18:48
İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edir
06 iyun 2018, 20:00Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ mərasim iştirakçılarını salamlayaraq dedi:
-Bismillahir-rəhmanir-rəhim.
Zati-aliləri, möhtərəm cənab Prezident.
İftar mərasiminin dəyərli qonaqları.
Dini konfessiyaların möhtərəm rəhbərləri.
Ənənəvi iftar görüşümüzü şərəfləndirən Zati-aliləri Prezident İlham Əliyev cənablarına və bütün qonaqlara bugünkü müqəddəs məramlı məclisimizə “Xoş gəlmisiniz!” deyir, Qurani-Şərifin nazil olduğu mübarək Ramazan ayının xeyir-fəzilətlərini sizlərə, ailələrinizə, bütün Azərbaycan xalqına diləyirəm.
Möhtərəm cənab Prezident, bugünkü mübarək tədbirdə Sizi müzəffər seçkilər münasibətilə Azərbaycan xalqı və dindarlar adından bir daha təbrik edir, ən xoş arzularımızı çatdırırıq. Əslində Azərbaycan dindarları bundan əvvəlki prezident seçkiləri zamanı bütün duaların qəbul olunduğu müqəddəs Məkkədə öz seçimlərini edib və İlham Əliyev həzrətlərinin namizədliyinə öz səs və xeyir-dualarını veriblər. Biz dindarlar budəfəki seçkilərdə də müqəddəs Kəbə Evində etdiyimiz niyyətimizi bir daha təzələdik.
Möhtərəm cənab Prezident, Sizin siyasi uğurlarınızın təməlində möhkəm, sarsılmaz Xalq-İqtidar birliyi durur. Zati-alinizin andiçmə mərasimində Azərbaycan Konstitusiyası ilə bərabər Qurani-Şərifə əl basmağınız, yeni prezidentlik dönəminin ilk günündə şəxsi təşəbbüsünüzlə ərsəyə gəlmiş Hacı Cavad məscidini ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımla birlikdə ziyarət etməyiniz tariximizə, milli mənəvi dəyərlərimizə ehtiramın nümunəsidir. Bunları görərkən, bir azərbaycanlı, dini lider olaraq Sizinlə şərəf duyuram. Azərbaycanda mövcud dini etiqad, söz, ifadə azadlığı müxtəlif milli və dini mənsubiyyətli vətəndaşlarımızın bütün insani hüquq və azadlıqlarını təmin edir. Zati-alinizin müxtəlif dinlərin məbədlərinə qayğı və diqqəti, o cümlədən dini mərkəz olan Təzəpir kompleksi ətrafında hazırda aparılan möhtəşəm abadlıq-quruculuq işləri Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir.
Biz Zati-alinizin qlobal ideyalarının təbliği məramı ilə dünyanın bir çox ölkələrində keçirdiyimiz beynəlxalq əhəmiyyətli tədbirlərdə müəllifi olduğunuz multikulturalizm və İslam həmrəyliyi ideyalarının qazandığı böyük dəstək və etimadın bilavasitə şahidi oluruq.
Zati-aliləri, çoxlarını heyrətləndirən odur ki, Azərbaycan dövlətinin lideri zamanın tələblərinə cavab verən, dünyamızın ehtiyac duyduğu belə mötəbər ideyaları irəli sürmək qüdrətinə malikdir. Bu, Ulu Öndərin dövlətçilik məktəbinin təntənəsi və Allah-Təalanın Azərbaycan xalqına iltifatıdır. Önəmli olan böyük dövlətlərin başçısı olmaq deyil - böyük dövlət xadimi, yüksək dövlətçilik təfəkkürünə sahib siyasi lider olmaq daha mühümdür.
Bəli, cənab Prezident, uzaqgörən siyasətiniz nəticəsində bu gün Azərbaycan dünyada qlobal ideyalar mərkəzi olaraq tanınır. Zati-alinizin müəllifi olduğu Bakı prosesi bu gün daha böyük önəm kəsb edir. Təşəbbüskarı olduğunuz “İslam Həmrəyliyi İli”nin yekunlarına dair 40-dan artıq ölkənin, 8 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi möhtəşəm Bakı konfransında Azərbaycanın nümunəvi rolu yüksək qiymətləndirildi. Zati-alinizin dəstəyi, dünyanın nüfuzlu müsəlman və qeyri-müsəlman dini liderlərinin xeyir-duaları ilə Qafqaz Müsəlmanları İdarəsi yanında daimi fəaliyyət göstərəcək Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin yaradılması Sizin bəşəri ideyalarınızın aktuallığının parlaq təzahürüdür.
Möhtərəm cənab Prezident, elan etdiyiniz Multikulturalizm və İslam Həmrəyliyi illəri çərçivəsində biz Türkiyədə, İranda, İsveçdə, Rusiyada, Böyük Britaniyada, İspaniyada, Finlandiyada və Özbəkistanda keçirdiyimiz mötəbər beynəlxalq tədbirlərdə ölkəmizdəki dinlərarası dialoq və əməkdaşlığın nümunəvi modelini təqdim etmişik. Yeni yaranmış Mərkəzin xətti ilə bu il ərzində ölkəmizdə və bir sıra Avropa dövlətlərində, o cümlədən Almaniyada, İspaniyada mötəbər beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində hazırlıq işləri gedir.
Qafqaz Müsəlmanları İdarəsi olaraq ölkənin daxilində və xaricində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Milli Məclisin deputatları, ölkəmizdəki dini konfessiyaların rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə həyata keçirdiyimiz işlərlə Zati-alinizin ideyalarını, Azərbaycanın multikultural həyat tərzini dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Zati-aliləri, Sizin din-dövlət münasibətlərinin inkişafına dair tövsiyələriniz, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlığımız bu gün öz bəhrəsini verməkdədir.
Çox hörmətli cənab Prezident, dünya milli, dini, siyasi qarşıdurmalar, islamofobiya, terrorizm, separatçılıq bəlaları ilə üzləşməkdədir. Bunların sırasında müsəlmanların ilk qibləgahı, bütün səmavi dinlər üçün müqəddəs sayılan Qüdslə bağlı məqam xüsusi həssaslıq kəsb edir. Zati-aliləri, Sizin Qüdsə dair İstanbul Sammitində nümayiş etdirdiyiniz və dünya müsəlmanlarının rəğbətini qazanmış qətiyyətli mövqeyiniz hər birimizin yaxşı yadındadır. Bəzi dövlətlərin Qüdslə bağlı qərarının Fələstin-İsrail münaqişəsinin ədalətli nizama salınması işinə mənfi təsir edəcəyi, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara biləcəyi ilə bağlı Zati-alinizin söylədiyi fikirlər Qəzzada baş verən insan qırğını ilə bağlı dünya ictimaiyyətinin haqlı etirazlarında bir daha öz təsdiqini tapdı.
Zati-aliləri, Sizin rəhbərliyinizlə iqtisadi və müdafiə qüdrəti artan Azərbaycan, bəyan etdiyiniz kimi, heç vaxt bu qədər güclü olmayıb. Nəhəng iqtisadi layihələr xalqımızın rifahını artırır, millətimizin mənəvi qüdrətini gücləndirir. Dünyanın bir sıra ölkələri qaçqınlar və məcburi köçkünlər problemi qarşısında aciz qaldığı bir zamanda Siz azərbaycanlıların dədə-baba torpaqlarına Böyük Qayıdış layihəsini gerçəkləşdirirsiniz. Xalqımız fəxr edir ki, dövlətimizin başçısı Aprel zəfərini bizlərə yaşatdı, dirçəlişimizin rəmzi olan Cocuq Mərcanlı məscidini bizlərə bəxş etdi. Bütün bunlar Ali Baş Komandanımızın rəhbərliyi ilə gələcək zəfərlərə, Böyük Qələbəmizə inamımızı artırır.
Möhtərəm cənab Prezident, işğalçı erməni rejiminin başçısı, əli Azərbaycan xalqının qanına bulaşmış, Xocalı soyqırımının təşkilatçısı öz xalqının nifrətinə tuş gəldi, ondan rəzalətlə imtina olundu. Biz qatil Sarkisyanın Xocalı soyqırımının gerçək təşkilatçısı olaraq insanlığa qarşı hərbi cinayətlərinə görə dünya ictimaiyyəti qarşısında, İnsan Haqları Məhkəməsində mühakimə olunmasını tələb edirik. Qoy bütün dünya əsl soyqırımı törədənləri tanısın, onların yalançı məzlum siması ifşa olunsun!
Müstəqilliyimizi, Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı zəfərləri gözü götürməyənlər xaricdən və daxildən məqsədyönlü, məkrli müdaxilələr, ideoloji təzyiqlər, bədxah qaralama kampaniyaları təşkil etməyə çalışır, xüsusən gəncləri bu işlərə cəlb etmək, hətta bəzi dini kəsimləri məzhəb ayrı-seçkiliyi zəminində təxribata çəkmək istəyirlər. Zati-aliləri, mən Sizi əmin edirəm ki, xalqımızı, onun ayrılmaz tərkib hissəsi olan dindarlarımızı Vətənə, dövlətə sədaqətdən, həqiqi iman, əqidə yolundan, ulu öndər Heydər Əliyevin bizlərə əmanət etdiyi dövlətçilik məfkurəsindən heç bir qüvvə döndərə bilməz, inşallah!
Hörmətli cənab Prezident, çox təqdirəlayiq haldır ki, Mehriban xanımın Birinci vitse-prezident kimi fəaliyyəti xalqımız və dövlətimiz üçün rifah və tərəqqiyə xidmət etməkdədir. Zati-aliləri, Uca Allahdan Sizə və Mehriban xanıma zəfərlər diləyirik.
Möhtərəm cənab Prezident, hər il mübarək Ramazanda iftar məclislərində Sizin bizimlə birlikdə olmağınız Ulu Öndərin bizə əmanət etdiyi ənənəni yaşatmağınızın, Azərbaycan dindarlarına və Şeyxülislam kimi mənim şəxsimə olan hörmət, etimadın və din-dövlət münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir. Bu gözəl ənənənin təməlini bu il 95 illik yubileyini böyük ehtiramla qeyd etdiyimiz qardaşım, ulu öndər Heydər Əliyev qoyub. Bu Ulu Şəxsiyyətin əzəməti, xalqımız, Vətənimiz üçün önəmi zaman keçdikcə daha artıq dərəcədə gözümüzdə yüksəlir. Ulu Öndər Azərbaycanın bir dövlət olaraq siyasi xəritədən silinmə, etnik separatçılıq, dini zəmində parçalanma təhlükəsi mövcud olduğu ən çətin dönəmlərdə milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etdi, Azərbaycan dövlətçiliyinin möhkəm bünövrəsini qoydu, müstəqilliyimizi yenidən bərpa və daimi etdi.
Zati-aliləri, Sizin Sərəncamınızla bu il Azərbaycanda Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini dövlət səviyyəsində bayram edirik. Unutmayaq ki, Xalq Cümhuriyyətinin qaldırdığı üçrəngli bayrağı yenidən Azərbaycan üzərində - 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilən Naxçıvanda ucaldan məhz ulu öndərimiz Heydər Əliyev olub.
Allah-Təala bir milləti zülmdən xilas etmək üçün ona haqq-ədaləti bərpa edən rəhbərlər göndərər. Müstəqilliyimizin ən gərgin dönəmlərində və dünyamızın mürəkkəb dövr yaşadığı zamanda Uca Yaradan Öz Lütfü ilə Azərbaycan xalqına Heydər Əliyev və İlham Əliyev kimi dahi öndərlər bəxş edib. Allah-Təala Heydər Əliyevə, validəniz Zərifə xanıma və cəmi Vətən şəhidlərinə rəhmət eləsin!
Biz dindarlar Uca Allahdan öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövlətindən, onun rəhbərindən əsirgəməməsini diləyirik. Hörmətli Leyla xanımın arzuladığı kimi, “Qoy günəş ölkəmizin və dünyanın üzərində daim parlasın!”. Bu mübarək günlərdə Sizə və dəyərli ailənizə səadət və yeni uğurlar diləyirəm.
Zati-aliləri, bu niyyətlə Sizə bir daha “Xoş gəlmisiniz!” deyir, dəvət olunan dini konfessiyaların möhtərəm başçılarını, diplomatik nümayəndələri, bütün mötəbər qonaqları salamlayır, Allahdan hər birinizə xeyir-dualar diləyirəm. Amin!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
X X X
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ALEKSANDR çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Şeyx həzrətləri.
Hörmətli dini rəhbərlər.
Xanımlar və cənablar.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edib Azərbaycanın pravoslav icması adından Sizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi çatdırmağı, Zati-alinizə uzun ömür, xoşbəxtlik, firavanlıq və səmərəli fəaliyyətinizdə böyük uğurlar diləməyi özüm üçün şərəf sayıram.
Azərbaycan çoxmillətli və buna görə də çoxkonfessiyalı dövlətdir. Bu, ölkəmizin daxili həyatının spesifikasıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu amili belə qiymətləndirirdi: “Çoxmillətlilik bizim sərvətimizdir”.
Çox hörmətli cənab Prezident, Siz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində hazırda “Multikulturalizmin Azərbaycan modeli” adlanan gözəl bir bina ucaltmısınız. Siz, milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşların Prezidenti kimi, bütün dindar insanların ehtiyaclarına, onların mənəvi dəyərlərinə, o cümlədən məbədlərə, Allah Evlərinə yüksək qayğı göstərirsiniz, dini bayramlar münasibətilə bizə təbriklərlə müraciət edirsiniz. Azərbaycanda yaşayan bütün başqa dindarlar kimi, biz pravoslavlar da dini etiqad azadlığından və bütün başqa insan haqlarından, dövlətin dəstəyindən bəhrələnirik. Qlobal əhəmiyyətli ideyalarınızla dünya miqyasında dinlərarası, sivilizasiyalararası dialoqun inkişafı işinə parlaq səhifələr yazan Zati-alinizə hədsiz minnətdarıq.
Azərbaycanın dövlət siyasəti olan multikulturalizm qlobal səviyyədə ümumbəşəri dəyərləri müdafiə edir. Dünya dindarları bunu yüksək qiymətləndirirlər. Beynəlxalq səviyyədə ksenofobiyanın kökünün kəsilməsi işində bu cür səylər biz din xadimlərinin gündəlik işinə güclü stimul verir. Xüsusən Zati-alinizin ideyaları sayəsində dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiyada keçirilmiş beynəlxalq konfranslar belə tədbirlərə ehtiyac olduğunu və onların qlobal əhəmiyyətini göstərən əyani nümunələrdir.
Zati-müqəddəsləri Patriarx Kirill bütün postsovet məkanında çoxkonfessiyalı və çoxmillətli cəmiyyətin, qarşılıqlı hörmət, mehriban qonşuluq və həmrəylik ənənələrinin qorunub saxlanması işində bu ideyaların əhəmiyyətini xüsusi vurğulayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rus Pravoslav Kilsəsinin ali mükafatı – Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi bu cür səylərin yüksək qiymətləndirilməsi nümunəsi oldu.
Biz Qafqazın ağsaqqalı şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə bərabər qardaş xalqlarımız arasında, o cümlədən Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin dərinləşdirilməsi üçün, xalqlarımız və dövlətlərimiz naminə, dinlərarası dialoqun yüksək səviyyəsi naminə əlimizdən gələni edirik. Zati-alinizin elan etdiyi “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” çərçivəsində dünyanın müxtəlif guşələrində keçirilən bütün beynəlxalq forumlarda, konfranslarda fəal iştirak etmişik və Azərbaycanın multikultural həyatının gerçəkliyini qürurla təqdim etmişik.
Buraya toplaşanların hamısına ən xoş arzularımı bildirir, işlərinizdə uğurlar diləyirəm. Sizə sülh, əmin-amanlıq və Ulu Tanrıdan mərhəmət diləyirəm!
X X X
Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix YEVDAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli şeyx həzrətləri.
Əziz məclis iştirakçıları.
Azərbaycan Dağ Yəhudiləri Dini İcması adından hamınızı salamlayır və bu müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Oruc insan iradəsinin nəfs üzərindəki qələbəsidir. Xudavəndi-Aləm oruc tutub, namaz qılan bəndələrini heç vaxt tənha qoymaz. Ona görə də bu müqəddəs Ramazan ayında tutduğunuz oruclar, etdiyiniz dualar Allah-Təala dərgahında qəbul olunsun! Ürəyinizdəki bütün arzularınız çin olsun, Allah-Təala onları yerinə yetirsin! Amin Ya Rəbbim Allah!
İnsanın əldə etdiyi, müqəddəs Allah tərəfindən verilmiş bəxşişlərdən biri də sevgidir. Ancaq sevgi insanları məlakələrdən də yüksək səviyyəyə qaldıra bilər. Allah-Təala öz bəndələrinə müraciət edərək deyir ki, ey Adəm övladı, hamı səni özündən ötrü istəyir, mən isə səni səndən ötrü istəyirəm. Ona görə də bu müqəddəs Ramazan ayında Allah-Təaladan hamınıza sevgi diləyirəm. Allah-Təala bizim dövlətimizi, Vətənimizi qorusun. Möhtərəm Prezident, Siz bütün dünyaya bəyan etdiniz ki, dini və mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaratmaq mümkündür və o, yaşamağa qadirdir. Belə bir cəmiyyət Azərbaycan Respublikasıdır.
Ümumiyyətlə, bizə xas olan xüsusiyyətlərdən biri də əziz günlərdə dünyasını dəyişənlərimizin ruhunu şad etmək üçün onları yad etməkdir. Ona görə də möhtərəm Prezident, mən bir məqama toxunmaq istərdim. Müsahibələrinizin birində müxbirin “İlləri geriyə çəkmək mümkün olsaydı, Siz hansı illərə qayıdardınız” sualının cavabında bildirdiniz ki, atalı–analı illərimə qayıdardım.
Bəli, torpaq da anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar.
Ona görə də vaxt keçir, zaman tələsir, hər şey dəyişir. Dəyişməyən isə xəyalların şirinliyi, arzuların ülviliyi və nağıla çevrilmiş xatirələrdir.
Nağıl danışardı nənəm gecələr,
Nağılla dolardı sinəm gecələr.
Nağıllı günlərim qayıdan deyil,
Qayıdıb yanğımı soyudan deyil.
Nağıl kimi gəlir mənə bu dünya,
Diz nənəmdən ola, baş məndən ola,
Dinləmək həvəsi kaş məndən ola.
Şirin nağıllara biz qulaq asıb,
Nağıla dönmüşük özümüz indi,
Nağıl kimi gəlir mənə bu dünya.
Möhtərəm Prezident, bugünkü uğurlarınız təməli Ulu Öndər tərəfindən qoyulmuş və Sizin müdrik daxili və xarici siyasətinizlə, Ulu Öndər arzularının sevgi ilə, böyük məhəbbətlə bəslədiyi arzuların reallığıdır. Ona görə də Sizin aprelin 11-də qazandığınız möhtəşəm qələbə Azərbaycan xalqının Sizə olan inamının təzahürüdür.
Hər eldən, obadan Sizə var salam,
Hamının qəlbində Sizədir inam.
Humanist Prezident, mehriban insan,
Dərin minnətdarıq Prezident Sizə!
Azərbaycanda yəhudilər əsrlər boyu bu xalqla qardaşlaşmış, dinc və əmin-amanlıq şəraitində yaşamışlar. Biz də bu günlər Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirik. Mən bir məqama toxunmaq istərdim ki, 2015-ci ilin ortalarından bu günə qədər Amerikanın Los-Anceles şəhərində 4,5 milyon nüsxə ilə çap olunan “Jewish Journal” qəzetində bizim icmanın 28 məqaləsi dərc olunmuşdur. Həmin məqalələr Azərbaycanın bugünkü həqiqətlərindən, qazandığı uğurlardan, Azərbaycan neftinin alman faşizminə qarşı müharibədəki rolundan, Azərbaycanda yaşayan yəhudilərdən, onların mentalitetindən, mətbəxindən, ümumiyyətlə, hər sahədən bəhs edir. Bu məqalələr Almaniyada fəaliyyət göstərən “Adassa” nəşriyyatı tərəfindən kitab şəklində ingilis dilində çap olunaraq “Amazon” şirkəti tərəfindən bütün dünyaya yayılmışdır.
Mənim müəllif kimi həmin kitabdan aldığım 200 nüsxə qısa bir zamanda respublikada paylanmışdır.
Möhtərəm Prezident, biz bu gün Ulu Öndərimizin arzularının çin olduğunu görürük. Allah-Təaladan arzu edirik ki, Sizin müdrik rəhbərliyinizlə yaxın vaxtlarda Qarabağ məsələsi də həll olunsun və belə məclisləri, belə xoş süfrələri Qarabağ torpağında təşkil edək.
Vətən oğulları verib əl-ələ,
Ulu Öndərini yad edəcəkdir.
Azad Azərbaycan cənnətə dönüb,
Heydərin ruhunu şad edəcəkdir.
Bu müqəddəs bayram münasibətilə hamınızı bir daha səmimi qəlbdən təbrik edir, hamınıza İbrahim Peyğəmbər ömrü arzulayıram. Hamınızın suyu sərin, çörəyi isti, gözü işıqlı, dizi taqətli olsun. Allah amanında. Çox sağ olun.
X X X
Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir FEKETE çıxış edərək dedi:
-Zati-aliləri cənab Prezident İlham Əliyev.
Möhtərəm şeyxülislam Allahşükür Paşazadə.
Hörmətli xanımlar və cənablar.
Çox şadam ki, bu il biz müqəddəs Ramazan ayı münasibətilə bir yerə toplaşmışıq. Bu müqəddəs ayda görüşümüz bizim dinlərarası əməkdaşlığımızın qənaətbəxş səviyyədə olmasını təsdiq etmək üçün gözəl bir fürsətdir.
Hörmətli cənab Prezident, Siz əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müdrik dini tolerantlıq siyasətinin davam etdirilməsinin qarantısınız. Azərbaycan katolikləri adından Sizə dərin ehtiramımızı və minnətdarlığımızı bildirmək istəyirəm.
Zati-müqəddəsləri Papa Fransisk cənab Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm İli” elan edilmiş 2016-cı ildə Azərbaycanda səfərdə olarkən bütün dünyada multikulturalizm ideyalarının təbliğində Azərbaycanın rolunu yüksək qiymətləndirib. Papa Fransiskin həmin tarixi səfər zamanı söylədiyi “Biz hamımız qardaşıq” kəlamı bütün dünyaya bir ismarıc oldu ki, Azərbaycan ta qədimdən Şərq ilə Qərb arasında körpü rolu oynayır, multikulturalizm isə Azərbaycan xalqının ənənəvi həyat tərzidir.
Zati-müqəddəsləri Papa Fransiskin Heydər Məscidində Zati-alinizlə, habelə Azərbaycanın dini konfessiyalarının rəhbərləri və dindarlarla görüşləri zamanı söylədiyi nitqlər bütün dünyaya əyani şəkildə nümayiş etdirdi ki, Azərbaycan və onun lideri qlobal səviyyədə dinlərarası dialoqun tərəfdarıdır.
Hörmətli cənab Prezident, keçən ilin dekabr ayında Papa Fransisk məni Azərbaycan Respublikasında Katolik Kilsəsinin birinci Yepiskopu təyin edib. Azərbaycandakı bütün başqa dindarlar kimi biz katoliklər də burada dini etiqad azadlığından və digər insan haqlarından, dövlət dəstəyindən bəhrələnirik. Azərbaycan mənim yeni vətənim olub. Buna görə qürur duyaraq qeyd etməliyəm ki, bu addım Azərbaycana beynəlxalq səviyyədə verilən əhəmiyyəti nümayiş etdirir.
Papanın rəsmi səfəri şübhəsiz ki, həm Vatikan ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin, həm də dinlərarası əlaqələrin inkişafına, o cümlədən Roma Katolik Kilsəsi ilə bizim Vahid Yaradanın ideallarının təntənəsi naminə yorulmadan çalışan möhtərəm şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi tarixi dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığa yeni təkan verib. Əminəm ki, 2017-ci ilin dekabr ayında Bakı Konfransının yekunlarına əsasən Qafqaz Müsəlmanları İdarəsi yanında yaradılmış, daimi fəaliyyətdə olan Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi bütün bəşəriyyətin rifahı naminə dinlərarası dialoqun inkişafı işinə sanballı töhfə verəcək. Mərkəzin Məşvərət Şurasının tərkibinə mən də daxil edilmişəm. Buna görə möhtərəm şeyxülislam Paşazadəyə hədsiz minnətdaram. Biz səmimi qəlbdən arzu edirik ki, Vatikan ilə Azərbaycan arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər bundan sonra da davam və inkişaf etsin.
Hörmətli cənab Prezident.
Hörmətli Şeyxülislam.
Ulu Tanrıdan diləyim budur ki, daim Sizi öz himayəsində saxlasın. İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, Ulu Tanrının Sizə yardımçı olmasını, bütün müsəlman qardaşlara, bütün dindarlara xoş güzəran, tərəqqi və firavanlıq diləyim.
Təşəkkür edirəm.
X X X
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-Hörmətli şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Xanımlar və cənablar.
Hər il olduğu kimi, biz bu il də mübarək Ramazan ayında iftar məclisində görüşürük. Bu gözəl ənənə yaşayır və yaşamalıdır. Bu, Azərbaycanda dövlət-din əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Dövlət-din münasibətlərinin formalaşmasının təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Azərbaycanın inkişaf konsepsiyasının müəllifidir. İnkişaf istiqamətlərini müəyyən edərkən o, çox böyük uzaqgörənlik göstərmişdir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz bu konsepsiyanın icrası nəticəsində mümkün olmuşdur. O cümlədən dövlət-din münasibətlərinin qurulması, yaradılması işində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, hakimiyyətə gələnə qədər Azərbaycanda bu münasibətlər tənzimlənmirdi və böyük boşluq yaranmışdı. Biz keçən ay Ulu Öndərin anadan olmasının 95-ci ildönümünü qeyd edərkən, əziz xatirəsinə hörmətimizi ifadə edərkən onun xalq qarşısında gördüyü böyük xidmətlər haqqında danışmışıq, onun fəaliyyətini yada salmışıq. Bu gün də şeyx həzrətlərinin təşkil etdiyi iftar məclisində Ulu Öndərin dövlət-din münasibətlərinin tənzimlənməsində gördüyü işlər və oynadığı rol haqqında danışırıq və bu, təbiidir.
Şeyx həzrətlərinin bu məsələlərin uğurla həlli işində fəaliyyətini mən çox yüksək qiymətləndirirəm. Dövlət-din münasibətlərinin inkişafı şeyx həzrətlərinin böyük əməyi sayəsində mümkün olmuşdur və bu gün bu əlaqələr nümunəvidir. Şeyx həzrətləri nəinki Azərbaycanda, eyni zamanda, Qafqazda, postsovet məkanında, Avropada, ümumiyyətlə, dünyada çox böyük hörmətə malik olan bir din xadimidir. Şeyx həzrətlərinin uğurlu fəaliyyəti Azərbaycanı dünyada öz milli dəyərlərinə sadiq, eyni zamanda, çox açıq, çox tolerant, müasir dövlət kimi təqdim edir. Azərbaycanda dövlət-din münasibətlərinin bu yüksək səviyyədə olmasında şeyx həzrətlərinin çox böyük xidməti var. Mən bilirəm ki, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” qeyd olunan zaman şeyx həzrətləri bir çox ölkələrdə Azərbaycan həqiqətləri haqqında danışmış, çıxış etmiş, beynəlxalq konfranslarda iştirak etmiş və ölkəmizin reallıqlarını dünya ictimaiyyətinə çatdırmışdır.
Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bugünkü iftar məclisimizdə səslənən fikirlər, ənənəvi dinlərin rəhbərlərinin çıxışları bir daha bunu göstərir. Azərbaycanda həm dövlət-din əlaqələri, həm dinlərarası əlaqələr nümunəvi xarakter daşıyır. Bilirəm ki, bu məsələlərlə bağlı Azərbaycan modeli bu gün artıq dünyada bir çox yerlərdə öyrənilir. Bu, bizim uğurlu inkişafımız üçün lazımdır. Bu, dövlət siyasətimizin təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizin vəziyyətini, cəmiyyətdə mövcud olan ab-havanı əks etdirir.
Azərbaycanda dinlərarası məsələlərlə bağlı çox ciddi düşünülmüş dövlət siyasəti aparılır və bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Azərbaycanda bu münasibətlərin tənzimlənməsi ölkəmizin uğurlu inkişafını təmin edir. Azərbaycanda mövcud olan milli həmrəylik, vətəndaş birliyi, sabitlik məhz bu münasibətlərin əsasında qurulubdur. Azərbaycan xalqı öz milli dəyərlərinə sadiqdir və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. Biz həm dünyaya Azərbaycandan çox ciddi və müsbət siqnal göndəririk, həm də ölkəmizin uğurlu inkişafı üçün bu münasibətlərin yüksək səviyyədə olması çox önəmlidir. Bizim amalımız birdir, bizim niyyətimiz birdir. Biz istəyirik ki, ölkəmiz daha da güclənsin, daha da sürətlə inkişaf etsin. İstəyirik ki, Azərbaycan xalqı daha yaxşı yaşasın, rifah, sülh, əmin-amanlıq şəraitində yaşasın. Nəinki bunu istəyirik, öz praktiki addımlarımızla bunu təmin edirik.
Bir neçə gün bundan əvvəl mən Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrinin səfirləri ilə görüşmüşəm. Ramazan ayında bu görüşlər ənənəvi xarakter daşıyır. Görüş zamanı müsəlman ölkələri ilə bizim əlaqələrimiz haqqında danışmışam. Bu əlaqələr yüksək səviyyədədir. Azərbaycan müsəlman aləmində çox böyük dəstəyə, çox böyük hörmətə malik olan bir ölkədir. Müsəlman ölkələri beynəlxalq təşkilatlarda Azərbaycanı daim dəstəkləyirlər və yaxşı bilirlər ki, Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləyir. Azərbaycan dünyada İslam mədəniyyətinin təbliği işində çox fəal və uğurlu rol oynayır. Biz dünyanın müxtəlif ölkələrində İslam mədəniyyətinin təqdimatı ilə bağlı bir çox tədbirlər keçirmişik, keçiririk və keçirəcəyik. Sərgilər, mədəni proqramlar, təqdimatlar, konfranslar – bütün bu addımlar bir məqsədi güdür ki, dünyaya İslam mədəniyyətini, İslam dəyərlərini olduğu kimi təqdim edək, bəzi hallarda İslam dini ilə bağlı təhrif edilmiş və yanlış fikirlərə qarşı öz səsimizi ucaldaq və real həqiqətləri çatdıraq. Bilirəm ki, bu sahədə apardığımız fəaliyyət müsəlman aləmində çox böyük hörmətlə qarşılanır. Bizim bu fəaliyyətimiz bir daha onu göstərir ki, Azərbaycan həm İslam mədəniyyətinin təbliğinə, həm İslam ölkələri arasındakı həmrəylik meyillərinə çox güclü töhfə verir.
İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini məsələlərin həllinə çox yüksək qiymət verir. İslam Əməkdaşlıq Təşkilatı ölkəmizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim dəstəkləyir. Bir çox qətnamələr qəbul edilmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlər, real vəziyyət və ədalətli mövqe nümayiş etdirilir. Azərbaycanın haqq səsi dəstəklənir və bu dəstəyə görə biz İslam Əməkdaşlıq Təşkilatına minnətdarıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir.
Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər.
Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək, dayaq olur. Bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə bərpa edilibdir. Şeyx həzrətləri qeyd etdiyi kimi, indi Təzəpir məscidinin ətrafı təmizlənir. Onun ətrafı böyük bir ictimai zonaya çevriləcək, orada böyük park salınır. Çünki vaxtilə Təzəpir məscidinin ətrafındakı binalar onun əzəmətini gizlədirdi. İndi artıq məscidin bir hissəsi açılıb, böyük park salınır. Digər hissənin açılması gözlənilir və beləliklə, Azərbaycanda gözəl bir memarlıq ansamblı yaradılır.
Bibiheybət məscidi bizim qədim tarixi məscidimizdir. “İmamzadə” tarixi-dini kompleksi, Şamaxı Cümə məscidi, Əjdərbəy məscidi dövlət tərəfindən əsaslı şəkildə təmir edilib. Ölkəmizin ən böyük məscidi olan Heydər məscidi dövlət hesabına tikilib ki, bu, memarlığına görə bir əsərdir. Eyni zamanda, keçən il Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Uzun fasilədən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində azan səsi eşidilir. Şamaxı məscidi ilə eyni vaxtda inşa edilmiş, ən qədim məscidlərimizdən biri olan Şamaxı rayonunun Dəmirçi kəndindəki məscid keçən il əsaslı şəkildə təmir edilmişdir. Bu il Hacı Cavad məscidinin yeni binası tikildi və şeyx həzrətləri qeyd etdiyi kimi, prezident seçkilərindən sonra mənim getdiyim birinci yer məhz Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur və bu, təsadüfi deyil. Çünki mən oraya seçkilərdən əvvəl də, seçkilərdən bir ay sonra da gedə bilərdim. Məhz seçkilərdən sonra birinci tədbir - yenidən tikilmiş Hacı Cavab məscidinin açılışı hesab edirəm ki, böyük məna daşıyır. Hesab edirəm ki, dindarlar və bütün Azərbaycan vətəndaşları bunu çox gözəl başa düşürlər.
Eyni zamanda, XIX əsrdə inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş İmam Hüseyn məscidi də açılışa hazırdır. Yəni, bu istiqamətdə həm dövlət, - əlbəttə ki, əsas yükü dövlət öz üzərinə götürüb, - həm də ictimai qurumlar öz töhfəsini verirlər və bu, bizim borcumuzdur. Bizim tarixi abidələrimiz, dini abidələrimiz milli sərvətimizdir. Bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir, bizim sərvətimizdir. Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini siyasət çox düşünülmüş şəkildə aparılır və Azərbaycan xalqının maraqlarına cavab verir.
“İslam Həmrəyliyi İli” ərzində bir çox tədbirlər keçirilmişdir. Onların arasında əlbəttə ki, şeyx həzrətlərinin təşkil etdiyi tədbirləri mən xüsusilə qeyd etmək istərdim. Qeyd etdiyim kimi, xarici ölkələrdə bir çox önəmli konfranslar keçirilmişdir. Yekun tədbir keçən ilin sonunda – dekabr ayında Bakıda keçirilmiş böyük konfrans idi. Hesab edirəm ki, konfransa dünyanın aparıcı dini liderlərinin və dövlət xadimlərinin göndərdikləri təbriklər bu tədbirin önəmini qeyd etməklə yanaşı, eyni zamanda, Azərbaycana hörmətin təzahürü idi. Biz bunu belə qəbul edirik. Bu konfransı keçirərkən biz bir daha gördük ki, belə tədbirlərin keçirilməsinə nə qədər ehtiyac var. Çünki bu gün deyə bilərəm ki, Azərbaycan bu tədbirlərin dünya səviyyəsində, belə mötəbər səviyyədə keçirilməsi ilə ümumbəşəri dəyərlərə çox böyük töhfə verir. Mən hesab edirəm ki, bizim bu sahədəki nadir rolumuz böyük qiymətə layiqdir və yüksək qiymətləndirilir. Hesab edirəm ki, biz gələcəkdə bu istiqamətdə öz fəaliyyətimizi davam etdirməliyik.
Konfransdan sonra şeyx həzrətləri ilə söhbət əsnasında belə qərara gəldik ki, bu kimi tədbirlər Azərbaycanda ənənəvi olaraq keçirilməlidir. “İslam Həmrəyliyi İli” artıq başa çatıb. Ancaq biz elə etməliyik ki, bu məsələ daim diqqət mərkəzində olsun. Bunu etmək üçün xüsusi tədbirlər planı hazırlanıb və icra ediləcək. Yəni, bu gün Azərbaycanın bu sahədə apardığı işlərə dünyada yenə də böyük ehtiyac var.
Təsadüfi deyil ki, bizim təşəbbüsümüzlə on il bundan əvvəl başlanan “Bakı Prosesi” dünyada yeganə genişmiqyaslı əməkdaşlıq formatıdır. Bu on il ərzində buna oxşar təşəbbüs heç kim tərəfindən irəli sürülməmişdir. “Bakı Prosesi” sırf Azərbaycan təşəbbüsüdür. Bu il biz “Bakı Prosesi”nin on illiyini qeyd edəcəyik. Bu təşəbbüs BMT və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. “Bakı Prosesi” artıq dünya gündəliyinin önəmli hissəsidir və bu illər ərzində görün biz Azərbaycanda nə qədər böyük tədbirlər keçirmişik - dünya dini liderlərinin zirvə görüşü, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı humanitar forumları, mədəniyyətlərarası dialoq forumları. Yəni, bütün bunları biz ona görə edirik ki, buna böyük ehtiyac var. Biz istəyirik ki, nəinki Azərbaycanda, dünyada dinlərarası münasibətlər yüksək səviyyədə tənzimlənsin.
Biz ölkə daxilində bütün bu məqsədlərə çatmışıq. Bu gün Azərbaycanda dini, milli zəmində heç bir problem, heç bir anlaşılmazlıq yoxdur. Ancaq biz istəyirik ki, dünyada da olmasın və bundan sonra da öz töhfəmizi verməyə hazırıq. Bu gün dünyada Azərbaycan multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib. Bu, həm dövlət siyasətidir, həm cəmiyyətdən gələn sifarişdir. Bu, böyük sərvətdir, xüsusilə indiki zəmanədə. İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır. Biz əlbəttə ki, bu sahədə gördüyümüz işləri daha yüksək qiymətləndirməliyik və elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin. Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk.
Keçənilki məclisdən ötən dövr ərzində bir neçə önəmli hadisəni qeyd etmək istərdim. Bu hadisələr doğrudan da tarixi xarakter daşıyır. Onlardan biri Azərbaycanı Avrasiyanın nəqliyyat mərkəzinə çevirməyimizdir. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Bakıda təntənəli şəkildə qeyd edildi. Bu il isə biz Xəzər dənizinin ən böyük ticarət limanının açılışını qeyd etdik. Beləliklə, ölkə qarşısında nəqliyyat sahəsində duran məsələlərin böyük hissəsini həll etmiş olduq. Bu tarixi layihələr bundan sonra uzun illər Azərbaycanın uğurlu inkişafını təmin edəcək.
Keçən ay Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsindən bir gün sonra Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Bu da böyük tarixi nailiyyətdir, tarixi layihədir. Bu layihə bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcək.
Bir neçə gündən sonra Türkiyənin Əskişəhər şəhərində TANAP-ın rəsmi açılışı olacaq. Bu da böyük tarixi nailiyyətdir. Yəni, biz hər il böyük uğurlara imza ataraq ölkəmizi gücləndiririk və möhkəmləndiririk. Əminəm ki, bundan sonra da Azərbaycan inamla və uğurla inkişaf edəcək.
Fürsətdən istifadə edərək, qarşıdan gələn mübarək Ramazan bayramı münasibətilə Sizi və bütün dünya müsəlmanlarını təbrik edirəm. Sağ olun.
X X X
Şeyxülislam Allahşükür PAŞAZADƏ bir daha minnətdarlıq edərək dedi:
- Cənab Prezident, mən Sizə minnətdarlığımı bildirirəm. Təkcə öz adımdan deyil, burada iştirak edən din xadimlərinin, dini konfessiya rəhbərlərinin adından və əziz qonaqlarımız adından Sizə öz minnətdarlığımı bildirirəm. Xüsusən deyə bilərəm ki, din-dövlət münasibətlərində nəyə nail olmuşuqsa, Azərbaycan nəyə nail olubsa Sizin qayğınızla, zəfərlərinizlə, Ulu Öndərin tövsiyələri ilə buna gəlib çatmışıq. Bu gün əgər bir şeyxülislam kimi məni dünyada tanıyırlarsa, mənə ehtiram bəsləyirlərsə bunda başda Siz olmaqla hamının böyük zəhməti var. Yəni, Azərbaycan xalqının böyük zəhməti var. Yəni, bu işdə hamı - həm din xadimləri, həm qeyriləri bizə yardımçı olublar və indi də yardımçı olmaqdadırlar.
Bu gün bu məclisdə diplomatlar, xarici dövlətlərin nümayəndələri iştirak edirlər. İnanın, bu şəkildə görüş, ünsiyyət, din-dövlət, xalq-rəhbər vəhdəti, dindarlarla Prezident arasında olan münasibət dünyanın heç bir yerində yoxdur. Bu da öz bəhrəsini, öz bərəkətini verir. Biz bunun qədrini bilməliyik. Ona görə də Azərbaycan inkişaf edir və edəcək. Allah-Təala Azərbaycanın sərvətlərini bərəkətli edəcək. Allah-Təala həmişə Azərbaycan xalqını qoruyacaq. İnşallah, Ulu Öndərimizin müəyyənləşdirdiyi inkişaf yolu ilə irəliləyən Azərbaycana Prezidentimiz İlham Əliyev həzrətlərinin rəhbərliyi ilə həmişə zəfərlər nəsib olacaq.
Cənab Prezident, mənə bu qədər böyük önəm verdiyinizə görə Sizə bir daha təşəkkür edirəm, bir daha “Çox sağ olun” deyirəm.
X X X
Sonra iftar süfrəsi açıldı.
18:48
18:33
17:48
17:12
17:11
17:06
16:28
15:37
14:52
14:47
14:09
12:35