Gürcüstanın Prezidenti Zati-aliləri cənab Giorgi Marqvelaşviliyə

25 may 2018, 17:55


Hörmətli cənab Prezident,

Milli bayramınız – Müstəqillik Günü və Gürcüstan dövlətçiliyinin bərpasının 100 illiyi münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

1918-ci ilin mayında Azərbaycan və Gürcüstanın dövlətçilik tarixində mühüm hadisə baş vermiş, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız öz müstəqilliyini bəyan etmişlər.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, müstəqilliyimizin hazırkı mərhələsində ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

İnanıram ki, müvəffəqiyyətlə həyata keçirdiyimiz enerji, nəqliyyat layihələri, hərtərəfli və dinamik inkişaf edən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə mühüm töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2018-ci il.