İlham Əliyevin Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında nitqi

05 iyun 2018, 15:20
İlham Əliyevin Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında  nitqi

Sizi salamlayıram. Naftalan Şəhər Xəstəxanasının açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl xəstəxanadır. İndi xəstəxana ilə tanış oldum. Görürəm ki, bütün işlər yüksək səviyyədə təşkil edilib. Şadam ki, bu xəstəxana istifadəyə verilir. Bu xəstəxananın tikintisi mənim təşəbbüsümlə həyata keçirildi. Naftalan şəhərinin müasir tibb ocağı olmalı idi və şadam ki, biz buna nail olduq. Həm xarici görünüşü, həm də daxili tərtibatı gözəldir və əlbəttə ki, şərait də yaxşıdır. Bütün lazımi avadanlıqlar var, ən yüksək standartlar tətbiq olunur, ölkəmizin hər bir yerində belə gözəl xəstəxanalar tikilir. Burada yüksək tibbi xidmət göstərmək üçün bütün şərait yaradılıb. On iki şöbə var. Demək olar ki, bütün şöbələr fəaliyyət göstərəcək. Həm şəhər sakinlərinə, həm də Naftalana gələn qonaqlara yüksək xidmət göstəriləcəkdir.

Bu xəstəxananın tikintisi son illər ərzində səhiyyə sahəsinə ayrılan diqqətin və qoyulan vəsaitin təzahürüdür. Səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində çox böyük işlər görülüb. Son 15 ildə 600-dan çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub. Biz demək olar ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olduq.

Bu ilin Dövlət İnvestisiya Proqramında 6 şəhər xəstəxanasının açılışı nəzərdə tutulur. Onların sırasında birinci Naftalan xəstəxanasıdır. Ümid edirəm ki, ilin sonuna qədər digər beş şəhərdə də xəstəxanaların açılışı təmin ediləcək. Beləliklə, Azərbaycanın bütün şəhərlərində ən müasir tibb mərkəzləri yaradılmış olur. Bu, bir neçə il bundan əvvəl qarşımıza qoyduğumuz məsələlərdən biri idi. Biz bu məqsədə çatmaq üçün ardıcıllıqla böyük işlər görürük.

Əlbəttə ki, bunlar böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Azərbaycan dövləti iqtisadi cəhətdən kifayət qədər güclüdür və gücümüz artır. Sosial məsələlər bizim siyasətimizin əsas prioritetidir. Ona görə imkanımız da, siyasi iradəmiz də, texniki imkanlarımız var. Bütün səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülübdür.

Azərbaycanda tibbi xidmətin səviyyəsi artır. Mənim təşəbbüsümlə bir neçə il ərzində artıq kütləvi müayinədənkeçmə proqramı həyata keçirilir. Mən əvvəlki illərdə bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə bildirmişdim, demişdim ki, hər bir vətəndaş ildə heç olmasa bir dəfə gərək tibbi müayinədən keçsin. İndi bunu etmək üçün hər bir rayonda bütün imkanlar var. Dövlət öz dəstəyini göstərərək bu işləri təşkil edir. Bu il keçən ildəki kimi, 5 milyondan çox Azərbaycan vətəndaşı bu imkandan istifadə edib. Müayinə zamanı vətəndaşlarda aşkar olunan xəstəliklər sonra ixtisaslaşmış mərkəzlərdə müalicə edilir.

İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanmışdır. Artıq iki şəhərdə bu sistem mövcuddur və biz bu sistemin üstünlüklərini görürük. Biz səhiyyə sistemimizi tədricən bu istiqamətdə inkişaf etdirəcəyik. Biz növbəti illərdə yeni şəhərləri bu sistemlə əhatə edəcəyik.

İnsan sağlamlığı ən vacib məsələlərdən biridir. Azərbaycanda insan sağlamlığını təmin etmək, sağlamlığı qorumaq, profilaktik tədbirlər görmək üçün kompleks işlər aparılır. Bundan sonra da bu işlərin görülməsi üçün yaxşı şərait var, o cümlədən Naftalan şəhərində. Xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Hesab edirəm ki, hər bir həkim, hər bir tibb işçisi üçün belə şəraitdə işləmək xüsusi zövq verir.

Naftalan şəhərinin ümumi inkişafı sürətlə gedir. Mən Prezident kimi Naftalan şəhərinə ilk dəfə olaraq on il bundan əvvəl gəlmişdim. O vaxt gördüyüm mənzərə, sözün düzü, məni çox narahat etdi, çox məyus etdi. Çünki şəhər çox ağır vəziyyətdə idi. Siz bunu yaxşı bilirsiniz. O vaxt infrastruktur layihələri ilə bağlı böyük problemlər var idi, elektrik enerjisi fasilələrlə verilirdi, təbii qaz, içməli su yox idi, yaşayış binaları bərbad, yollar dağılmış vəziyyətdə idi, sovet vaxtında tikilmiş sanatoriyalarda ağır vəziyyətdə məcburi köçkünlər yerləşmişdi. Vaxtilə Sovet İttifaqının turizm mərkəzlərindən biri olan Naftalan bu adı demək olar ki, itirmişdi. Nəinki başqa ölkələrdən, hətta Azərbaycanın heç bir yerindən buraya gələn yox idi. Ona görə mən dərhal kompleks tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdim. Naftalanın hərtərəfli inkişaf planı hazırlandı və mən bu planı təsdiqlədim. Bu gün biz aparılan bu işlərin real nəticələrini görürük. İlk növbədə, biz ağır vəziyyətdə, yarıdağılmış sanatoriyalarda məskunlaşmış köçkünləri gərək yeni evlərə köçürəydik, bunu etdik. Bütün məcburi köçkünlər onlar üçün xüsusi tikilmiş, böyük maliyyə vəsaiti hesabına ərsəyə gələn yeni evlərə köçürüldü və Naftalan şəhərində köçkünlər problemi artıq həll olunub.

İnfrastruktur layihələri icra edilməyə başlandı. Elektrik enerjisi ilə təchizat təmin edildi. Bu gün bu məsələ ilə bağlı heç bir problem yoxdur. Təbii qaz indi Naftalanda yüz faiz təmin edilir. Əhalinin yüz faizi təbii qaza malikdir. Naftalanda içməli su layihəsi beş il bundan əvvəl mənim iştirakımla istismara verilmişdir. Yollar salındı, digər infrastruktur layihələri icra edildi, məktəblər əsaslı şəkildə təmir olundu. Yəni, Naftalanda infrastruktur layihələri ilə bağlı olan bütün məsələlər kompleks şəkildə öz həlli tapdı. O cümlədən şəhərin abadlaşdırılması işlərinə vəsait ayrıldı, parklar salındı, icra hakimiyyətinin yeni binası, Heydər Əliyev Mərkəzi tikildi və Naftalanın əvvəlki şöhrəti özünə qaytarıldı.

Bu, işin birinci mərhələsi idi. Bu layihələr həyata keçirilmədən hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Bununla paralel olaraq, biz Naftalanı müasir turizm mərkəzinə çevirmək üçün konkret addımlar atmağa başlamışıq. Mənim iştirakımla 3 böyük sanatoriya, - indi onlar mehmanxana sayılırlar, - yenidən tikildi, əsaslı şəkildə təmir edildi və istifadəyə verildi. Birinci “Çinar” sanatoriyası, ondan sonra “Qaşaltı”, ondan sonra isə “Qarabağ”. Bu 3 sanatoriya-mehmanxanada mindən çox otaq var. Burada həm ən yüksək səviyyədə müalicə işləri aparılır, həm də ki, vətəndaşlar və qonaqlar istirahət edirlər. Yaxın gələcəkdə yeni mehmanxananın açılışı gözlənilir. Mənə indi bu barədə məlumat verildi. O qədər də böyük olmayan digər mərkəzlər, istirahət zonaları yaradılır. Beləliklə, Naftalan nəinki ölkəmizin, dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilir.

Mənə verilən məlumata görə, keçən il Naftalana 62 ölkədən 35 min qonaq gəlmişdir. Baxın, on il bundan əvvəl, ümumiyyətlə, gələn qonaqlardan söhbət belə getmirdi. Ancaq ötən il 35 min qonaq gəlib. Mən hesab edirəm ki, bu, hələ başlanğıcdır. Çünki məndə olan məlumata görə, sovet vaxtında Naftalana ildə 70 min qonaq gəlirdi. Hesab edirəm ki, bu gün Azərbaycanda turizmin çox sürətlə inkişaf etdiyini nəzərə alsaq, biz bu hədəfə çata bilərik. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 5 ayında isə 10 faiz artıb. Azərbaycan indi dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır. O cümlədən müalicəvi turizmin inkişafı üçün bizdə bütün imkanlar var, həm Naftalanda, həm digər şəhərlərdə. Belə şəraiti olan şəhərdə əlbəttə ki, qonaqların sayı artmalıdır.

Son 10 il ərzində Naftalanda görülən işlər ümumi inkişaf dinamikamızı göstərir. Onu göstərir ki, güclü siyasi iradə olan yerdə, düşünülmüş siyasət aparılan ölkədə uğurlar da, nəticələr də, qələbələr də olacaq, insanlar daha yaxşı yaşayacaqlar. Naftalanda iş yerlərinin yaradılması son illər ərzində çox sürətlə gedib. Burada yaşayan vətəndaşların böyük əksəriyyəti xidmət sektorunda işləyir, yaxşı məvacib alır və ölkəmizin inkişafına öz dəyərli töhfəsini verir. Əminəm ki, bundan sonra Naftalanda işlər yaxşı gedəcək və şəhərin inkişafı uğurla davam etdiriləcək.

Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44