaşlar Bakıdan Gəncəyə rahat, komfortlu qatarlarla getməyə üstünlük verəcəklər. Ən qabaqcıl firmaların sərnişin qatarları da alınır.

Şəhərətrafı dəmir yolunun tikintisi layihəsi uğurla icra edilir. Nəzərə alsaq ki, gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcmi artacaq, hesab edirəm, Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır. Mən sahibkarlara müraciət edirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki bu, çox gəlirli sahə olacaqdır. Bunun əsas bazarı Azərbaycan olacaq. Çünki konteyner daşımaları dəfələrlə artacaq. Bizdə isə konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə gətirmək üçün biz gərək konteyner parkına malik olaq. Ona görə, konteynerlərin istehsalı həm sahibkarlar üçün, həm dövlətimiz üçün çox vacib məsələdir. Hesab edirəm ki, sahibkarlar buna ciddi fikir verəcəklər.

Bu il neft-qaz sahəsində görülmüş işlər tarixi əhəmiyyət daşıyır. Həm Cənub Qaz Dəhlizinin, həm TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir. Deyə bilərəm ki, TANAP layihəsi əvvəlcə nəzərdə tutulmuş, qoyulan sərmayədən daha ucuz başa gəldi. Biz TANAP layihəsinə başlayanda onun maliyyəsi 11 milyard dollardan çox səviyyəsində nəzərdə tutulmuşdu. TANAP layihəsi 8 milyard dollara başa gəlib. Yəni, bu, onu göstərir ki, Azərbaycan bu işlərə gör nə qədər məsuliyyətli yanaşır. Biz hər bir dollara, hər bir qəpiyə nəzarət edirik ki, bu böyük layihəni az xərclə icra edək. Görün biz burada nə qədər qənaət etdik.

SOCAR bu yaxınlarda yeni kontraktlar imzaladı. Yeni kontraktların imzalanması nəzərdə tutulur. Yəni, bizim neft-qaz sektorumuza maraq azalmır, artır. Çünki Azərbaycan çox sabit və çox güclü ölkədir. İndi bizim bütün neft infrastrukturumuz var. Biz 1994-cü ildə “Əsrin kontraktı”nı imzalayanda heç bir ixrac kəmərimiz yox idi. Bakı-Novorossiysk kəməri də sıradan çıxmışdı. Çox böyük vəsait qoyulmuşdur. Bu gün bizim Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələrimiz var. TAP layihəsi icra edilir. Əlbəttə, bütün bu infrastrukturu biz yaratmışıq. Əlbəttə, xarici şirkətlər Azərbaycanda bu sahəyə daha böyük maraqla vəsait qoyacaqlar və qoyurlar.

Hesab edirəm ki, neft-qaz sahəsində görülmüş bütün işlər ən yüksək qiymətə layiqdir. Bu sahənin bu ilin sonuna qədər inkişafı ilə bağlı mənim hər hansı bir xüsusi tapşırığım yoxdur. Hər şey qrafik üzrə gedir.

İclasın sonunda bir daha Davos Dünya İqtisadi Forumunun hesablamalarını Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Son hesablamalara görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdədir. Yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir. Xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Bax, bu rəqəmlər əyani şəkildə göstərir ki, Azərbaycan hansı böyük uğurlara imza atıb. Bu, əyani şəkildə göstərir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və biz elə etməliyik ki, ölkəmizin inkişafını dayanıqlı və daimi edək. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44