İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirmişlər

27 iyul 2011, 20:10
İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirmişlər

Geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş nazir, əziz qardaşım!

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı inamlı qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. Çox şadam ki, seçkilərdən bir ay sonra Azərbaycana – doğma vətəninizə səfər edirsiniz.

Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir və hörmətli cənab Baş nazirin səfəri zamanı apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha onu göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq.

Bu gün biz gündəliyimizin, demək olar ki, bütün məsələlərinə toxunduq, geniş fikir mübadiləsi apardıq. Bir daha bəyan edirik ki, siyasi əlaqələr ən yüksək səviyyədədir, deyə bilərəm ki, zirvədədir. İqtisadi sahədə çox gözəl perspektivlər var. Çox şadam ki, bu il ölkələrimiz arasındakı ticarət dövriyyəsi artmışdır. Yeni planlar, yeni təkliflər var. İnvestisiya yönümlü təkliflər nəzərdən keçirilir. Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri Türkiyəyə sərmayə qoyur. Azərbaycan şirkətləri indiyə qədər Türkiyə iqtisadiyyatına 4 milyard dollardan çox vəsait qoymuşdur. Növbəti illərdə təkcə neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə tutulur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrinin icrasında türk şirkətləri fəal iştirak edir və biz onların fəaliyyətindən çox razıyıq.

Bu gün biz regional məsələlərə də toxunduq, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar mən hörmətli Baş nazirə Azərbaycanın mövqeyini bir daha ifadə etdim və danışıqların son durumu haqqında məlumat verdim. Bir daha demək istəyirəm ki, Türkiyənin bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövləti çox minnətdardır. Bu həqiqətən də dostluq, qardaşlıq münasibətidir. Biz bunu çox yüksək qiymətləndiririk.

Bildiyiniz kimi, bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpağından didərgin düşüb və qaçqın-köçkün həyatı sürür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı soyqırımı, genosid törətmişlər. Xocalı genosidi törətmişlər. Beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Məsələnin həlli üçün əsas beynəlxalq təşkilatlar öz mövqeyini bildirmişlər. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi ədalətli qərar və qətnamələr bu məsələnin həlli üçün əsasdır.

Eyni zamanda, bu gün biz bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar fikir mübadiləsi apardıq. Türkiyə-Azərbaycan əməkdaşlığının bu sahədəki perspektivləri haqqında danışdıq. Mən fürsətdən istifadə edərək, bu yaxınlarda qanlı terror hadisələrində qardaşlarımızın həlak olması ilə əlaqədar bütün türk xalqına başsağlığı vermək istəyirəm. Biz PKK terrorçu təşkilatının əməllərini qətiyyətlə pisləyirik, bu məsələ ilə əlaqədar dəfələrlə öz mövqeyimizi bildirmişik. Bir daha demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və ona qarşı mübarizədə həmişə olduğu kimi, Türkiyə dövlətinin və xalqının yanındadır. Biz terrorizmin bütün formalarını qətiyyətlə pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə qarşı mübarizə ancaq o təqdirdə səmərə verə bilər ki, bütün dövlətlər öz səylərini birləşdirsinlər. Bizim isə Türkiyə ilə bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizədə də əməkdaşlığımız çox yüksək səviyyədədir.

Biz bu gün, təbii ki, enerji məsələlərinə də toxunduq. Bildiyiniz kimi, bu əlaqələrin böyük tarixi var. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir. Gələcək perspektivlər haqqında fikir mübadiləsi apardıq. Bu həm Türkiyə üçün, həm də Azərbaycan üçün çox vacib olan məsələlərdir, bizim ölkələrimizi daha da sıx birləşdirir. Əminəm ki, gələcək əməkdaşlıq da uğurlu olacaqdır.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə nəqliyyat məsələləri də mühüm yer tutur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Demək istəyirəm ki, Azərbaycan tərəfi bu dəmir yolunun tikintisi üçün Gürcüstana təxminən 800 milyon dollar kredit ayırmışdır ki, məsələ tezliklə öz həllini tapsın və gələn ilin sonuna qədər dəmir yolu istifadəyə verilsin.

Bir daha demək istəyirəm ki, bütün sahələrdə bizim aramızda əməkdaşlıq yüksək səviyyədədir. Biz ümid edirik ki, gələcəkdə bu templər saxlanacaq və Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələri yüksələn xətlə inkişaf edəcəkdir.

Sağ olun.

X X X

Baş nazir Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Hörmətli Prezident, dəyərli qardaşım Əliyev,

Dəyərli mətbuat nümayəndələri!

Əvvəlcə Sizi bu mənalı görüşdə ən səmimi hisslərimlə salamlayıram.

Bildiyiniz kimi, 12 iyun 2011-ci il tarixində biz millət vəkili seçkilərini həyata keçirdik. Ənənəvi olaraq seçkilərdən sonra Türkiyə Respublikasında hakimiyyətə gələn iqtidar ilk səfərlərini ya Azərbaycana, ya da Şimali Kipr Türk Respublikasına edirlər. Bu, bizim ənənəmizdir.

Bu il də biz seçkilərdən sonra 1974-cü ildən bəri 37-ci ildönümünü qeyd etdiyimiz Şimali Kipr Türk Respublikasının müstəqillik mübarizəsinin 20 iyula təsadüf etdiyi üçün ilk səfərimizi oraya, ikinci xarici səfərimizi bu gün Azərbaycana həyata keçirdik.

Dəyərli qardaşımla təkbətək görüşdə ikitərəfli əlaqələrimizi ətraflı nəzərdən keçirmək fürsətimiz oldu, regional məsələləri nəzərdən keçirmək imkanımız oldu. Xüsusilə, gündəliyimizin əsas maddələrindən biri olan enerji məsələlərini müzakirə etdik. Amma ən önəmlisi, təbii ki, Dağlıq Qarabağ mövzusunu təkrar müzakirə etmək fürsətimiz oldu. Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz – hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik.

Təbii ki, hərbi, siyasi, iqtisadi, ticari, mədəni – bütün bu sahələrdən söhbət gedərkən biz burada öz evimizdə, öz Vətənimizdə olduğumuzu hiss edirik və bunları belə dəyərləndiririk. Bundan sonrakı proses istiqamətində atacağımız addımlar içərisində xüsusilə Türkiyə-Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının toplantısı da həqiqətən həyəcanla gözlədiyimiz toplantı olacaqdır. Xarici işlər nazirlərimiz öz aralarında görüşməklə ilk addımı atacaq, inşallah, genişmiqyaslı bir toplantını həyata keçirmiş olacağıq.

2010-cu ildə xarici ticarət dövriyyəsi təxminən 2,5 milyard dollar olmuşdur. Ancaq bu ilin ilk beş ayında bu göstərici 1,4 milyard dollara çatmışdır. Bu gedişlə, inşallah, bu ilin sonunda 3 milyard dollara çata bilərik.

Bütün bunlarla yanaşı, Türkiyə-Azərbaycan əlaqələrində təbii qaz xətti, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, inşallah, “Şahdəniz-2” ilə bağlı atılacaq addımlar iki qardaş ölkənin strateji addımı olacaqdır. Bu məsələdə də qardaşımla aramızdakı razılığımız açıq-aşkar ortadadır. Məsələ ilə əlaqədar biz müzakirələr apardıq və enerji nazirlərimiz də fəaliyyətlərini davam etdirəcəklər.

Təbii ki, bütün bununla bərabər hörmətli Prezidentin ifadə etdiyi kimi, həqiqətən Qars-Tbilisi-Bakı dəmir yolu xətti böyük əhəmiyyət kəsb edir. Bunun davamı vardır. Bu, işin ilk mərhələsidir və biz onu daha da irəliyə - Orta Asiyaya çatdırmağı hədəf qoymuşuq. Belə bir hədəf, belə bir böyük layihə, hazırda onun məmnunluq doğuran bir sürətlə həyata keçirilməsi də bizi strateji olaraq bir-birimizə bağlayır. Bunu da ifadə etməyi lazım bilirəm.

Bir az əvvəl dəyərli qardaşımın xüsusilə son dönəmdəki şəhidlərimiz və PKK terror təşkilatı ilə bağlı söylədiyi fikirlərinə görə millətim adından təşəkkür edirəm. Bu, təbii ki, bizim qardaşlığımızın, birliyimizin ən gözəl ifadəsidir. Buna heç kim şübhə etməməlidir. Sadəcə bir ölkədə deyil, əslində, dünyada terror təşkilatlarına qarşı birgə mübarizə aparılmalıdır, birgə mübarizə platformasının formalaşdırılması lazımdır.

Son günlərdə Norveçdəki hadisəni görürük. Yəni bir nəfərin 93 nəfərin həyatına qəsd etməsini sadəcə dəlilik və ya adi bir hadisə kimi dəyərləndirmək yanlışdır. İllərlə islamofobiya deyə ortaya çıxanlar, buna əhəmiyyət verməyənlər hazırkı hadisələr qarşısında hələ də deyilməli olanları deyə bilmirlər. Məsələni nə qədər gizlədirlər gizlətsinlər, bu, onu göstərir ki, baş verənlər onların korazehinliyinin əvəzidir. Bəlkə orada bizim də bir qızımız həlak oldu. Dünən anası və atası ilə danışdım, hələ də bir ümid gözləyirlər, qızlarını gözləyirlər. Biz də ümid edirik ki, inşallah, ölməmişdir, inşallah, anasına, atasına, eləcə də millətimizə qovuşar, amma ölmüşdürsə, ona Allahdan rəhmət diləyirəm.

Bütün bunlar bizə bir şeyi göstərir ki, biz dünyadakı bu hadisələr qarşısında əl-ələ verəcəyik. Türkiyənin bu məsələdəki sıxıntısı, inanıram ki, Azərbaycanın sıxıntısıdır. Azərbaycanın terrorla bağlı belə bir sıxıntısı olsa, bizim sıxıntımızdır. Əl-ələ verərək bu mərhələləri, inşallah, aşacağıq.

Sahibkarlarımızın Azərbaycandakı yatırımları bizdə yenə məmnunluq doğurur. Bu barədə hörmətli Prezidentin fikirləri şübhəsiz ki, buradakı prosesi daha yaxşı əks etdirir. Buna görə də həqiqətən məmnunluq keçiririk.

Mən bugünkü səfərimizin çox səmərəli olduğu fikrindəyəm. Heyətlərimiz arasındakı görüşlər də çox səmərəli şəkildə nəticələndi. Qarşıdakı mərhələnin də çox səmərəli olacağı qənaətindəyəm.

Mən bütün mətbuat nümayəndələrinə - dostlarıma minnətdarlığımı bildirirəm, təşəkkür edirəm.

X X X

- Cənab Baş nazir, Ermənistan Prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağı biz aldıq, yeni nəsil də Ağrı dağını ələ keçirsin” sözlərini necə qiymətləndirirsiniz? Bundan başqa, Türkiyənin yeni hökuməti dövründə Ermənistan siyasətində bir fəallıq gözləyə bilərikmi?

Rəcəb Tayyib ƏRDOĞAN: Dəyərli yoldaşlar, mən dünən də bununla bağlı açıqlama verdim. Xarici İşlər Nazirliyimizin də bununla bağlı çox sərt bir bəyanatı var. Mən də bu gün sizin bu sualınızla bağlı Azərbaycanda yenə bir açıqlama verim. Bu, bir dövlət xadiminə və ya bir Prezidentə yaraşan ifadə tərzi, yanaşma forması deyildir.

Gələcək nəsillərə kin və nifrət aşılamaq dövlət xadiminə yaraşmaz. Serj Sarkisyanın etdiyi bir təhrikdir, öz gəncliyinə kin və nifrət hissi aşılamağa səy göstərməkdir. Bununla Ermənistan gəncliyinin gələcəyi nə olacaqdır? Bu gedişlə qaranlıq olacaqdır, bu hadisələrə hər zaman qara eynəklə baxacaqdır. Bunu mütləq bilməlidirlər. Hazırda Dağlıq Qarabağ ərazisi işğal edilib və işğalçılar məlumdur. Bunu yalnız biz demirik, bunu BMT də deyir. Bu, sübut olunmuşdur. Bu, həll edilməlidir. Bunun həllinə indiyə qədər mənfi yanaşma Ermənistan tərəfindədir. Azərbaycan hər zaman müsbət yanaşma ortaya qoymuşdur. “Siz hazırda Dağlıq Qarabağı bizdən təhvil aldınız, biz ölüb gedəcəyik, Ağrını da siz alacaqsınız” - belə bir məntiq olarmı? Belə bir anlayış olarmı? Gəncliyə belə bir istiqamət, belə bir üfüq verilərmi?

Bu nə deməkdir? Ey gənclər, Ermənistan Türkiyə ilə bundan sonra istədiyi kimi, istədiyi şəkildə bir müharibəyə də girə bilər. Bunların hamısını rədd edirik. Belə bir dövlət xadimi, belə bir diplomatiya olmaz. Sarkisyan burada ciddi bir səhv etmişdir. Tarixi bir səhvi birbaşa özü təsdiq edərək demişdir. O, üzr istəməlidir, bu səhvindən dönməlidir.

İlham ƏLİYEV: Mən əlavə etmək istəyirəm ki, əslində, Sarkisyandan başqa bir şey gözləmirdim. Çünki dəfələrlə onunla görüşmüşəm.

Rəcəb Tayyib ƏRDOĞAN: Mən onu Sizin qədər tanımıram.

İlham ƏLİYEV: Onun düşüncə tərzinə yaxşı bələdəm. Əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir. Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran içindədir - yoxsulluq, səfalət, ümidsizlik. Bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa bu ölkə çökər. Belə olan halda, real əhalisi 1 milyon 800 min nəfər olan halda bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər.

Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir.

Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə, heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz.