Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin şərəfinə verilmiş rəsmi ziyafətdə İlham Əliyevin nitqi

25 iyul 2011, 21:10
Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin şərəfinə verilmiş rəsmi ziyafətdə İlham Əliyevin nitqi

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab Prezident, icazə verin, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayım və “Xoş gəlmisiniz!” deyim. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən tam əminəm ki, Sizin səfəriniz çox uğurlu keçəcək və onun nəticələri Polşa-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm rol oynayacaqdır.

Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə əlaqədə olmuşlar və bu əlaqələr indi çox gözəl mədəni və tarixi zəmin yaradır. Deyə bilərəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində də polyaklar fəal iştirak etmişlər. İlk dəfə olaraq 1918-ci ildə müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır və onun rəhbərliyində polyaklar iştirak etmişlər. Ondan əvvəl Polşadan gəlmiş mütəxəssislər, memarlar Azərbaycanın, Bakının inkişafına çox dəyərli töhfələr vermişlər. 1892-ci ildə məşhur polşalı memar İosif Qoslavski Bakı şəhərinin baş memarı vəzifəsinə təyin edilmişdi. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Bakıda bir neçə gözəl bina tikilmişdir. Memar Qoslavski və digər Polşa memarı Ploşko şəhərimizin gözəlləşməsinə çox dəyərli töhfələr vermişlər. Onların irsi bu gün Azərbaycanda, Bakıda görünür və qorunur. Bakıda gedən böyük bərpa işləri onların yaratdıqları binalara yeni həyat bəxş etmişdir.

Polşadan olan vətəndaşlar, eyni zamanda, Azərbaycanın neft sənayesinə də öz töhfəsini vermişlər. Məşhur mühəndis Pavel Pototski Azərbaycanda neft sənayesinin inkişafında çox fəal iştirak etmişdir və onun xatirəsi Azərbaycanda hörmətlə daim yad edilir.

Bu gün bizim əlaqələrimizin inkişafında Azərbaycanda yaşayan və ölkəmizin dəyərli vətəndaşları olan Polşa əsilli icma nümayəndələri də öz rolunu oynayırlar. Qeyd etdiyim kimi, onlar Azərbaycanın dəyərli vətəndaşlarıdırlar və eyni zamanda, onlar polyakdırlar və əlbəttə ki, özlərinin tarixi Vətəni ilə də sıx bağlıdırlar.

Bir sözlə, bizim əlaqələrimizin inkişafı üçün çox gözəl tarixi əsaslar vardır. Bu möhkəm təməl üzərində biz əlaqələrimizi qururuq. Bu gün Polşa-Azərbaycan əlaqələri nəinki iki ölkə arasındakı əlaqələr kimi vacibdir, eyni zamanda, regionun inkişafı üçün vacibdir. Geniş mənada Baltik dənizi-Xəzər dənizi regionlarının əməkdaşlığı üçün vacibdir. Mən əminəm ki, Sizin səfəriniz və onun gedişində əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bizim əlaqələrimizi uğurla irəliyə aparacaqdır.

Biz bu gün iqtisadi məsələlərə də kifayət qədər böyük diqqət ayırdıq. Azərbaycan-Polşa biznes forumunun keçirilməsi özlüyündə gözəl bir hadisədir. Çünki bu onu göstərir ki, iqtisadi sahədə də qarşılıqlı maraq kifayət qədər böyükdür. Ümid edirəm ki, iştirak etdiyimiz forumun yaxşı nəticələri olacaq və yaxın vaxtlarda biz birgə iqtisadi təşəbbüslər haqqında da eşidəcəyik. Hər halda, biz bunu arzulayırıq və ümid edirik ki, buna nail olacağıq.

Bu gün, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri diqqət mərkəzindədir. Polşanın Avropa İttifaqında sədrliyi dövründə Avropa İttifaqı-Azərbaycan əlaqələri daha da sürətlə inkişaf edəcəkdir. Bunu deməyə kifayət qədər əsaslar vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir və müxtəlif sahələri əhatə edir. Əlbəttə ki, ilk növbədə, bu əlaqələr enerji sahəsində başlanmışdır. Ancaq bu gün biz görürük ki, bu əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərir.

Eyni zamanda, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynamağa hazırdır. Bu barədə kifayət qədər danışıqlar aparılmış, bəyannamələr və digər sənədlər imzalanmışdır. Ümid edirəm ki, bu ilin sonuna qədər bütün lazım olan sənədlər, o cümlədən tranzit anlaşması imzalanacaq və beləliklə, Azərbaycanın qaz resursları üçün Avropa bazarı da öz imkanlarını təqdim edəcəkdir. Bu, qarşılıqlı surətdə faydalı təşəbbüsdür və onun reallaşmasından hər iki tərəf ancaq fayda görəcəkdir.

Bu gün biz regional təhlükəsizlik məsələlərinə də diqqət yetirdik. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı Azərbaycanın mövqeyini bir daha ifadə etdim. Eyni zamanda, Prezident Komorovskiyə danışıqların indiki mərhələsi haqqında məlumat verdim. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı o torpaqlarda yaşamışdır, yaratmışdır. “Qarabağ” sözünün özü də Azərbaycan mənşəlidir, orada mövcud olan abidələrin və toponimlərin hamısının Azərbaycan kökləri vardır.

Beynəlxalq hüquq normaları baxımından da Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul ediləndə onun bir hissəsi olan Dağlıq Qarabağ da Azərbaycanın tərkibində olmuşdur. Hesab edirəm ki, bu gün məsələnin həlli üçün imkan var, beynəlxalq hüquq normaları tam şəkildə bərqərar olunmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir, Avropa İttifaqının, Avropa Parlamentinin, ATƏT-in qərar və qətnamələri icra edilməli və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Cənab Prezident, mən bir daha, Sizi səmimiyyətlə salamlayıram. Sizin səfərinizin çox böyük əhəmiyyəti vardır. Biz bu səfərə çox böyük diqqət və əhəmiyyət veririk. Mən çox şadam ki, səfər çox uğurlu keçir. Əminəm ki, sabahkı gün də çox uğurlu olacaq, Siz Vətənə yaxşı və xoş təəssüratlarla qayıdacaqsınız.

Bu badəni Polşa Prezidenti cənab Komorovskinin şərəfinə, dost Polşa xalqının şərəfinə və Polşa-Azərbaycan əlaqələrinin inkişafı şərəfinə qaldırıram.

Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44