İlham Əliyev Lənkəran rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

25 iyun 2010, 13:34
İlham Əliyev Lənkəran rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür

Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində konserv zavodunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV rayon sakinlərini təbrik edərək dedi:

- Sizi ürəkdən salamlayıram. Bu, Lənkəranda əlamətdar hadisədir. Yeni, gözəl konserv zavodu açılır. Bu, çox gözəl bir hadisə onu göstərir ki, Azərbaycanın bütün bölgələri, o cümlədən Lənkəran rayonu inkişaf edir. Belə müasir zavodun tikilməsi, şübhəsiz, rayonun iqtisadiyyatına yeni təkan verəcəkdir. Burada ən qabaqcıl texnologiyalar tətbiq olunub, fermerlərə ən gözəl xidmət göstəriləcəkdir. Həm istehsalın artırılması, həm də keyfiyyətli məhsulun istehsalı üçün burada bütün şərait vardır.

Zavod əlbəttə ki, Lənkəranda sənayenin inkişafına böyük xidmət göstərəcəkdir və nəinki bu rayonda, eyni zamanda, bölgədə, bütün cənub zonasında kənd təsərrüfatının inkişafına təkan verəcəkdir. Çünki fermerlər artıq öz məhsullarını bu zavoda gətirib təhvil verəcəklər, pulunu alacaqlar və beləliklə, kənd təsərrüfatının inkişafı daha da sürətlə gedəcəkdir. Belə zavodların Azərbaycanda yaradılması çox əlamətdar hadisədir, aparılan iqtisadi siyasətin nəticəsidir. Bütün bölgələrdə, bütün rayonlarda quruculuq, abadlıq işləri aparılır, yeni müəssisələr yaradılır. İndi dünyada hökm sürən maliyyə böhranı iqtisadi inkişafa böyük dərəcədə maneçilik törədir. Ancaq bu böhranlı illərdə Azərbaycanda yeni, müasir zavodların istifadəyə verilməsi özlüyündə bir göstəricidir.

Biz iqtisadi gücümüzü artırmalıyıq. Xüsusilə qeyri-neft sektorunun, kənd təsərrüfatının, sahibkarlığın və Azərbaycanın gələcək inkişafı bu istiqamətdə davam etməlidir. Çünki bizim artıq güclü maliyyə bazamız, iqtisadi potensialımız vardır. Elə etməliyik ki, bütün bölgələrdə yeni, müasir zavodlar yaransın.

İstehsal sahələri hər bir ölkənin inkişafında aparıcı rol oynayan bir sahədir. İstehsal sahələri həm yerli istehsal, həm də iş yerləri, məşğulluq, ərzaq təhlükəsizliyi deməkdir. Bu zavodda istehsal olunacaq məhsullar Azərbaycan bazarında, xaricdə satılacaqdır. Həm sahibkarlar, fermerlər bundan fayda götürəcək və həm də bütün ölkəmiz. Böyük məbləğlərdə, milyonlarla ölçülən investisiyalar qoyulur. Yəni sahibkarlarda inam var ki, Azərbaycanda bütün iqtisadi məsələlər, investisiyaların qorunması məsələləri gələcəkdə də lazımi səviyyədə qorunacaqdır.

Ona görə mən gəldim ki, sizinlə görüşüm, bir də, bu zavodun açılışında şəxsən iştirak edim. Sizə, lənkəranlılara yeni uğurlar arzulayıram. Lənkəran rayonu çox uğurla inkişaf edir. Rayonda çox böyük işlər görülür. Həm sənaye infrastrukturu, həm sosial infrastruktur yaradılır, tibb məntəqələri, məktəblər, idman qurğuları, sənaye müəssisələri, turizm obyektləri – yəni, bütün sahələrdə inkişaf vardır. İndi Bakı-Astara avtomobil yolunun tikintisi davam edir. Yolun tikintisi imkan verəcək ki, bütün cənub bölgəsinin Bakı ilə çox gözəl əlaqəsi yaransın. Rahat, dünya səviyyəli bir yol olacaqdır. Lənkəran aeroportu fəaliyyət göstərir, artıq Lənkəran-Moskva beynəlxalq reysləri yerinə yetirilir. Bu da çox gözəl hadisədir. Aeroportun yenidən qurulması artıq konkret nəticələrə gətirib çıxarıb. İnsanlar birbaşa Lənkərandan, cənub zonasından Moskvaya uçurlar, daha Bakıya gəlmirlər.

Ümumiyyətlə, iqtisadi və sosial siyasətimiz bütün sahələrdə və hər bir bölgədə, hər rayonda öz nəticəsini verir. Lənkəranın inkişafı göz qabağındadır. Lənkəranlılar da bunu yaxşı bilirlər və Lənkərana qonaq gələn insanlar bunu görürlər. Mən çox şadam ki, burada bütün işlər çox uğurla və yüksək keyfiyyətlə aparılır. Sizi bütün bu uğurlar münasibətilə, zavodun açılması münasibətilə təbrik edirəm və lənkəranlılara yeni uğurlar arzulayıram.

X X X

Lənkəran sakini Fərman QULİYEV dövlətimizin başçısına müraciətlə dedi:

- Möhtərəm cənab Prezident, Lənkərana gəlişiniz münasibətilə rayonumuzun ictimaiyyəti adından “Xoş gəlmisiniz” deyirəm, salamlayıram.

Ulu öndərimiz Heydər Əliyev Lənkərana həmişə yüksək diqqət və qayğı göstərmişdir. Bu gün fərəhləndirici haldır ki, Siz bu adət-ənənələri davam etdirib Lənkərana 7 il müddətində yeddinci dəfədir gəlmisiniz. Lənkəran həqiqətən Sizin buyurduğunuz kimi, inkişaf etmişdir. İndi cənub bölgəsinin iqtisadi, mədəni və elmi cəhətdən inkişaf etmiş bir rayonudur.

Lənkəranda indi möhtəşəm süd zavodunun yaradılması, çay fabrikinin, dondurma istehsalı müəssisəsinin, “Palsüd” zavodunun tikilməsi Sizin sahibkarlığa olan diqqətinizin, məhəbbətinizin, qayğınızın nəticəsidir. Bu, yeni iş yerlərinin açılması, əhalinin firavan yaşaması deməkdir. Bundan əlavə, Sizin təklifinizlə və qayğınızla yaradılmış Olimpiya-İdman Kompleksi, Lənkəran Müalicə-Diaqnostika Mərkəzi - bütün bunlar bizim bölgənin inkişafında böyük rol oynayır. Lənkəranda Dövlət Dram Teatrı, musiqi məktəbləri, muzeylər bizim zəngin mədəniyyəti yaşadır. Lənkəranda Dövlət Universitetinin, Pedaqoji Kollecin, Tibb Məktəbinin yaradılması ətraf rayonlardan minlərlə gəncin gəlib burada təhsil alması üçün şərait yaratmışdır. Bütün bunlara görə Sizə lənkəranlıların dərin təşəkkürünü bildiririk.

Fürsətdən istifadə edib, Lənkərana, lənkəranlılara həmişə diqqət və qayğı göstərən xalqımızın sevimli qızı Mehriban xanım Əliyevaya təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Allah Sizi var eləsin. Biz həmişə Sizi dəstəkləyirik və həmişə Sizin yanınızda olacağıq. Biz Sizin siyasətinizi ürəkdən bəyənirik. Sizə uğurlar, uzun ömür arzulayırıq.

X X X

Prezident İlham ƏLİYEV: - Çox sağ olun. Siz Lənkəranda son illər ərzində açılan müəssisələr, obyektlər haqqında danışdınız. Doğrudan da bu qısa müddət ərzində bütün sahələrdə çox böyük işlər görülüb. Olimpiya Kompleksi ölkəmizdə olimpiya kompleksləri arasında birincilərin sırasındadır. Ondan sonra birinci müalicə-diaqnostika mərkəzi Lənkəranda tikildi. İdman qurğuları, zavodlar, fabriklər, həm sosial infrastruktur, həm iqtisadi müəssisələr, sənaye müəssisələri. Yəni, Lənkəran hərtərəfli inkişaf edir. Lənkəran gözəlləşib, abadlaşıb, tarixi bir şəhərdir, tarixi diyardır, gözəl təbiəti vardır. Turizm üçün də gözəl imkanlar vardır. Burada mehmanxanalar da vardır, mən keçən dəfə gələndə olmuşam, daha da çox tikilməlidir.

Yeni yol çəkilir. Bakı ilə Lənkəran arasında məsafə də qısalacaqdır. Çünki yeni xətt açılır. Bundan sonra aeroport tikilib. Özü də beynəlxalq aeroport. Heç vaxt Lənkəranda beynəlxalq aeroport olmayıb. Bilirsiniz, sovet vaxtında daxili uçuşlar üçün olubdur. Kiçik təyyarələr uçurdu. Amma indi burada tikilmiş zolaq ən ağır yük təyyarələrini də qəbul edə bilər. Aeroport tikiləndən sonra gördük ki, artıq beynəlxalq uçuşlar da açıldı. İndi Lənkəran-Moskva uçuşları yerinə yetirilir. Bu aeroport gələcəkdə Lənkəranı başqa şəhərlərlə də birləşdirəcəkdir.

Bir sözlə, bu zonanın inkişafının çox böyük imkanları və potensialı vardır. Biz çalışmalıyıq ki, bundan maksimum dərəcədə istifadə edək. Artıq burada yaradılmış sənaye müəssisələri bütün zonanı böyük dərəcədə gücləndirəcəkdir. Nəzərə almalıyıq ki, ətraf rayonlarda da işlər yaxşı gedir. Bu, böyük bir uğurdur, böyük bir nailiyyətdir. Ancaq, biz əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməməliyik, gələcəyə baxmalıyıq. Daha da çox işlər görülməlidir. Mən şübhə etmirəm ki, sahibkarlar da burada yaradılmış imkanlardan istifadə edəcəklər, yeni müəssisələr, turizm kompleksləri yaradacaqlar. Dövlət də öz tərəfindən sahibkarlara dəstək verir. Kreditlər ayrılır, əlverişli şərait, investisiya mühiti yaradılır, kənd təsərrüfatına subsidiyalar, aqrolizinq yolu ilə texnika, ondan sonra gübrə, yanacaq verilir. Demək olar ki, fermerlər bircə vergi istisna olmaqla bütün vergilərdən azaddırlar. Əgər dövlətin dəstəyi olmasaydı, biz bu qədər kənd təsərrüfatı məhsulu istehsal edə bilməzdik. Bu gün biz ərzaq təhlükəsizliyimizi demək olar ki, təmin etmişik. Əsas qida məhsulları Azərbaycanda istehsal və emal olunur. Hazır məhsul istehsalını bax bu zavodun timsalında görürük. Ən əsası odur ki, bütün planlarımız həyatda reallaşır.

Sizə yeni uğurlar cansağlığı və xoşbəxtlik arzulayıram və biz yenə də görüşəcəyik.

X X X

Görüşdən sonra xatirə şəkli çəkdirildi.

SƏNƏDLƏR Sərəncamlar 05 oktyabr 2024
13:19
2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”...

05 oktyabr 2024, 13:19